Dodaqlarınıza güvənin və...

 

esse

 

 

 

İnanmaq hissini özündə yaratmaq da, ətrafındakıların sənə olan etibarını qazanmaq da çətindir. Özünəinam anadangəlmə xüsusiyyət, bacarıq deyil. İnam ağlımızdakına sahib olmağa qərar verdiyimiz vaxt qəlbimizdə, ruhumuzda yaranan əzmkarlıqdır.

Çətini həyatda istədiyimizi bilmək qarşımıza çıxan hər çətinliyi səbrlə yenməkdir.

Maneələrlə qarşılaşdığınızda diqqətli, ayıq-sayıq olmağınızın səbəbi də özünəinamdır. Rəqib və bədxahlarınız sizdən emosional qərar, düşünülməmiş addım gözlədiyi zaman sizin səbrli və soyuqqanlı yanaşmanız onları məyus edəcək. Və siz gülüb keçəcəksiniz... Özünəinam insana güc verir, enerjisini artırır və daha çox səy göstərməyə təşviq edir.

Zamanla həyatınızda yeni qapılar açılacaq. Qapıların sayı get-gedə o qədər çoxalacaq ki, bəzən qapıları özünüzün seçmək kimi şanslarınız olacaq. Getdikcə hadisələrə baxış tərziniz tamamilə dəyişəcək. Özünüzə inam özünüzə sevgi yaradacaq. Qüsurlarınızı dərd etməyəcəksiniz. Özünüzü olduğunuz kimi qəbul edib gücünüzə güvənəcəksiniz. Qüsurlarınızı örtəcək, xasiyyətlərinizi qabardacaqsınız. Cəsarətə gəlib, "bəli, mənim qüsurlarım olsa da, onlardan daha üstün bacarıqlarım da var" - deyəcəksiniz. O zaman sizin dürüstlüyünüz və özünəinamınız, bəlkə də, həyatdakı çevrilişinizin başlanğıcı olacaq. Özünəinamın yaratdığı auradan özünüzzövq alıb, daha da güclənəcəksiniz. Özünüzü buludların arasında hiss edəcəksiniz. O qədər xoşbəxt olacaqsınız ki, gülüşünüzlə ətrafınıza xoş enerji paylayacaqsınız. İnsanlarada özgüvənlik yaradacaqsınız.

Professor Sophie Scott gülüş barədə daima maraqlı məlumatlar paylaşır. Onun araşdırmaları arasındakı bir məqam məni daha çox cəlb edib. Sən demə, siçovullar, şimpanzelər, itlər gülür.  Onlar şadlıqlarını nümayiş etdirmək dostluq yaratmaq üçün gülürlər. Düşünün, əgər gülüş onların da işinə yarıyırsa, niyə bizim təbəssüm gülüşlərimiz sevgilər, dostluqlar  yaratmasın?!

Bəlkə , avtobusda, metroda, yoldan keçəndə qarşılaşdığınız insanlara bağışladığınız xoş aura, gözlərinizdəki balaca qıyıq, dodağınızdakı təbəssüm onların həyatlarını dəyişəcək, yaralarına məlhəm olacaq?! Bunu İlahinin göndərdiyi bir işarə kimi qəbul edəcəklər. Ağıllarında düşünüb, cavab tapmağa çəkinənlər təbəssümünüzdəki işarədə bir çıxış yolu tapacaqlar. Gülüş, təbəssüm uğur qazanmağın açarı, neqativləri əzməyin ən yaxşı yoludur.

Həyatda həmişə uğur əldə etmirik, olur ki, ciddi problemlərimiz yaranır, bəzən işimizi, sağlamlığımızı itiririk, ailəmizdə, ətrafımızda kədərli anlar yaşayırıq. Amma bir gün hər şeyi yenidən qura biləcəyin o hiss inam səni ayaqda tutur. Bu zaman beyninizdəki müsbət emosiyalara yollar açın, meydan verin, keçmişdəki inamınızı yenidən qaytarın daha əzmkarlığınıza əngəl olanlara fikir verməyin.

Uğuru məmnunluğu yenidən necə tapa bilərəmmi? - Bu sualı özünüzə dəfələrlə verməkdən çəknməyin onun cavabını axtarın. 

Anlayın ki, insan hansısa məqsədinə çatmaq üçün müəyyən mərhələlərdən keçməlidir...

Özünüzə olan güvən duyğusuna nələrin təsir etdiyini doğru təhlil edin. Həvəsdən düşməyin. Bəlkə, başqa insanların sizin sahib olmadığınız bacarıqları var. Amma Siz böyük ehtimalla onlarda olmayan keyfiyyətlərə maliksiniz. Bu keyfiyyətləri axtarın, kəşf edin, inanın. İnsanı ayaqda saxlayan, güc verən inamıdır.

İnsanın ən məğlub günü özünə inamının itirdiyi gündür. Bu, ata-ana, dost, bacı, sevgi itkisinə bənzəmir. Çünki sən özünü itirirsən...

İnamınızın zəiflədiyi məqamlarda edə biləcəyiniz ilk , heç kimin mükəmməl olmadığını qəbul etməkdir. Bu zaman tək ümid yeriniz yenə dodaqlarınız olsun!

Gülümsəyin, xanımlar cənablar! Sizin olan dodaqlarınıza güvənin ... gülümsəyin. Pessimist olmaq çətin deyil. Çətin olan, dəli bir fırtınadan sonra göyqurşağı kimi gülümsəyə bilməkdir.

İnam gülüşlərdən yaranır, inamı gülüşlər yaradır...

 

 

Günel YAZ

 

525-ci qəzet.- 2019.- 2 oktyabr.- S.24.