Vasim Məmmədəliyevin sonuncu yetirməsinin xatirələri

 

 

Yalnız pis xatirələr üzülməyimizə səbəb olmur... Yaxşı xatirələr də bizi ağlada bilir... Hansı ki, bir daha təkrarlanmayacaq, bilirik!..

Bu günlərdə dünya şöhrətli şərqşünas, ensiklopedik biliyə və intellektə sahib, böyük ustadımız akademik Vasim Məmmədəliyev dünyasını dəyişdi. Onun vəfatı Azərbaycan xalqına böyük bir itki, elm dünyasına ağır bir zərbə oldu. Vasim Məmmədəliyev Azərbaycanda ərəbşünaslıq və ilahiyyat elmlərinin nüfuzunu dünyaya tanıtdırmaqla tariximizə öz imzasını atan həqiqi ziyalılarımızdan biri idi. O, islam dininə dərindən bələd olan, ərəb dilinin, poeziyanın və musiqinin mükəmməl bilicisi olmaqla yanaşı, öz sadəliyi və təvazökarlığı ilə seçilən, yüksək insani keyfiyyətləri özündə cəmləşdirən bir şəxsiyyət idi.

Vasim Məmmədəli oğlu Məmmədəliyev 27 avqust 1942-ci ildə Bakının Kürdəxanı kəndində həkim ailəsində anadan olmuşdu. O, 1964-cü ildə Azərbaycan Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası şöbəsini fərqlənmə diplomu ilə bitirmiş, 1964-1967-ci illərdə ADU-nun Sami dilləri üzrə əyani aspirantı olmuşdu. Tbilisiyə ezam edilərək akademik Seretelenin rəhbərliyi altında aspirantura pilləsində təhsil almış, 1968-ci ildə "Müasir ərəb, Azərbaycan dillərində və Bağdad dialektində feilin zaman formalarının müqayisəli-tipoloji təhlili" mövzusunda namizədlik dissertasiyasını, 1974-cü ildə isə "Müasir ərəb ədəbi dilində feilin zaman, şəxs və şəkil kateqoriyaları" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdi. 1979-cu ildən Bakı Dövlət Universiteti Ərəb filologiyası kafedrasının professoru, 1981-1991-ci illərdə həmin universitetin Şərqşünaslıq fakültəsinin dekanı, 1991-1992-ci illərdə isə Humanitar fakültələr üzrə prorektoru vəzifələrində çalışmışdı. 1991-ci ildən Ərəb filologiyası kafedrasının müdiri, 1993-cü ildən isə Bakı Dövlət Universiteti İlahiyyat fakültəsinin dekanı vəzifəsində işləmişdi. 2007-ci ildən Azərbaycan Milli Elmlər Akade-miyasının akademiki idi. 40-a qədər kitabın, 600-dən çox elmi məqalənin müəllifi olan akademik Vasim Məmmədəliyevin əsərləri dünyanın 15-dən artıq ölkəsində nəşr edilmişdi. Elm və təhsildə səmərəli fəaliyyətinə görə "Şərəf" və "Şöhrət" ordenləri, "Yusif Məmmədəliyev" və İran İslam Respublikasının "Şəhriyar" qızıl medalı ilə təltif edilmiş, Prezident təqaüdünə və Heydər Əliyev Fondunun "Qızıl Çinar" beynəlxalq mükafatına layiq görülmüşdür. 27 dekabr 2018-ci ildən Azərbaycan İlahiyyat İnstitutunun Himayəçilər şurasının üzvü idi.

"Qurani-Kərim"in Azərbaycan dilinə tərcüməsi, ərəb qrammatika məktəblərinin Azərbaycan ərəbşünaslığında ilk dəfə tədqiq olunması Vasim Məmmədəliyev yaradıcılığının ən uğurlu işləri hesab etmək olar.

