Sevgi evi ürəklərdir  

 

 

Şair dostum Əbülfət Mədətoğluna "Bir qadına" şeirlər kitabının doğurduğu təəssüratla bağlı açıq məktub

 

Əziz eloğlum, ürək və ruh dostum Əbülfət!

Kaş mən bu naməmi Qeyrət və heyrət qalası Qacardan yazaydım, Sənsə onu Azıx mağarası ilə üz-üzə, göz-gözə yerləşən məşhur bir ucalıqda - qoynunda pərvazlandığın sevimli Tuğunda oxuyaydın. Amma bu, qismətimiz deyilmiş...

Ay sinəsi dağla dolu

dağlar oğlu,

dağ başında gözü yaşlı

tərk etdiyin;

həm dünyanı, həm özünü

qucağında dərk etdiyin

Uca yurdda

yıxıldıqca bərkidiyin

kollu yoxuş,

sığındığın sərt qayalar

bəsin idi.

Ən köklü səs,

gərəkli səs

Tuğdan gələn səsin idi...

Bu günsə sən

o dağlardan

qopub gələn,

varlığına çarəsizlik

hopub gələn

daş kimisən.

Şaxta vuran

quş kimisən.

Daha sənin

Uca yurdda

Zirvə gəzən

səsin var,

də izin.

Yaşamırsan -

Sürünürsən ürəyində

dərd əlindən

dizin-dizin...

Sevimli peşə və qələm dostum! Bu günlərdə hədiyyə etdiyin tanış mətbəə qoxusu hələ soyumamış yeni kitabın məni sevindirdiyi qədər də kövrəldib ötən xoşbəxt yurdlu günlərimizə qaytardı. Heç unuda bilmirəm - mənə bağışladığın "Səməni nəğməsi" adlı bəyaz duyğu qönçələrin toplanmış ilk kitabın igid şəhidlər beşiyi olan Qacar kəndi işğal ediləndən sonra Horadiz qəsəbəsində ailəmiz sığınan evdə əziz Novruz bayramı günü hər səhifəsindən Qarabağ torpağının, doğma Tuğunun əvəzolunmaz ətri-rayihəsi gələn ən gözəl canlı bir səməniyə çevrilmişdi...

Bəri başdan deyim ki, əvvəlkilərdə olduğu kimi, çox incə və nəfis şəkildə çap edilən yeni kitabın üçün də ad seçimin uğurludur. "Bir qadına" - yəqin ki, oxucular üçün də maraqlıdır - kimdir bu qadın görəsən? "Tanrının eşq mələyi" şeirin həmin sualın ən düzgün cavabıdır məncə.

Nəşəmdi, ahımdı O

Sevgim, günahımdı O

Yerdə Allahımdı O -

Ölüncə yanımdadı...

Həmin ruhlu şeirləri oxuduqca ilk növbədə çox yaxşı tanıdığım, nəslinə-nəcabətinə dərindən bələd olduğum, yurdumuzun ən ağır qanlı-qadalı günlərində, o cümlədən, cəbhə müxbiri kimi qələmə və silaha sarıldığın vaxtlar bütün çətinliklərə səninlə birlikdə mərdliklə sinə gərən, doğma kəndini məcburən son anda tərk edən qadınlardan biri, layiqli övladlar anası, bir çox ən yaxın dostlarından biri kimi dəfələrlə evinizdə, xüsusilə tanınmış qələm dostlarım Umud Rəhimoğlu və Tofiq Qaraqaya ilə birlikdə işğalına bir neçə gün qalmış Tuğda halal süfrənizdə ləziz xörəklərini daddığım sədaqətli, ziyalı xanım-xatın ömür-gün yoldaşın, əziz bacım gözlərim önündə canlandı.

Dostun və bir oxucun kimi daxili bir inamla deyim ki, yeni kitabının və oradakı dərin məna və təsir gücünə malik incə ruhlu sevgi şeirlərinin lirik baş qəhrəmanı olmağa daim həyatın ən amansız tufanları, xəstəliyi ilə çarpışan, təlatümlü şair ürəyini fəth edərək, "ruhunda Məcnunluq tumu cücərdən.., Yandırsan gələrəm! - deyib sənə tel bağışlayan.., Kimsə bu dəliyə (yəni sənə) sahib çıxmırsa - onun el verəni" - yəni O qadın layiqdir.

