70 ilin zirvəsi

 

 

Stolumun üstündə Azərbaycan SSR Maarif naziri M.Q.Ələkbərovun 28 iyun 1948-ci il tarixli 183 saylı əmri var. Əmri Respublika Baş Arxivlər İdarəsindən gətirmişik.

 

Əmrin məzmunu belədir:

Bakı şəhərində Xarici Dillər İnstitutu açılması haqqında

1. SSRİ Nazirlər Sovetinin 4 oktyabr 1943-ci il tarixli 485 saylı qərarını və Azərbaycan SSR Nazirlər Sovetinin 10 dekabr 1947-ci il tarixli 485 saylı qərarını və Azərbaycan SSR Nazirlər Sovetinin 10 dekabr 1947-ci il tarixli 1275 saylı qərarını yerinə yetirməsi məqsədilə əmr edirəm.

2. V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun Xarici dillər fakültəsi bazasında 1948/49-cu dərs ilində Bakı şəhərində Pedaqoji Xarici Dillər İnstitutu açılsın.

Bu əmrin verilməsi tarixindən 70 il keçir. Birinci dərs ilində İnstitutun ingilis, alman və fransız dilləri üzrə cəmi 150 tələbə (100 nəfər Azərbaycan, 50 nəfər rus bölməsinə) qəbul edilir. İstər-istəməz institutun universitet halına gələnə qədər keçirdiyi 70 illik tarixə nəzər salmaq istəyirəm.

İlk tədris ilində 150 nəfər tələbəsi olan Xarici Dillər İnstitutu həm kəmiyyət, həm keyfiyyət sarıdan dəyişib. İndi Azərbaycan Dillər Universitetində 7900 tələbə oxuyur. Bu gün bu ali məktəb öz yüksəlişinin zirvə dövrünü yaşayır. Burada heç bir mübaliğə yoxdur. Onların ali təhsil alması üçün 809 nəfər professor-müəllim heyəti, 109 nəfər laborant, 235 nəfər inzibati işçisi, 20 nəfər kitabxanaçı çalışır.

ADU-da 6 fakültə, 31 kafedra var.

Oxucuda maraq doğura biləcək bir suala - görəsən, 70 ildə kimlər burada rektor olub? - sualına cavab vermək istərdik: Heybət Paşayev - 1948-1949, Əfşan Qədimbəyova - 1949-1955, Rəfiqə Hüseynova - 1955-1959, Qulam Məmmədov - 1959-1966, Ağamməd Abdullayev - 1966-1970, Məmməd Tağıyev - 1970-1972, Əli Məmmədov - 1972-1973, Zenfira Verdiyeva - 1973-1992, Fəxrəddin Veysəlli - 13-I-1973-XII-1973, Qorxmaz  Quliyev - 1993-2000, Səməd Seyidov - 2000-2015, Dünyamin Yunusov (rektor əvəzi) - XI-2015-III-2016 (əvəzçi), Əfqan Abdullayev (rektor əvəzi) - III-2016-VI-2017 (əvəzçi), Kamal Abdullayev - I-VI-2017-ci il tarixdən.

Ali məktəbin tarixindən məlumdur ki, 1948-ci ildə təşkil edilmiş Xarici Dillər İnstitutu on bir il sonra 1959-cu ildə M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutu ilə birləşdirilib, 1972-ci ildə Azərbaycan SSR  NS 4-X-1972-ci il tarixli 362 saylı əmri ilə yenidən ayrılıb. Bundan sonra Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu SSR-nin 50 illiyi adını daşıdı. 2000-ci ildən isə Ulu Öndərin təşəbbüsü və qayğısı sayəsində Xarici Dillər İnstitutu Azərbaycan Dillər Universiteti adlandırıldı. Bu, ali məktəbin qarşısında yeni üfüqlərin açılması demək idi. Universitetimiz 70 ildə ziqzaqlı inkişaf yolu keçib. Yəni gah durğunluq, gah da dinamik inkişaf həyatı yaşayıb. Ali məktəbimizin 57 illik tarixi mənim gözlərim önündə olub. Mən bu tarixin inkişaf dövrünün son iki ilindən bəhs etmək istəyirəm. 1 iyun 2017-ci ildə artıq 15 il Slavyan Universitetində zəngin təcrübə toplamış akademik Kamal Abdullayevin  ADU-ya rektor təyin edilməsindən keçən 2 illik yüksəliş məqamlarından bəhs etmək istərdim. İki il ərzində ADU həyatının elə bir sahəsi yoxdur ki, orada güclü və dayanıqlı inkişaf olmasın. Belə ki, tədris işləri sahəsində kafedraların sayı artırılıb və struktur dəyişiklik edilib. İndi burada 31 kafedra elmi-tədqiqat və tədris-pedaqoji işləri aparılır. Demək olar ki, bütün fənlər üzrə tədris proqramları yenilənib. Tərcümə və jurnalistika ixtisaslarının tədris planları yenilənib.

