Uralın səsi, qədim şəhərin səssizliyi və "Qızıl Kuray"  

 

 

 

 

8 ay əvvəl başqırd xalqının qədim tarixini, zəngin mədəniyyətini, zərif ədəbiyyatını, nadir təbiətini araşdırarkən saatlarla başqırd musiqilərinə qulaq asır, zamanın sərt küləklərində diri duru qalan başqırd xalqının (baş qurdların) ruhunu duymağa çalışırdım...

... 8 ay sonra Ufaya Başqırdıstan Respublikasının 100, başqırdların Xalq şairi Mustay Kərimin 100 illik yubileyi ilə bağlı keçirilən "Qızıl Kuray" Beynəlxalq Jurnalist Müsabiqəsinə qaliblərdən biri kimi gedirəm. "Ural" hava yollarının delfinə oxşayan təyyarəsində təsadüflər barədə düşünürəm. Təsadüfləri sevirəm mənə elə gəlir ki, dünyanın ən böyük sirləri elə bu təsadüflərdə gizlənir. Axı bu müsabiqədə iştirakım adi bir təsadüfdən başlamışdı. Əgər internetdə müsabiqə haqqında informasiya təsadüfən qarşıma çıxmasaydı, yəqin ki, bu müsabiqədə iştirak etməyəcəkdim.

Başqırdıstanın Xalq şairi Mustay Kərim adına Beynəlxalq Hava Limanında məni jurnalist həmkarım, "Başqırdıstan qızı" jurnalının baş redaktoru Gülnaz Kutuyeva başqırd qonaqpərvərliyi, başqırd qayğıkeşliyi, başqırd səmimiyyətiylə qarşılayır.

Gecə saatlarında bu qədim şəhərin gözəlliyini görə bilməsəm , səhərin gözü açılanda "Ural Tau" otelinin pəncərəsindən əsası 1574-cü ildə qoyulmuş Ufaya boylanıram. Gözlərimin qarşısında sakit, müdrik, özünəinamlı şəhərin payız səhəri açılır...

Türk yaddaşı, türk ruhuyla ilk dəfə gördüyüm şəhəri sevirəm. Sanki zamansa bu şəhərdə olmuşam, küçələri, insanları, mükəmməl rəssam tərəfindən bütün yarpaqları eyni sevgiylə qızılı rəngə boyanmış ağacları tanıyıram... Türk yaddaşı deyilən gərək ki, bu olsun...

AZƏRBAYCAN DEYİLƏNDƏ AYAĞA DUR Kİ...

26 oktyabr 2019-cu il. Bu tarix kimlər üçünsə adi, sıradan bir gün kimi ömür təqvimindən qopub düşəcək, "Qızıl Kuray"ın qalibləri üçünsə bu tarix unudulmaz xatirəyə çevriləcək istənilən mövsümdə yaddaşımızda çiçəkləyəcək...

Mükafatlandırılma mərasiminə Mustay Kərim adına Milli Gənclər Teatrı ev sahibliyi edir. Bir il boyu davam edən müsabiqəyə yekun vurulacaq, qaliblər mükafatlandırılacaq, sözün, istedadın sənətin təntənəsi yaşanacaq. Müsabiqənin qalibi olduğumuzu bilirik, amma hər nominasiyanın öz qalibləri var. Axı müsabiqə yeddi nominasiya üzrə keçirilib. Niyə yeddi? Çünki başqırdların simvolu olan, bayraqlarında, gerblərində yer alan kuray çiçəyinin yeddi ləçəyi var. Birinci nominasiyanın mövzusu belədir: "Mne povezlo s zemley moey... çudo, Başkiriə!" Müsabiqənin ilk nominasiyasına "Yamantau dağı, başqırd nəğmələri kuray çiçəyinin sirri" ("Qora Əmantau, başkirskie pesni i tayna üvetka kuray") araşdırma yazımı göndərmişdim. Xatırladım ki, bu yazı "Kaspiy" qəzetinin 19 mart 2019-cu il sayında çap olunub.

Müsabiqəyə Rusiya Federasiyasının bir çox bölgələrindən, eləcə Azərbaycan, Türkiyə, Çexiya, Kanada, Çin digər ölkələrdən 100-dən çox yazı təqdim olunmuşdu. Müsabiqənin münsiflər heyətinə Rusiya Federasiyası Jurnalistlər Birliyinin sədri Vladimir Solovyov rəhbərlik edirdi.

Mükafatlandırılma mərasimi Başqırdıstandan bəhs edən filmlə başlayır. Bu qısa filmdə ölkənin bütün gözəllikləri öz əksini tapır.

