Şeirimizin Allahşükür Ağası  

 

 

Əyalətdən gələn səslər

Ədəbiyyatsevər dostlarımla bir məsələ ətrafında mükalimələrimizə indiyədək son nöqtə qoyulmayıb. "Şair adlanmaq, sənət qapılarının üzünə açılmasını istəyən neçə şeir yazmalıdır" sualına yekdil cavab ala bilmədiyimizdən vaxtsa yenidən müzakirələrə qayıdırıq. On, əlli, yetmiş, səksən, daha çox... Hərə müxtəlif rəqəm üzərində dayandığından müzakirələri növbəti görüşlərə saxlayırıq. Əlbəttə, çoxluq poeziyaya, yaradıcılığa xələl gətirməz. Təki ortada məsuliyyət olsun. Amma onu da bilirik ki, saydan, məhsuldarlıqdan asılı olmayaraq hər sənətkarı tanıdan, sözün əsl mənasında yaşadan nümunələr ən çoxu barmaq sayı qədər olur. O, bunu birincidəmi, onuncu, yaxud yüzündəcəmi qələmə alır? Cavablandırmaq müşküldür. Görəsən, adı cəmi bir şeiri ilə zəmanəmizə qədər gəlib çatmış klassik poeziya zirvələrimizdən olan Həsənoğlu onu yaşadan nümunəyədək daha neçəsini qələmə almışdı?!

Hər halda mən ən yaxşıların içərisində ən kamilini arayıb müəyyənləşdirməyə daha meylliyəm. Bu sözlərdən sonra sizlərə, hələlik ustadlardan dərs ala-ala, onların izləri, ləpirləri ilə addımlayıb öz ləpirlərinə romantik həvəslə qayıdan, müqəddəs Azərbaycanımızın Saatlı adlı bölgəsinin Əhmədli kənd məktəbində sevimli övladlara dilimizi, ədəbiyyatımızı tədris edən Allahşükür Güləhməd oğlu Ağayevdən söhbət açmaq istəyirəm.

Onu doğma kəndində seçicim kimi bir neçə görüşdə görüb söhbətləşmişəm. O, seçicilərimdən biridir. Məntiqi, dolğun mülahizələri ilə diqqətimi çəkib. 28 yaşlı gənc hər dəfə özü barədə deyil, həmkəndlilərinin həlli vacib problemlərindən, xüsusilə təhsilin müasir dövrün tələbləri baxımından həllini gözləyən vəzifələr barədə söhbət danışıb. Bilməmişəm ki, Allahşükür Ağa təxəllüslü şeirlərin müəllifidir.

Bu yaxınlarda elektron poçtuma həmin imza ilə bir neçə şeirini göndərmişdi. Yazmamışdı, xahiş etməmişdi ki, dərcinə kömək göstərim. Oxudum, poetik sətirlərdən boylanan dolğun mənanı axıcılıq, rəvanlıq müşayiət edirdi. Elə bil yetkin şairlə üzbəüz dayanmışdım. Onun yaradıcılığı barədə kəm-kəsirli məlumatı aradan qaldırmaq üçün özümdə axtarış aparmaq zərurəti hiss etdim. Fərdi qaydada söhbətimizi sonraya saxladım. Buna məni ilk növbədə Allahşükür Ağanın "Ləpir" şeiri sövq etdi:

Axşam qoyub gəldiyim ayaq izlərimi

Səhər qarşılayıram,

Demək yaşayıram.

Bir ayaq ləpirim

Axşam yağan yaz yağışından

Bir ovuc su saxlamış içində.

Bir alagöz sərçə su içir

Ayaq ləpirimdən...

Bəli, əsl Şərq fəlsəfəsindən nəşət alan şeirdir. Sonra "Uşaq dükanı"na nəzər saldım:

Uşaq dükanlarında

Paltarlar qışqırır,

Ayaqqabılar tappıldayır,

Papaqlar atılıb-düşür,

Köynəklərin qolları əl eləyir,

Səsləri qıfılları silkələyir:

"Buraxın bizi,

Hardasa üşüyürlər uşaqlar".

Daha bir neçəsini diqqətlə oxudum. İnternet resurslarında axtarış verdim. "525-ci qəzet"də tanınmış pedaqoq, alim, publisist Allahverdi Eminovun Allahşükür Ağa barədə yazısına rast gəldim. O, Azərbaycan Müəllimlər İnstitutunun Salyan filialında dərs dediyi zaman tələbəsinin ilk şeirlərinin oxucusu olduğundan, ədəbiyyata gəlişi üçün yaratdığı imkandan danışırdı. Allahşükürü məqalədə uşaq şairi kimi səciyyələndirirdi. O şeirlərlə mən tanışam. Deyərdim ki, əslində, böyüklər üçün yazılıb. İnanmırsınızsa, "Çiçəyi içindən arılar sancar yaman"ı, "Çay düşüb"ü, "Sahilin arzusu"nu ... təhlil edin.

