Mir Cəlalın "Ədəbi tənqid" kitabı mənəviyyat məcrasında

 

Bugünlərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Milli Kitabxananın birgə layihəsi əsasında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, professor Mir Cəlal Paşayevin ədəbi tənqidi məqalələrini əhatə edəndəbi tənqid" kitabı nəşr olunub.

 

Milli Kitabxananın arxiv materialları əsasında tərtib olunan və ilk dəfə işıq üzü görən bu topluya professor Asif Rüstəmlinin yazdığı "Ön söz"ü cüzi ixtisarla oxuculara təqdim edirik.

Böyük yazıçı, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin çoxşaxəli yaradıcılığında, zəngin və mənalı həyat yolunda üçrəngli milli bayrağımızın rəngləri kimi mənəvi bütövlüyü rəmzləndirən və eyni zamanda, heç bir vaxt kəsişməyən, paralel olaraq ömrü boyu cəmiyyətə, mühitə nur saçan üç ilham qaynağı, sənət eşqi yuvalanaraq istedad və zəhmətin mənəviyyat məcrasında sıralanmış - müəllim, alim, yazıçı taleyi görünməkdədir. Bu elmi-pedaqoji və ədəbi-bədii yaradıcılıq sahələrinin fərqli, müstəqil fəaliyyət istiqa-mətləri olduqları qədər də bir şəxsin timsalında eyni məqsədə və mərama xidmət missiyası baxımından mükəmməlliyin, idrak və bədii təfəkkürün zəhmət, fədakarlıq müstəvisində mükəmməllik təzahürüdür. Böyük ədib, alim və pedaqoqun həyat və yaradıcılığının elmi tədqiqatların, ciddi araşdırmaların gündöyənində olduğu bir vaxtda Mir Cəlal müəllimin bu yaradıcılıq sahələrindən hansına birinci olaraq qəlbində hissiyyat oyandığını, rəğbət yarandığını müəyyənləşdirmək çətin olduğu qədər də duyulan və dərkolunandır. Şübhəsiz ki, onun ötən əsrin 30-cu illərində yazdığı anket və tərcümeyi-hal xarakterli sənədlər müəyyən fikir aydınlığına, dəqiqləşdirmələr aparmağa və qənaətlər söyləməyə əsas verir.

Ədibin 1938-ci il 21 may tarixində yazdığı tərcümeyi-halına əsasən o, 1908-ci ildə Əndəbil kəndində (Şərqi Azərbaycanın Ərdəbil vilayəti Xalxal şəhəri yaxınlığında, Xəzər yaxasında yaşayış məskənində - A.R.) dünyaya göz açıb. Atası Mir Əli Mir Paşa oğlu onu və böyük qardaşını təxminən 1916-17-ci illərdə Gəncə şəhərinə gətirir. Onlar burada aşbaz, çörəkçi peşəsində halal zəhmətlə çalışır, Mir Cəlal isə Gəncə şəhərində ibtidai məktəbə daxil olur. Lakin ailənin sevincli günləri uzun sürmür. 1918-ci ildə Mir Əli Mir Paşa oğlu dünyasını dəyişir (Mir Əli kişinin dünyasını dəyişməsinin Gəncədəki hərbi, ictimai-siyasi hadisələrlə bağlılıq dərəcəsini müəyyənləşdirmək, erməni quldur bandaları tərəfindən qətlə yetirilməsi ehtimalını dəqiqləşdirmək üçün ciddi tədqiqata ehtiyac vardır - A.R.). Dövrün keşməkəşinə, sosial ehtiyacların sərtləşməsinə baxmayaraq, Mir Cəlal Mir Əli oğlu böyük qardaşının himayəsi və xeyriyyə cəmiyyətlərinin maddi dəstəyi ilə təhsilini davam etdirir. O, 1923-cü ildə Gən-cədəki I dərəcəli şəhər məktəbini bitirərək buradakı Darülmüəlliminə (Pedaqoji Texnikuma - A.R.) daxil olur.

Mir Cəlal Paşayev 1927-ci ildə Gəncə Darül-müəllimini (Pedaqoji Texnikumunu) bitirərək vaxtilə təhsil aldığı Gəncə şəhər I dərəcəli məktəbdə müəllimlik fəaliyyətinə başlayır. 1928-29-cu illərdə isə Gədəbəydə 7 illik natamam orta məktəbin direktoru vəzifəsində işləyən gənc pedaqoqa böyük etimad göstərilir. O, ictimai fəallığına görə Gədəbəy Rayon Xalq Deputatları Sovetinin və pleniumun üzvü seçilir.

