"Kitablaşan" ədəbi mühit ya "Şəkidən "qalan" səslər"

1.  Şəki ilə ilk tanışlığım

Yazı Ramiz Orsərin tərtib edib topladığı "Şəkidən gələn səslər" kitabına həsr olunsa da, bu gözəl - "ləhcəsi bal dadan" məkanla bağlı - ötən əsrin 69-cu ildən başlanan "Şəki sevgisi"nə boylanmağı vacib saydım...

O zaman Bakıdakı Respublika Kor uşaqlar üçün orta internat-məktəbinin rus bölməsində oxusam da, azərbaycanlı "tale dostlarımla" sıx təmasda idim. "Bakirə" yaddaşıma şirin ləhcəli, cır səsli Saqibət müəllimə əbədi həkk olundu - həssaslığı, qayğıkeşliyi, savadı ilə. Danışığının "duzu" onu digər müəllimlərdən çox fərqləndirirdi... Dolu bədənli, daima hərəkətdə olan bu "toppuş" riyaziyyat müəllimi öz forma məzmununa görə şagirdlər tərəfindən "təkər" ləqəbinə "layiq görüldü" - bu, gördüyüm ilk Şəki təmsilçisi oldu (ruhu şad olsun)...

80-ci illərin əvvəllərində az-çox Azərbaycan dilini bilən mən növbəti şəkili - şair Vaqif İbrahimlə tanış oldum: o, ədəbi gəncliyi bir araya gətirərək mütəmadi məşğələlər vasitəsilə onları sehrli Söz dünyasına aparırdı. Namizəd Xalidoğlu (Qoca Xalid), Bəxtiyar Bahabzadə, Aytəkin Alxaslı, Aydın Məmmədovla şəxsi tanışlığım Şəki ziyalılığı, Şəki mənəvi etik əxlaqı - şəkinin genetik kodu ilə yaxınlaşdırdı məni...

20-ci əsrin sonu Şəki şəkililərlə əbədi dostluq mərhələsinin başlanğıcı oldu: belə ki, Murad Nəbibəyov, Mübariz Məsimoğlu, xasusən Qiymət Məhərrəmli "Elimiz. Günümüz" qəzeti ilə sıx ünsiyyətim Şəki səfərlərimin sayını, ardıcıllığını artırdı. Beləcə bu ədəbi-mədəni "Məkkə" özünə çəkdi məni - Vaqif Aslanla, Rəsul İlməddinoğlu ilə, Abbas Əmbala ilə Ramiz Orsərlə  birgə...

İTV-nin "Carçıfilm"in 2009-cu ildə çəkdiyi "Fosfor Adam" filmi isə Şəki Dövlət Dram Teatrın aktyorları - Xanlar Həşimov, Midhət Aydın, Əbülfət Salamov, Lalə Məmmədova kimi sənət adamları ilə birgə çalışmağımıza -  doğmalaşmağımıza imkan yaratdı... "ayılıb" gördüm ki, Şəki şəkililərdən aralı duruş gətirə bilmirəm.

... Şəki ədəbi mühiti ilə ardıcıl təmaslarım, şəhərin mədəni tədbirlərində tez-tez olmağım haqq verir ki, mən "Şəkidən gələn səslər" ensiklopedik nəşr barədə düşündüklərimi qələmə alım.

2. Şair, müəllim, tədqiqatçı

Elə Ramiz Orsərlə məni tanış edən "Şəki Bələdiyyəsi" qəzetinin baş yazarı Murad Nəbibəyov oldu. Emosional danışığı, şairanə duruşu, əsl pedaqoq davranışı diqqətimi o dəqiqə çəkdi... biz dostlaşdıq. Verdiyi kitablar, tədbirlərdə birgə iştirakımız hafizəmdə onun şair-müəllim obrazını əbədi həkk etdi.

Sonralar ayrı-ayrı qəzet dərgilərdə "boy göstərən" Ramiz Orsərin elmi-tədqiqat xarakterli araşdırmaları onun alim-vətəndaş potensialını üzə çıxardı. Nəhayət, 2018-ci ilin iyununda işıq üzü görmüş "Şəkidən gələn səslər" ensiklopedik nəşr - bir mükəmməl toplu, sanballı araşdırmanın məhsulu geniş oxucu kütləsinin, ziyalı ordusunun "malına" çevrilərək milli tədqiqat tariximizdə öz layiqli yerini əbədi olaraq tutdu. Bir institutun görəcəyi işi üzərinə götürmüş Ramiz müəllim Şəkini ədəbi-mənəvi, tarixi-geneoloji abidəsini ucaltmış oldu - var olsun!

Hər bir tarixi fakta, tapdığı nadir məxəzə, mənbəyə həssas məsuliyyətli yanaşma, xronologiyaya sadiqlik bu Əsərin dəyərini, gərəkliliyini artırmaqla bərabər, Ramiz Orsərin vətənpərvərliyini açıqca biruzə verməkdədir.

"Şəkidən gələn səslər"in əks-sədası bizi qədim, zəngin, mənvi-əxlaqi keçmişimizə baş vurmağa  - böyük müdrik Sözə, Cumalı Saza qaytarır - ta çağdaş poeziyaya uzanan möhtəşəm körpü ilə inamla addımlamağa, Şəkini tanımağa tanıtmağa çağırır cümlə ziyalıları, sıravi oxucuları. Kitabın öz çəkisi - Söz çəkisi araşdırmanın uğurundan xəbər verir.

Oxuculara "yol yoldaşı" olan filologiya elmləri doktoru, tənqidçi Vaqif Yusifli, onlara Şəki poetik dünyasının qapılarını taybatay açan tərtibçi, faktları irdələyib ortaya qoyan müəllif hamını Cənab Sözün Fikrin "səyyahlarına" çevirir - bu çətin işin öhdəsindən məharətlə gəlir. Şəki doğumlu qələm əhlinin heç birinin "xətrinə dəyməyərək", hər birinə kitabda yer ayıraraq, əbədi "yaşam" pasportunu səxavətlə "paylayır"...

844 səhifədə "yerləşən" tədqiqatçının alın təri gözünün nuru Şəkinin dünənindən sabaha işıq aparmaqdadır... bu işıq heç vaxt sönməyəcək, çünki "Şəkidən "qalan" səslər" buna imkan verməyəcək. Ramiz Orsərin ziyası isə həmin işığı daha gur edəcəkdir.

... Bu, bir oxucu - Azərbaycan ədəbiyyatının dostu, Ramiz Orsərin arkadaşının kitaba bildirilən "Söz təşəkkürüdür". Əbədi ol - qədim Şəki ədəbiyyatı kimi. Növbəti uğurlarını paylaşanadək.

Giya PAÇXATAŞVİLİ

525-ci qəzet  2019.- 8 yanvar.- S.8.