Bir ömrün tanış akkordları
Bu gün Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin çox hörmətli professoru, uzun müddət Televiziya və radio jurnalistikası kafedrasının müdiri, fakültənin dekanı kimi məsuliyyətli vəzifələrdə çalışmış, bu gün kafedranın elmi-pedaqoji məsləhətçisi kimi fəaliyyət göstərən Yalçın Əlizadənin doğum günüdür.
Yalçın Əlizadəni geniş təqdim etməyə ehtiyac yoxdur. Çünki o, Universitetdə jurnalistika ixtisası aldığı çağlardan bu günə kimi peşənin həm praktik sahəsində, həm elmi, həm də pedaqoji sahəsində elə fəaliyyət göstərmişdir ki, onu Azərbaycanın media, elmi ictimaiyyəti, jurnalistikanın geniş oxucu, dinləyici, tamaşaçı auditoriyası çox yaxşı tanıyır. Biz vaxt olub ki, Yalçın müəllimin ad günlərində ayrı-ayrı imzalarla oçerklər, esselər yazmışıq. Bu dəfə qəzet səhifəsinə yeni formatla çıxmaq istədik. Yalçın müəllimi əvvəllər jurnalist kimi fəaliyyət göstərdiyi Azərbaycan teleradiosunun əməkdaşları, sonralar ömrünü həsr etdiyi Jurnalistika fakültəsinin professor, müəllim, tələbə heyəti, keçmiş məzunları həmişə sevgi ilə, hörmətlə qarşılamışlar. İstədik ki, bu dəfə sözü onlara verək, onların ürək sözlərini, dost sevgisini onun özünün də çox sevdiyi “525-ci qəzet”in səhifəsinə çıxaraq. Beləliklə, Yalçın Əlizadə haqqında onu sevənlərin sözü.
Şirməmməd Hüseynov, professor:
- Yalçın müəllim 80-in ərəfəsindədir, 79 yaşı tamam olur. Ləyaqətli ömür yaşayıb və yaşamaqdadır. Azərbaycanda jurnalistikanın inkişafında onun rolu az olmayıb. Həm elektron informasiya vasitələri - radio, televiziyanın, həm də bütövlükdə KİV-in müasirləşməsi yolunda əməyi böyükdür. Jurnalistika fakültəsində işlədiyi, xüsusən də dekan olduğu müddətdə xeyli iş görüb. Mən Yalçını hər cəhətdən - istər elmi, istər şəxsiyyəti, istərsə də vətəndaşlıq mövqeyi cəhətindən hər zaman ləyaqətli bir şəxsiyyət kimi tanımışam. İnşallah, 80 illiyini geniş şəkildə qeyd edərik!
Vüqar Əliyev, Jurnalistika fakültəsinin dekanı:
- Professor Yalçın Əlizadə, məncə, doğma Universitetimizin Jurnalistika fakültəsinə deyil, ümumilikdə ölkəmizin ali jurnalistika təhsilinin tarixinə öz adını yazdırmağı bacarmış bir şəxsiyyətdir. Onun həm pedaqoji fəaliyyəti, həm idarəçiliyi şübhəsiz ki, Jurnalistika fakültəsinin inkişafına öz ciddi təsirini göstərib. Yalçın müəllim, həm də peşəkar radio nəzəriyyəçisidir. Bu gün fakültəmizdə çalışan bir çox istedadlı gənc müəllimlər, məhz onun dövründə işə qəbul olunublar, onun yetirmələridirlər.
Müasir Azərbaycan radiosunun nəzəri bilikləri barədə söz açarkən, Yalçın müəllimi yada salmamaq olmur. Onun bu sahədə yazdığı əsərlər, bu gün də ciddi istinad mənbəyidir. Və Yalçın müəllim gözəl iş yoldaşıdır. Hər zaman yanındakına diqqətini, qayğısını əsirgəməyən, onun üçün əlindən gəldiyi qədər kömək edən və bunu özünə borc bilən bir insandır.