Mir Cəlal müəllimin pedaqoji fəaliyyətlə paralel elmi və bədii yaradıcılığa ciddi marağı da Gədəbəydə işlədiyi dövrdə özünü büruzə vermişdir. Ədibin "Maarif yolu" jurnalının 1928-ci il 10-11, 12 və 1929-cu il 1-2-ci saylarında işıq üzü görən "Ədəbiyyatdan romantizmə" adlı ədəbiyyatşünaslığa dair ilk sanballı və irihəcmli məqaləsi ədəbi-elmi ictimaiyyətin diqqətini cəlb etmişdir.

Çalışdığı sahələrdə uğurlar qazanmasına rəğmən gənc Mir Cəlal ali təhsil almağa, sistemli elmi araşdırmalar üzərində çalışmağa güclü mənəvi ehtiyac duyurdu. Beləliklə, 1930-cu ildə Qazan Dövlət Universitetinin ədəbiyyat-linqvistika şöbəsinə (bəzi sənədlərdə Qazandakı Şərqşünaslıq İnstitutuna - A.R.) daxil olur. Ədibin həyat yolundan bəhs edilən əksər monoqrafiyalarda böyük sənətkarın ali təhsilini yarımçıq qoyaraq Qazandan Bakıya qayıtması yanlış olaraq 1932-ci ilə aid edilmişdir.

Lakin Mir Cəlalın 1938-ci ildə yazdığı və şəxsən imzaladığı ömürnaməsində indiyədək məlum olmayan yarımçıq qayıdışın səbəbi və tarixi haqqında qeydlər mövcuddur. O yazır: "1930-cu ilin sonunda təhsil almaq üçün Qazana getdim. Şimal mühiti səhhətimə mənfi təsir etdiyi üçün 1931-ci ilin əvvəllərində Bakıya qayıtdım, Az.DETİ-nin I kursuna imtahan verdim. Az.DETİ 1932-ci ildə ləğv edildikdən sonra isə APİ-nin aspiranturasına köçürüldüm".

Ədibin eyni vaxtda doldurduğu "Kadrların uçotu üzrə şəxsi vərəqə"sində isə qeyd edilmişdir ki, o, "1931-ci ilin aprel ayında" təhsil almaq üçün Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutuna daxil olmuşdur. Rəsmi sənədlərinə əsasən Az.DETİ-nin Dil və Ədəbiyyat Bölməsi üzrə aspiranturasına 1931-ci ilin aprelində 8 nəfər qəbul edilmişdir. Bu elmi-tədqiqat ocağının 6 iyun 1932-ci il tarixli iclasının protokoluna əsasən attestasiyadan keçirilən dilçi və ədəbiyyatşünas aspirantlar haqqında belə qərar verilmişdi: "Dil və Ədəbiyyat bölməsi. II kursa keçirilsin: 1.Vəkilov S. 2.Paşazadə Mir Cəlal. 3.İbrahimov M. 4.Nəsirli Y. 5.Məmmədov Ağasi..."

