"Vətəndaşlarımızın
istirahət imkanlarının azalmaması üçün
qiyməti artırmırıq"
Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının sədri,
Beynəlxalq Həmkarlar İttifaqları
Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin
deputatı Səttar Möhbalıyevin Trend-ə müsahibəsi
- Səttar
müəllim, 2018-ci il Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası üçün hansı
hadisələrlə əlamətdar oldu?
- 2018-ci
ildə əlamətdar hadisə Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının V qurultayının
keçirilməsi oldu. Bu qurultayda dəvət
olunmuş yerli nümayəndələrlə yanaşı,
xarici qonaqlar da iştirak edirdi. Ümumilikdə
80-ə yaxın xarici ölkənin həmkarlar ittifaqı mərkəzlərinin
rəhbərləri, o cümlədən beynəlxalq təşkilatların
rəhbərləri tədbirdə iştirak etdilər.
Həmin qurultayda ötən 5 il ərzində
Azərbaycan həmkarlar ittifaqlarında görülən
işlər barədə geniş hesabat verildi.
Bilirsiniz ki, 2018-ci ildə Azərbaycanda ən
mühüm hadisə prezident seçkiləri oldu. Biz qurultayda
Prezident İlham Əliyevin namizədliyini yekdilliklə dəstəklədik.
Çünki məhz Prezident İlham Əliyevin
apardığı düşünülmüş, uzaqgörən
və milli maraqlara söykənən siyasət nəticəsində
Azərbaycan son 15 ildə xeyli inkişaf edib, bütün sahələrdə
böyük nailiyyətlər əldə edilib, ölkəmizin
beynəlxalq aləmdə nüfuzu xeyli artıb, Azərbaycan
dünyada ən sürətlə inkişaf edən
iqtisadiyyata malik ölkə olub. Eyni zamanda,
ölkəmizin güclənən mövqeləri nüfuzlu
beynəlxalq təşkilatların hesabatlarında öz əksini
tapıb.
Ötən
il Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi və Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyası ilə birgə
üçtərəfli komissiya yaratdıq. Bizi
düşündürən bütün vacib məsələlər
bu komissiyada müzakirə olunur. Bu,
çox önəmli bir məsələ idi. Uzun müddət idi ki, bu komissiyanı yaratmağa
çalışırdıq.
Həmçinin diqqətinizə çatdırım ki,
2018-ci ildə Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının beynəlxalq əlaqələri yüksək
səviyyədə inkişaf edib. Bizim həmkarlar
ittifaqı təşkilatlarının nümayəndələri
xaricdə 50-dən artıq beynəlxalq seminar, konfrans və
uzunmüddətli kurslarda iştirak ediblər.
Digər mühüm hadisə isə bu oldu ki, ötən
ilin dekabr ayında Danimarkanın paytaxtı Kopenhagendə Beynəlxalq
Həmkarlar İttifaqları Konfederasiyasının IV
qurultayı keçirildi. Həmin möhtəşəm
tədbirdə 132 ölkədən 1200 nəfərdən
çox nümayəndə iştirak edirdi. Qurultayda keçirilən rəhbər orqanların
seçkisində Azərbaycan öz mövqeyini bir daha qorudu,
Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının nümayəndəsi növbəti
müddətə BHİK-in vitse-prezident seçildi. Yəni, mənim yenidən vitse-prezident seçilməyim
təkcə Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının fəaliyyətinin nəticəsi olaraq
baş tutmayıb, həm də Prezident İlham Əliyevin
çox uğurlu xarici siyasətinin nəticəsidir. Azərbaycanın beynəlxalq aləmdə nüfuzu
gündən-günə artır, ölkəmizlə
hesablaşırlar. Bütün bunların
nəticəsi idi ki, beynəlxalq qurultayda yenidən Azərbaycana
səs verdilər.
- Ötən
il yeni həmkarlar ittifaqı təşkilatlarının
yaradılması baxımından hansı işlər
görülüb?
- 2018-ci
ildə həmkarlar ittifaqı təşkilatları daha da
inkişaf edib, say tərkibi artıb. Bir çox sahələrdə
iş yerlərində həmkarlar ittifaqı təşkilatlarının
yaradılmasına nail olmuşuq. Ümumiyyətlə, həmkarlar
ittifaqı təşkilatları olmayan iş yerlərində,
eyni zamanda yeni yaradılan iş yerlərində həmkarlar
ittifaqı təşkilatlarının yaradılmasına
çalışırıq.