Dostum, "dərdlərin şairi", sənin dərd bilicisi olmağın bizə yaxşı məlumdur. Qarabağ torpaqları boyda, Tuğ boyda yanğısı, itkisi olan sən ruhda son dərəcə həssas bir qələm sahibi bu dərdə dözüb yaşayırsa, bu özü bir möcüzədir. Sən bu kədərinlə yerə-göyə sığışmayanda, baş verənləri duyub "Ruhunun qurdtək uladığı" anlarda yaxşı ki, sənə təsəlli verə bilən, varlığında ən böyük itkilərini tapa bildiyin "Tanrının eşq mələyi" adlandırdığın, "eşqimizlə həmişə sirr olaq" - dediyin O qadın var. Böyük sevgidən doğan kədərini bir çox şeirlərində, o cümlədən, "Dan üzü diləyi" şeirində özünəməxsus obrazlı komik ovqatla ifadə etmisən.

Ərəbzəngi gülüylə,

Sən məni dizinə yıx!..

"Sevin" şeirində yazdığın kimi - əgər belə olsa Yarın bu qələbəsiylə "həm də dərdin evin yıxmış olacaq".

2012-ci ildə çap etdirdiyin "Mənim kimi sevə bilsən" kitabındakı şeirlərinin birində öz donunu tez-tez dəyişsə də, bilicisi olduğun üçün heç bir dərdin özünü səndən gizlədə bilməyəcəyini də ustalıqla ifadə etmisən.

dəyişməsin donunu

üzünü bəzəməsin.

mən dərdi tanıyıram -

özünü ha bəzəsin.

Mövzuyla bağlı müşahidələrin, istinad və istifadə etdiyin incə məqamlar, müraciətlər orijinallığı və qeyri-adiliyi ilə seçilir. Şeirlərinin yaranışı seçilib sınaqdan çıxarılmış müqəddəs sayılan zaman kəsiyi - dan üzü, gecə yarısı, adna, cümə günü, cümə axşamı və s. bağlılığı da təsadüfi deyildir. Yaxşı bilirsən ki, məhz həmin günlərdə, anlarda edilən dualar Tanrı tərəfindən eşidilir, hasil olur.

Əziz dost!

Məni kövrəldən, kədərləndirən şeirlərinin bir çoxunun vida, vəsiyyət xarakterli, ovqatlı olmasıdır. Mənə elə gəlir ki, həmin şeirlərini yazanda öz könül rübabını canından çox sevdiyin "Şikəstə", "Zabul segah" üstə kökləmisən. Sanki ən ağır, sonu bilinməyən çox uzaq bir səfərə hazırlaşırsan.

... Hamıdan yaxın otur

Candan oxu duanı...

Üzümdəkini götür -

Görə bilim bu anı...

Göz yaşı damlasını saxlaya bilmədiyim "Namaza dur..." vida anıyla bağlı poetik tapıntılarınla bəstələdiyin simfoniyanın akkordları qəlbimin ən incə tellərini titrətdi. Vəfalı ömür-gün yoldaşına kədərli o müqəddəs anda özünü necə aparmasını, hətta harada, necə dayanmasına qədər qeyri-adi dəqiqlik və görücülüklə məsləhət görürsən.

Yazmasam da şeirdə

Deyim uyğun yeri də...

Sən hamıdan geridə -

Namaza dur...

Acı taleyi bəzi məqamlarda taleyinə bənzəsə də, oxşamasın! Kədər hissinin ən sarsıntılı anlarda ən əziz adamla (Lermontovda bu adam dostudur, sonda həmin dostlarından birinin gülləsinin qurbanına çevrilsə belə) bölüşməsini, belə vidalaşmanı, bu cür dualar oxumanı böyük rus şairi. M.Y.Lermontovun poeziyasında izləmişik.

... Kaş aşa biləydim o zirvələrdən,

Dua oxuyaraq ağlayardım mən!

Həyat zəncirini daşa çalardım,

Tufana, borana qardaş olardım...

Lermontovda kədər - "fırtına axtarır üsyankar qayıq - bəlkə fırtına da asudəlik var.., dalğa doğulsaydım, yalnız cəfakeşləri ağuşuma alardım... ...qəbrimin üstünə bir xaç, bir də iri - yonulmamış daş qoyun - qoy tufan meşəni əldən salanda çağırsın yolçunu o xaç uzaqdan, oturub o daşın üstündə bəlkə aldı öz dincini o qərib insan" - həyatı daha gözəl görmək istəyindən doğan işıqlı kədərdir.