Yeni ixtisaslar üzrə kadr hazırlığına başlanıb; məktəbə qədər təhsil ibtidai sinif müəllimliyi, regionşünaslıq üzrə Türkiyə, Balkan, Rusiya, Afrika və s. ölkələrin dilləri üzrə ali təhsilli kadrlar hazırlanır. İndi burada 20 dil: Azərbaycan, ingilis, alman, rus, ispan, italyan, koreya, Çin, erməni, ibrit, ərəb, yapon, Norveç, polyak, serb, türk, yunan, İndoneziya və hind dilləri öyrədilir.

İndiyədək heç bir ali məktəbin etmədiyi bir cəsarət də bundan ibarətdir ki, pedaqoji təcrübə respublikanın müxtəlif guşələrində yayılmış qaçqın məktəblərində olur, onlara elm, təhsil, Azərbaycançılıq və s. sahələrə dair mühazirələr oxuyurlar. Həmin qaçqın və məcburi köçkün məktəblərinin müəllim və şagirdləri də tez-tez ADU-ya gəlir, buradakı işlərlə tanış olur və dərslərə qulaq asırlar.

Ali məktəbin bütün kursları üzrə tələbələrə ədəbi qiraət təklif edilir. Tələbələr Azərbaycan və dünya ədəbiyyatının sayılıb-seçilən əsərlərini oxuyur, hər semestrdə 3 bədii əsər haqqında müvafiq kafedralar üzrə müəllimlərə danışır, sonra imtahan sessiyasına buraxılırlar. Birinci kurs tələbələri bədii ədəbiyyata aid istədiyi əsəri alır, pulunu isə universitet ödəyir.

ADU-da tələbələrin gələcək inkişafına, onlarda müstəqillik ideyasının formalaşmasına kömək edən bir məsələdən - yenilikdən bəhs etməmək olmaz. Bu, "bir saatlıq xəlifəlik" adlanan tədbirin keçirilməsidir. İldə bir dəfə seçilən xəlifə 1 gün ərzində rektor olur. Həmin gün rektorun kabineti, xidməti, maaşını, əmr vermək səlahiyyəti, həmin xəlifə-tələbə tərəfindən icra olunur. Xəlifələr müvafiq olaraq prorektorları, dekanları, şöbə müdirlərini əvəz edirlər. Yəni 32 tələbə 1 gün universiteti idarə edir. Bu, mənəvi-psixoloji cəhətdən həmin tələbələrin ömürlük vüqar mənbəyi olur.

Burada işlər elə təşkil edilib ki, bircə saat da boş keçə bilməz. Buna güclü nəzarət və xüsusi növbətçilik cədvəllərinin təşkilindən əlavə, "bütün boş dərsləri kafedra müdirləri əvəz etməlidir" tezisi də kömək edir.

Son il yarımda ADU-da Multikulturalizm, Rusiyaşünaslıq, Serbiya mərkəzləri açılıb. Bu mərkəzlər elmi, sosial-siyasi məsələlərlə yanaşı, tələbələrin dünyagörüşünün inkişafına və elmi biliklərinin artmasına kömək etməkdən əlavə, Azərbaycanın həmin mərkəzlərin aid olduğu ölkələrlə diplomatik münasibətlərin möhkəmlənməsinə də kömək edir. Belə ki, bu yaxınlarda Serbiya mərkəzinin açılışında həmin ölkənin prezidentinin özü iştirak edib və onunla ADU kollektivinin geniş miqyaslı görüşü olub. "Serb dili və mədəniyyəti mərkəzi" 2018-ci il may ayının 21-də ADU-nun rektoru akad. Kamal Abdullayevin təşəbbüsü və Azərbaycan Serbiya Respublikasındakı səfirliyinin dəstəyi ilə Belqrad Universitetində "Azərbaycan dili və mədəniyyəti" mərkəzinin qarşılığı əsasında açılıb.