Bu gün həmkarlar ittifaqı təşkilatlarının
yaradılması ilə bağlı
qarşılaşdığımız ən böyük
problem tikinti sahəsindədir. Məsələn,
tikinti şirkəti bir bina inşa edir və tikinti qurtarandan
sonra işçilər buraxılır və təbii ki, həmkarlar
ittifaqı təşkilatı da dağılır. Bir müddətdən sonra həmin şirkət yeni
bir bina tikməyə başlayır və biz yenidən danışıqlar
aparıb həmkarlar ittifaqı təşkilatı
yaratmağa çalışırıq. Yəni daimi
iş yerlərinin olmadığı sahələrdə həmkarlar
ittifaqı təşkilatının yaradılması ilə
bağlı problemlər olur.
- Bəs
şirkətlər özləri həmkarlar ittifaqı təşkilatı
yaratmağa maraq göstərirlərmi?
-
Sözsüz ki, biz bütün şirkətlərdə həmkarlar
ittifaqı təşkilatı yaratmağa
çalışırıq. Həmkarlar
ittifaqı təşkilatının fəaliyyətinin
üstünlüklərini onlara izah edirik. Bir sıra hallarda isə yeni yaradılan müəssisə
və təşkilatların özləri
könüllülük prinsipləri əsasında həmkarlar
ittifaqı təşkilatının yaradılması ilə
bağlı bizə müraciət edirlər. Ümumiyyətlə, hansı şirkət və ya
müəssisə uzunmüddətli fəaliyyət göstərmək
istəyirsə, həmkarlar ittifaqı təşkilatı
yaratmaqda maraqlı olmalıdır. Təşkilat
və müəssisələrin həmkarlar ittifaqı təşkilatı
bir qayda olaraq kollektivlə daim ünsiyyətdə olur, onun
problemlərini görür, maraqlanır, aşkara
çıxarılan nöqsanlar haqqında müdiriyyəti məlumatlandırır
və həmin problemlərin aradan qaldırılması
üçün vaxtında lazımi tədbirlər
görülür. Ona görə də
işəgötürən özü həmkarlar ittifaqı
təşkilatının yaradılmasında maraqlı
olmalıdır.
Sizə maraqlı bir fakt deyim. Azərbaycanda fəaliyyət
göstərən tanınmış iri şirkətlərdən
birinin rəhbəri bir dəfə mənə dedi ki, sorğu
keçirib, işçilərin 90 faizi həmkarlar
ittifaqı təşkilatının yaradılmasının tərəfdarı
deyil, yalnız 10 faizi buna razıdır. Mən isə ona dedim
ki, bu, əksinə ola bilər, 90 faiz
işçi həmkarlar ittifaqı təşkilatının
yaradılmasını istəyər. Üstündən təqribən
bir il keçəndən sonra həmin
şəxs mənə zəng edib bildirdi ki, o vaxt düz deməyib,
işçilərin 90 faizi həmkarlar ittifaqı təşkilatnın
yaradılmasının tərəfdarıdır. Həmin şəxs bizi müəssisəyə dəvət
etdi və biz müəssisədə təşkilatımızı
yaratdıq.
Bəzi müəssisə rəhbərləri
işçilərin hansısa problemlə bağlı
çıxışlar, aksiyalar təşkil edəcəyindən
əndişələnərək müəssisədə həmkarlar
ittifaqı təşkilatının yaradılmasına əngəl
törətməyə çalışırlar. Mənim onlara sözüm
budur ki, əgər siz düz işləsəniz,
maaşları vaxtlı-vaxtında versəniz, insanların
problemlərinə həssas yanaşsanız, həll etsəniz,
kim çıxışlar edər,
aksiyalar keçirər?
Yeri gəlmişkən bir məsələyə də
toxunmaq istərdim. Bir çox hallarda vətəndaşlar
öz ərizə və şikayətlərini, müraciətlərini
birbaşa Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına
ünvanlayırlar və biz də həmin müraciətləri
nəzərdən keçirib aidiyyəti üzrə sahə
həmkarlar ittifaqlarına göndəririk və məsələni
diqqətdə saxlayırıq. Ancaq vətəndaşlar
müraciətlərinin cavabını məhz
Konfederasiyanın verməsini istəyirlər. İl ərzində Konfederasiyaya on minlərlə
müraciət daxil olur, aidiyyəti müraciətləri
yerində həll edirik, aidiyyəti olmayanları isə sahə
həmkarlar ittifaqlarına yönləndiririk, onlar da müraciətlərlə
bağlı lazımi tədbirlər görürlər.
