Peterburq xatirələri 

(Əsası qoyulmasının 200 illiyi münasibət ilə)

Peterburqda iki dəfə olmuşam. Birinci dəfə 1888-ci ildə tələbə kimi, daha doğrusu,  tələbə adına iddiaçı kimi! Ora müqəddəs yerlərə ziyarətə yollanan bir mömin kimi, ülvi, munis hisslərlə getmişdim. Mənim, başdan-başa heyranlıq hisslərinə bürünmüş  on doqquz yaşlı gəncin qızğın təxəyyülündə Pyotrun şəhəri fantastik, nağılvari xüsusiyyətlər kəsb etmişdi. Mənə elə gəlirdi ki, bu şəhərdə insanlar da, əşyalar da nə isə xüsusi, səmavi  mahiyyətli, əlçatmaz olmalıdır.

Bütün rus tarixindən yaddaşımda qalan məlumatlar yalnız Rusiya paytaxtının adını daşıdığı Pyotrla, onun Avropaya açdığı "məşhur pəncərə" ilə, Elmlər Akademiyası, universitet, ali məktəblərlə bağlı idi. Peterburq səfərinə hazırlaşanda elə güman edirdim ki, yalnız "əbədi  həqiqət" axtarışında olan  müdriklərin, şairlərin, alimlərin yaşadıqları bir məmləkətə yollanıram. Elmə qeyri-adi məhəbbətin vəcdə gətirdiyi şərqli təxəyyülümdə  Peterburqu başlarını bəşəriyyətin  "açılmamış sirləri " ilə dolu kitablar  üzərində əyib mütaliəyə dalmış insanların toplandığı nəhəng bir "müdriklər evi" kimi təsəvvür edirdim. İndi də yadımdadır: məni uzaq səfərə yola salan yaxınlarımla, qohumlarımla necə bir daxili özündən razılıq hissi ilə, bu adamlar üzərində öz üstünlüyünü nümayiş etdirmə duyğusu ilə vidalaşırdım! Onları burada qoyub getdiyimə qətiyyən heyfislənmirdim. Yalnız yüngülcə təəssüf hissi keçirirdim ki, özümə yaxın saydığım bu adamlar heç vaxt mənim qovuşacağım yüksək və möhtərəm cəmiyyətin həndəvərinə belə düşə bilməyəcəklər.

Ah, ömrümün yeganə xoşbəxt dövrü, sən indi haradasan? O dövr ki, mən hələ də insanlara və onların "həqiqət" adlandırdığı məfhuma hədsiz inanırdım!

Daxilimdə yaratdığım bu fantasmaqoriyalara başım o qədər qarışmışdı ki, mənzil başına necə çatdığımdan da xəbərim olmamışdı. Nə dəmiryolları, nə Tiflis, nə əzəmətli Hərbi Gürcüstan yolu, nə də Moskva məni maraqlandırmış, diqqətimi çəkmişdi. Mən Peterburqla, yalnız Peterburqla yaşayır, nəfəs alırdım.  Gənclik fantaziyamın bütün gücü, qüdrəti ilə ona can atırdım. Budur, nəhayət, Nikolay vağzalı. Həyəcanımdan tir-tir əsirdim, ürəyim sevgilisi ilə ilk dəfə görüşəcək bir gəncin qəlbi kimi çırpınırdı. Ah, "müqəddəs torpağa" necə saf və ilahi duyğularla qədəm basırdım!

Vladimir küçəsi, 10 ünvanında, qohumumun yanında yerləşdim.

Şəhərlə elə həmin gün başlayan tanışlığım təxəyyülümü daha da alovlandırdı.

Fikir verin! Şuşadan Peterburqa boyda məsafə var! Mən əsrarəngiz Nevski prospektində, hər iki Morskaya (Peterburqun mərkəzindəki Bolşaya və Malaya Morskaya küçələri nəzərdə tutulur - V.Q,) küçələrində gəzir, xəyalımda sanki sehrli "Min bir gecə" qəsrlərindən birinə düşdüyümü  canlandırırdım. Saraylar, evlər, gur işıqlı mağazalar - böyük şəhərin başgicəlləndirici sürətlə dəyişən bitib-tükənmək bilməyən mənzərələri məni - ömrü boyu Şuşadan kənara ayaq basmayan bir gənci  heyrətlər içərisində üzərək əldən salmışdı.