Nizaməddin İsgəndərov, Mexanika-riyaziyyat fakültəsinin dekanı:
- Yalçın Əlizadə ilə xeyli müddət bir vəzifədə işləmişik. O, Jurnalistika fakültəsinin, mən isə Mexanika-Riyaziyyat fakültəsinin dekanı kimi. Yalçın müəllim çox prinsipial, sözü birbaşa deyən, öz fakültəsinin və bütövlükdə Universitetin patriotudur. Çox bilikli, Jurnalistika peşəsinin mükəmməl sahibi və ciddi bir alim kimi onu çox yaxından tanıyıram. Yalçın müəllimdə qəribə bir riyazi dəqiqlik var. Dekan olan vaxtlarında verdiyi ümumi təkliflər, çıxışlarındakı müddəalar hamımızı dəqiq olmağa çağırırdı. Bu gün də Yalçın bir pedaqoq kimi, kitabları tələbələrə dəstək olan bir alim kimi qiymətli insandır. Onun doğum günü mübarək olsun, çünki 17 yanvar Azərbaycan jurnalistikasına dəyərli, vicdanlı, peşəkar bir media xadimi, məhsuldar bir alim bəxş edib.
Azad Qurbanov, Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı:
- Mənim dekan həmkarım olmuş, Yalçın müəllim mənəvi cəhətdən saf, təmiz bir insandır. O, özünün səmimiliyi, insanlara diqqətli münasibətilə hamının, xüsusilə tələbələrin böyük hörmətini və sevgisini qazanmışdır. Şəxsən mənim üçün o, yüksək mədəniyyət, ziyalılıq, obyektivlik, prinsipiallıq nümunəsidir.
Professor Yalçın Əlizadə bir müəllim kimi çox təmkinli, işıqlı, müdrik simaya malik insandır. O, dekan olanda tələbələrə qarşı mülayim və xeyirxah münasibətilə digər dekanlardan fərqlənirdi. Tələbələrlə ünsiyyətdə onun üzündə, gözlərinin dərinliyində nurlu bir təbəssüm görmək olardı. Lakin Yalçın müəllimin mülayimliyi, humanizmi onun ciddiyyətinə, obyektivliyinə qətiyyən mane olmurdu. O, bu mülayimliyi ilə yanaşı, olduqca prinsipial, tələbkar və obyektiv bir dekan oldu.
Bu gün də yorulmadan çalışan, məsləhətlərilə həmkarlarına, ən əsası, gənclərə doğru yol göstərən Yalçın müəllim “Öyrətmək yenidən öyrənməkdir” devizi ilə yaşayır.
Nəsir Əhmədli, professor:
- “Yalçın” sözünün etimologiyası ucalıqla, mərdanəliklə, məğrurluqla bağlıdır. Yalçın müəllim adının mənasını tam doğruldan, həqiqətin gözünə dik baxan, qürurlu, mətanətli, riyakarlıqdan uzaq, sözü ilə əməli bir olan əsl Kişidir. Mən onu 45 ilə yaxındır tanıyıram. Bir dəfə də olsun sözündən döndüyünü, haqqı nahaqqın ayağına verdiyini, şəxsi mənafeyi naminə kiməsə yarındığını görməmişəm. Yalçın müəllim kamil insan, müdrik şəxsiyyət, hər zaman güvəniləsi etibarlı dost, istedadlı jurnalistdir.
