Unudulmaz şəxsiyyət

 

Nazim İbrahimovun xatirəsinə

 

 

İnsanın şəxsiyyət kimi formalaşmasında ətrafdakıların rolu əvəzsizdir. Bu adamlar təkcə valideynlər, müəllimlər deyil, bəzən təsadüfən ünsiyyət qurduğun şəxslər də ola bilir. Baxmayaraq ki, alın yazısı təsadüf anlayışını qəbul etmir.

Mənim həyatımda da belə insanlar olub. Bu şəxslərdən biridaima özümə böyük biləcəyim, xatirəsini əziz saxlayacağım Nazim Sadıq oğlu İbrahimovdur.

Nazim müəllimlə ilk tanışlığım 1983-cü ilin əvvəllərində olub. Maliyyə Nazirliyində işləyirdim, Nəşriyyat, PoliqrafiyaKitab ticarəti işləri Komitəsinin kuratorluğu təzəcə mənə tapşırılmışdı. Həmin vaxtlar nazirlik və komitələrin illik hesabatları Maliyyə Nazirliyinin kollegiya iclaslarında müzakirəyə çıxarıldığından  rəqəmlər yerində dəqiqləşdirilirdi.

Mən də, öz növbəmdə iclasa hazırlıqla əlaqədar komitəyə gələrkən əvvəl olaraq tanışlıq üçün sədrin qəbuluna getdim. Nazim müəllim ilk baxışda həddən artıq ciddi və zəhmli insan təəssüratı bağışlamışdı.

Lakin iki saata yaxın söhbət əsnasında Komitədə apardığı islahatlar, yeniliklər barədə ürək dolusu danışdıqca aşkar hiss olunan səmimilik bayaqkı zəhmdən əsər-əlamət qoymadı. Söhbət zamanı Nazim müəllimin arada şəxsi həyatımla maraqlandığımı hiss edirdim - təhsilim, nazirlikdəki işim, ailə vəziyyətim barədə suallar verirdi... Bunun yalnız etiket xatirinə olduğunun fikirləşdim və o qədər də əhəmiyyət vermədim.

Bir məqamı vurğulayım ki, Komitənin keçmiş rəhbərliyi dövründə xeyli nöqsanlara yol verilmişdibu, böyük səs küyə səbəb olmuşdu. Məhz çatışmazlıqları aradan qaldırmaq məqsədi ilə Nazim müəllimə etimad göstərilmiş və Komitəyə sədr təyin edilmişdi.

Bir həftə sonra hazırladığım arayışla tanış etmək üçün yenidən Nazim müəllimin qəbuluna getdim. Arayışı diqqətlə oxuyandan sonra qəfildən onların komitəsində işləməyə necə baxdığımı soruşdu. Təzəcə vəzifəmin artdığını, nazirlikdəki perspektivlərim barədə söylədim. Eyni zamanda, edilən təklif məndə maraq doğurmuşdubunu Nazim müəllim də hiss etmişdi. O, mənim haqqında ətraflı məlumatı olduğunu bildirdi, Komitədə də inkişaf imkanlarım olacağını, hələlik isə "Azərkitab" kitab ticarəti birliyində plan iqtisad şöbəsinə müdir vəzifəsində işləməyi təklif etdi.

O zaman, "Azərkitab"dakı plan-iqtisad şöbəsinin rəisi vəzifəsi bir çox maliyyə işçisinin arzuladığı yer idi. Ora üçün nə qədər adamın Nazim müəllimə minnətçi saldıqları barədə bizim nazirlikdə də söz-söhbət gəzirdi. Lakin nədənsə heç kimə razılıq verilmirdi.

Təklif məni çaşdırmışdı. Sanki ovsunlanmışdım, tərəddüd içində olsam da, etiraz etmədim (Fəaliyyətimdə müstəqil olacaqdım, həm də müəssisə təsərrüfat hesablı olduğundan maaşım aldığımdan iki dəfə çox olacaqdı). Lakin bu barədə yerimə məlumat verməli olduğumu bildirdim.

Nazim müəllim Nazirliklə məsələni özü yoluna qoyacağını söylədi, məndən heç yerə getməməyi, qəbul otağında gözləməyi tapşırdı. Təxminən bir saatdan sonra kabinetindən çıxıb məni özü ilə iclas zalına apardı. Demə, həmin müddətdə nəşriyyat və mətbəə müdirlərini təcili kollegiya iclasına çağırılıblarmış... İclasın gündəliyində bircə məsələ var idi - Mənim "Azərkitab"a şöbə rəisi vəzifəsinə təyinatım...

Məsələnin belə operativ həlli məni şoka salmışdı - gözləmədiyim halda etimad göstərilmişdi, narahatçılığım isə işlədiyim nazirlikdə bu hərəkətimə necə qiymət veriləcəyi idi...

