"Gözlərim - arzu yurdu..."  

 

Görkəmli Ədibimiz Hidayətin 75 Yaşina

 

 

 

Ədəbiyyatşünaslardan biri vaxtilə belə bir fikir səsləndirmişdi: "Əslində, dövlət məmuru, xüsusən də dövlət təmsilçisinin ədəbiyyatçı olması daha yaxşı haldır. Çünki ədəbiyyatçılar daha həssas olurlar, insanların psixologiyasını daha yaxşı dəyərləndirə bilirlər".

 

Hələ ilk dəfə eşidəndə bu fikirlə razılaşmışdım. Çünki illər boyu bir çox nümunələrini görmüşük. Onlardan biri də dəyərli söz adamı, ictimai xadim Hidayət Orucovdur.

 

Artıq uzun illərdir müxtəlif vəzifələrdə çalışan, həmişə bir yazıçı, ədəbiyyatşünas və eyni zamanda diplomat kimi Azərbaycanı dünyanın dörd bir yanında ən yüksək şəkildə təmsil edən Hidayət müəllimin yaradıcılığı öz zənginliyi və mövzu əhatəliliyi ilə fərqlənir.

 

Onun yaradıcılığına və bioqrafiyasına qısa nəzər salmaq kifayət edir ki, bütün həyatını Azərbaycan ədəbiyyatının, mədəniyyətinin və 1990-cı illərdən sonra isə Qarabağla bağlı həqiqətlərin təbliğinə həsr etdiyinin şahidi olaq.

 

Bəli, Hidayət Orucov işlədiyi bütün vəzifələr, 2012-ci ildən bu günə qədərki Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri məqamı və siyasi müstəvidəki dolğun fəaliyyəti ilə ictimaiyyətin hörmətini, sevgisini qazanıb. Ancaq bütün hallarda Hidayət Orucov hər şeydən öncə yazıçıdır, qələm adamıdır!

 

Məncə, onun siyasi fəaliyyəti də zaman-zaman məhz yazıçılığı ilə hesablaşıb. Bəlkə də onun bu cür sevilməsinə, bir dövlət təmsilçisi kimi sayılıb-seçilməsinə səbəb olan əsas amillərdən biribudur. Axı özüetiraf edir ki:

 

Peşəm?

Qara fəhləyəm

qardaş,

qara fəhlə

Usta fəhlələr sırasına

keçməmişəm hələ.

Gözlərim - arzu yurdu,

Ürəyim - qabar-qabar,

Baxışımda, qəlbimdə

Yuxusuz gecə "növbələrinin"

Yorğunluğu, acısı var.

...Nə taxta-şalban

daşıyıram,

kömür,

(Elə olsaydı, nə qəm!)

Bu, başqa cür fəhləlikdir,

bu, başqa bir ömür!

Şeir daşıyıram

ürəyimdən

yazılmamış varaqlara...

 

Onun ürəyindən varaqlara daşıdığı şeirlərin, duyğuların bəhrəsi kitablara çevrilib zaman-zaman oxucularla görüşdü, o varaqlardan saysız-hesabsız insanların ürəyinə yol tapdı. Bir-birinin ardınca çap olunan "Məni səsləyəndə", "Məhəbbət qocalmır", "Bir az gözləyin məni", "Dənizi harayladım", "Ömrümün çəhlimləri", "Eviniz analı olsun", "Zirvə cığırı", "İrəvanda xal qalmadı"- dramaturgiya, nəsr, publisistika, "Qatardan məktub", "Hərdən xatırla məni", "Sabaha çox var", "Mən belə yaşayıram", "Doxsanıncı il", "Həsrət", "Hərdən xatırla məni" - seçilmiş şeirlər, "Sözün vaxtı"- publisistika, "Ömrümün çəhlimləri" - şeirlər və poemalar, "Burdan min atlı keçdi", "Seçilmiş əsərləri", "Özüm yazmaq istərdim" - tərcümələr, "Azərbaycanda din: ən qədim dövrdən bu günədək" - monoqrafiya, "Seçilmiş əsərlər", 7-cilddə, bu cildlərə əlavə tərcümələrdən ibarət 2 cilddə - "Özüm yazmaq istərdim" və "Tom dayının daxması" və s. kitabları yazıçı qəlbindən oxucu qəlbinə uzanan cığırlardır. Burada təkcə bir yazıçının, qəhrəmanın duyğuları deyil, böyük bir türk ulusunun, Azərbaycan millətinin düşüncələri, hissləri, əsrlərə uzanan tarixi əks olunur. Bu tarix Hidayət Orucovun timsalında dünyanı qarış-qarış dolaşır, getdiyi hər yerdə "biz türkük!" nidalarını qürurla səsləndirir.

 

Dünyanın əllərinin qana, ruhunun çirkaba bulaşdığı bu dövrdə "dünyada ədalətli insanlar ədalətsizlərdən, haqlılar haqsızlardan çoxdur" - deyərək yenə də pozitivliyindən qalmayan yazıçımızın yubileyini biz də "525-ci qəzet"in kollektivi adından təbrik edir, ona möhkəm can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!

 

 

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 4 sentyabr.- S.11.