Yazıçı kimi ölümsüz, şəxsiyyət kimi əvəzsiz

 

XALQ YAZIÇISI, GÖRKƏMLİ ƏDİB VƏ PEDAQOQ İSMAYIL ŞIXLI İLƏ BAĞLI XATİRƏLƏR YADDAŞIMA ÖMÜRLÜK HƏKK OLUNUB

 

 

 (Əvvəli ötən sayımızda)

İlk məşğələlərdən təxminən 40-45 gün keçirdi. İsmayıl müəllim auditoriyaya girən kimi dərhal da bir elan verdi: - Uşaqlar, - dedi, - yazıçıların Natəvan adına klubunda ədəbi yaradıcılıq məsələlərinə həsr olunmuş iki günlük müşavirə var. Mən öz dərsimdən icazə verirəm, hesab edin ki, o biri dərslərdən də icazəlisiniz (Bunu ancaq dekan deyə bilərdi). Kim istəyir, durub gedə bilər. Tədbirdə Səməd Vurğun da iştirak edəcək.

20 nəfərə yaxın tələbə auditoriyadan çıxıb ünvana yollandıq. Maraqlı tədbir idi. Məruzə və çıxışları dinlədik. Poeziya haqqında B.Vahabzadənin düşüncələri maraqla qarşılandı. İntizarda idik, hamımız Səməd Vurğunu görməyə can atırdıq. Beləcə, tədbirin sonunadək o, gəlmədi.

Tədbirin ikinci günü yığıncağın başlanmasından 5-6 dəqiqə keçmiş S.Vurğun zala girdi. Biləsiniz, necə böyük sevinc, fərəhlə qarşıladıq bu anı. Əynində qismən açıq qəhvəyi rəngli kostyum vardı. Yaxasında Stalin mükafatı laureatının iki medalı. Çıxışlar, söhbətlər davam etdi. Bəziləri kəskin və bir növ, qərəzli idi. Hətta Yazıçılar İttifaqını qeyri-obyektivlikdə ittiham edənlər də oldu. Bu baxımdan, yadımda qalıb, şair İbrahim İbrahimovun iradları (sonralar İbrahim Kəbirli oldu) xeyli sərt səsləndi.

Müşavirəni Səməd Vurğun yekunlaşdırdı. Son dərəcə sərbəst, təmkinlə, obyektiv, ölçülü-biçili danışdı. Tənqidi fikirlərə münasibət bildirdi, onlardan bəzilərinin qərəzdən irəli gəldiyini dedi. Heç kimdən səs çıxmadı, deməli, hamı bu ümumiləşmiş fikiri qəbul edirdi, şairlə hesablaşırdı. Sonda S.Vurğun şeirimizin inkişaf tarixindən söhbət saldı, sərbəst şeiri o qədər də təqdir etmədiyini bildirdi.

Müşavirədən sonra Səməd Vurğun Osman Sarıvəlli ilə yan-yana birinci mərtəbəyə endilər, paltar asılandan makentoş və panamalarını götürüb geyindilər. O vaxt Çin istehsalı olan bu geyimlər şairlərə gözəl yaraşırdı.

Natəvan klubundan çıxıb Bülbül prospekti (Kirov) ilə Nizami kinoteatrına tərəf döndülər. Biz isə heyran-heyran onların arxasınca xeyli irəliləyib yolumuzu dəyişdik...

Unudulmaz bu səhnənin hər birimizə bəxş etdiyi sevinc və fərəh hissini unuda bilmərəm. "Səbəbkarı" isə gözəl müəllimiz, xeyirxah ziyalı İsmayıl Şıxlı idi. Böyük minnətdarlıq, təşəkkür sözləri də onun ünvanına deyildi. Ruhu şad olsun, qədirbilən böyük yazıçının!

