İlham Qəhrəmanın İmza günü keçirilib

 

 

Oktyabrın 26-da "Mərhəmət" Kimsəsizlərə Kömək İctimai Birliyinin təşəbbüsü ilə tanınmış şair İlham Qəhrəmanın yeni çapdan çıxmış "Şairin vətəni sevgidir" kitabının imza günü keçirilib.

 

İmza günündə şairin bundan əvvəl çap olunan "Laçın lətifələri", "Sevgi durna çırağıdır", "Ağlama, qələm eşidir" və toplayıb tərtib etdiyi Sarı Aşığın "Gül dəftəri" kitabları da təqdim olunub olunub.

Tədbirdə çıxış edən tənqidçi Əsəd Cahangir deyib ki, İlham Qəhrəman müasir Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən biridir: "Onun poeziyasının əsas xüsusiyyətləri ondan ibarətdir ki, o, həm bizim müasir Azərbaycan şeirinin, həm də klassik və aşıq şeirinin ən gözəl xüsusiyyətlərini öz yaradıcılığında sintez eləyir. İlhamın mövzu və məzmunca palitrası rəngarəngdir. Biz onun kitablarında həm vətənpərvərlik ruhunda, həm məhəbbət mövzusunda, həm fəlsəfi, həm də təbiət təsvirləriylə bağlı şeirlərlə rastlaşırıq. Bununla bərabər İlham Qəhrəmanın şeirlərinin ana mövzusu məhəbbətdir - vətənə məhəbbət, təbiətə məhəbbət, insana məhəbbət, həyata məhəbbət. Şairin şeirlərinin ən əsas xüsusiyyəti sadəliyin dərinliyidir. Onu mən sözün rəssamı hesab edirəm. Onun vurduğu boyalar, rəsmlər orijinaldı, özünəməxsusdur. Ona görə də İlham Qəhrəman maraqla oxunur, onun təşbehləri, metaforaları yadda qalır".

AMEA ArxeologiyaEtnoqrafiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor Solmaz Məhərrəmova isə İlham Qəhrəmana dərs deyən müəllimlərdən biri olduğundan fərəh duyduğunu vurğulayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov  vurğulayıb ki, İlham Qəhrəman  Laçının və ya laçınlıların şairidir: "Ancaq İlham Qəhrəmanın yaradıcılığının əhatə dairəsi Azərbaycanın coğrafi sərhədləri deyil, Azərbaycan xalqının mənəvi sərhədləri ilə ölçülə bilər. İlham Qəhrəmanın yaradıcılığı folklorla yazılı ədəbiyyatın vəhdətidir".

Azərbaycan Dillər Universitetinin baş müəllimi, şair-tərcüməçi Yusif Savalan  da yeni kitabının çapdan çıxması münasibətilə  İlham Qəhrəmanı təbrik edib.

"Laçın yurdu" jurnalının baş redaktoru, şair Arif Məmmədli İlham Qəhrəmanın yurd həsrətli, Qarabağ facilərimizdən bəhs edən şeirlərində oxucuların yarasının qaysağını qopartdığını, bu ağrılarımızı unutmağa qoymadığını bildirib. Şairin bütün şeirlərində olduğu kimi, vətən mövzusunda yazdığı şeirlərdə də səmimilikdən uzaq bir misra tapmaq mümükün deyil.

"Müvəkkil" Hüquq Mərkəzinin sədri, hüquq müdafiəçisi Səməd Vəkilov çıxışında daha çox İlham Qəhrəmanın folklor nümunələrini toplaması və tərtib etməsi istiqamətində gördüyü işlərdən danışıb: "İlham Qəhrəmanın "Laçın folkloru", "Laçın lətifələri" və Sarı Aşığın "Gül dəftəri" kitabları bir tədqiqatçı kimi bütün konponentləri ilə alimlik fəaliyyətini özündə ehtiva edir.

Yazıçı-filoloq Həcər Paşayeva İlham Qəhrəman yaradıcılığında gördüyü səmimiyyəti, xalq dilinə yaxınlığı heç kimdə görmədiyini qeyd edib. Onun sözlərinə görə, İlham Qəhrəman şifahi və yazılı ədəbiyyatın ən böyük nailiyyətlərini öz yaradıcılığında uğurla birləşdirib.

Yazıçı Fəxri Uğurlu, jurnalistlər -  Natiq Muxtarlı, İlham İsmayıl, Əməkdar jurnalist Hikmət Cəmilzadə, şair İlham Qazaxlı, şairin sinif yoldaşı Cəmilə İbrahimova və başqaları çıxış edərək yubilyara ürək sözlərini çatdırıblar.

Tədbirdə qiraət ustası Zülfiyyə Eldaqızı şairin şeirlərin səsləndirib.

İmza günü aşıq İlkin Laçınlının ifasıyla yekunlaşıb.

 

Vəsilə MƏMMƏDOVA

 

525-ci qəzet.- 2019.- 30 oktyabr.- S.12.