Xalq şairi Məmməd Araz anılıb

 

 

Oktyabrın 14-ü Xalq şairi Məmməd Arazın doğum günüdür. Bu münasibətlə həmin gün şeirsevərlər, şairin qələm yoldaşları, yaxınları Fəxri xiyabana gələrək görkəmli şairin məzarını ziyarət edib, qəbri üstünə gül-çiçək düzüblər.

AZƏRTAC xəbər verir ki, anım mərasimində çıxış edən tədqiqatçı-şair Qardaşxan Əzizxanlı Məmməd Araz poeziyasının bənzərsizliyindən söz açıb. Bildirib ki, Azərbaycanın taleyinə biganə olmayan hər kəs Məmməd Arazın poeziyasını öyrənir və sevir, ona istinad edir. Çünki onun yaradıcılığında ölkəmizin coğrafi, mənəvi taleyi yaşayır. Son illər Məmməd Arazın poeziyası gəncləşir və onun oxucu auditoriyası daha da genişlənir. Onun poeziyası insan ruhuna sanki qida veriryeni-yeni üfüqlərə çatmağa sövq edir. Məmməd Araz yaradıcılığının baş qəhrəmanı Azərbaycandır. Onun "Vətən mənə oğul desə", "Məndən ötdü, qardaşıma dəydi", "Mənim Naxçıvanım", "Ata ocağı", "Ana yurdum, hər daşına üz qoyum" şeirləri vətən mövzusunda ən yaxşı əsərlər kimi dillər əzbəridir. Poeziyamızda Azərbaycan mövzusunda çox yazılıb. Azərbaycana çoxlu şeirlər ithaf olunub. Amma Məmməd Arazın "Azərbaycan - dünyam mənim" şeirinin bənzəri yaradılmayıb. Bu şeirin bütün intonasiyası şair qəlbinin ağrılarından, fəal vətəndaş narahatlığından keçir. Şeir yaradıcılığında olduğu kimi, poemaları ilə də Məmməd Araz təkrarsızdır. Onun "Üç oğul anası", "Araz axır", "Mən də insan oldum", "Paslı qılınc", "Əsgər qəbri", "Atamın kitabı" poemaları hər şeydən əvvəl insan mənəviyyatının mürəkkəbliyi, tarixmüasirlik, milli taletarixi yaddaşın bərpası kimi fundamental məsələlərə həsr olunub.

Tanınmış şair Yusif Həsənbəy Məmməd Arazla görüşlərindən danışıb, xatirələrini bölüşüb.

Ədibin yaradıcılığına toxunan yazıçı Seyran Səxavət bildirib ki, Məmməd Arazın şeirləri yaşlı təbəqəni cavanlaşdırır, gəncləri isə müdrik olmağa çağırır.

Çıxışlarda vurğulanıb ki, dərin məzmunlu, oxunaqlı və milli mündəricəli şeirlərilə Məmməd Araz vətəndaş qeyrətli ədəbiyyat nəhəngidir. Bu görkəmli şair həm də milli azadlıq ideyalı əsərlərilə istiqlal şairi olaraq əbədi şöhrət qazanıb.

Anım günündə Məmməd Arazın bir neçə şeir söylənilib və sözlərinə yazılmış "Qızlar bulağı" mahnısı ifa olunub.

 

525-ci qəzet.- 2019.- 16 oktyabr.- S.12.