Başlanğıcını belə bir xeyirxah təşəbbüsdən götürən ədəbi-bədii tədbirlərin daimi iştirakçısına çevrilmək sonralar hər birimizin həyatına möhkəmcə daxil oldu. Bir qədər keçmiş Səməd Vurğunun anadan olmasının 50 illik təntənələri, sonra da Füzulinin 400 illik yubileyi, digər tədbirlər başladı. Son dərəcə maraqlı, gözəl tədbirlər keçirildi. Elmlər Akademiyasında, "İsmailiyyə" binasında tədbirin sonunda böyük sənətkar, xalq artisti Ələsgər Ələkbərovun ifasında "Otellonun monoloqu", tanınmış ifaçı, qarmonçalan Teyyub Dəmirovun "Bayatı Şiraz"ı indi də qulaqlarda səslənir...

S.Vurğunun yubileyi ilə əlaqədar çoxsaylı tədbirlər davam edirdi. Ali məktəblərdə, mədəniyyət ocaqlarında, elmi təşkilatlarda tez-tez baş tutan tədbirlərdə vaxt tapdıqca iştirakçıya çevrilirdik. Görüşlərin mərkəzində isə demək olar ki, daha çox bizim institut dururdu. Yadımdadır, növbəti tədbirlərin birində bu ali məktəbin rektoru, tarixçi alim Mehdixan Vəkilov çox hərarətli bir bioqrafik çıxış etdi, Səməd Vurğunun uşaqlıq dövrü, yeniyetməliyi, talantı, gözəl insani keyfiyyətləri ilə bağlı yeni və dəyərli epizodlar söylədi. Sonradan bu çıxış şairin 6 cildlik əsərləri külliyyatının akademik nəşrində yer aldı, S.Vurğunun tərcümeyi-halı baxımından mükəmməl mənbə kimi dəyərləndirildi.

Fikir verin, İsmayıl müəllimin təkcə bir istək və təşəbbüsünün nəticəsi gənclər arasında oxumağa, öyrənməyə, yeni şəxsiyyətlərlə görüşməyə necə dərin maraq yaratmışdı. Hər birimiz bu vacib tədbirlərin iştirakçısı olmaqla böyük mənəvi dəyərləri müşahidə edir, vacib keyfiyyətlərə yiyələnirdik. Hələ mən ondan söhbət açmıram ki, şairin yubiley tədbirləri dövründə bizim əksəriyyətimiz sovet ədəbiyyatı deyilən mühüm xəzinənin "üzdə gedən" əsas simalarını görmüş, çıxışlarını dinləmiş, ədəbiyyat və mədəniyyətimizə bəslənilən böyük marağa heyran olmuşduq. Yaxşı yadımdadır, orta nəktəbdə müəllim işləyərkən yeri gəldikcə bu korifey sənətkarlardan, dünya şöhrətli bədii söz ustalarından, onların fərdi yaradıcılıq xüsusiyyətlərindən, şəxsiyyətlərindən söz açanda bəzən uşaqlar arasında "pıçapıç" da baş verdi: Görəsən, müəllim bunları hardan bilir?!

Yazıçı İsmayıl Şıxlı fenomeninin cazibə qüvvəsi sanki hər birimizi ağuşuna alıb hünər meydanına, elmə, təhsilə, mədəniyyətə dərindən yiyələnməyə səsləyərdi. Bunun nəticəsi idi ki, 50 nəfərdən (əslində, 46 nəfərdən) ibarət iki qrupun uşaqları tez bir zamanda müəllimlə bərk isinişdik bir növü, qaynayıb qarışdıq. Elə bil qəbul dövrünün iki imtahanı (yazılı və şifahi) müəllim-tələbə arasındakı "baryer"i silib-süpürüb çölə atmışdı. Onun hər bir sözünü, tapşırığını, göstərişini hamımız qanun, dəyərli aforizm kimi qəbul edir, şəxsiyyətinə baş əyirdik. Hər bir tələbə ciddi-cəhdlə çalışır, gecəni gündüzə qatırdı ki, proqram materiallarını, İsmayıl müəllimin tövsiyə etdiyi əlavə ədəbiyyatı vaxtında oxuyub imtahana yaxşı hazırlaşaq. Ancaq kitab az idi, ədəbiyyat çatışmırdı. Qıt tapılan kitablar içərisində V.Hüqonun "Səfillər" romanı da var idi. Öyrəndik ki, 1932-1936-cı illərdə roman kiçik kitabçalar şəklində 4-5 hissədən ibarət çap edilmişdir, özü də latın qrafikası ilə. Qrup və otaq yoldaşımız, fəal tələbə Əjdər Ağayev "latın"ı sürətlə oxuyurdu. Axşamlar saat 10-un yarısında dərsdən çıxıb yataqxanaya tələm-tələsik qayıdar, ötəri çay-çörəkdən sonra stolun başına toplaşıb Əjdərin "səsli" qiraətinə qulaq asar, qeydlər götürərdik. Bu minvalla, hər "seansda" 50-60 səhifəlik "maneəni" aradan qaldırardıq.

