Hidayət Orucov: 75 yaşın işığında

 

Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi - şair, dramaturq, publisist, tərcüməçi, ictimai xadim Hidayət Orucovun bugünlərdə, daha dəqiqi, sentyabrın 5-də 75 yaşı tamam olur.

 

1944-cü ildə Zəngəzurun Mığrı bölgəsinin Maralzəmi kəndində anadan olmuş Hidayət Orucov Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirdikdən sonra bir müddət kənddə müəllim işləyib. 1968-ci ilin iyulunda C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru təyin olunub, fasiləsiz şəkildə 16 il Azərbaycanın bu qədim sənət ocağına başçılıq edib.

 

Yeniyetməlik çağlarından İrəvanda və Bakıda şeirləri mətbuatda çap olunan Hidayət ilk gənclik illərindən istedadlı şair kimi tanınmış, bir-birinin ardınca nəşr edilən kitabları oxucular arasında ciddi maraq doğurmuş, əsərləri müntəzəm olaraq digər dillərə çevrilib. Çoxsaylı publisist kitabları rəğbətlə qarşılanıb.

 

Dramatik əsərləri Azərbaycan Akademik Milli Dram Teatrında, Səməd Vurğun adına Rus Akademik Dram Teatrında, digər Azərbaycan teatrlarında, xarici ölkələrin səhnələrində uğurla tamaşaya qoyulub. Bir sıra yüksək bədii səviyyəli nəsr əsərlərinin müəllifidir.

 

Tərcüməçilik fəaliyyəti Hidayətin yaradıcılığının diqqətçəkən istiqamətlərindən biri kimi qiymətləndirilir.

 

Şekspirin "Sonu yaxşı bitən hər yaxşıdır" pyesini, Harriyet Biçer-Stounun "Tom dayının daxması" romanını, XIX əsr ingilisisland poeziyasından seçilmiş nümunələri, "Gözəllik suyu" adıyla nəşr olunmuş türk ədəbiyyatı antologiyasını, həmçinin, rus və digər xalqların ədəbiyyatından bir sıra inciləri dilimizə çevirib. Yetmişdən çox poeziya, nəsr, publisistika, tərcümə və sair kitabları nəşr olunub. Əsərləri otuzdan çox dilə çevrilib.

 

Ədəbiyyatda və incəsənətdə xidmətlə rinə görə gənclik yaşlarından yüksək dövlət mükafatlarına layiq görülüb. 1970-ci ildə SSRİ-nin "Əməkdə igidliyə görə" medalı, 1978-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilib. 1978-ci ildə ona Ermənistan SSR Əməkdar mədəniyyət xadimi fəxri adı verilib. 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, soydaşlarımızın deportasiyası və soyqırımına etiraz olaraq Ermənistan SSR Əməkdar mədəniyyət xadimi fəxri adından rəsmən imtina edib.

 

1984-cü ildə Bakıya köçərək "Gənclik" nəşriyyatının baş redaktor müavini (mart 1984 - mart 1986), sonra baş redaktoru (1986-1992-ci illər) vəzifələrində işləyib. Bu illərdə "Gənclik" nəşriyyatında böyüməkdə olan nəsillər üçün dəyərli kitablar, o cümlədən Azərbaycan klassik ədəbi irsi, folkloru, tarixi keçmişi sistemli şəkildə nəşr edilərək yayılıb. "Gənclik" nəşriyyatında onun baş redaktor olduğu müddətdə 50 cildlik "Dünya Uşaq Ədəbiyyatı Kitabxanası"nın nəşri Azərbaycanın kitab mədəniyyəti tarixində mühüm bir hadisədir.

 

Hidayətin təşəbbüsü və rəhbərliyi ilə 15 cildlik "Azərbaycan folkloru", 25 cildlik "Macəra və fantastika", 17 cildlik "SSRİ Xalqları Ədəbiyyatı" kitabxanalarının, bir sıra mühüm seriyaların nəşrinə də həmin illərdə başlanıb.

 

Hidayət ədəbiyyat, incəsənət, kitab mədəniyyəti məsələləri, millətlərarası münasibətlər, din, milli-mənəvi dəyərlərimiz barədə eyni zamanda tarixi keçmişimiz, türk xalqlarının deportasiyası və soyqırımlarına, yaşadığımız günlərin problemlərinə həsr olunmuş 150-dən çox məqalənin, publisist qeydlərin müəllifidir.

 

Onun "Heydər Əliyev və Azərbaycanda milli siyasət" monoqrafiyası ingilis, rus, gürcü, türk, ərəb, qırğız dillərində də nəşr olunub.

 

1991-ci ildə ona Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi fəxri adı verilib.

 

1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə müşaviri olub, 1993-2005-ci illərdə Azərbaycan Respublikası milli siyasət məsələləri üzrə Dövlət Müşaviri işləyib. 2005-2006-cı illərdə Azərbaycan Respublikası Milli azlıqlarla və Dini Qurumlarla İş üzrə Dövlət müşaviri vəzifəsində çalışıb.

 

25 iyul 2006-cı ildə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilib. 31 may 2012-ci ildə həmin vəzifədən azad olunub.

 

Ona 27 dekabr 2012-ci ildə Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib. Elə həmin gün Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

 

2002-ci ildə Gürcüstan Respublikasının "Ləyaqət" ordeni, 2004-cü ildə Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif olunub.