Qulu Məhərrəmli, professor:
- Universitetdə dərs deməyə başlayanda mən Yalçın müəllimi bir az da yaxından tanıya bildim (Məni BDU-nun Jurnalistika fakültəsinə dərs deməyə o, dəvət etmişdi, demişdi ki, burada praktik jurnalistlərə ciddi ehtiyac var). Onun müxtəlif vəziyyətlərdəki prinsipial davranışlarını görəndən sonra əmin oldum ki, bu, mənim təsəvvürümdəki “yaxşı müəllimdən” daha böyük, daha miqyaslı, daha parlaq bir şəxsiyyət imiş. Tədrisi əla bilən, yaxşı təşkilatçılıq qabiliyyəti olan Yalçın müəllimin prinsipiallığı, qaydalara bağlılığı, bir az da qaradinməzliyi bəzən adamları qorxutsa da, onun içindəki güclü ədalət hissini görməmək mümkün deyil. Hər şeyə vicdan və əxlaq kateqoriyaları ilə yanaşması, aydın məslək və yüksək ləyaqət sahibi olması, xüsusən nəfsinə hakim ola bilməsi, yaltaqlığı xoşlamaması Yalçın müəllimlə məni çox yaxınlaşdırmışdır.
Professor Yalçın Əlizadə heç nəyə görə heç kimin qarşısında əyilən adam deyil. Çox adam istəyərdi ki, onun kimi olsun, amma ola bilmir, çünki buna daxili gücü çatmır. Yalçın müəllim ona görə fərqlidir ki, onun daxili gücü və içinin işığı var. Onu adamlara sevdirən də budur.
Alxan Bayramoğlu, professor:
- Yalçın Əlizadə mənə görə təpədən dırnağa qədər inzibatçı, təşkilatçıdır. O, özünün elmi yaradıcılığını da bu keyfiyyətlərə qurban veribdir.
Maraqlı, həyati və ibrətamiz əhvalatları yerli-yerində yumorla dilə gətirən Yalçın müəllimdə naxələflik, adama quyu qazıb onu arxadan vurmaq xüsusiyyəti də, demək olar ki, yoxdur. O, özünə hörmət etməyi, izzət-nəfsini qorumağı da çox şeydən üstün tutur. Yerli-yersiz hay-küy qaldırmaqdansa, lazım gələndə susmağı, yola verməyi də çox gözəl bacarır.
Allahverdi Məmmədli, professor:
- Təhsil aldığım Jurnalistika fakültəsində müəllimlərimlə bir yerdə işləmək məni həmişə qürurlandırır. Mənə dərs demiş müəllimlər sırasında Yalçın Əlizadənin xüsusi yeri var. Mən teleradionun yaradıcılıq sirlərini Yalçın müəllimdən öyrənmişəm. Özümü həm də Yalçın müəllimin davamçısı hesab edirəm. Yalçın müəllim əvvəllər AzTV-də işləyib, sonralar mən də həmin teleradioda işləmişəm. Yalçın müəllim uzun illər Televiziya və Radio Jurnalistikası kafedrasının müdiri işləyib və indi həmin vəzifəni mən yerinə yetirirəm. Biz yenə də birlikdəyik. Yalçın müəllim kafedramızın ştatda olan məsləhətçisidir. Kafedramızın bütün əməkdaşları Yalçın müəllimin dəyərli məsləhətlərindən yararlanırlar. Şəxsən mən həmişə olduğu kimi, yenə də müəllimim Yalçın Əlizadənin məsləhətinə ehtiyac duyuram. Yalçın müəllimi ad günü münasibətilə ürəkdən gələn səmimiyyətlə təbrik edir, ona cansağlığı və xoş əhval-ruhiyyə arzulayıram.
Akif Rüstəmov, professor:
- Uzun illər bir fakültədə işləməyimizə baxmayaraq, mən Yalçın müəllimi dekan olanda bir daha kəşf etdim. Yalçın müəllim sözün əsl mənasında tələbə adamıdı. Tələbələrə münasibəti, qayğılarına qalması, dərsləri ilə maraqlanması bir müəllim kimi onu bizim gözümüzdə ucaltdı. Yalçın müəllimin məşhur bir sözü var, “Fakültə ilə yaşamaq lazımdır!” Bu insan doğrudan da fakültə ilə nəfəs alır.
Yalçın müəllimlə bizim yaşımız arasında cəmi bir ay fərq var. Yaşa dolmuşuq. Bu yaşda əziz həmkarımıza can sağlığı arzulayıram.