Çox keçməmiş, digər kitabları da tapıb oxuduq. Nəticə sevindirici oldu. Beləliklə, İsmayıl Şıxlının fənni üzrə ilk imtahanlardan uşaqların 75-80 faizi əla qiymət aldı. Biləsiniz hazırlığa necə "səfərbəredici" bir çağırışla girişərdik: - Çox ayıb iş olar, - uşaqlar, - deyərdik, - İsmayıl müəllimin sözünü yerə salsaq, əlavə ədəbiyyatı oxuyub çatdırmasaq?! Bu alicənab müəllimin tapşırığına etinasız yanaşsaq, belə nurani insanın (onda 36 yaşı var idi) üzünə necə baxarıq?!

Semestrlərarası imtahanlar ərəfəsində sevimli müəllimizin ilk irihəcmli romanı - "Ayrılan yollar" çapdan çıxdı. Respublikanın ədəbi ictimaiyyəti arasında böyük sevinclə qarşılandı kitab. Qəzet, jurnal səhifələrində ziyalılar, mütəxəssislər, yazıçılar əsər barədə geniş rəy bildirir, müəllifə yeni-yeni uğurlar diləyirdilər. Səhv etmirəmsə, görkəmli yazıçı, akademik Mirzə İbrahimov o günlərdə qeyd edirdi: "Ayrılan yollar" diqqətimi elə cəlb etdi ki, müasir sovet kəndindən yazdığım əsəri ("Böyük dayaq" nəzərdə tutulur - Ə.Ə.) yarımçıq qoyub İ.Şıxlının romanını oxudum.

Biz tələbələr də geri qalmadıq. İsmayıl Şıxlıya dərin hörmət bəsləyən, uğurlarına sevinən gənclər qısa zaman kəsiyində romanı oxuduq, fikrimizi bildirdik. Vəziyyəti belə görən müəllif çoxlarımıza avtoqrafla kitabdan nüsxələr payladı. Mənə çatan "payın" titul səhifəsində müəllif belə bir istək bildirmişdi: "Əziz tələbəm Əsgərə, doğulduğu yerlərin havası və suyu kimi təmiz və saf olmasını arzulayan müəllimindən hədiyyə!"

Dərin məna, ülvi istək hissləri ilə dolu bu avtoqraf - arzu mənim üçün uzun illər bir yaşam tərzi, həyat qayəsi, lap "nizamnamə tələbi" olmuş, adi ziyalını həmişə düzlüyə, halallığa, təmənnasız və obyektiv olmağa səsləmişdir. Erkən dövrdən rastlaşdığım məşəqqət və çətinliklərə, əzab-əziyyətə baxmayaraq (üç yaşıma çatmamış, müəllim atam orduya gedib 1941-1945-in hərb meydanından geri qayıtmamışdı), normal təhsil aldığıma, bu günlərədək sıralarda olduğuma görə, ilk növbədə Allahıma, bir də sevimli tərbiyəçilərimə, xüsusilə də "Ayrılan yollar" müəllifinə ("Dəli Kür" hələlik ideya idi) onun inam, nikbinlik dolu "avtoqraf-hədiyyəsinə" minnətdaram!