 

Ədəbi yaradıcılığı ilə birlikdə ictimai fəaliyyətinə görə Dağıstan Respublikasının Fəxri Fərmanı (2004), Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu (2014), 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni (2019) və çox saylı digər yüksək mükafatlara layiq görülüb.

 

Çuvaşıstan Respublikasının ali ədəbi mükafatı Paydulla İskeyev adına Çuvaş Beynəlxalq ədəbi mükafatının laureatı, Çingiz Aytmatov Beynəlxalq ictimai akademiyasının akademikidir. "Çingiz Aytmatov adına Beynəlxalq "İssık Kul Forumu"nun Fəxri Fərmanı ilə təltif olunub.

 

Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin və "Ədəbiyyat" qəzetinin redaksiya heyətinin üzvüdür.

 

Hidayətin Türk Dünyası mədəniyyətinin təbliğində danılmaz xidmətləri vardır. Hələ Sovetlər Birliyi dönəmində 1986-cı ilin aprel ayında qardaş Türkiyədə keçirilən Çocuq Bayramında Sovetlər Birliyinin təmsilçisi olaraq iştirak edən Azərbaycanın "Gənclik" nəşriyyatının baş redaktoru SSRİ-də yaranan milli ədəbiyyatların, xüsusilə türk xalqlarının ədəbiyyatlarının dünyaya yayılmasına ciddi səylər göstərib və çox müsbət nəticələrə nail olub. Qeyd olunmalıdır ki, SSRİ Ulu Öndər Mustafa Kamal Atatürkün qərarı ilə 1924-cü ildən keçirilən Çocuq Bayramında ilk dəfə iştirak edirdi. Moskvaya dönəndən sonra SSRİ-nin Dövlət Nəşriyyat, PoliqrafiyaKitab Ticarəti Komitəsinin sədri Mixail Nenaşevlə görüşərək Sovet ədəbiyyatının Türkiyədə geniş nəşr olunduğunu diqqətə çatdırmış və SSRİ-də də türk ədəbiyyatının çap olunmasının vacibliyini vurğulayıb. Hidayət Bakıya qayıdan kimi bu mövzuda əsaslı məktubla SSRİ Dövlət Nəşriyyat, PoliqrafiyaKitab Ticarəti Komitəsinin sədrinə müraciət edib. Sonra bu məsələ Dövlət Komitəsinin kollegiyasında Hidayətin iştirakı ilə müzakirə olunub. Müzakirədə geniş çıxış edən Hidayət türk ədəbiyyatının SSRİ-də nəşr olunmasının vacibliyini təkzibolunmaz faktlarla diqqətə çatdırıb. Nəhayət, Kollegiya türk ədəbiyyatının SSRİ-də nəşr olunması barədə qərar qəbul edib. Beləliklə, türk ədəbiyyatının yolu ilk dəfə olaraq SSRİ nəşriyyatlarına açılıb. Qeyd etmək lazımdır ki, o illərdə SSRİ-də 600 nəşriyyat vardı və bu nəşriyyatların hamısı dövlət nəşriyyatları idi.

 

Hidayət bu qərardan sonra "Gözəllik suyu" adı ilə türk ədəbiyyatı antologiyasını şair Məmməd Aslanla birlikdə Azərbaycan dilində hazırlayaraq nəşr etdirdi. Antologiyaya qədim dövr şairlərindən başlayaraq çağdaş türk ədəbiyyatının görkəmli nümayəndələrinədək yazıçıların əsərlərindən seçmə nümunələr daxil edilmişdi. İri həcmli antologiya 30 min tirajla nəşr olundu və ədəbi hadisə kimi qarşılandı. Onun təşəbbüsü ilə Azərbaycanda türk ədəbiyyatından o illərdə onlarla dəyərli kitab işıq üzü gördü.

 

Ulu Öndərimizin rəhbərliyi ilə uzun illər Azərbaycan Respublikası Milli Siyasət məsələləri üzrə Dövlət müşaviri olaraq türk xalqlarının bir araya gəlməsi uğrunda səy və bacarığını əsirgəməyib. 1993-cü ildən başlayaraq Türkiyədə hər il keçirilən Türk Dövlət və Topluluqlarının qurultayında Azərbaycan nümayəndə heyətinin başçısı olaraq Prezident Heydər Əliyevin təbrikini qurultay iştirakçılarına çatdırmış, türk xalqlarının mənəvi birliyi ilə bağlı çıxışlar etmişdi.

 

Yazıçının altmışdan çox poeziya, nəsr, publisistika, tərcümə və digər kitabları nəşr olunub. Onun xarici dillərdə çıxmış "Mən belə yaşayıram", "Nura qovuşacağıq" (rus dilində), "İntizar", "Sənsiz" (gürcü dilində), "Sabaha çox var" (Dağıstan dillərində), "Dağlar nəğməsi" (özbək dilində) və başqa kitabları maraqla qarşılanıb.

 

"Bu dünyanın adamları" pyesi Ankara Bələdiyyə Teatrında və Çingiz Aytmatov adına Qırğızıstan Rus Dövlət Dram Teatrında uğurla tamaşaya qoyulub.

 

525-ci qəzet.- 2019.- 4 sentyabr.- S.10.