Mahmud Mahmudov, dosent:
- Yalçın Əlizadə ilə tələbəlik illərimiz və iş yerimiz eyni zamana və demək olar ki, eyni məkana təsadüf edib. Buna görə də onun əvvəl tələbə, sonra müəllim kimi sayılıb-seçilənlərdən olmasının şahidiyəm. Lakin haqqında ən dolğun təsəvvürüm jurnalistika fakültəsində dekan olduğu dövrlə bağlıdır. Həmin illərdə o, işgüzarlığı, tələbkarlığı, fakültənin təəssübünü dərindən çəkməsi ilə daha çox fərqlənib, ümumi mənafe naminə fədakarlıq göstərib, lazım gəldikdə ən yaxınlarına belə güzəştə getməyib. Həmçinin, sözün əsl mənasında insanpərvərliyi, xeyirxahlığı da unutmayıb. Lazım gəldikdə müəllimli, tələbəli çoxlarına, o cümlədən, elə mənim özümə dəfələrlə köməklik göstərib.
Əli Hacıyev, baş müəllim:
- Yalçın müəllimi peşəkar jurnalist, gözəl pedaqoq, prinsipial və mərd insan kimi xarakterizə edərdim. Onu tanıdığım 30 ildən artıq bir dövr ərzindəki müşahidələrim bunları Yalçın müəllim haqqında deməyimə əsas verir. Xüsusilə də, Jurnalistika fakültəsinin dekanı olduğu müddətdə Yalçın müəllimin öz işinə necə ciddi yanaşdığının, müəllim həmkarlarından da işlərinə məsuliyyətli yanaşma tələb etdiyinin, bacarıqlı təşkilatçı olduğunun, lazım gələrsə müəllim və tələbə kollektivini necə qoruduğunun dəfələrlə şahidi olmuşam. Bu illər ərzində onun mənə verdiyi məsləhətlərdən də daima faydalanmağa çalışmışam.
Rəşad
Məcid, “525-ci qəzet”in baş redaktoru:
- Mənim
jurnalist kimi formalaşmağımda professor Yalçın
Əlizadənin də çox böyük xidmətləri
var. Əvvəlcə onun tələbəsi olduq. Fakültəni bitirib “525-ci qəzet”i təsis etdik.
Onun əməkdaşlarının əsas tərkibi
bu fakültənin məzunları oldu. Tezliklə
qəzetimiz media məkanında öz yerini tutdu.
Çünki bizim professor Famil Mehdi, professor
Tofiq Rüstəmov, professor Nəsir İmanquliyev kimi müəllimlərimiz
oldu. Onların içərisində
Yalçın müəllimin də xüsusi yeri var. O,
Jurnalistika fakültəsinin dekanı kimi bu fakültə ilə
bizim qəzetimiz arasında doğma münasibətlər
yaratdı. Jurnalist tələbələr
“525”i özlərinin imza yeri hesab edirlər. Bu münasibətin əsas bünövrəsi
Yalçın Əlizadənin dekanlıq dövründən
başlayır. Bizim qəzetimizin kollektivi
Yalçın Əlizadəni özlərinin müəllimi və
yaxın dostu hesab edir. Biz belə bir müəllimimizin
doğum gününü təbrik edir, ona bundan sonra da həmişəki
fəal həyat mövqeyini davam etdirməsini
arzulayırıq.
Tahir
Aydınoğlu, Əməkdar jurnalist:
- Görkəmli
jurnalist, alim və pedaqoq, professor Yalçın Əlizadə
artıq beşinci nəslini yetirən jurnalistikamızın
üçüncü nəslinin ən parlaq nümayəndələrindən
biri olaraq, bu şanlı estafetin davam etdirilməsində həm
professional jurnalist, həm zəkalı tədqiqatçı,
həm ustad müəllim, həm də bacarıqlı
jurnalistika təhsili təşkilatçısı kimi uzun illər
vicdanla, yorulmadan fəaliyyət göstərmişdir.
