Möcüzə  

 

 hekayə

 

 

 

Bu hadisə təqribən on beş il əvvəl baş vermişdi. Axşam saat doqquz olardı. Hava yavaş-yavaş qaralmağa başlayırdı. Gündüzün istisi hələ səngiməmişdi. Bakıda da ki, yay aylarında axşam külək əsmədi, onda vay halına onun sakinlərinin.

Yenə təzə binalarda yaşayanlar eyvanlarına çıxa bilirlərsə, Abşeronda bağları olanlar talvarların altında otururlarsa, Sovet küçəsinin ətrafındakı daxmalarda gün keçirənlərin bir əlacı qalır ki, ya bapbalaca həyətlərini sulayıb oraya yığışsınlar, ya da hərəsi bir kətil götürüb çıxsın küçəyə və yatanacan vaxtını laqqırtı ilə keçirsin.

Zülfüqar Yuxarı Dağlıq küçəsindəki kiçik otaqlarının qapı-pəncərəsini açıq qoymuşdusa da, yenə bütün günü istini özünə çəkmiş alçaq damın dəmindən içəri od tutub yanırdı. Səhər şifahi imtahanı vardı, yoxsa indi dənizkənarı parkın adamların çoxluğundan qarışqa yuvası kimi qaynamasına baxmayaraq, özünü verərdi ora. Dondurmadan-zaddan yeyib, bir az nəfəsini dərərdi. Amma neyləməli? Sonuncu imtahanı gözəgörünməz ağır bir yük olub asılıb boynundan, tərpənməyə qoymur. Onu verəmməsə, təqaüddən əlini üzməlidir.

Müəllim də çox qaniçən adam idi. Bir dəfə Zülfüqar xəstələndiyindən mühazirəsində olmamışdı, dişinin dibindən çıxanı ona demişdi. Hələ bir hədələmişdi də: "İmtahanda səninlə danışaram!" Zülfüqar xəstəlik haqqında arayışını göstərəndə, daha da cin atına minmişdi. Düzdür, tələbə dostları işarə etmişdilər ki, eləliyinə baxma, hörmət qanandır. Qəsdən səni gözümçıxdıya salır. Adamını tap, ağzını piylə, imtahanda yaxşı qiymət yazsın. Amma Zülfüqar özünə sığışdırmamışdı. Həm də hardaydı onun artıq pulu. Dul anasından istəməyəcəkdi ki.

İndi kitabları qabağına töküb, suallara hazırlaşanda müəlliminin ədabaz görkəmi dururdu gözünün qabağında. Oxuduqları da beyninə girmirdi. Hirsindən az qala boğulurdu: "Zalım oğlu, nə fərli-başlı mühazirə oxuya bilirsən, nə də suallarımıza aydın cavab verirsən. Bəs onda özünü elə dartmağın nədir? Təqsir səndə yox, sənin kimiləri işə götürəndədir".

Zülfüqargilin pəncərələri dalana çıxırdı. Uşaqlar hər qiyyə vurub, o baş-bu başa qaçanda elə bilirdi ki, başını nəhəng bir məngənənin arasına qoyub sıxırlar. Yazıq üç-dörd saat idi oxuyurdu, amma tək-tük şey yadında qalmışdı. Fikirləşirdi ki, bəlkə birtəhər yatsın, qonum-qonşu uşaqları ilə bərabər evlərinə çəkiləndən sonra gecə hazırlaşar. Gündüz anasını göndərmişdi xalasıgilə, möhkəm-möhkəm tapşırmışdı saat on ikidən tez qayıtmasın.

Zülfüqar zəngli saatı on birə qurdu. Durub bədənini bir az islatdı ki, sərinlənsin. Divana uzandı. Başının altı alçaq idi. Stolun üstündəki kitablarını qoydu başının altına və gözlərini yumdu. Bugünkü isti, doğrudan da, onu yaman əldən salmışdı...