Qeyd etmək yerinə düşərdi ki, XX əsrin 90-cı illərində Bakı Dövlət Universitetinin nəzdində İlahiyyat fakültəsinin yaradılması yalnız Vasim Məmmədəliyev kimi milli dövlətçilik ideyalarına sadiq, doğma torpağa, milli soy-kökə bağlı bir vətənpərvər ziyalıya həvalə oluna bilərdi. Vasim müəllimin dekanı olduğu, 1992-2018-ci illərdə fəaliyyət göstərmiş İlahiyyat fakültəsində çoxlu sayda ilahiyyatçı tələbələr, dinşünas alimlər yetişmişdir. Eyni zamanda, Azərbaycan televiziyasında efirə çıxan Vasim Məmmədəliyevin "Haqqın dərgahı" verilişi ilə gənc nəslin formalaşması və islam dininin düzgün təbliği istiqamətində böyük işlər görülmüş oldu.

Uzun müddət Bakı Dövlət Universitetində ərəb dili fənnini tədris etmiş Vasim Məmmədəliyev sözün həqiqi mənasında tərifə ehtiyacı olmayan, böyük bir müəllim idi. İstər yazdığı əsərləri ilə, istərsə də yetişdirdiyi alimləri ilə ərəbşünaslıqislam elmlərinə misilsiz töhfələr vermişdi. O, bu günə qədər 40-dan çox alim yetişdirmişdi.

Mən, Vasim müəllimin yetişdirdiyi ən gənc yetirməsi və onun rəhbərliyi ilə dissertasiya müdafiə etmiş son fəlsəfə doktoru olaraq, böyük qürur hissi duyuram. Tələbə olduğum dövrdən etibarən, Vasim müəllimin dəstəyini hər zaman üzərimdə hiss etmişəm. Yalnız mən deyil, bütün tələbələr Vasim müəllimin sanki məhz ona diqqət göstərdiyini, məhz ona dəstək verdiyini hiss edirdi, bu, hər alimə xas olan keyfiyyət deyildi. 2008-ci ildə buraxılış işinin müdafiəsi zamanı mövzu haqqında ümumi məlumat verdikdən sonra, Vasim müəllimin mənimlə ərəb dilində danışması, ərəb dili qrammatikasına dair bir sıra suallar verməsi bir tələbə üçün Yekun Dövlət Attestasiyasından müvəffəq qiymət almaqdan ziyadə, böyük ustad qarşısında imtahan vermək, onun suallarını düzgün və əhatəli şəkildə cavablandırmaq daha üstün, daha şərəfli və məsuliyyətli idi. Təbii ki, həmin gün müdafiə şurasının önündə Vasim müəllimin imtahanından uğurla keçməyim mənim tələbəçilik həyatımın sonunda yaşadığım ən qururverici və fəxr ediləsi bir xatirəyə səbəb olmuşdur. Daha sonra magistr pilləsinə qəbul omağım, ərəb dili biliklərimi daha da inkişaf etdirmək məqsədilə tez-tez müəllimimə müraciət etməyim sözün həqiqi mənasında Vasim Məmmədəliyevin diqqətini cəlb etmiş və gələcəkdə onunla müştərək bir sıra elmi işləri həyata keçirməyimizə zəmin yaratmış oldu. Vasim müəllim nadir alimlərdən idi ki, yetişdirdiyi hər bir tələbəsinə bütün biliklərini verməyə çalışır, əlindən gələn köməkliyi əsirgəmir, onun irəli getməsinə təkan verməkdə tərəddüd etmirdi.