Jurnalistikamızın dördüncü nəslinin təmsilçisi
olaraq, mən də Yalçın Əlizadəni bilik və
bacarığını yetirmələrinə sevgi ilə
öyrədən, onları xalq işinə, peşəkar
xidmətə məsuliyyətlə hazırlayan,
özünün mənəvi övladı və
davamçısı sayan mahir qələm sahibi, dəyərli
alim, mükəmməl müəllim, qayğıkeş insan
və səmimi dost sayıram.
Yalçın müəllim böyük Zərdabi
yolunun adlı-sanlı, yüksək rütbəli jurnalistika
generallarından sayılmağa layiqdir. Mən tələbələrini
sevən və həmişə onların da istəklisi olan əziz
müəllimimə möhkəm cansağlığı,
bağlı olduğu uca dəyərlərin
artıb-çoxalmasından doğan bol sevinc arzulayıram.
Akif
Babayev, müəllim:
-
Yalçın müəllimi peşəkar bir jurnalist, ləyaqətli
bir insan kimi tanıyıram. Jurnalistika fakültəsinin
dekanı kimi səmərəli fəaliyyətini qeyd etmək
istəyirəm. Tələbkarlığı
və təvazökarlığı daha çox xoşuma gələn
xüsusiyyətlərindəndir. Həmişə
fakültəmizin imicini qoruyub saxlamaq üçün
yorulmadan çalışan bir pedaqoqdur.
Yadıma gəlir, fakültədə saat hesabı
müəllim kimi işləmək istəyirdim, bu məsələ
ilə əlaqədar olaraq rektorun fakültə əməkdaşları
ilə qəbulunda olduq. Rektor mənim haqqımda onun fikrini soruşduqda,
Yalçın müəllim məni yaxşı
tanımadığını dedi. Sözün
açığı, ürəyimdə Yalçın müəllimdən
incidim. Sonralar məni daha yaxından
tanıdı, hətta Universitet Elmi Şurasında onun dekan
kimi fəaliyyətinin hesabatı zamanı
hazırladığım slaydşounun hamı tərəfindən
rəğbətlə qarşılandığını
görəndə, mənə təşəkkürünü
bildirdi.
Bu hadisə
ona görə yadıma düşdü ki, Yalçın
müəllim fakültənin təəssübünü çəkən
adamdır. Dekan olanda onun işə qəbul
etdiyi müəllim özünün bu kollektivə layiq
olduğunu sübut etməli idi. Onu əsl
Universitet patriotu kimi tanıyırıq.
Lalə
Hacıyeva, dosent:
- Həyatda
bəxtim onda gətirib ki, həmişə yaxşı müəllimlərim
olub. Universitetdə ustadımız, professor Şirməmməd
Hüseynov başda olmaqla bütün müəllimlərimizin
üzərimdə böyük əməyi var. Ad
gününü bu gün qeyd etdiyimiz professor Yalçın
Əlizadənin bir müəllim kimi formalaşmağımda
və praktik jurnalistikadan elmə gəlməyimdə əvəzsiz
xidmətləri var. Son on beş ildə böyük həvəslə
və şövqlə məşğul olduğum mətbuat
tariximizi mənə Şirməmməd müəllim sevdiribsə,
bu dəryada hansı istiqaməti tutmağı Yalçın
müəllim göstərib. Mən
bütün müəllimlərimin dəyərli məsləhətləri
ilə elmə, təhsilə gəldim. Fakültəyə
müəllim qismində ayaq basdığım gündən
Yalçın müəllimin tələbə-müəllim-professor
heyətinə qayğıkeşliyini görmüşəm.
Bu da onun özünün böyük müəllim,
böyük insan, böyük ziyalı olduğunun göstəricisidir. Allah əziz
və sevimli müəllimimə can sağlığı versin!
Sevinc
Əliyeva, dosent:
- Hər
kəs müəllim ola bilər. Ən
azından ali məktəbi bitirib müəllim
diplomu ala bilər. Amma USTAD olmaq xoşbəxtliyi
hamıya nəsib olmur. Yalçın
müəllim Əlizadə mənə dərs deməyib.
