Tokioda "Azərbaycan mətbəxi axşamı"

 

 

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin təşəbbüsü ilə Tokionun Haçiyoci şəhərində yerləşən "Hidamari" restoranında "Azərbaycan mətbəxi axşamı" keçirilib.

AZƏRTAC xəbər verir ki, qonaqlara mətbəximizin şahı olan plov, yarpaq dolması, "Paytaxt" və çoban salatları, ayran kimi milli yeməklərimiz təqdim olunub.

Əvvəlcə mərkəzin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər ölkəmiz, onun coğrafi mövqeyi, zəngin mədəniyyəti və mətbəxi haqqında məlumat verib. Bildirilib ki, bütün dünyada "Made in Azerbaijan" brendi ilə tanınan və öz keyfiyyəti ilə seçilən bir çox ərzaq məhsulları və içkilərimiz artıq Yaponiya bazarında da özünə yer tutmaqdadır.

Sonra bu axşam qonaqlara təqdim edilən Azərbaycan mətbəxinin nümunələrinin hazırlanması qaydası və bunun üçün lazım olan inqrediyentlər barədə iştirakçılara məlumat verilib. Bildirilib ki, qədim və zəngin mətbəximizin bu nümunələri mərkəzin üzvü olan xanımlar və "Hidamari" restoranının aşpazı tərəfindən hazırlanıb. Sonra həmin yeməklər qonaqlara təqdim edilib. Eyni zamanda, iştirakçılara Azərbaycan şərabları və nar şirələri təklif edilib.

"Azərbaycan mətbəxi axşamı" barədə təəssüratlarını AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri ilə bölüşən restoranın sahibi xanım Ayami Kitamura bildirib ki, Azərbaycan mədəniyyəti, milli yeməklər və içkilər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb: "Bu yaxınlarda TBS-BS telekanalında Azərbaycan mətbəxi barədə verilişə baxdım. Təqdim edilən qida məhsulları, rəngarəng yeməklər, aparıcıların təəssüratları məndə böyük maraq doğurdu. Qərara gəldim ki, bizim restoranın müştərilərinə Azərbaycan yeməklərini təqdim edək. Tokio şəhər universitetinin professoru olan həyat yoldaşımın dostu, bizimlə bir şəhərdə yaşayan Xəlil bəyə müraciət etdik. Gördüyünüz kimi, nəticədə çox tamlı, ləziz yeməkləri və dadlı içkiləri ilə seçilən bu axşam qonaqlarımız tərəfindən böyük maraqla qarşılandı.

Həm iki cür əlavə ilə təklif edilən plov, həm üzüm yarpağından hazırlanan dolma, həm salatlar, həm də içkilər qonaqlarımızın çox xoşuna gəldi.

Bu gözəl və ləzzətli axşama görə Azərbaycan-Yaponiya Dostluq Mərkəzinə xüsusi minnətdarlığımızı bildiririk".

"Rymansat" şirkətinin layihə meneceri Cun Nakaqava da Azərbaycan mətbəxinin çox dadlı olduğunu deyib: "Azərbaycan milli mətbəxinin belə dadlı yeməkləri ilə tanış olmaq çox xoş oldu. Xüsusən plov çox tamlı idi. Dolma, çoban salatı, "Paytaxt" salatı və ayran da çox xoşumuza gəldi. Şərabları isə xüsusi qeyd etmək istərdim. Nar şirəsi də keyfiyyəti ilə seçilirdi. Düşünürəm ki, belə axşamlar Azərbaycanın, zəngin mədəniyyətinizin və mətbəxinizin Yaponiyada təbliği baxımından çox əhəmiyyətlidir. Bu restoranda təşkil ediləcək növbəti "Azərbaycan mətbəxi axşamını" böyük səbirsizliklə gözləyəcəyəm".

Mərkəzin sədri Xəlil Kələntər isə bildirib ki, Azərbaycan mətbəxi ilə bağlı axşamın belə uğurlu alınacağını gözləmirdi: "Qonaqların axşama göstərdiyi maraq bizi bu layihəni davam etdirməyə həvəsləndirdi. Düşünürük ki, müəyyən əlavələrlə bu layihənin davam etdirilməsi Azərbaycanın Yaponiyada təbliği işinə mühüm töhfələr verə bilər".

 

525-ci qəzet.- 2019.-  28 sentyabr.- S.13.