Mərkəzin açılış mərasimi Serbiya Respublikasının Prezidenti cənab Aleksandar Vuçiçin Azərbaycana rəsmi səfəri çərçivəsində, 21 may 2018-ci il tarixində, iki ölkənin yüksək vəzifəli dövlət və hökumət rəsmilərinin, Belqrad Universitetin rəhbərliyi - rektor Vladimir Bumbasireviç, Filologiya fakültəsinin dekanı Liljana Markoviç, professorlar Aleksandra Vranes, Liljana Bajiç və ADU-nun professor və müəllim heyətinin iştirakı ilə keçirilib.

ADU tarixində ilk dəfə 2018-19-cu tədris ilində bu dilin tədrisinə başlanılıb. Hazırda serb dili Beynəlxalq münasibətlər və idarəetmə fakültəsində "Mərkəzi və Şərqi Avropa" bölməsinin tələbələrinə xarici dil kimi tədris olunur. Dərslər uzun müddət Serbiya Respublikasında yaşamış ADU-nun dosenti, fəlsəfə üzrə filologiya doktoru Lalə Məcidova tərəfindən aparılır.

Eləcə də, İtaliya Senatının sədri xanım Mariya Elizabetta Kazellatti universitetdə olub və ona ADU-nun fəxri doktoru diplomu təqdim edilib. Bundan əlavə, Alman Bundestaqının millət vəkili Max Ştrabinger, habelə başqa ölkələrin siyasi və Dövlət xadimləri ADU-da olmuşlar. Universitetdə müntəzəm olaraq keçirilən səfir saatlarında müvafiq ölkələrin səfirləri iştirak edir. Onlar ali məktəbin müxtəlif strukturlarının nümayəndələri ilə görüşürlər.

Universitetdə yeni açılmış mərkəz və laboratoriyaların apardıqları genişmiqyaslı işlər haqqında iri həcmli bir kitab yazmaq olar. Təkcə bir neçə mərkəzin işi haqqında danışmaqla oxucuda müəyyən təsəvvür yaratmaq istərdik. Bu, Azərbaycanşünaslıq Elmi-Tədqiqat laboratoriyasıdır (ETL). Başqa mərkəzlər kimi bu ETL də aid olduğu fakültə və kafedralarla sıx əlaqə şəklində öz işlərini qurur. Təkcə bu il həmin ETL 48 tədbir həyata keçirməyi planlaşdırır. Elə bir həftə olmur ki, Azərbaycanşünaslıq ETL Ulu Öndər Heydər Əliyev muzey-lektoriyasında elmi tədbir keçirməsin. Bir çox xarici ölkələrin dil və mədəniyyət mərkəzlərinin olması həmin ölkələrin tələbələrinin ADU-da təhsil almasını da şərtləndirmiş, asanlaşdırmışdır. İndi burada 92 xarici tələbə təhsil alır və 15 xarici müəllim dərs deyir. ADU-da İtaliya, İspaniya, Almaniya, Yunanıstan, Polşa, Koreya, ABŞ, Türkiyə, Gürcüstan, Rusiya, Ukrayna, İran, Avstriya, Qazaxıstan, Özbəkistan, Braziliya, Türkmənistan tələbələrinin təhsil ala bilməsi üçün normal şərait yaranıb.

Bu gün ADU-nun xarici əlaqələri yüksək səviyyədə qurulub. Bir neçə il bundan əvvəl yaranan Amerika mərkəzi və başqa mərkəzlərin işi yenidən qurulmaqla yanaşı, Çinin Konfutsi İnstitutu, Goethe İnstitutunun Alman oxu zalı, Avstriya XİN nəzdində fəaliyyət göstərən Avstriya kitabxanası fəaliyyət göstərir.

Belə əlaqələrin formalaşmasında universitetdə son ilyarımda yaradılan dil və mədəniyyət mərkəzlərinin xüsusi rolu var. Əvvəlcə başqa ali məktəblərimizdə olmayan Multikulturalizm mərkəzi haqqında.

Rusiya-Azərbaycan elmi-mədəni əlaqələrinin tarixi çox qədimlərə gedib çıxır. Türk-Slavyan əlaqələrinin tarixini öyrənmək üçün ADU-da açılmış Rusiyaşünaslıq mərkəzi bu sahədə özünəməxsus rol oynayır.