Nə qədər keçmişdisə, Züfüqar ayılan kimi imtahan suallarını qoydu qabağına. Birinə baxdı, gördü ki, bilir. İkincisini, üçüncüsünü..., hamısını. Lap möcüzə idi. Kitabdan oxumadığı sualları da bilirdi. Çaşıb qalmışdı. Balışın altındakı kitablardan birini götürdü. Lazım olan səhifəni açdı, gözlərinə inanmadı. Sözbəsöz, cümləbəcümlə hamısı yadında idi. Sonra sualların ən çətininə nəzər saldı. Kitabın səhifəsinədək hər şey beyninin hansı guşəsindənsə axıb gəlirdi. Düppədüz.

Amma Zülfüqar bu möcüzənin necə baş verdiyini özü üçün aydınlaşdırmaq istəyirdi. Birdən, elə bil, kimsə ona pıçıldadı ki, ay qafil, bir yatdığın yerə bax. O, tez divanı gözdən keçirtdi. Yatmazdan qabaq səliqə ilə üst-üstə qoyduğu kitabları gördü. Əlini şappıltı ilə tərləmiş alnına vurdu: "Tapdım. Başımın altındakı kitabların içindəkilər öz-özünə beynimə həkk olunub. Axırı ki, mənim də bəxtim üzümə gülərmiş".

Zülfüqar bircə şeyə heyfsiləndi, əlavə ədəbiyyat kənarda qalmışdı. Əlini yellədi: "Eybi yoxdur, hələ gecə indi başlayır. Onları da yatanda öyrənərəm". Amma "öyrənmək" sözünə özünün də gülməyi tutdu. Bu üsulla bütün kitabxananı əzbərləmək olar. Küçəyə çıxıb laqqırtı vuranlara qoşuldu. Kefi kök olduğundan hamı ilə zarafatlaşırdı. Məzəli əhvalatların, lətifələrin birini o birinə calayırdı. Ta ki, gördü onu əsnəmək tutub.

Zülfüqar evə qayıdan kimi əlavə ədəbiyyatı, üstəlik, ingilis dili dərsliklərini və lüğətlərini səliqə-səhmanla düzdü başının altına. Yaxşıca gərnəşib dərin yuxuya getdi.

Səhər yerindən qalxar-qalxmaz, ilk növbədə xarici dil sahəsində biliyini yoxlamaq istədi. Radionu işə salıb, ingilis dilində aparılan bir veriliş tapdı. Lap dəstgah idi. Diktorun dediklərini ana dilindəki kimi başa düşürdü. Özündən razı halda tələsik səhər yeməyini yeyib instituta yollandı.

Müəllim assistenti ilə auditoriyaya girən kimi siyahıda adı axırda olsa da, Zülfüqar birinci özünü saldı içəri. Müəllim eynəyinin üstündən qıyqacı ona tərəf baxaraq, istehza ilə gülümsədi.

- Nədir? Yoxsa özünə arxayınsan?

Zülfüqar bu ədabaza çox konkret cavab verdi:

- Bəli.

Bilet çəkdi. Suallara ətraflı nəzər salıb, ötkəm şəkildə dedi:

- Mən hazıram.

Bu xəbərdən müəllimin qaşları elə çatıldı ki, eynəyi düşəcəkdi, əli ilə zorla saxladı.

- Buyur görək.

Zülfüqar başladı, nə başladı. Bülbül təki ötürdü. Bir nəfəsə sualların hamısını, özü də əlavə ədəbiyyatla birlikdə danışdı. Müəllimin gözləri kəlləsinə çıxmışdı. Açıq qalmış ağzına az qala milçək girəcəkdi. Əlini yelləyib qovdu. Sonra matı-qutu qurumuş halda dilləndi:

- Yəqin təsadüfən bildiyin bilet düşüb sənə.

Zülfüqar təmkinini pozmadan:

- Xeyr, - dedi, - hansını göstərsəniz, fikirləşmədən danışacağam.

Belə də elədi. Assistent heyrətini gizlədə bilmədi:

- Vallah, iyirmi ilin müəllimiyəm, hələ bu cür cavab verən görməmişəm.

Müəllim isə ağzını büzdü.