Beynəlxalq müsabiqəyə layiq səhnə tərtibatı, zövqlü musiqilər, milli rəqslər nağılı xatırladırdı bu nağılın qəhrəmanlarından biri olduğum üçün özümü şanslı sayıram. Gecədə Başqırdıstan Respublikasının başçısı Radiy Xabirovun müsabiqə qaliblərinə ünvanladığı təbrik məktubu oxunur:

"Çoxmillətli Başqırdıstanın zəngin ənənələrinin qorunması inkişafına verdiyi töhfələrə görə respublikamızı, onun unikal təbiətini, tarixini, mədəniyyətini bütün dünyaya tanıtdırdıqları üçün bu gözəl müsabiqənin təşkilatçılarına, istedadlı jurnalistlərə, publisistlərə, parlaq söz ustalarına öz dərin minnətdarlığımı ifadə edirəm. Buna görə sizə təşəkkür edirəm. Başqırdıstanın Xalq şairi Mustay Kərim öz yaradıcılığı ilə doğma torpağında əbədi bir abidə ucaltdı!"

İlk nominasiyanın qalibləri səhnəyə dəvət olunur. "Birinci yer, Azərbaycan!" sözlərini eşitmək, yəqin ki, mənim qədər sizləri həyəcanlandırar qürurlandırardı. Başqırdıstan Respublikasının Mədəniyyət naziri Amina Şafikova alqış yağışı altında "Qızıl Kuray" mükafatını mənə təqdim edir bu mükafatı tək özümün yox, bütövlükdə Azərbaycan jurnalistikasının uğuru sayıram.

Qısa nitqimdə qardaş başqırd xalqına ürək sözlərimi çatdırıram:

"Mən qardaş başqırd xalqının şanlı tarixini, zəngin mədəniyyətini, rəngli ədəbiyyatını araşdırarkən bu nəticəyə gəldim: necə ki, bərəkətli Başqırd torpaqlarında sirli kuray çiçəyi bitəcək, necə ki, başqırd nəğmələri insanların ruhuna sığal çəkəcək, necə ki, duyğular şairi Mustay Kərimin şeirləri qəlbləri oxşayacaq başqırd xalqı yaşayacaq, yeni tarixini yazacaq".

Səhnədə məni təbrik edənlərdən biri Rusiya Federasiyasının Başqırdıstanın Əməkdar mədəniyyət işçisi, Rusiya Yazıçılar Birliyi İdarə heyətinin üzvü, məşhur səyyah yazıçı Ziganşin Kamil Faruxşinoviç olur. O, möhtəşəm səhnədə öz kitabını mənə hədiyyə edir fotolardan mənim sevincimlə yanaşı, bu nurani yazıçının təbəssümü boylanır.

İlk nominasiyada ikinci yeri Çexiya, üçüncü yeri Başqırdıstan tutur.

Nominasiyalar üzrə qaliblər mükafatlandırılır.

Gecədə Mustay Kərim Fondunun direktoru, şairin qızı Alfiya Kərimova, Başqırdıstan Respublikası Mətbuat Media Agentliyinin rəhbəri Alik Şakirov, Başqırdıstan Jurnalistlər Birliyinin sədri Artur Davletbakov, Başqırdıstanın Xalq artisti Ruşanna Babiç çıxış edərək müsabiqə qaliblərini təbrik edirlər.

Gecə zərif başqırd rəqsləri, canlı ifalar sevinc dolu anlarla yadda qalır. Mükafatlandırılma mərasimindən sonra qaliblərin şərəfinə ziyafət verilir. Aparıcının incə yumorla dediyi kimi: qədimlərdə belə ziyafəti əsilzadələrə verərdilər!"

Ziyafət zamanı Mustay Kərimin qızı Alfiya Kərimovayla görüşüb söhbət edirik. Ömrünün müdriklik çağını yaşayan Alfiya xanım Azərbaycandan böyük sevgiylə, hörmətlə danışır o xoş anlardan bir foto yadigar qalır.

BAŞQIRD QONAQPƏRVƏRLİYİ VƏ DOSTLUQLARIN TƏMƏLİ

Müsabiqələrin, festivalların, simpoziumların bir özəlliyi yeni tanışlıqların yaranması, fikir mübadiləsi mədəniyyət körpülərinin qurulmasıdır. Türkiyədən Arslan Bayır, Rusiya Federasiyasının tərkibindəki Qaraçay-Çərkəz Respublikasının Xalq şairi Larisa Şebzuxova, uzaq Yakutiyadan Afanasi Qurinov Dağıstandan Baqabutdin Samadovla dostluğumuzun təməli elə bu tədbirdən başlayır.