Yəni idarəçilik qaydasında vəziyyət
bu cürdür. Konfederasiya ən azı
fiziki baxımdan da bu qədər müraciəti
cavablandıra bilməz. Sahə həmkarlar
ittifaqları və onların yerlərdəki 10 mindən
artıq ilk təşkilatı vətəndaşların
bütün müraciətlərini cavablandırır və
problemlərini həll etməyə çalışırlar.
- Səttar
müəllim, həmkarlar ittifaqlarının sanatoriya-kurort
müəssisələri və sağlamlıq
ocaqlarındakı vəziyyətlə bağlı nə deyə
bilərsiniz?
- Qeyd edim
ki, hazırda Həmkarlar İttifaqları
Konfederasiyasının nəzdində 12 sanatoriya və istirahət
mərkəzi fəaliyyət göstərir. 2018-ci
ildə sanatoriyaların 90 faizi yüksək səviyyədə
təmir olunub, istirahət üçün hər cür
şərait yaradılıb. Haşiyə
çıxaraq bir faktı nəzərinizə
çatdırım. Mərdəkandakı
“Abşeron” sanatoriyasının ərazisində vaxtilə neft
maqnatlarının birinə məxsus olmuş bina vardı.
Artıq uçulub-dağılmışdı.
Biz həmin binanın əvvəlki
vaxtlardakı şəkillərini əldə etdik. Necə tikilmişdisə, memarlıq
görünüşünü də eləcə bərpa
etdik. İndi həmin binada 70 nəfərlik
istirahət korpusu yaratmışıq və yəqin ki, bu yaxınlarda
istifadəyə verəcəyik.
Bir halda ki, söhbətimiz bu mövzu ətrafındadır,
qeyd edim ki, bu gün sanatoriyalarımızın əksəriyyəti
ziyanla işləyir, buna baxmayaraq, biz qiymətləri
artırmırıq. Sanatoriyalarımıza bir
yollayışın qiyməti 600 manatdır. Bu, çox ucuz qiymətdir, ancaq biz ziyanla işləsək
də, qiymətləri qaldırmırıq. Çünki qiymətləri qaldırsaq, maddi durumu
aşağı olan insanların istirahətə getmək
imkanı məhdudlaşacaq. Ona görə
də çalışırıq ki, vəsait əldə
etdikcə, bu çətinlikləri qarşılayaq. Sağlamlıq müəssisələrində
çalışan işçilərin maaşlarının
artırılması məsələsini də diqqətdə
saxlayırıq. Əgər biz
yollayışların müəyyən hissəsini güzəştli
qiymətlə satmasaq, xaricdən gəlmək istəyənlərə
təklif etsək, onda bir yollayışı 1500-2000 manata
satarıq və beləliklə, ziyanı də ödəyərik,
maaşları da artırarıq. Ancaq belə
olan halda, bayaq dediyim kimi, öz vətəndaşlarımızın
sanatoriya-kurort müəssisələrinə getmək
imkanları azalacaq.
Nəzərinizə çatdırım ki, biz özəl
sektordan da istirahət mərkəzlərinə
yollayışlar alırıq. Məsələn,
Dövlət Neft Şirkəti Neft və Qaz Sənayesi
İşçiləri Həmkarlar İttifaqına əlavə
olaraq 3-4 milyon manat pul ayırır. Belə
olan halda sahə həmkarlar ittifaqı ilə Dövlət
Neft Şirkəti arasında müqavilə bağlanır,
bizdən alınan yollayışlardan əlavə, özəl
sektordan da yollayışlar alınıb neft-qaz sahəsində
çalışan işçilərə verilir. Ümumilikdə, bizdən alınan və özəl
sektordan alınan bütün yollayışları nəzərə
alsaq, 2018-ci ildə vətəndaşlara 100 mindən artıq
yollayış verilib.