Bəs müdriklər haradadır? Evə qayıdarkən istər-istəməz öz-özümdən soruşdum.

Və sual dərhal məni düşüncələrə qərq etdi. Peterburqu böyük bir məbəd, onun sakinlərini isə başlarını "əbədi sirlər" dolu kitablar üzərində əymiş müdriklər kimi təsəvvür edən şərqli təxəyyülüm artıq məyusluğa qapılmağa başladı. Daxilimdə səbəbini  anlaya bilmədiyim bir təəssüf və pərtlik hissi baş qaldırdı. Lakin təbiət etibarı ilə mücərrədliyə meylli olmadığımdan çıxış yolunu yenə də gerçəkliyi özümdən qovub uzaqlaşdırmaqda, düşüncəmdə yaratdığım xəyallar aləmində yaşamaqda tapdım. Xoşbəxtlikdən ertəsi gün qohumum məni Ümumi kitabxanaya apardı və həmin vaxtdan etibarən bütün Peterburq nəzərimdə bu ecazkar məbədin simasında təzahür etməyə başladı. Artıq müdriklərin toplaşdığı yeri tapmışdım! Bundan sonra məni başqa heç bir şey maraqlandırmırdı. Burada özümü çox yaxşı hiss edirdim, kitabxana divarlarından kənardakı həyata isə "öz" Peterburquma heç bir dəxli olmayan uzaq, yad və əhəmiyyətsiz bir yer kimi baxırdım.

İmtahanlara qədər günlərimi beləcə heyranlıq içərisində keçirdim. Nəhayət, imtahan başlandı. İndiyə qədər Texnoloji İnstitutun ilk imtahanına necə bir ürək çırpıntısı və şövqlə yollandığımı xatırlayıram. İnstitutun əzəmətli binası nəzərimdə böyük və müqəddəs bir məbədə bənzəyirdi. Bu məbədin kandarını öpməyə, sütunlarını qucaqlamağa  hazır idim. Sanki pilləkənlərin hər pilləsində, koridorların hər qarışında bir müqəddəslik və toxunulmazlıq möhürü vardı. Ürəyimdə qutsal, dini hisslər baş qaldırmışdı.

Auditoriyaya girəndə mənə elə gəldi ki, müqəddəs mehraba yaxınlaşaram.

Həyəcanım mistik bir ayini icra etməyə hazırlaşan möminin həyəcanından qat-qat artıq idi.

Ayaqlarım sanki yerdən üzülmüşdü. Nə özümü, nə də ətrafdakıları görürdüm. Birdən qulağıma uzaq əks-səda kimi "Professor! Professor!" sözü dəydi. Ağappaq ağardım, bədənimdən qəribə gizilti keçdi. Gözlərimi qapıya zilləyib dayanmışdım. Mənə elə gəlirdi ki, indicə "Professor" deyilən həmin sirli varlıq qarşımda mövcudluğun bütün sirlərini, həyatın bütün mənasını açacaq. "Professor!" O zaman düşüncələrimdə bu tək bircə kəlmə söz özündə qədər möcüzəli qüvvə, qədər dərin fikirlər, qədər əlçatmaz gizlinlər ehtiva edirdi! "Professor!" - o müdriklər müdrikidir, elm carçısıdır, dünyaya həqiqətin əbədi çağırışlarını çatdıran səma sakinidir! Ürəyim elə  şiddətlə döyünürdü ki, indicə huşumu itirib yerə yıxılacağımı düşünürdüm.