- Mən sənə üçdən artıq verən deyiləm. İstəyirsən biletlərin hamısını danış. Əvvəldən səni xəbərdar etmişdim. Mühazirələrimdə olmamısan. Seminarlarda fərli cavab verməmisən.

Assistent təəccübləndi. Zülfüqar arxayın şəkildə sakitcə dilə gəldi:

- Müəllim, mühazirələrinizdə cəmi bir dəfə olmamışam, əlimdə arayış var. O ki, qaldı qiymətə, dünya dərəbəylik deyil. Bu dəqiqə gedirəm düz rektorun yanına. Qoy, komissiya təşkil eləsin, onda sizin halınıza baxaram.

Müəllim diksinən kimi oldu. Tez səsinin ahəngini mülayimləşdirdi.

- Zarafat eləyirəm, qiymətin əladır.

Zülfüqarın kitabçasını açdı, nə fikirləşdisə, əlini saxladı.

- Kişi kimi de görək, bu qədər materialı necə öyrənmisən?

Zülfüqar sınayıcı nəzərlərlə ona baxdı. Müəllim gülümsədi.

- Nə oldu? Onsuz da beşini yazıram.

Zülfüqar heç nəyi gizlətmədən əhvalatı nəql elədi.

Müəllim birdən-birə əjdahaya döndü, nə döndü.

- Deyirəm axı, səndən bu fərasəti gözləmək olmaz. Çıx bayıra, qiymətin qeyri-kafidir.

Assistent çaşıb qalmışdı. Bu arada qapı açıldı. Fakultənin dekanı içəri girdi.

- Bu nə hay-küydür?

Müəllim yerindən qalxdı.

- Professor, bu tələbə axşamdan kitablarını qoyub başının altına, əziyyətsiz-filansız indi hər şeyi əzbərdən danışır. Özü də beş istəyir.

Dekan heç nə anlamadı.

- Aydın danış görüm, nə demək istəyirsən?

Müəllim eşitdiklərini təfsilatı ilə söylədi. Dekan heyrət dolu nəzərlərlə Zülfüqarı təpədən dırnağadək süzdü. Sonra ciddi şəkildə müəllimə dedi:

- Bura bax, onsuz da sənin hansı yollarla qiymət yazdığın barədə mənə bəzi şeylər çatıb. Səninlə elmi şurada söhbət edərik. Uşağın əlasını yaz, yola sal. Gör onu necə boğaza yığmısan ki, axırı səni dolayıb barmağına.

Müəllim tez əla yazdı. Zülfüqar kitabcasını alıb, qapıya sarı düzəldi. Arxadan dekan onu səslədi:

- Cavan oğlan, tələsmə.

Zülfüqarın başından sanki bir qazan isti su tökdülər. Dekanla bərabər dinməz-söyləməz onun kabinetinə getdi. Professor katibəsinə:

- Mən məşğulam, heç kəsi yanıma buraxma, - deyib, Zülfüqara stul göstərdi və özü də onun qarşısında əyləşdi.

- Bala, müəlliminə dediklərin həqiqətdir?

Zülfüqar təqsirkar adamlar kimi başını aşağı salıb, dodaqaltı mızıldandı:

- Bəli, professor.

- Yaxşı, bunu mənim yanımda sübut edə bilərsən?

- Professor, bir gecəyə ingilis dilini öyrənmişəm, nə versəniz, oxuyub tərcümə edə bilərəm.

- Bu, sübut deyil. Sənə rəfimdə olan ensiklopediyanın iki-üç cildini verəcəm. İçindəkiləri əzbərdən desən, onda inanaram.

- Axı, bundan ötrü gərək yatam. İndi isə yuxum gəlmir.

- Bu, problem deyil. Məndə xarici dərman var. İçəndən bir neçə dəqiqə sonra adamı yuxu aparır. Razısan?

- Razıyam.

Dekan yazı masasının siyirtməsini çəkib, bir qutu dərman çıxartdı. Həblərdən birini bölüb, Zülfüqara uzatdı.

- Al bunu. Bütövünü versəm, səhərə kimi burda yatarsan.