Başqırdıstanda olduğum müddətdə bir sıra tədbirlərdə iştirak edirəm. Başqırdıstan Jurnalistlər Birliyinin keçirdiyi müsabiqə qaliblərinin mükafatlandırılma mərasimi, Mustay Kərimin 10 cildliyinin təqdimatı, Başqırdıstanın "Sputnik" Televiziyasının (BCT) "Bəxt kitabı" proqramının canlı efirinin qonağı olmağım xoş xatirələrlə yadda qalır.

Başqırd ailəsi Firdausla Damir Əxmətiənovların ailəsində qonaq olmağımız bizə unudulmaz anlar yaşatdı. Başqırd mətbəxi özünəməxsusluğuyla seçilir. Başqırd süfrəsinin qızıl qaydalarından biri süfrədə mütləq balın olmasıdır. Axı başqırd balı bu ölkənin brendlərindən biridir. Daha çox yadda qalan isə bir başqırd ailəsində azərbaycanlı, yakutiyalı, abxaziyalı, dağıstanlının dostcasına söhbətləri, ev sahiblərinin səmimiyyət, diqqət qonaqpərvərliyi olur.

Gülnaz xanım məni Başqırdıstanın Xalq şairi Qədim Aralbay, Xalq şairi Tamara Qəniyeva, Tölfiyə Yunusova, "Akbuzat" ( qanadlı at) uşaq jurnalının baş redaktoru, tanınmış şair Tamara İsgəndəriyə ilə tanış edir. Bu qiymətli insanlarla həmsöhbət olmaq olduqca xoşdur.

Ufada həmyerlilərimizlə görüşürəm. "Ümumrusiya Azərbaycanlıları Konqresi" İctimai Təşkilatının Başqırdıstan regional bölməsinin sədri Mirzə Dadaşov, Başqırdıstandakı Milli Mədəniyyət Mərkəzinin rəhbəri Qabil Məmmədov və Ufada yaşayan tanınmış həmyerlimiz şair Baloğlan Cəlillə "Xəzər" restoranında görüşüb söhbət edirik. Qürbətdə yaşasalar da, ürəkləri Azərbaycanla döyünən bu insanlar dilimizi, milli adət-ənənəmizi, ədəbiyyatımızı bu uzaq diyarda yaşadır, ölkəmizi layiqincə təmsil edirlər.

***

31 oktyabr 2019-cu il. Ufaya qar yağır, payızın ilk qarını burda görürəm. Qar yağanda Ufa sirr pərdəsinə bürünüb bir az da əsrarəngiz olur. Qar yağa-yağa qar sevinci yaşayan insanlara tamaşa edirəm. Mənə elə gəlir ki, bu şəhərin insanları hər vəchlə keçmişini qoruyub saxlamağa çalışır. Görüşlərdə, tədbirlərdə gözümdən qaçmayan bir məqam da var, yaşlı insanlara sonsuz sevgi və sayğı. Bu ölkənin qocalarının, ahıllarının gözünü gülən gördüm. Bu, məni xeyli təsirləndirdi. Dünyanı bürüyən qaçaqaç sanki bu şəhərə yaddır. Bəlkə bunun səbəbi özlərinin dediyi kimi, başqırd qadınlarının, başqırd analarının səbrindən qaynaqlanır. Bu toplum əsrlərin sınağından səbirlə çıxıb və səbirlə də yollarına davam edirlər...

***

Jurnalist həmkarım Gülnaz Kutiyeva Mustay Kərim adına Beynəlxalq Hava Limanında məni yola salır. Ufayla bağlı ilk təəssüratımı soruşanda "Hava limanında ilk gözümə dəyən yumru-yumru hərflərlə yazılmış Ufa (Ofo) sözü oldu - demişdim. Həmkarım "yumru-yumru" hərflər bənzətməmə ürəkdən gülmüşdü. İndi bu xatirəni yada salıb gülə-gülə, dostcasına ayrılırıq...

Bilmirəm, bu ölkəyə nə zamansa yenə gələcəm, ya gəlməyəcəm, amma bu şəhəri sevdim!  Uralın mehini, Mustay Kərimin hər mövsümdə pöhrələyən şeirlərini, əllərini torpaqdan üzməyən başqırd insanlarının səbrini, kökləriylə başqırd torpaqlarından bərk yapışan, budaqlarıyla dünyaya sülh nəğmələri pıçıldayan kuray çiçəyini və bir də hər zaman mənə Başqırdıstanı xatırladacaq "Qızıl Kuray" mükafatını!

 

 

Təranə VAHİD

 

525-ci qəzet.- 2019.- 27 noyabr.- S.14.