Onun tələbəsi olmamışam. Fakültəyə ilk dəfə müəllim gələndə
də məni o qədər qəbul etməmişdi. 2006-cı ildə isə gözləmədiyim halda məni
elmi işlər üzrə dekan müavini, yəni
özünün müavini etdi. Və... həmin
gündən idarəetmə sahəsində, tədris işlərində,
təlimdə, maarifləndirmə sahəsində nə
öyrəndimsə, məhz Yalçın müəllimdən
öyrəndim. O insanın yuksək mədəniyyəti,
işlərində səliqəliyi, nizam-intizamı sevməsi,
tələbələrə qarşı çox həssas
olması, hamıya obyektiv münasibət göstərməsi,
ədalətli olması bir məktəb, bir dərsdir. Bu gün elm və tədris sahəsində nə
öyrənmişəmsə, hansı uğurları əldə
etmişəmsə, Yalçın müəllimə borcluyam.
Könül
Niftəliyeva, dosent:
- Tələbə
olanda Yalçın müəllim mənə dərs deməyib.
Fakültədə işləyəndə
dekanım olub. Yalçın müəllimin
etimadını qazanmaq çətin və uzun proses olurdu təzə
işə başlayanlar üçün. O, cavanları
sınayırdı həmin mərhələdə. Mən də o uzun prosesdən keçmişəm.
Mənə elə gəlirdi ki, heç vaxt
Yalçın müəllimə özümü sübut edə
bilməyəcəm. Hərdən hətta
ruhdan da düşürdüm. Bir gün
rektorun qəbul otağında işimlə bağlı
Yalçın müəllimin dedikləri məni yaxşı
mənada təəccübləndirdi. Onda
başa düşdüm ki, onun sınaq mərhələsindən
keçmişəm. Anladım ki, bunlar
hamısı bizim daha da məsuliyyətli olmağımız
və daha çox çalışmağımız
üçün imiş. Yalçın
müəllim fakültə daxilində bizimlə nə qədər
"sərt" davranırsa da, fakültədən kənarda
həmişə bizim yanımızda, arxamızda olur. Və bu gün də o, bizim məsləhət
yerimizdir.
Sevil Həsənova,
dosent:
- Elə
bil dünən olmuşdu. Universitetin jurnalistika fakültəsinə
qəbul olduğum, əziz və hörmətli müəllimlərimizlə
tanış olduğum, sevimli müəllimlərimizin
dərin və mənalı mühazirələri -
seminarları bizi həyat unuversitetinə hazır jurnalist kimi
yetişdirdi.
Biz tələbələr xoşbəxt idik ki, mənəvi
cəhətdən pak, təmiz, savadlı və novator müəllimlərimiz
var idi.
İxtisaslaşmada televiziya və radio jurnalistikasını seçməyimin əsas səbəbi
Yalçın müəllimin həssaslığı, hər
bir tələbəyə pozitiv münasibəti,
ixtisasımıza sevgi yaratması, onu incəliklərinə qədər
bizə oyrətməsi oldu.
Universiteti bitirdikdən sonra Dövlət Televiziya və
Radio verilişləri Komitəsində işlədim,
fakültəmizdə dərs deməyə, Yalçın
müəllimin dəstəyi ilə elmi işlə məşğul
olmağa başlasdım.
Xoşbəxtəm ki, hazırda BDU-nun jurnalistika
fakültəsinin Televiziya və Radio jurnalistikası
kaferdasında çalışıram. Bu gün əldə
etdiyim hər bir nailiyyətlərə görə müəllimlərimə
və xüsusi ilə də Yalçın müəllimə
minnətdaram.
Sevinc Məmmədova,
dosent:
-
Yalçın müəllim gözəl pedaqoq, yüksək
təşkilatçılıq bacarığı olan
insandır. Elə buna görə də
Yalçın müəllimin dekan işlədiyi illər
qayda-qanun və düzgünlüyü ilə seçilib.