Vasim Məmmədəliyevlə olan xatirələrimdən birionun yazdığı "Ərəb dilçiliyi" kitabı haqqında olan sohbətimiz oldu. O zaman mən ərəb qrammatika məktəblərinin yalnız Bəsrə və Kufə məktəblərindən ibarət olması, digər məktəblərin bu iki məktəbin əsasında formalaşması, onların ayrıca bir qrammatika məktəbi adlandırmağımızın düzgün olmaması fikrini bildirmişdim. Lakin Vasim müəllim Bəsrə və Kufə məktəblərindən əlavə Bağdad, Misir və Əndəlis olmaqla 5 ərəb qrammatika məktəbinin olduğunu bir sıra mötəbər dilçilik kitablarından misallar çəkməklə əsaslandırdı. Əvvəlcə, bu fikir ilə razılaşmasam da, sonralar Vasim müəllimin "Ərəb diliçiliyi" kitabını və digər mənbələri  daha diqqətlə oxudum və təhlil etdim. Sonda belə bir nəticəyə gəldim ki, Bəsrə və Kufə məktəbləri kimi Bağdad, Misir və Əndəlis məktəblərinin də fərqli yolumetodu olması, onların ayrıca qrammatika məktəbi hesab etməyimizə əsas verir. Daha sonra yenidən Vasim müəllimə müraciət edib ona Ərəb qrammatika məktəbləri haqqında "Ərəb dilçiliyi" kitabından və digər mənbələrdən kifayət qədər məlumat əldə etdiyimimagistr dissertasiya mövzusunu ərəb qrammatika məktəbləri haqqında işləmək istəyimi bildirdim. Bu zaman Vasim müəllim əlini kürəyimə qoyub dedi: "Sənin mövzuya baxışın əsl tədqiqatçı yanaşmasıdır. Təbii ki, müəyyən arqumentləri əsas gətirib razılaşmaya bilərsən. Heç ərəblərin özləri bu barədə hələ yekdil bir fikrə gəlməmişlər. "Ərəb dilçiliyi" kitabında bu mövzu əhatəli şəkildə tədqiq olunub və 5 qrammatika məktəbinin movcud olması sübuta yetirilmişdir. Madam ki, ərəb qrammatika məktəbləri haqqında işləmək istəyin var, o zaman sonuncu qrammatika məktəbi olan Əndəlis qrammatika məktəbi barədə dissertasiya işini yazmağın məsləhətdir". Vasim müəllim tənqidi, zidd fikirlərə açıq, buna görə heç kəsə kin bəsləməyən, əksinə, bunu alqışlayan və yalnız tənqidi fikirlərlə əvəzolunmaz əsərin ərsəyə gələ biləcəyini daim vurğulayan dərin fəlsəfi fikir sahibi olan dahi bir alim idi.

2010-cu ildə Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsi ilə AMEA-nın birgə keçirdiyi Aida İmanquliyevanın 71 illik yubileyinə həsr olunmuş "İlin ən yaxşı gənc alimi" müsabiqəsinə "Əndəlis qrammatika məktəbi" haqqında yazdığım tədqiqat işini təqdim etdimikinci yeri tutdum. Müsabiqədə qalib olmağım o zaman mənim çox böyük sevincimə səbəb olmuş idi, lakin ustadımın bu xəbəri verdiyimdə məndən daha çox sevinməsi yaddaşımda təsirli bir iz buraxdı. Bu, mənim Vasim müəllimin tövsiyə xarakterli fikirləri sayəsində gördüyüm işin nəticəsi idi! Daha sonra, Vasim Məmmədəliyevin rəhbərliyi ilə mövzunu bir az daha genişləndirib magistr dissertasiya işini uğurla müdafiə etdim.

