Yuz Aleşkovski - 90

 

 

Bu günlərdə məşhur rus yazıçısı, şairi, ssenaristi, müəllif mahnılarının ifaçısı Yuz Aleşkovskinin (əsl adı İosif Yefimoviç Aleşkovski) 90 yaşı tamam oldu.

 

Keşməkeşli həyat sürən, zaman-zaman sovet hakimiyyətinin qəzəbinə tuş gələn yazıçı "Kış, İkiportfel bir həftə", "Kenquru", "Elektrik qatarına iki bilet", "Nikolay Nikolaiç" kimi məşhur uşaq ədəbiyyatı nümunələrinin müəllifidir. "Karusel", "Moskvada ölüm", "Kiçik həbsxana romanı", "Birə tanqosu" kimi böyüklər üçün yazılmış əsərləri ona dünya şöhrəti qazandırıb.

 

Yuz Aleşkovskinin ssenariləri əsasında çəkilmiş "Mənim kəndim", "Əhvalatlar", "Kış İkiportfel", "Sənə olub?" s. bütün yaş kateqoriyalarından olan tamaşaçıların həmişə maraqla izlədiyi filmlərdir.

 

"XX əsrdə rus ədəbiyyatının aparıcı simalarından biri" kimi yazıçı 2001-ci ildə Alman Puşkin mükafatına layiq görülüb. "Kiçik həbsxana romanı"na görə ona 2011-ci ildə "Böyük nəsr" nominasiyası üzrə "Rus mükafatı" verilib. Bu, dünya rusdilli yazıçılarının ən prestijli mükafatı sayılır.

 

1950-ci illərdə Sovet hərbi dəniz donanmasında xidmət edən yazıçı "nizam-intizamı pozduğuna görə" dörd il həbsxana həyatı yaşamağa məcbur edilib. Azad edildikdən sonra tikintidə fəhlə, sürücü işləyib.

 

"Metropol" almanaxında "Həbsxana mahnıları" dərc etdirdikdən sonra ABŞ-a köçməli olan Y.Aleşkovski A.Bitov, B.Axmadulina M.Jvanetski ilə birlikdə məşhur "BaQaJ" ədəbi birliyini təsis edib.

 

İ.Brodski onu "dilin Motsartı" adlandırırdı. Onun özünəməxsus təhkiyəsi, bənzərsiz üslubu müəllif mahnılarında da qorunur. Dissident yazarın "Gün işığı görmədim", "Molotovun mahnısı", "Belə havalarda", "Payız romansı", "Dəmir çekist haqqında mahnı" s. kimi onlarla bard nəğməsi hələ dillərdən düşmür.

V.Vısotski, D.Vern kimi məşhur bardların repertuarında yer alan "Böyük alimsiniz, yoldaş Stalin..." mahnısı uzun illər "xalq mahnısı" hasab olunurdu. Xalq mahnısı motivləri ilə sovet poeziyasına porodiya elementlərini özündə birləşdirən həmin mahnının mətnini diqqətinizə təqdim edirik. 

 

Etimad BAŞKEÇİD

 

525-ci qəzet.- 2019.-  27 sentyabr.- S.14.