Bu dövrdə müəllim heyəti ilə də
aralarında isti münasibətlər qura bilib. Bu münasibətlərdə ilk növbədə hörmət
və sayğı vardı. Bütün bu
keyfiyyətlərlə yanaşı, o, gözəl ailə
başçısı və mükəmməl bir dostdur.
Mənim atamla professor Tofiq Rüstəmov
arasındakı möhkəm dostluq heç kimə sirr
deyildi. Atamın dünyadan köçməsindən illər
keçsə də, Yalçın müəllim bir an belə onun xatirəsini unutmayıb, hər
zaman yad edib, qayğı və dəstəyini əsirgəməyib.
Mən Yalçın müəllimdən çox şey
öyrənmişəm və öyrənirəm... Bu gün də onun müdrik məsləhətlərindən,
tövsiyələrindən bəhrələnirəm. Buna görə də Yalçın müəllimə
minnətdaram, bu sevgi və səmimiyyətini ömrüm boyu
unutmayacağam.
Sima Rəhimova,
dosent:
-
Yalçın müəllimi 1975-ci ildən tanıyıram.
Onun rəhbərliyi altında 8 il dekan
müavini işləmişəm. Bu müddətdə
onun məsulliyyətli, çox ciddi xarakterə malik
olduğunu görmüşəm. İş
müddətində onun səliqə səhmanı,
qanun-qaydanı sevməsi bizə həmişə nümunə
olub. Yalçın müəllimin kollektiv
arasında ayrı-seçkilik salmaması, ədalətli
olması bizim üçün əsl önəkdir. Yalçın müəllim bu gün də
hamımızın sevimlisi, doğması və əzizidir.
Gülnarə
Sadıqova, dosent:
-
Yalçın müəllim haqqında o qədər
danışmaq istərdim ki... Sevimli müəllimlərimdən
biri olan Yalçın müəllimin ürəyimdə
xüsusi yeri var...
Həm ciddi, həm də mehriban bir insan olması
qeyri-adi xüsusiyyətdir - qəribə subardinasiya
yaradır. Şəxsən mənə olan isti münasibəti
(təbii ki, qarşılıqlı) dekan vəzifəsində
çalışan dövrdə məndə işimə məsuliyyəti
daha da artırmışdı. Mənə
elə gəlirdi ki, işdə nizam-intizamı pozsam (dərsə
geciksəm), birbaşa Yalçın müəllimə
hörmətsizlik etmiş olaram. Yalçın müəllimə
hörmətim hədsizdir!
Xalidə
Cavadova, baş metodis:
-
Yalçın müəllimlə işləmək mənim üçün
çox xoş idi. Belə ki, Yalçın müəllim Televiziya
və radio jurnalistikası
kafedrasının müdiri olduğu illərdə mən
baş laborant idim. Sonralar dekan olduğu müddətdən
qiyabi şöbədə baş metodistəm. Yalçın müəllimlə
işlədiyim müddətdə mənim gördüyüm
işlərlə demək olar ki, hər saat maraqlanar lazımi məsləhətlərini
verərdi. O, bu gün də fakültə ilə nəfəs
alır, çalışır ki, fakültənin adı həmişə
yaxşıların
sırasında olsun. Sözü
bütöv müəllimdir.
Tələbələrə münasibəti
ata-övlad münasibətidir.
Yalçın
müəllim, Allah Sizi qorusun, ömrünüz uzun olsun!
Elmira
Mehdiyeva, “Zaqatala” qəzeti, Əməkdar mədəniyyət
işçisi:
- Şahidiyəm ki, tələbəlik illərini biz,
jurnalistika fakültəsinin məzunları kimi heç də
bütün məzunlar xoş xatirələrlə yada
salmır. Ona
görə ki, heç də bütün ali
təhsil müəssisələrində Bakı Dövlət
Universitetinin jurnalistika fakültəsindəki kimi ab-hava
olmurdu. Mən sevimli müəllimlərimdən
biri, Yalçın Əlizadə haqqında xatirələrimi
demək istəyirəm. Yalçın
müəllim bizə radio jurnalistikasından dərs deyirdi.