Professorlar auditoriyaya daxil oldular. Ah, onlarla eyni havanı tənəffüs etmək böyük həzz, böyük səadətdir! Mən indi özümü bütünlüklə xoşbəxtliyimin əllərinə təslim etmişidm professorları az qala gözlərimlə yeyirdim. Özümü elə unutmuşdum ki, adım çağırılanda belə eşitməmişdim. Sıramın gəldiyini mənə yanımda oturanlar dedilər. Necə böyük həyəcanla, necə munis ürək çırpıntıları ilə uzun, sıx saqqalı dalğa-dalğa sinəsinə yayılmış orta yaşlı, dolu bədənli, bütün görkəmi ilə adamda özünə hörmət təlqin edən cənaba yaxınlaşdım. İndi həmin dəqiqələri xatırlayır heyrət edirəm: az qala özümdən bixəbər vəziyyətdə olduğum halda triqonometriya imtahanını necə vermişəm?! Hələ imtahandan əvvəl yoldaşlarım artıq instituta daxil olmağım münasibəti ilə məni təbrik edirdilər. Çünki triqonometriya "mənim fənnim" idi. Bu fəndə necə güclü olduğumu hamı bilirdi. Lakin görünür, tale kitabımda əvvəldən yazılıbmış ki, məhz yaxşı bildiyim, sevdiyim həmin fənn həyatda aldığım ən böyük zərbənin baiskarı olsun! Bütün müdriklərə, hətta Peterburqun özünə münasibətimi kökündən dəyişdirsin!

Məndən triqonometriya imtahanını gənc bir professor, bəlkə privat-dosent qəbul edirdi.

Gənc professor əyninə mundir geymişdi. Bu da onu çevrəsindəki həmkarlarından fərqləndirirdi. Rəsmi mundiri, üstəlik qaşlarının altından acıqlı nəzərlərlə baxan gözləri təbiət etibarı ilə çəkingən olduğuma görə məni dərhal qorxutdu, fikrimi qarışdırdı. Verilən məsələnin həllini tapmaq elə bir çətinlik törətmədi.  Üstəlik ,  işimi asanlaşdırmaq üçün orta təhsil müəssisələrinin tədris proqramına daxil olmayan düsturdan istifadə etdim.

- Bu düsturu haradan götürmüşünüz? - deyə imtahan qəbul edən müəllim kobud səslə  soruşdu.

- Xatırlaya bilmirəm.

- Elə isə, onu hesablayıb məsələdən çıxarın.

- Bacarmıram.

- Aha, deməli, istifadə etdiyiniz düsturu hesablayıb tapmağı bacarmırsınız?

- Xeyr.

- O zaman "3" alırsınız.

Gözlərim qaraldı, başım fırlandı. Elə bil kimsə küt bir predmetlə gicgahımdan vurmuşdu. Bir anda instituta daxil  ola bilməməyimin doğuracağı dəhşətli mənzərə gözlərimin önündə canlandı. Valideynlərimin bu xəbərdən çəkilməz bir dərdə, ələmə düşdüklərini gördüm. Dostlarımın qarşısında necə alçaldığımı hiss etdim. Xəyallarımda yaşatdığım "fantastik dünya" bir an içində uçulub dağıldı. Utanmaq hissini, ləyaqət və izzəti-nəfsi duyğusunu unudub ağlamağa başladım. Bütün auditoriyanın gözü qarşısında ucadan ağlayır və professora  başqa suallar soruşması üçün yalvarırdım. Lakin onu rəhmə gətirmək mümkün olmadı, bir-birinə sıxılmış dodaqlarının arasında laqeyd və rəhmsiz səslə: "Bunu edə bilmərəm, gedin!" - dedi.

Əzilmiş, alçaldılmış, xar olmuş halda auditoriyadan çıxdım. Ürəyim sıxılır, başım od tutub yanır, sinəm göynəyirdi. Evə gəlib üzüqoylu yatağıma uzandım və uzun müddət ağladım. Deyəsən, son damla göz yaşım bitənə qədər ağlamışdım. Bu acı hissləri öz həyatımda yaşadığım üçün indi başa düşürəm ki, belə məqamlarda insanın özünə əl qaldırması o qədər də çətin məsələ deyil. Ertəsi gün Peterburqu tərk edib Parisə yola düşdüm. Lakin həmin vaxtdan başlayaraq Peterburqda son dəfə səfər etdiyim 1900-cu ilə qədər bu şəhər yaddaşımda iki anlayışla qalmışdı.

Məmur-professor sinus-kosinus!

Son səfərim zamanı mən bu anlayışların mövcud olub-olmadıqlrını bir yoxladım təəccübümə rəğmən onların sanki bütün Peterburq üzərində rəsm edildiyini gördüm.

Lakin bu barədə növbəti yazımızda.

Əhməd bəy Ağaoğlu

Rus dilindən tərcümə etdi: Vilayət Quliyev

525-ci qəzet  2019.- 7 sentyabr.- S.9.