Zülfüqar dərmanı atandan sonra rəfdəki ensiklopediyanın beş cildini götürdü, kabinetdəki divanda başının altına qoyub uzandı. Bir azdan onun xorultusu ətrafı bürüdü.

Dekan kabinetindən çıxıb, qapını bağladı. Açarı da verdi katibəsinə.

- O tələbə qapını döysə, açarsan. Amma deyərsən, məni gözləsin.

Katibə gözlərini döyə-döyə açarı aldı.

Bir neçə saatdan sonra dekan qayıtdı. Zülfüqar hələ də xoruldayırdı. Dekan stəkana su töküb, onun üzünə çilədi. Zülfüqar hövlnak yuxudan ayıldı. Təəccüblə ətrafına baxdı. Dərrakəsi üstünə gələndən sonra dilləndi:

- Professor, mən hazıram.

Dekan cildlərdən birini açdı.

- De görüm, otuz beşinci səhifədə nə yazılıb?

Zülfüqar vergülünə, nöqtəsinə qədər bütün səhifəni əzbərdən söylədi. Dekan eşitdiklərinə inana bilmirdi. Düz bir saat beş cildi ələk-vələk elədi. Zülfüqar da maqnitofon kimi ucadan yazılanları təkrar edirdi. Axırı, dekan tamam əmin olub, Zülfüqarı saxladı.

- Bala, bilirsənmi ki, belə bir şey hələ elmə məlum deyil. Sən bu istedada malik olan ilk şəxssən. İndi mən sənin barədə akademik Qəmbər Qaralıyevə zəng edərəm. O, respublika üzrə bu cür hadisələri öyrənən komissiyanın sədridir.

Dekan bir nömrə yığdı. Telefonla akademik Qaralıyevə şahidi olduğu şeyləri xəbər verdi. Dəstəyi yerinə qoyub:

- Gedək, - dedi, - yarım saata komissiya qarşısında bacarığını göstərərsən. Adın bütün dünyanı gəzəcək.

Zülfüqar indi-indi dərk edirdi ki, o necə bir qeyri-adi xüsusiyyətə malikdir.

Dekan komissiyanın yerləşdiyi binanın ikinci mərtəbəsindəki naxışlı ağır qapını açıb, Zülfüqarı içəri saldı. Bu, hündür tavanlı, xalçavarı düzülmüş par-par yanan parketli, iri zal idi. Baş tərəfdə üstünə qırmızı məxmər salınmış uzun stolun arxasında iyirmiyə qədər adam oturmuşdu. Ortada taxta bənzər kresloda pırtlaşıq ağ saçlı, qalın eynəkli, çox səliqə ilə geyinmiş zəhmli bir kişi əyləşmişdi. Zülfüqar anladı ki, bu həmin akademik Qəmbər Qaralıyevdir.

Dekan sədrin yanındakı boş yerə keçdi. Qaralıyev tovuz quşu sayağı bir sol tərəfində olanlara, bir sağ tərəfində olanlara yuxarıdan aşağı nəzər salıb aram-aram dilləndi:

- Yoldaşlar, məsələdən sizi agah eləmişəm. İndi bu cavan oğlan nə bacardığını bizə göstərməlidir. Xahiş edirəm diqqətli olasınız. Çünki biz məsuliyyəti üzərimizə götürüb, qərar çıxarmalıyıq ki, doğrudanmı elmə məlum olmayan bir hadisənin şahidi olmuşuq, yoxsa...

O, "yoxsa" sözünü çox müəmmalı dedi və çıxışına davam etmədən gülümsəyərək, başını yırğalaya-yırğalaya komissiya üzvlərini bir də süzdü. Onlar da onun üzünə gülümsədilər, dekandan başqa. Sonra Qaralıyev ovçu şikarına baxan kimi gözlərini Zülfüqara zilləyib, amiranə səslə dedi:

- Buyur, cavan oğlan.

Zülfüqar sədrin istehza dolu baxışları altında özünü narahat hiss etdi. Bir istədi çıxıb getsin, amma dekanın yanında bu hörmətsizlik olardı. Fikrini cəmləşdirməyə çalışdı.