Sonradan öyrəndim ki, mən qəbul otağında gözlədiyim müddətdə Nazim müəllimin Nazirliyimizin rəhbərliyi ilə gərgin telefon danışığı olmuş, çətinliklə də olsa onları razı salmışdı.

Bundan sonra göstərilən inamı doğrultmaq mənim üçün şərəf məsələsi idi.

Nazim müəllimin rəhbərliyi altında işlədiyim altı ilə yaxın müddət ərzində onun tərəfindən qayğını daim öz üzərində hiss etmişəm, təkidi ilə "Azərkitab"a keçməyimə də heç vaxt peşman olmamışam.

Nazim müəllim olduqca həssas və diqqətcil adam idi. Dəfələrlə birgə ezamiyyətlərdə olarkən (istər ölkə xaricində, istərsə də daxilində) hər bir kəsin necə yerləşməsi, rahatlığı barədə ən xırda incəliklərə qədər maraqlanırdı. İşdə həddən artıq tələbkar olduğu qədər də, işçinin qayğısına qalır, problemlərini həll etməyə çalışırdı.

Onun təşəbbüsü ilə Bakı şəhəri 6-cı mikrorayonda Komitənin işçiləri üçün 9 mərtəbəli yaşayış binası, yanında yataqxana inşa edilmişdi. Həmin dövr üçün bu, inanılmaz bir hadisə idi və yalnız Nazim müəllimin nüfuzu sayəsində bu, mümkün olmuşdu.

Onun Komitəyə rəhbərliyi dövründə müasir tələblərə cavab verən "Şərq-Qərb" mətbəəsi, Bakı şəhərində sahəsinə görə keçmiş SSRİ-də ikinci olan "Kitab evi" açıldı, əksər rayon mətbəələri tamamilə yeni avadanlıqlarla təchiz olundu. Bakı şəhərində həcmcə çox böyük kitab kombinatının inşasına başlanıldı. Təəssüf ki, Nazim müəllimdən sonra həmin tikinti də yarımçıq qaldı.

O, sədr vəzifəsindən gedəndən sonra yeni rəhbərlik bəziləri kimi məni də işdən çıxmağa məcbur etdilər.

Nazim müəllimlə növbəti görüşüm 1992-ci ildə oldu. Həmin vaxt Komitənin adı dəyişdirilmiş, əvvəl Mətbuat, sonra isə Mətbuat və İnformasiya Nazirliyi adlandırıldı. Nazir vəzifəsinə Sabir Rüstəmxanlı təyin olunmuşdu. "Azərkitab"a yenidən qayıtmağı arzulayır, işdən kənarlaşdırılmağımı düzgün saymır və bunu sübut etmək istəyirdim. Sabir bəyin qəbulunda olarkən də tutacağım vəzifənin mənin üçün əhəmiyyət kəsb etmədiyini bildirmişdim.

Bir müddət sonra nazirlikdən zəng edib gəlməli olduğumu bildirdilər. Deyilən gün gələndə pilləkəndə Nazim müəllimlə rastlaşdım. Nazim müəllim təzəcə Azərbaycan Ensiklopediyasına Baş direktor təyin olunmuşdu.  Nazim müəllim qoluma girdibir qədər aşağı düşdükdən sonra əlimi bərk-bərk sıxdı, mənə yeni vəzifəmdə uğurlar arzuladı, bundan sonra işlə əlaqədar tez-tez görüşəcəyimi söylədi. Bir şey anlamasam da, minnətdarlığımı bildirdim. Yalnız kollegiya zalına dəvət ediləndə və "Azərkitab"a Baş direktor təyin olunduğumu eşidəndə Nazim müəllimin təbriki yadıma düşdü. Bir məsələdə əminəm ki, təyinatım barədə Sabir bəylə onların əvvəlcədən söhbətləri olub.

Çox təəssüf ki, Nazim müəllimə Ensiklopediyada işləməyə imkan vermədilər. O, sonralar bir müddət "Azərbaycan" Nəşriyyatına da rəhbərlik etdi.

Ümumiyyətlə, öz fikrim olaraq bildirim ki, Nazim müəllimin böyük təcrübəsindən, quruculuq və təşkilatçılıq bacarığından tam istifadə olunmadı.

Ağayana görkəmli, ilk baxışda çox ciddi və zəhmli görünən, lakin yumşaq ürəyə malik, sözün əsl mənasında ziyalı şəxsiyyət olan Nazim Sadıq oğlu İbrahimov onu yaxından tanıyanların yadından çıxmayacaq.

 

Rauf MƏMMƏDZADƏ

 

525-ci qəzet.-2019.- 25 sentyabr.- S.15.