"Azərbaycan" jurnalının poeziya şöbəsinin müdiri, uşaq ədəbiyyatımızın kamil bilicisi Qəşəm Nəcəfzadə bunu əsas götürərək Allahşükür Ağanın "Quşlar, buludlar, uşaqlar" kitabına yazdığı rəydə onun misradan-misraya, fikirdən-fikirə inkişaf edən şair olduğunu göstərir: "O, qəlbinə qəfil gələn tapıntıları deyil, zəhmət istedadın cilalanmasından yaranan şeirləri vərəqə köçürür". Buna görə şairin şeirlərinə hansı yaşlı auditoriya üçün nəzərdə tutulmasından asılı olmayaraq bitkin fikirlər bələdçilik edir.

Bir daha "525-ci qəzet"ə onun baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi, dostum Rəşad Məcidə qayıdıram. "10 misralıq şeir müsabiqəsi" adlı orijinal poeziya bəhsləşməsi üçün cəmi bir mükafat ayırmasını təqdir etməsəm , bunu novatorluq saydım. Fəqət xüsusilə gənc yazarlarımız, o cümlədən, Allahşükür Ağa da şeir müsabiqəsinə qatılmaqdan çəkinmədi. Mükafat almadısa da bir bəndlik şeirini oxuculara ərmağan etdi:

Dünyanın düyün düşən ipləri var,

Baş açdınmı kələfinin ucundan?

İstisindən üşüyərsən, uyarsan,

Qurtarmazsan istisindən, öcündən.

Allahşükür Ağa görüşlərin birində kitabın insanın dostu olmasından misallarla danışdı. İndi görürəm ki, onun səmimi qarşılanan şeirlərinin uğrunda bu amilin təsiri az deyil:

Zəngin mütaliə"pəncərədən gözəl görünən həyatdır":

Uzun-uzadı yolların sonunda

dayanan gəmi

Ümidə oxşayır.

Amma bir az yorğundu deyəsən

Çünki onu gözləyən adam

Həyata əlvida dedi dünən.

Yaxud "Sevgi dilində" şeirini götürək:

İnsan dilində, adam dilində,

Çiçək, dəmir, badam dilində

Mənimlə danışın, danışın olar.

Mən ayrı dil bilmirəm,

Uzaqdan gəlmişəm, yadam.

Bir ağıza qoşmayam,

Sevgi dolu fəryadam.

Mənimlə danışın,

Sonra barışın.

Əslində, şair düşüncələrini hamımıza rəvan dillə, pedaqoji səmimiyyətlə çatdırır. Hər birimizin  bu dilə gündəlik necə böyük ehtiyacı var?!

Bilirsiniz, indi Allahşükür Ağanı məmnuniyyətlə poeziya camiəsinin üzvü sayıram. O, kəmiyyət yox, keyfiyyət ardınca gedir. "Təzadlar"ında yalnız gözündə çaxan ildırımla qəlbində doğan günəşin, əl arabasındakı gözəllə harasa çıxıb gedən, dördnala çapan ayaqlarının fərqinə varır. Şükür hissi ilə yaşayan sərçənin duasını eşitməklə həssas duyğu düşüncə sahibi olduğunu nümayiş etdirir. Şairin "Bayıl türməsi" şeirindəki 3 misra isə dil açıb danışan tariximizdən sətirlərdir:

Bu asfaltın altında

Bayıl türməsi olub  bir vaxt.

Bizdə ürəyə bax,

Gör hardan keçirik?

Şair ictimai fikri oxuyurmuş kimi yazır:

 

Burda, bax burda,

Müşfiqin bir şeiri var,

Divara yazılan,

Hecası cızılan.

Gərək o divar parçasını

Götürüb saxlayaydıq.

Avropada daha çox görkəmli şəxsiyyətlərin həbs olunduqları zindanların muzeyə, nəsillərin ekskursiya ünvanına çevrilməsi, xəzinənin gəlir mənbəyi təcrübəsi nədənsə söküntüdən öncə yada düşməyib.

Allahşükür Ağa şairdir, şeirləri bunu təsdiqləyir. Yeni uğurları isə əminik ki, öndədir.

 

 

 

Əflatun AMAŞOV

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili

 

525-ci qəzet.- 2019.- 30 noyabr.- S.15.