- Hörmətli akademik, mənə kitab verin.

Qaralıyev əvvəldən hazırladığı bir bağlama kitabı ona uzatdı.

Zülfüqar dekanın cibindən dərmanı çıxardığını görəndə etiraz etdi.

- Professor, lazım deyil. Bayaq atdığımın təsirindən hələ də fərli ayılmamışam, özüm yataram.

Zülfüqar divarın dibindəki yumşaq skamyaların birində uzandı, bağlama da başının altında. Heç beş dəqiqə keçməmişdi, xorultusu zala səs saldı. Qaralıyev üz - gözünü turşudaraq, dekana tərəf əyildi və yavaşcadan pıçıldadı:

- Kitabların hamısını müəlliflər göndəriblər. Hələlik nə kitabxanalara, nə də mağazalara verilib.

Yarım saatdan sonra Zülfüqar ayıldı, özünə gəlib, bağlamanı Qaralıyevin qarşısına qoydu.

- Mən hazır.

Yoxlama başladı. Komissiya üzvləri hansı kitabdan soruşdularsa, Zülfüqar sözlərini ağızlarında qoydu. Düz iki saat sual-cavab davam etdi. Axırı həm komissiya üzvləri, həm də Zülfüqar əldən düşdü. Dekanın gözləri gülürdü. Qaralıyevin üzündən zəhrimar yağırdı. Sanki gəmiləri batmışdı. Əlindəki qələmlə stolu döyəclədi.

-Yoldaşlar, buyurun, fikrinizi söyləyin.

Komissiya üzvləri, elə bil, ağızlarına su almışdılar. Heç kimin cınqırığı da çıxmırdı. Dekan çıxış etmək istəyəndə Qaralıyev imkan vermədi.

- Sizin rəyiniz bizə məlumdur. Bizim fikrimizcə isə... (O, komissiya üzvlərinə sınayıcı nəzər saldı və hamı razılıq əlaməti olaraq başını yırğaladı) bu, sadəcə oyunbazlıqdır. Qarşımızdakı cavan oğlan sirkdəki kimi bizi hipnoz edir, ya da telepatdır.

Zülfüqarı onun sözləri yaman tutmuşdu.

- Hörmətli akademik, əgər siz bu hadisəni elmi şəkildə izah edə bilmirsinizsə, heç olmasa, məni oyunbaz adlandırmayın. Vaxtilə sizin kimilər kibernetikaya da yalançı burjua elmi damğası vurmuşdular.

Qaralıyev yumruğunu çırpdı stolun üstünə.

- Gör, biz hansı zamanədə yaşayırıq. Ağzından süd iyi gələn uşaq mən boyda akademikə cavab qaytarır. Çıx bayıra!

Zülfüqar:

- Nə olar, çıxaram. Guya ölkəmizdə sizinkindən başqa komissiya yoxdur - deyib, düz evlərinə getmək istədi. Amma arxadan dekanın mülayim səsini eşitdi.

- Bala, məni gözlə.

İçəridə mübahisə uzun çəkdi. Zülfüqar dəhlizdə əsəbi halda var-gəl edirdi. Bərk də acmışdı. Qarnına bir gurultu düşmüşdü ki, gəl görəsən. Nəhayət, onu içəri çağırdılar. Qaralıyevin üzündə bayaqkı qəzəbindən əsər-əlamət qalmamışdı. Onun yerini müəmmalı bir təbəssüm tutmuşdu. Əksinə, dekanın qaş-qabağı yerlə gedirdi. Qaralıyev sözə başladı:

- Biz burda məsləhətləşdikdən sonra belə bir qərara gəldik ki, səni həmçinin, başqa komissiyaya təqdim etmək lazımdır.

Dekan nəsə deməyə hazırlaşırdı, Qaralıyev əlini onun çiyninə qoyub, buna mane oldu. Akademikin səsinin məlahəti Zülfüqarın əsəblərini sakitləşdirdi.

- İcazə versəydiniz, evə gedib, həm imtahanımın nəticəsini anama çatdırardım, həm də nahar edərdim.

