O məşum gecə
GÖZLƏRİM
ÖNÜNDƏ BAŞ VERMİŞ HADİSƏ OLDUĞU
KİMİ
... Bakıda vəziyyət
ağırlaşırdı. Hər
gün Moskvadan bir neçə yüksək səviyyəli məmur
Bakıya gəlir, Mərkəzi Komitədə
danışıqlar aparılır, məsləhətləşmələr
keçirilir, xalqa müraciətlər edilirdisə də,
bunlar heç bir nəticə vermirdi. Mixail
Qorbaçov özü qaynatdığı qazanda özü
"bişirdi" və bütün kin-küdurətini Azərbaycanın
üstünə tökürdü. Həmin günlərdə
Mərkəzi Komitə katibləri A.N.Girenko və Y.M.Primakov Bakıya gəldilər.
Y.M.Primakov
bütün ölkədə nüfuzlu şəxslərdən
biri idi. 1970-ci illərin sonlarında o, SSRİ Elmlər
Akademiyasının vitse-prezidenti Ovçinnikov və həmyerlimiz
Q.Əliyevlə Bakıya bir həftəlik görüşə
gəlmişdi, ölkəmizə maraq göstərən,
xalqımıza hörmət bəsləyən bir insan idi.
Şərq ədəbiyyatı üzrə mütəxəssis
olub, əvvəlcə SSRİ EA Şərqşünaslıq
İnstitutunun elmi işlər üzrə direktor müavini, həmin
institutun direktoru olmuş, sonra Sov.İKP Mərkəzi Komitəsinə
katib vəzifəsinə aparılmışdı. Onlar ölkə
rəhbərliyi ilə
məsləhətləşmələr aparır,
çıxış yolu axtardılar. Doğrusu,
onlar Azərbaycan xalqının belə mütəşəkkil,
inadlı mübarizəsini gözləmirdilər. Uzun müzakirələrdən sonra onlar televiziya
vasitəsi ilə xalqa müraciət etdilər. Mitinq və
nümayişlər dinc məcraya yönəldilsin,
barrikadalardan əhali dağılışıb evlərinə
qayıtsın, şəhərdə normal həyat davam etsin və
s. Həm də onlar Baş katib adından söz verdilər
ki, qoşunlar əmin-amanlığı qorumaq
üçün Bakıya yeridiləcək və bir dənə
də olsun atəş açılmayacaq, Dağlıq
Qarabağ münaqişəsi dinc yolla, danışıqlar
vasitəsi ilə həll ediləcək...
Lakin nəinki Azərbaycan xalqı, heç özləri
də danışdıqlarına inanmırdılar. Əslində isə
Bakıya göndərilənlərin özlərini də
aldatmışdılar. Onlar Moskvadan yola
salındıqdan sonra "Qensek" SSRİ Müdafiə
naziri Yazova qoşunların Bakıya girib "əmin-amanlıq"
yaratması üçün təcili göstəriş
vermiş və sərəncam imzalamışdı. Deyilənlərə görə, həmin sərəncam
Azərbaycan hökumətinin təqdimatı və təklifləri
əsasında hazırlanmışdı.
Yanvarın 19-u sakit keçdi. Axşam saat 20.00 radələrində
qəflətən televizor, sonra isə işıqlar
söndü. Qış vaxtı belə
şeylər olduğundan evdə saxladığımız
neft lampasını yandırdıq. Bayırdan
qonşuların səsi eşidilirdi. Mən
də bayıra çıxıb onlarla söhbətə
qoşuldum, lakin işıqlar yanmadı. Hava
şaxtalı olduğundan qayıdıb evimizə girdik.
Yastığı götürüb divanın
üstünə qoyub dirsəklənib oturdum. Çuğun qaz pilətəsi evi çox isti
etdiyindən məni yuxu aparmışdı, nə qədər
yuxuladığımı bilmədim. Birdən
açılan tor atəşi bütün məhəlləni
ayağa qaldırdı. Yaylım atəşi
"Qələbə" kinoteatrının
yaxınlığından açılmışdı. Saat 23.45 idi.
Top atəşinin
digəri isə XI qızıl Ordu (indiki 20 yanvar)
meydanından açıldı. Yer titrədi.
Heç kim nə baş verdiyini
anlamadı. Dəri gödəkcəmi geydim,
papağımı başıma qoyub bayıra
çıxdım. Qonşular da həyətə
çıxmışdılar. Şəhəri
tank tırtıllarının boğuq gurultusu, açılan
atəş səsləri başına
götürmüşdü. Anam mənim getməyimə
mane olmaq istədi: Bayıra çıxanda yolumu kəsdi:
- Ay bala,
getmə, arvadlar deyirdilər ki, qırğın olacaq.
Mən də:
- Ay ana, əgər
arvadlar deyirlərsə, deməli, qırğın olmayacaq!
Anamın yanından keçib bayıra
çıxdım. Bir neçə nəfərlə
yaşadığımız qəsəbənin kənarından
keçən yolun qırağına çıxdıq.
