"Akademik Məmməd Cəfər Cəfərov - Ədəbiyyat nəzəriyyəçisi" nəşr olunub

 

 

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən "Akademik Məmməd Cəfər Cəfərov - Ədəbiyyat nəzəriyyəçisi" kitabı çap edilib.

 

Kitab Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli "Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında" Sərəncamına əsasən nəşr olunub. "Elm və təhsil" nəşriyyatında işıq üzü görmüş kitabın elmi redaktoruön sözünün müəllifi AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. "Böyük ədəbiyyatşünaslığın ünvanı: akademik Məmməd Cəfər Cəfərov" adlı irihəcmli ön sözdə ədəbiyyat nəzəriyyəsi elmi məktəbinin yaradıcısı, "baş cavidşünas", "Füzuli düşünür" silsiləsinin müəllifi, ədəbiyyat tarixçiliyi elminin inkişafında xidmətləri olan akademik Məmməd Cəfər Cəfərovun bütün universallığı hərtərəfli şəkildə tədqiq edilib.

Kollektiv elmi-yaradıcılıq məhsulu olan 306 səhifəlik  fundamental "Akademik Məmməd Cəfər Cəfərov - Ədəbiyyat nəzəriyyəçisi"  kitabının tərtibçisı professor Tahirə Məmməddir. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsində yerinə yetirilən tədqiqatlar əsasında hazırlanan bu kollektiv monoqrafiyada Akademik Məmməd Cəfər Cəfərovun yaradıcılığının nəzəri parametrləri, əsasını qoyduğu elmi konsepsiyalar və onların müasir elmi fikir üçün əhəmiyyəti araşdırılıb.

Sanballı tədqiqlərdən ibarət kitabda Tahirə Məmməd, Cavanşir Yusifli, Məhəmmədəli Mustafayev, Pərvanə İsayeva, Aqşin Dadaşzadə, Maral Yaqubova, Aslan Salmanov, Simuzər İsmayılova, Aysel Qurbanova, Jalə Qurbanqızı, Şəfa Əliyeva kimi müəlliflərin tədqiqatları yer alıb.

 

ŞAHANƏ

 

525-ci qəzet.- 2019.- 5 oktyabr.- S.12.