- Oğlum, narahat olma. Getdiyin yerdə səni yedizdirəcəklər.

Bu əsnada içəri boylu-buxunlu iki nəfər girdi. Onlardan biri əsgərsayağı Qaralıyevə müraciət etdi:

- Yoldaş akademik, biz hazırıq.

Qaralıyev yerindən qalxıb, Zülfüqarın qoluna girdi.

- Hə, oğlum, mən hər şeyi telefonla xəbər vermişəm. Orada daha bizim kimi səni yoxlamayacaqlar. Sənin özünü görmək istəyirlər. Get, müvəffəqiyyət arzulayıram.

Zülfüqar "Çox sağ olun" - deyib, iki nəfərin müşayiəti ilə aşağı düşdü. Qara rəngli maşın onları gözləyirdi. Belə hörmət Zülfüqarı məmnun etdi. Aclığı da yadından çıxdı.

Maşın böyük bir binanın arxa tərəfində dayandı. Zülfüqar müşayiətçiləri ilə birlikdə kiçik qapıdan içəri keçdi. Onu dinməz-söyləməz yarıqaranlıq bir otağa itələyib, arxasınca qapını örtdülər. Zülfüqar bir şey anlamadı. Qapının dəstəyi də yox idi ki, açmaq mümkün olsun. Əvvəlcə astadan onu taqqıldatdı. Hay gəlmədi. Sonra yumruqları ilə döyəcləməyə başladı. Yenə xeyri olmadı. Əlləri ağrıdığından çevrilib, dabanlarını işə saldı. Bu zaman kiminsə səsini eşitdi.

- Ay oğlan, özünü yorma. Açmayacaqlar.

Zülfüqar səs gələn tərəfə baxdı. Zəif işıqda küncdəki çarpayıda oturan kişini gördü.

- Dayı, bura haradır?

- Dəlixana.

Zülfüqara sanki od vurdular. Yalnız indi Qaralıyevin müəmmalı təbəssümünün mənasını dərk etdi. Təkcə "Ay alçaq, əlimə keçsəydin, boğazını üzərdim" deyə bildi. Kişi onu sakitləşdirməyə çalışdı.

- Gəl bura, danış ürəyini boşalt.

Zülfüqar əldən düşmüş halda kişinin yanında oturdu və ürək yanğısı ilə başına gələnləri ona söylədi. Birdən kişi:

- Görüm o Qəmbər Qaralıyevin başına özü boyda bir qəmbər düşsün ki, çapalayıb altından çıxa bilməsin, - dedi.

Zülfüqar təəccüblə ona baxdı.

- Yoxsa siz də Qaralıyevi tanıyırsınız?

- Elə o əclaf saldırmayıbmı məni bura.

- Sən Allah, indi sən danış.

- Bala, işdən çıxıb getmişdim Buzovnadakı bağımıza. Arvad uşaqlarla anasıgildəydi. Hələ qayıtmamışdı. Yaxşı bir pürrəngi çay süzüb oturmuşdum özümçün təmiz hava alırdım. Birdən bağın o başında çoxlu işıq yanıb söndü. Fikirləşdim, yəqin yorğunam, məni qara basır. Bu vaxt adama oxşar bir şey peyda oldu qabağımda. Düzü, qorxdum. Dedim cin-şəyatindir. Tez qışqırdım: "Bismillah, şeytana lənət". Qulağıma qəribə səs gəldi ki, qorxma, mən başqa qalaktikadanam. Yer kürəsində ilk dəfə səninlə görüşürəm. Soruşdum: "Niyə axı məhz mənimlə?" Cavab verdi: "Çünki bura sakitlikdir. Başqa yerlərdə adam çoxdur. Birdən bizə düşmənçilik göstərərlər".