Bu mənbədə və daha əvvəlki qaynaqlarda Mir Cəlalın soyadının Paşazadə variantına rast gəlinsə də, 1934-cü ildən böyük yazıçının rəsmi sənədlərdə familyası Paşayevdir. O, Qazandan Bakıya qayıtdıqdan sonra təhsilini davam etdirmək, elmə xidmət yolunu seçmək üçün dövrünün ən nüfuzlu elmi-tədqiqat müəssisəsinə qəbul edilmişdir. Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu güclü və çoxsahəli elmi potensiala, müstəqil fəaliyyət dairəsinə, diqqətçəkən uğurlara nail olsa da, 1932-ci ilin iyul ayında Moskvanın göstərişi və Azərbaycan MK-nın (Polonski) qərarı ilə ləğv edilir. Professor Vəli Xuluflunun rəhbərlik etdiyi bölmənin bazası əsasında Xalq Maarif Komissar-lığının 29 iyul 1932-ci il tarixli qərarı ilə əsasən təhsil yönümlü Azərbaycan Dil, Ədəbiyyat və Sənət İnstitutu (Az.DƏSİ) təsis edilir.  Az.DETİ  Dil və Ədəbiyyat Bölməsinin aspirantları, o cümlədən, Mir Cəlal Paşazadə yeni yaradılmış Az.DƏSİ-yə köçürülür. Lakin bu institut da uzun müddət fəaliyyət göstərə bilmir. Professor Vəli Xuluflunun direktor, sənətşünas, professor Pyotr Fridolinin tədris hissə müdiri işlədiyi, Hüseyn Cavid, Əli Nazim, İdris Həsənov, Qulam Bağırzadə, Abdulla Tağızadə və b. görkəmli ziyalıların çalışdığı elm və təhsil ocağı 1932-ci il dekabr ayının 22-də ləğv edilir, bu qurumun bütün əmlakı yeni yaradılan SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Bölməsinə (Az.OZFAN) təhvil verilir, aspirantları isə Ali Pedaqoji İnstitutun müvafiq şöbəsinə köçürülür. Mir Cəlal Paşazadə 1934-cü ilin yazında (Bu tarix bəzi sənədlərdə təhrif olunaraq 1935-ci ilə aid edilir - A.R.) APİ-nin aspiranturasını əla qiymətlərlə bitirdiyinə görə institutun rəhbərliyi tərəfindən qiymətli hədiyyələrlə təltif olunur və burada müəllim vəzifəsində saxlanılır.

Professor Vəli Xuluflu hələ Az.DETİ-nin aspi-ranturasına daxil olanda (1931) diqqətini cəlb edən, uğurlarını fərəh hissi ilə izlədiyi Mir Cəlalı 1934-cü ilin noyabr ayında Az.OZFAN-ın tərkibində fəaliyyət göstərən Azərbaycan Şura Ensiklopediyasına işə dəvət edir. AŞE-nin elmi katibi V.Xuluflunun 15 noyabr 1934-cü ildə (M.C.Paşayevin AŞE-yə qəbul olunduğu tarix) imzaladığı 35 saylı əmrdə göstərilirdi ki, Mir Cəlal Paşayev bu il noyabr ayının 14-dən üç yüz manat əməkhaqqı ilə AŞE-nin terminlərlə iş üzrə mütəxəssis vəzifəsinə təyin edilir. Bu əmr ədibin akademiya sisteminə daxil olduğu tarixi təsdiqləyən ilk sənəddir.

Az.DETİ-nin aspiranturasında onunla eyni vaxtda (1931-1932) oxuyan Heydər Hüseynovun 1936-cı ildə SSRİ Elmlər Akademiyası Azərbaycan Filialının Ensiklopediya və Lüğətlər İnstitutuna (ELİ) direktor təyin edilməsi Mir Cəlalın fəaliyyətində müsbət dəyişikliyə səbəb oldu. O, səmərəli işinə və təşkilatçılıq bacarığına görə terminlərlə iş üzrə mütəxəs-sislikdən elmi işçi, daha sonra isə ədəbiyyat şöbəsinin müdiri vəzifəsinədək irəli çəkildi. M.C.Paşayev 1934-cü ilin noyabrın 14-dən 1939-cu il fevral ayının 5-dək böyük həvəslə Ensiklopediya və Lüğətlər İnstitutunda çalışmışdır. Amma təəccüblüdür ki, böyük ədibin dörd ildən çox Ensiklopediya və Lüğətlər İnstitutunda göstərdiyi fəaliyyət onun haqqında yazılmış bir sıra monoqrafiyalarda öz əksini tapmamışdır.

Mir Cəlal Paşayevin Ensiklopediya və Lüğətlər İnstitutundan çıxmasının səbəbləri yaranmış mövcud maliyyə böhranı, bu elmi-tədqiqat ocağında fəaliyyətin zəifləməsi və bir sıra obyektiv zərurət ilə şərtlənsə də, çox güman ki, ən başlıca qayə - böyük elm yolları ilə ədəbiyyatşünaslıq məbədinə doğru addımlamaq arzusu olmuşdur.