Onu da diqqətinizə çatdırım ki, AHİK-in
üzv təşkilatları olan sahə həmkarlar
ittifaqlarının da istirahət mərkəzləri fəaliyyət
göstərir. Bu istirahət mərkəzlərini onlar
öz maliyyə vəsaitlərinə qənaət edərək
tikiblər. Bu mərkəzlər həm də
həmkarlar ittifaqı təşkilatının mülkiyyəti
sayılır. Bunlar təhsil, səhiyyə,
dəmiryol, rabitə, dəniz nəqliyyatı, dövlət
idarələri və ictimai xidmət işçilərinin həmkarlar
ittifaqlarına məxsus olan istirahət mərkəzləridir.
Hazırda Mədəniyyət İşçiləri
Həmkarlar İttifaqı da öz vəsaiti hesabına
aldığı 2 hektar torpaq sahəsində işçiləri
üçün sağlamlıq-istirahət mərkəzinin
inşasını davam etdirir. Daha bir
müalicə-sağlamlıq ocağı Metropoliten
İşçiləri Həmkarlar İttifaqı Birliyinin nəzdində
fəaliyyət göstərən sanatoriya-profilaktoriyadır.
-
Yollayışın dəyərinin neçə faizinin ödənilməsi
məsələsinə də aydınlıq gətirməyinizi
xahiş edərdik.
- Sovet
dönəmində yollayışın 30 faizini vətəndaş
ödəyirdi. Ölkəmiz müstəqillik əldə
etdikdən sonra biz bu ödənişi 5 faizə
endirmişdik. 3 il ərzində bu minvalla
davam etdi. Sonradan Dünya Bankı, digər beynəlxalq maliyyə
qurumları vətəndaş tərəfindən ödənişi
yenidən 30 faizə qaldırmağı tələb etdilər.
Uzun mübahisələrdən sonra biz ödənişi
30 faizə qaldırmağa imkan verməyərək 15 faizin
üzərində dayandıq.
- Səttar müəllim, bir müddət əvvəl uşaq sanatoriyalarının yaradılması ilə bağlı fikirlər səsləndirilirdi. Bu məsələ ilə bağlı hansısa yenilik varmı?
- Biz uşaq sağlamlıq düşərgələrini, sanatoriyalarını yaratmaq istəyirik, lakin bunun üçün maliyyə vəsaiti tələb olunur, özü də külli miqdarda. Hətta ayrı-ayrı bölgələrdə münasib şəraiti olan məkanlar tapmaq üçün baxış keçirilib, lakin baxdığımız yerlər tələbata uyğun olmayıb. Mövzu ilə bağlı deyim ki, adətən biz həmkarlar ittifaqı üzvlərinə istirahət mərkəzlərinə yollayışlar verəndə ailə üzvləri kimi uşaqları da nəzərdə tuturuq. Yəni 3 nəfərlik, 5 nəfərlik yollayışlar veririk və uşaqlar da öz valideynləri ilə birlikdə istirahət etmək imkanı əldə edirlər. Bəzi qurumların uşaq istirahət mərkəzləri var, biz həmin yerlərə də ödənişlər edib uşaqların istirahətini təşkil edirik. Dediyim kimi, uşaqların istirahətinin təşkili daim diqqətdə saxladığımız məsələdir.
- AHİK, həmçinin tələbələrə təqaüd verir. Hazırda nə qədər tələbəyə belə təqaüd verilir?
- AHİK indiyə qədər minlərlə tələbəyə təqaüd verib. Hazırda 120-yə yaxın tələbəyə təqaüd veririk. Təqaüdün məbləği illik 600 manat təşkil edir. Təqaüd verilən tələbələr yerlərdə seçilib bizə təqdim edilir. Yəni ali məktəblərə məktub ünvanlanır, orada həmkarlar ittifaqı təşkilatı ilə birgə əlaçı, fəal tələbələr seçilir, bizə göndərilir, bizdə də komissiya baxır və təsdiq etdikdən sonra təqaüdlər verilir. İmkanımız daxilində gənclərə dəstək olmağa çalışırıq.
İmkanımız
çatdığı qədər şəhid ailələrinə,
aztəminatlı ailələrə, Qarabağ əlillərinə
də kömək edirik, onlara da yollayış veririk.
Əslində onlara yardım, yollayış başqa dövlət
qurumu tərəfindən verilməlidir, ancaq bizə müraciət
edəndə onları naümid geri qaytara bilmirik.
525-ci qəzet.- 2019.- 9 yanvar.- S.5.