Magistratura pilləsində oxuduğum dövrdə Azərbaycan ərəbşünaslığında lüğətçilik barəsində bir çox problemlər var idi. Bu dövrdə artıq kifayət qədər tələbənin rus dilini bilməməsi, onların rus-ərəb lüğətlərindən istifadə etmələrini mümkünsüz edirdi. Bir neçə ərəbcə-Azərbaycanca lüğətlərin olmasına baxmayaraq, bu sahədə olan boşluq hələ də aradan qaldırılmamışdı. Bu məsələ Vasim müəllimin nəzərindən yayına bilməzdi, daim gənc nəslin inkişafına çalışan dəyərli alimi düşündürməyə bilməzdi. Bu nöqteyi nəzərdən Vasim Məmmədəliyevin məsləhəti, rəhbərliyi və məhz iştirakı ilə, Vüqar Qaradağlı və mən "Azərbaycanca-ərəbcə lüğət" adlı bir dərs vəsaitini ərsəyə gətirmək qərarına gəldik və 2012-ci ildə üçümüz birgə Azərbaycan ərəbşünaslığı tarixində ilk dəfə olaraq, 35000-dən artıq söz və ifadəni əhatə edən fundamental "Azərbaycanca-ərəbcə lüğət"i hazırlamış olduq. Vasim müəllimin təbirincə desək, "Azərbaycanca-ərəbcə lüğətin hazırlanması çox böyük elmi olmaqla yanaşı, vətəndaş qeyrəti tələb edən bir işdir. Bu lüğət Azərbaycan elminidilini yaymaq üçün böyük bir mənbə hesab oluna bilər. Çünki ərəblər Azərbaycan dilində eşitdiyi hər hansı bir sözün öz dilində qarşılığını məhz bu əsər sayəsində tapacaqdır. Dolayısıyla bu gün gördüyümüz gələcəkdə Azərbaycan dilinin şərq dünyasında təbliği istiqamətində olduqca faydalı bir vəsait olacaqdır". Vasim müəllim kimi dahi şəxsiyyəti prosesində izləmək insana başqa bir zövq verirdionun hər hansı bir məsələyə yalnız bir dəfə nəzər salmaqla dərhal reaksiya verməsi, heç bir qüsurun gözündən qaçmaması insanı heyrətə gətirirdi.

Sonralar Bakı Dövlət Universitetinin Ərəb filologiyası kafedrasında dissertantlıq yolu ilə doktorantura pilləsinə qəbul oldum. Vasim Məmmədəliyevin rəhbərliyi ilə müasir ərəb leksikologiyasının ən aktual məsələlərdən biri olan "Ərəb dilində neologizmlər" mövzusunda dissertasiya işini yazmağa başladım. Onun elmi məsləhətlərindən faydalanaraq, tədqiqat işini altı il ərzində tamamlayıb, AMEA-nın Dilçilik İnstitutunun Dissertasiya Şurasında uğurla müdafiə etdim.

Vəfatından iki həftə öncə Vasim müəllim məni fəlsəfə doktoru diplomunu almağım münasibətilə təbrik etdi və mənə gələcəkdəki elmi fəaliyyətlər barəsində bir sıra tövsiyələr verdi. Tədqiqat sahəmin leksika olmasını nəzərə alaraq, mənimlə ərəbşünaslıqda ixtisas lüğətlərinin hazırlanması istiqamətində xeyli aparmalı olduğumuz barədə məsləhət xarakterli söhbət etdi. Sanki bu hikmətli şəxsiyyət son dəfə olaraq, mənim gələcək elmi fəaliyyətimin istiqamətini müəyyənləşdirdi, məhz hansı yolda irəliləməli olduğumu tapşırdı.

Təəssüf ki, bundan sonra onunla birgə nəzərdə tutduğumuz elmi işləri həyata keçirməyə Vasim müəllimin ömrü vəfa etmədi. Lakin mən Vasim müəllimin davamçısı kimi onun son istəklərinin tövsiyə olaraq qalmayacağına, Bakı Dövlət Universitetinin rəhbərliyinin dəstəyi ilə Ərəb filologiyası kafedrasında onun digər davamçıları ilə birgə bir sıra elmi işləri həyata keçirəcəyimizə inanıram. Çünki bu, bizə Vasim müəllimin vəsiyyətidir. Ərəb filologiyası kafedrasının inkişafı, püxtələşməsi, yeni-yeni məhsuldar əsərlər ərsəyə gətirmək və ona layiq davamçılar yetişdirmək. Biz ərəbşünaslar məhz bu şəxsiyyətin nuruna toplaşmışdıq. Vasim Məmmədəliyev Bakı Dövlət Universitetinin dünya şöhrətli alimi, parlayan bir ulduzu idi! Onun vida mərasimində natiqlərdən birinin söylədiyi kimi, "20-ci əsr ərəbşünaslıq elminin parlayan ulduzlarından sonuncusu söndü"...

Allah rəhmət eləsin! Məkanı cənnət olsun!

 

Tərlan MƏLİKOV

Filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2019.- 30 oktyabr.- S.10.