Heydər Hüseynov Ensiklopediya və Lüğətlər İnstitutunun rəhbəri olmaqla yanaşı, 1939-cu ilin yanvar ayının 1-dən Az.FAN Rəyasət Heyə-tinin qərarı ilə Nizami adına Ədəbiyyat və Dil İnstitutunun da yarım ştat (0,5) direktoru təyin edilmişdir. O, 1939-cu il 4 fevral tarixli Az.FAN Rəyasət Heyətinin sədr müavini Əhəd Yaqubova ünvanladığı məktubda yazırdı: "Ensiklopediyada işlərin müvəqqəti dayandırıldığına görə Ensiklopediya və Lüğətlər İnstitutu Ədəbiyyat şöbəsinin müdiri Mir Cəlal Paşayev yoldaşın Nizami adına Ədəbiyyat və Dil İnstitutuna köçürülməsi üçün sərəncam verməyinizi Sizdən xahiş edirəm".

H.Hüseynovun müraciəti özünü çox gözlətmədi. Ertəsi gün, fevralın 5-də Az.FAN Rəyasət Heyətinin iclasında müraciətə baxıldı. Seçim çox dəqiq idi. Fəaliyyət meydanını genişləndirməyə çalışan Ədəbiyyat İnstitutuna istedadlı, gənc, böyük potensiala malik bir ədəbiyyatşünas göndərilirdi. Az.FAN Rəyasət Heyətinin 1939-cu il 5 fevral tarixində keçirdiyi 8 saylı protokolda yazılırdı: "Ensik-lopediya və Lüğətlər İnstitutu Ədəbiyyat şöbəsinin müdiri Mir Cəlal Paşayev yoldaş bu ilin fevralın 5-dən aylıq əməkhaqqı 700 manat olmaqla Nizami adına Ədəbiyyat və Dil İnstitutuna böyük elmi işçi vəzifəsinə köçürülsün. Sədr - Yaqubov Ə.Ə. Katib - Ostrouxov N.N."

Onu da vurğulamağa ehtiyac duyulur ki, Heydər Hüseynov 26 fevral 1939-cu il tarixli, 32 saylı əmri ilə fevralın 16-dan Ədəbiyyat şöbəsinə müvəqqəti müdirliyi Ədəbiyyat İnstitutuna yenicə daxil olan Mir Cəlal Paşayevə həvalə etmişdir. Doğrudur, müvəqqəti şöbə müdirliyi uzun sürməsə də, bu fakt gənc Mir Cəlal üçün onun elmi-təşkilatçılıq imkanlarından xəbər verən sevindirici hadisə idi.

Nizami adına Ədəbiyyat və Dil İnstitutuna qəbul edildikdən dörd ay sonra böyük ədibin fərdi iş planı ilə bağlı hazırladığı yarımillik hesabat Akademiya sistemində yaradıcı əməyə yeni baxışların təzahür forması olmaqla yanaşı, nümunə etiketidir. Ədəbiyyatşünaslıq sahəsində görülən nəhəng işlərin miqyasını təsəvvür etmək üçün də Mir Cəlal Paşayevin hesabatı müqayisə baxımından yetərlidir: O yazır: "Ədəbiyyat şöbəsinə (Yarımilliyin yekunları haqqında məlumat). 1939-cu ildə plana görə mən 1. Haqverdiyevin prozaçılığını çapa hazırlamalı; 2.  Füzulinin poetik xüsusiyyətlərini yazmalı idim.

İyunun 15-nə qədər Haqverdiyevin əsərlərinin prozaçılığını kommentariyası ilə bərabər hazırlayıb, şöbəyə təhvil vermişəm. Plandankənar Füzulinin I cildini resenziya etmişəm. Dissertasiya temasının əsas materiallarını (Füzulinin divanını) oxumuşam, qeydlər götürmüşəm.

Məzuniyyətdən sonra qalan üç ayda (X-XII) temamı yazıb qurtaracağam. İnstitutun elmi işçisi: Paşayev Mir Cəlal".

Bir elmi işçinin qısa müddət ərzində bu qədər ağır və əhatəli işi öz üzərinə götürməsi, həm də müxtəlif mövzularda elmi-tədqiqat planını uğurla yerinə yetirməsi ciddi və mötəbər ənənənin mövcudluğundan xəbər verməklə yanaşı, Elmlər Akademiyasında çalışanlar üçün də örnək sayılmağa layiqdir.

(Ardı var)

 

 

Asif RÜSTƏMLİ

AMEA Nizami adına Ədəbiyyat İnstitutu Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor

 

525-ci qəzet.- 2019.- 15 yanvar.- S.6.