Bu, onun sahəsi idi. Yalçın
müəllim radio-jurnalistikanın nəzəri əsaslarını
fundamental sürətdə araşdıran ilk alimlərdən
biridir. Bəlkə də mənə radio
jurnalistikanı o sevdirmişdi ki, ömrümün 28 ilini Azərbaycan
Radiosundakı fəaliyyətimə həsr etmişəm.
Tələbəlik illərimizdə
Yalçın müəllim bizim üçün əsl
pedaqoq idi. Müdrik bir müəllim kimi
onu tələbələr həm sevir, həm də dərindən
hörmət edirdi. 2006-cı ildə
Əməkdar Mədəniyyət İşçisi Fəxri
adını almağımda da ondan öyrəndiklərimin
rolu böyük olmuşdur.
Ağsaqqal, müdrik, səmimi müəllimimi ad günü münasibəti ilə təbrik edirəm. Nə yaxşı ki, sənət yolumu seçəndə sizin kimi müəllimlərlə rastlaşdım. Sizlər bizə insanlıq dərsi keçdiniz ki, bu gün o fakültənin məzunlarının hər birinin həyat amalı bu mizanlar üzərində quruldu. Onların hər biri öz qələmi ilə sizlərdən - şəxsən Sizdən, Yalçın müəllim, aldıqları o həyat dərslərinə sədaqətini təsdiq etməkdədir.
Arzu İsayeva, tyutor:
- Ömür də silsilə dağlara bənzəyir.
Hər il
bu silsilədən biri fəth edilir. Biləndə
ki, Yalçın Əlizadənin ömür silsiləsində
artıq 78-ci zirvəsi ötməkdədir, əvvəlcə
bu dolğun rəqəmin yaratdığı heyrətə
inanmadım. Ömürdü, bir göz
qırpımında ötüb keçir. İndi saçları seyrəlmiş, qarlı zirvələri
xatırladan Yalçın Əlizadə ömrünün
79-cu silsiləsi görünməkdədir.
Yalçın Əlizadə ləyaqətli ömür
sahibi olmaqla bərabər öz müəllimlərinin
ümidlərini, həmkarlarının, eləcə də tələbələrinin
inamlarını doğrultmuş alim, müəllim, əsl
ziyalı və bacarıqlı dekan olub və bu gün də
həmin keyfiyyətləri müəllimlik vəzifəsində
davam etdirir. Bu fakültədə kimi dindirsən, istər müəllim
olsun, istərsə tələbə, fərq etməz,
hamısı böyük hörmət və səmimiyyətlə
Yalçın müəllim haqqında xoş sözlər
danışar.
Orxan
Quluzadə, Füruzə Hüseynova, Günel Mehdizadə, Xəyalə
Bünyatova, Aynurə Vəliyeva, magistrantlar:
-
Yalçın müəllimin elektron informasiya vasitələri
ilə bağlı dərs vəsaitləri, elmi məqalələri
dərslərimizdə və imtahanlarda bizə dayaq olub. Onun radiojurnalistikaya dair əsərləri hazırda əlimizdə
yazmaqda olduğumuz magistr dissertasiyalarımızın ədəbiyyat
siyahısında mühüm yer tutur. Onun
kitablarındakı elmi üslubu bizə məhz belə
yazmağı öyrədir. Fakültəmizin
bütün müəllimləri onu özlərinə bilik mənbəyi,
peşəkar jurnalist kimi nümunə sayır. Belə bir insanın, müəllimin, alimin ad
günündə söz deməyi özümüzə şərəf
sayırıq.
Səhifəni
hazırladılar:
professor Cahangir Məmmədli və Esmira Rövşənova
525-ci qəzet.-
2019.- 17 yanvar.- S.6.