O danışanda ağzı tərpənmirdi. Səsi boynundan asılmış kiçik aparatın içindən çıxırdı. Tez əl-ayağa düşdüm, qoy qayıdanda öz camaatına deməsin ki, Yer kürəsinin adamları qonaq istəyən deyillər. Çay süzdüm, meyvə gətirdim. Soruşdum: "Bəlkə bizim hökumət işçilərinə xəbər verim?" Dedi: "Nə olar, elə". Zəng vurdum polis şöbəsinə. Bildirdilər ki, bir saata gələcəklər. Oturub, bu əcayıb məxluqla ordan-burdan laqqırtı vurdum. Arada soruşdum ki, sizdə əliəyrilik, qohumbazlıq, rüşvətxorluq var? Gözlərini döydü. Dedi: "Onlar nə olan şeydir?" Düşündüm ki, gör Allahın necə xoşbəxt bəndələridirlər. Keçib özüm düzəltdiyim çaxırdan gətirdim. Əllərim qırılaydı. Stəkanlara süzdüm ki, gəl bu görüşümüzü qeyd edək. O, yenə gözlərini döyə-döyə stəkanı çəkdi başına. Heç demə, bu zalım oğlu içə bilmirmiş. Mən çaxırımı içənəcən gözləri axdı, oldu lülüş. Gördüm stuldan yıxılacaq, aparıb uzatdım çarpayıya. Bu arada qapımızda üç maşın dayandı. On beş adam, başda Qaralıyev olmaqla həyətə daxil oldular. Qabaqlarına çıxıb, hər şeyi danışdım. Otağa gətirib, əcayib məxluqu göstərdim. Qaralıyev məni sorğu-suala tutdu.

- Bəs hanı onun gəldiyi kosmik gəmi?

- Mənə dediyinə görə, onların gəmisi adi gözlə görünmür. Boynundakı aparatın düyməsini basanda peyda olur.

- Ver bəri onu.

Əyilib nə görsəm yaxşıdır? Əclaf çarpayıda çevriləndə əzib xıncım-xıncım edib aparatı. O dəqiqə başa düşdüm ki, nə gəmi peyda olacaq, nə də bu bədbəxt adam balası kimi bir şey deyə biləcək. Mənim sözlərimə Qaralıyev əhəmiyyət vermədi. Yanındakı iki zırpıya əmr etdi ki, bizi lazımi yerə aparsınlar. Nə qədər and-aman elədim, xeyri olmadı. Qışqırdı ki, sərxoşluq edib, mən boyda akademiki ələ salmağı sənə göstərərəm.

Bu vaxt otağın o biri qaranlıq küncündə nəsə şappıldadı. Zülfüqar diqqətlə baxanda oradakı çarpayıda bir nəfərin başı əllərinin arasında oturduğunu gördü.

- Bəs bu kimdir?

- Həmin o əcayıb məxluq, rahat çay içdiyim yerdə məni işə salan əclaf. Ayılandan təpəsinə döyür...

Birdən Zülfüqarın beyninə tükürpədiici zəng səsi düşdü. Əlləri ilə qulaqlarını qapadı. Təfavüt etmədi. Zülfüqar hövlnak yuxudan ayıldı. Zəngli saat özünü dağıdırdı. Əlini uzadıb, düyməsini basdı. Amma hələ harada olduğunu dərk edə bilmirdi. Tərin-suyun içindəydi. Otaq yenə buğ verirdi. Yavaş-yavaş ağlı üstünə gələndə gördü ki, öz daxmalarındadır. Tez imtahanın suallarına baxdı. Birincisini bilmirdi. İkincisini də, üçüncüsünü də... Sanki dünyanı ona bağışladılar. Çırtma vurub oynamağa başladı. Bu zaman anası içəri girdi. Arvad qorxuya düşdü.

- Bıy, başıma xeyr. A bala, çalğısız-zadsız nə düşmüsən ortaya? Havalanmamısan?

- Yox, ana can.

- Yəqin imtahanına hazırlaşıb qurtarmısan?

- Yox, ana can.

- Bəs onda dəli kimi nə oynayırsan? İmtahanda neyləyəcəksən?

- Heç nə. Uzaq başı yağlı bir iki alacağam.

 

 

Elxan ƏZİZOV

BDU Şərqşünaslıq fakültəsinin dekanı, Əməkdar müəllim, professor

 

525-ci qəzet.- 2019.- 12 oktyabr.- S.18-19.