2017-ci ildə təşkil edilmiş Multikulturalizm Mərkəzi respublikada dövlət siyasəti səviyyəsinə qaldırılmış multikulturalizm və tolerantlıq problemləri üzrə geniş elmi-tədqiqat işləri aparır. Mərkəz Universitetin 4 kafedrası - Qafqazşünaslıq, Regionşünaslıq, fəlsəfə və ictimai elmləri və Beynəlxalq münasibətlər kafedraları ilə sıx əlaqədə elmi araşdırmalar aparır. Mərkəz qısa müddətdə müxtəlif istiqamətlərdə elmi və sosial siyasi sahədə multikulturalizm mövzusunda məqalə və metodik vəsaitlər yazıb. Mərkəzin fəaliyyəti getdikcə genişlənir.

Son ilyarımda bu laboratoriyanın əməkdaşları dilimiz, tariximiz, mədəniyyətimiz, dövlətçiliyimiz haqqında çoxsaylı kitablar nəşr etdiriblər.

Akademik K.Abdullayevin rəhbərliyi altında 2017-ci ildə yaradılmış Rusiyaşünaslıq elmi-tədqiqat laboratoriyası bu gün ölkəmizdə Rusiya üzrə araşdırmalar aparan yeganə mərkəzdir.

Laboratoriyaların yaradılmasında məqsəd Rusiya Federasiyasının təhsil, elm və mədəniyyət təşkilatları ilə əməkdaşlığı  inkişaf etdirmək, müqaviləli münasibətlər çərçivəsində ixtisaslaşmış Rusiya universitetləri və strukturları ilə əməkdaşlıq etməkdədir.

Rusiyaşünaslıq elmi-tədqiqat laboratoriyası Moskva Dövlət Linqvistika Universiteti, Rusiyanın birinci prezidenti Boris Yeltsin adına Ural Federal Universiteti, A.S.Puşkin adına Dövlət Rus dili İnstitutu, Moskva Şəhər Pedaqoji Universiteti və Rusiya Elmlər Akademiyasının müvafiq institutları ilə əməkdaşlıq etməyi və bu əməkdaşlıq çərçivəsində elmi seminarlar, diskussiyalar, konfranslar təşkil etməyi planlaşdırır.

Rusiyaşünaslıq elmi-tədqiqat laboratoriyası Rusiyanın tarixi, mədəniyyəti, dini, siyasəti və qanunvericiliyi ilə bağlı beynəlxalq konfranslar təşkil etməyi nəzərdə tutur.

Laboratoriya tərəfindən mütəmadi keçirilən tədbirlərdə Rusiya Federasiyası Dövlət Dumasının deputatları, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, Rusiyanın aparıcı universitetlərinin rektorları, dövlət və elm adamları iştirak edirlər. Universitetdə yeni təşkil edilmiş mərkəz və laboratoriyaların hamısının fəaliyyətini bir məqalədə işıqlandırmaq çətindir.

Yalnız ADU-nun təşəbbüsü ilə baş tutmuş tədbirlərdən danışanda Ulu Öndərin 95 illik yubileyin özünəməxsus geniş miqyasda keçirilməsi xüsusi qeyd edilməlidir. ADU-da 9 aprel - 5 may 2018-ci ildə "Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası" adlı geniş miqyaslı elmi konfrans keçirildi. Konfransın açılışı Bakıda 2 gün davam etmiş, 12 xarici universitetin nümayəndəsi iştirak edib. Sonra konfrans Almaniyanın Ausburq, İtaliyanın Roma, Serbiyanın Belqrad, Türkiyənin Kayseri, Ərzurum, Gürcüstanın Tbilisi, Çinin Hucyou, Rusiyanın Samara, Moskva, Yekaterinburq, Ukraynanın Kiyev, Belarusun Minsk şəhərlərinin universitetlərində davam etdirilmiş, ADU-nun əməkdaşları həmin universitetlərə ezam edilərək müvafiq ali məktəbin professor-müəllim heyəti ilə birlikdə elmi məruzələr ediblər. Bir məqalə həcmində ADU-da cəmi ilyarımda görülən möhtəşəm işlər haqqında məlumat vermək çətindir. Yaxşı olar ki, möhtərəm oxucu ADU-ya gəlsin, biz onu buradan işlərlə daha əyani şəkildə tanış edə bilərik.

 

Professor A.BABAYEV

ADU-nun Azərbaycan dilçiliyi kafedrasının müdiri

 

525-ci qəzet.- 2019.-  9 yanvar.- S.4.