Tbilisidə Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd olunur

 

Tbilisidə Cəlil Məmmədquluzadənin 150 illik yubileyi silsilə tədbirlərlə qeyd edilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycanın Gürcüstandakı səfirliyi və Gürcüstan Ağsaqqallar Şurasının təşəbbüsü və təşkilatçılığı ilə böyük ədibə həsr edilmiş tədbirlər keçirilir.

Səfir Dursun Həsənov başda olmaqla komitənin və şuranın üzvləri, gürcü və azərbaycanlı elm, mədəniyyət xadimləri əvvəlcə oktyabrın 24-də Tbilisidəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib, büstün önünə gül dəstələri düzüblər.

Səfir D.Həsənov ulu öndər Heydər Əliyevin Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin inkişafındakı rolundan danışıb, Ümummilli Liderin ədəbiyyat və incəsənət xadimlərinə daim xüsusi diqqət və qayğı göstərdiyini, onların adlarının əbədiləşdirilməsi sahəsindəki xidmətlərini qeyd edib.

Diplomat Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin də bu ənənəyə sadiq qaldığını, görkəmli ədib, əsl müəllim, jurnalist Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncamının buna bariz nümunə olduğunu bildirib.

Tədbir iştirakçıları daha sonra C.Məmmədquluzadənin Tbilisidəki ev-muzeyini ziyarət ediblər.

Ağsaqqallar Şurasının sədri İsak Novruzov muzeyin bərpası istiqamətində görülən işlər barədə səfirə və qonaqlara məlumat verib.

 

525-ci qəzet.- 2019.- 25 oktyabr.- S. 13.