"Azərbaycan"ın oktyabr sayında...

 

 

"Azərbaycan" jurnalı 10-cu sayında oxucuların görüşünə xüsusi buraxılış layihəsi ilə gəlib.

Budəfəki təqdimat dramaturgiya ilə bağlıdır. Artıq ənənəyə çevrilmiş bu təqdimatda yazıçı Anar "Şəhərin yay günləri" pyesinin personajlarını otuz il sonra bir yerə toplayıb. Budəfəki görüş qış gecəsində - yanvarı qana boyayan hadisələr ərəfəsində baş tutub. Maraqlıdır, "Şəhərin qış gecələri" köhnə tanışlarla görüşdən nələr vəd edir?..

Əli Əmirlinin yeni pyesi də kövrək nostalji ovqatlıdır. Xatirələrdə zamanın izləri haralara gedib çıxmır?.. Sumqayıta sevgili deyən qadının duyğularına nəvəsi necə baxır?

Firuz Mustafa "Payız meşəsində vals" birpərdəli pyesində "rəqs meydançası"nı Qarabağda - döyüş səhnəsində "qurub". Mehman Musabəyli polyak dramaturqu Slavomir Mrojekdən tərcümə etdiyi "Yay günü" əsərini təqdim edir.

Jurnal bu bölümündə yeni bir imzanı oxuculara tanıdır: Nabat Hüseynova. Gənc dramaturq debütünə "Gümüş əsr" dövrünün personalarını dəvət edib.

Ədəbiyyatşünas Təyyar Salamoğlu bu rubrikada "Ədəbiyyat nəzəriyyəçiliyindən ədəbiyyat tarixçiliyinə və nəzəri-metodoloji məsələlərin həllinə doğru" məqaləsi ilə akademik İsa Həbibbəylinin humanitar düşüncənin sərhədlərini genişləndirən səmərəli fəaliyyətindən söz açır.

Unudulmaz Vaqif Səmədoğlu yaradıcılığında sözlə musiqinin sintezini görmək və göstərmək... Professor Rüstəm Kamalın "Valsın son akkordu..." essesinin məramını belə də adlandırmaq olar.

Tənqidçi Nərgiz Cabbarlı bu dəfə "Ədəbi söhbətlər"inə "evin içindən" İntiqam Qasımzadəni dəvət edib. Günel Natiq "Ədəbi talelər"də Heminqueyin izinə düşüb.

Ədəbi prosesdə maraqlı imzaları bu dəfə Vaqif YusifliGünay Qarayeva təqdim edirlər. Tural Anaroğlunun "Yad planetli" kitabından söz açılırsa, jurnalda Xanım Aydının "Sərçə" adlı ilk hekayəsi də diqqət çəkib. Əşrəf Veysəlli, Kəramət, Rizvan Nəsiboğlu, Vəliyulla Novruz, Dayandur Sevgin, Xutra Ramazan oxucuları jurnalın "Poeziya" bölməsində gözləyirlər. Vüsal Nuru da "Kitab rəfi"ni yeniləyib.

 

ŞAHANƏ

 

525-ci qəzet.- 2019.- 26 oktyabr.- S.12.