Ay ürək adamı, gözəl şairimiz, yaz!, amma səni, yaradıcılığını sevənləri bu qədər üzmə!

And yerim olan gülüm,

Küsmə, başına dönüm!

İçimdə hər gün ölüm -

məni yeyir, yazacam!..

Kədərə, dərdə o dərəcədə bağlısan ki, "tək-tənha qalmasın deyə özünü onlar üçün qoruyub saxlayırsan".

Çəkdiklərim üyüdür məni kirkirəsində...

Dərdim həm də tanıdır məni yer kürəsində.

Özün də gözəl bilirsən və deyirsən ki, "Əlimdəki Quranla, dilimdəki duamla Allaha çatır səsim". Bu, əlbəttə belədir - Uca Tanrı çox gözəl bilir ki, şair səsi haqqın, ədalətin, xalqın səsidir. Bunun üçün öz istəklərində bir az da ehtiyatlı ol!

Qardaş, dost istəyim budur ki, nəhayət gün gəlsin ki, yazdığın hasil olsun:

... Çaşıb qarşına çıxan, -

Kədər özü üzülsün!..

Kədərinlə ehtiyatlı davran şair! Həyata böyük ümidlərlə baxan gözəl gənclərimiz, məsum, süd qoxulu körpələrimiz var. Qanadlı, əks-sədası sabahdan gələn gur işıqlı poetik çağırışlarını unutma!

Minillik bir sevgi pərvanəsiyəm,

Qanadım yorulmaz, şamım da sönməz!

Hər kəs mənim kimi sevmək bacarsa,

Nə dünyadan küsməz, nə də ki, ölməz!

Əziz dost!

Sənin çoxşaxəli yaradıcılığın, "Ədalət" qəzetindəki çoxillik səmərəli fəaliyyətin yaradıcı gənclərimiz üçün də gözəl nümunədir. Hər yeni kitabın bu mənada çox gərəklidir. Hörmətli xalq yazıçımız Elçin müəllim yeni kitabında poeziya yaradıcılığını, oradakı kədər mövzusunu təhlil edərkən barəndə söylədiyi yüksək fikirlər də bunu sübut edir: "...bu şair nə yazırsa, ürəklə yazır, daha doğrusu, ürəkdən yazır".

İncimə dostum! "İçindəki kədər selinin yolunu bağladım" - desən də, həmin yolu bağlaya bilməmisən. Bağlaya bilsəydin, yeni kitabındakı hesabat ruhlu həyatına son nəzərinin poetik məhsulu olan "Təəssüf..." şeirində yazmazdın:

Nə ayaqda durmağa

axtarış etməyə...

Sevgi Evi də yoxdu -

Qapısına getməyə...

Yanılma dostum, "Sevgi evi" var. Həmin ev səni yaxşı tanıyan, "minnətsiz qurbanlığım" adlandırdığın "bəlli kağız və qələm!.." sədaqətinə, qüdrətinə dərindən bələd olan həssas oxucularının ürəyidir. "Son bu qədər..." duyğu nümunəndə özünü dənizdə quma oturmuş yelkənli həyat gəmisinə bənzətməyin də təsadüfi deyil, çox söz deyir:

... Qopacam gəmi tək qumdan,

Durulacaq onda sular...

Şair həqiqətinə bizim də inamımız böyükdür. "Arata qoyulmuş şumdan toplanmış Kədər yuyular"kən də həmin kədərdən xəstə ürəyi ən amansız düşmənləri olduğunu bilə-bilə daim yanaşı çəkdiyi üçün siqaretinin tüstüsü hoparaq dərdinin acılığını daha da tündləşdirən, niskilli gözlərinin dərinliyində həyat sevgisi çağlayan mis rəngli, bizim üçün çox dəyərli və doğma olan Əbülfət Mədətoğlu böyüklüyü boylanır.

... Əziz dost! Kaş bu məktubumu Qacardan yazaydım, Sənsə onu öz orbitində - sevimli Tuğunda oxuyaydın. O zaman ən mahir qəvvas kimi ruhumuzun ən keçilməz qatlarına belə baş vura bilən, at oynadıb atamızın goruna da od vuran bu kəbinli kədərimiz də olmazdı.

 

 

Mahmud QACAR

 

525-ci qəzet.- 2019.- 2 oktyabr.- S.22.