İkinci kursun payızında - 1956-cı ilin oktyabrında bizi "əmək semestrinə" cəlb etdilər, Salyan rayonunun Qırmızıkənd kolxozuna (sonralar Neftçalaya verilmişdir) pambıq yığımına apardılar. İki qrupdan ibarət İsmayıl Şıxlı "seçimini" kənd klubunda yerləşdirdilər: bir qanadında oğlanları, o birisində qızları. Dosentlər: İsmayıl Şıxlı, Azər Hüseynov, bir də idman rəhbəri Mirzəli müəllimi institut tərəfindən bizə başçı təhkim etmişdilər. Ancaq bütün işlərdə hamı İsmayıl müəllimin fikir və rəyi ilə hesablaşırdı. Onun "layihəsi" ilə əvvəlcədən hər şey bütün detalları ilə müzakirə və qəbul edilmişdi: kolxoz "pambıqçıları" lazımi ərzaqla - ət, yağ, çörək, çay, tərəvəzlə təmin edəcəkdir. Uşaqlardan da hər gün iki nəfər - oğlan və qız növbətçi olacaq, biri "çömçə yiyəsidir", xörək bişirir, digəri od-ocaq "sahibi", açıq havada odun doğrayır, ocaq yandırır, qazanı qaynadır, çay hazırlanır... Axşamlar "pambıqçılar" sahədən qayıdır, isti xörək və çayla təmin olunurlar. Bu ahəngdarlıq "mövsümün" sonunadək də beləcə davam etdi, heç bir əyinti, yubanma, narazılıq baş vermədi. Təşkilati işin başında yenə İsmayıl Şıxlı qayğısı, İsmayıl Şıxlı diqqəti, İsmayıl Şıxlı şəxsiyyəti dururdu...

Öz növbəsində biz tələbələr də kolxoz qarşısında borclu qalmadıq, gündə hərəyə 30-40 kiloqram "ağ qızıl" toplayıb təhvil verirdik. İçərimizdən "rekordçular" da yetişdi. Hamımızın zarafatyana "mamoğlu" adlandırdığımız zərdablı balası Ağamməd İbrahimov, öz təbirincə desək, "səllimə" üsulla işə girişəndə - hər cərgədə yalnız açan qozaları tələsik yığıb digərlərinə fikir vermirdi - gün ərzində yüz kiloqramlıq bardanı doldurub qapana qoyurdu...

Oktyabrın sonlarında Bakıya qayıtdıq. Gəlib nə görsək yaxşıdır?! Hər şeydən əvvəl böyük qarışıqlıq, xoşagəlməz "struktur" dəyişiklikləri: institutda fakültələr birləşdirilib, dil-ədəbiyyat dönüb olub tarix-filologiya, təhsilin müddəti 4 ildən 5 ilə qaldırılıb, yataqxanada "könüllülük" prinsipi pozulub, "necə gəldi elə" prinsipi üzrə uşaqlar otaqlarda yerləşdiriliblər, tarixdən mühazirələri yerləşdirmək üçün dərs cədvəlində "sıxlaşdırma" aparılıb, hər günə 45 dəqiqəlik iki qoşa saat əlavə dərs salınıb. Məşğələlər saat 14 əvəzinə indi səhər saat 10-da başlayıb axşam 21.30-da qurtarırdı... Di gəl, oğulsan, bu proqramın altına gir, oxu, əlaçı ol. Çətin məsələ idi. Bu şəraitdə "İsmayıl Şıxlı seçimi" böyük iradə, dəyanət göstərdi, heç bir "ələnmə" olmadan üçüncü kursa keçdik, bizdən əvvəlki kursdan isə 28-30 nəfər tarixdən 1-2 fəndən "kəsildi" və kursda saxlanıldılar...

Yuxarıda İsmayıl müəllimin mühazirə oxumaq məharətindən epizodik bir məlumat vermişdim. Bəzi əlavələri də yada salmaq yersiz olmazdı. O, sinədəftər mühazirə oxuyardı. Bir dəfə də olsa, qarşısında konspekt görmədik. Bu da onun dərslərini maraqlı edirdi. Nüfuzunu, hörmətini durmadan artırırdı. Qarşıya çıxan sualı, məfhumu aydınlaşdırmaq, onu uşaqlara dərindən başa salmaq üçün saat, dəqiqə, vaxt itirməkdən çəkinməzdi müəllimimiz.

(Ardı var)

 

 

Əsgər ƏSGƏROV

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

525-ci qəzet.- 2019.- 18 oktyabr.- S.15.