Hər tərəf zülmət içində
idi. Bu vaxt iki ədəd T-72 markalı
tankın üzüaşağı, bizə tərəf
ağır-ağır gəldiyini gördük. Tankın üstündəki dəzgahlı pulemyotdan
hər tərəfə işıq saçan güllələr
yağırdı. Güllələr gecənin
zülmətini yarır, onu işıqlandırırdı.
Yanımdakı
qonşulardan biri dedi:
- Bunlar
qadağan olunmuş güllələrdir, biri adama dəyəndə
bütün bədənində gəzib onu didib-tökür. Tanklar, onların dalınca gələn PDM-lər bizə
yaxınlaşırdı. Biz dörd yolun
ayrıcına tərəf qaçdıq, tinin başına
çatmışdıq ki, 3-cü mikrorayon tərəfdən
yenə iki tank və zirehli maşınların gəldiyini
gördük. Sola dönüb o vaxtkı Sənaye
Tikintisi nazirliyinə tərəf getmək istəyirdik ki, 20
yanvar meydanından avtomat və pulemyotların səsindən
yer-göy titrəməyə başladı. İnsanlar qışqırır, vahimə ilə
üzüaşağı qaçır, yol ətrafındakı
ağacların arxasında gizlənir, canlarını qurtarmaq
üçün yerə yatırdılar. Bu
vaxt ağır tank nömrə nişanı olmayan qara rəngli
QAZ-24 maşının üstünə yeridi. Sürücü çevik hərəkət edib rulu
kəskin hərəkətlə sola çevirdi. Onun ancaq arxa hissəsi tankın böyrünə
toxundu. Arxadan gələn tankın
üstündə böyük bir projektor yerləşdirilmişdi,
onun işığı bütün küçəni
gündüz kimi etmişdi. Birinci
tankın yanındın ötüb keçən QAZ-24
maşınını görürdülər. Tankın qülləsi maşına sarı
çevrilirdi ki, sürücu bunu gördu, yenə də cəld
hərəkətlə maşını 3-cü mikrorayona
sarı yönəltdi, yenə də salamat qurtardılar.
Bu vaxt qabaqdan gələn tankın qarşısına
üstünə odun yığılmış 37-58 AJZ
nömrəli, "Zaporejets" markalı maşın
çıxdı. Tank yolun sağ tərəfi ilə
yuxarıya gedən maşını "yaxaladı" və
onu tırtıllarının altına alaraq əzib yerə
yapışdırdı.
Bu vaxt gözlənilməz bir
hadisə baş verdi: Tank yolun kənarına
basdırılmış, troleybus xətlərini saxlayan, eni
50-55 sm olan dəmir dirəyə toxundu, dirək geriyə
qatlandığından elektrik naqilləri qırılaraq
tankın üstünə töküldü. Qısa
qapanmadan güclü alov və partlayış alındı.
Biz elə bildik ki, içəridəkilər
hamısı yanıb kül oldular. Lakin bir az keçmiş tankın mühərriki
işə düşdü, o, dəmir dirəyi əyib onun
üstündən keçərək dörd yolun kəsişdiyi
tərəfə getməyə başlayırdı ki, haradansa
iki nəfər cavan oğlan çıxıb əlindəki
benzin butulkasını onun üstünə atdı. Yarım litrlik butulka tankın təkərinin
üstünə düşdü, kiçik alov
parçası heç bir təhlükə törətmədi.
Arxadan gələn tankdan bunu gördülər.
Dəzgahlı pulemyot qorxunc səsi ilə guruldadı, bir an
içində iki cavanın cansız bədənləri yolun
içində qaldı... Birinci tank dörd yolun
ayrıcına çatan kimi yaylım atəşi
açdı (Yəni həmin ərazi mühasirəyə
götürülmüşdür)...
Bu vaxt gördük ki, əzilmiş
"Zaporojets" maşınının yanından bizi bir nəfər
köməyə çağırır. Bütün
qoexunu unudub oraya qaçdıq. Bayaq
tankın əzib keçdiyi maşının
sürücüsü sağ qalıbmış. Sən
demə, son anda, əvvəlcə sağ sərəfdə
oturan dostu, sonra da özü qapını açıb özlərini həmşəyaşıl
ağaclarının dibinə ata biliblər. Sürücünün
paltarı əzilmiş maşına ilişdiyindən o, sol
ayağını çəkib çıxara bilmirdi. Biz onlara kömək etdik, onu ayağa qaldırdıq.
Ayağı bir neçə yerdən yaralanmış, yaraları
qan verirdi. O, maşınına baxıb dilləndi:
-
Üç-dörd gün bundan qabaq almışdım, mənim
üçün düşərli olmadı.
Mən onu tanıdım. İncəsənət
İnstitutunun rəssamlıq fakültəsinin müəllimi
idi. Biz onları yola salıb öz yerimizə
qayıtdıq.
Bu vaxt
"Salyan kazarmaları" deyilən hərbi hissədən
yenidən yeri-göyü lərzəyə gətirən top
atəşi açıldı, sonra tanklar, PDM-lər bura
yığışmış insanların üstünə
yeridildi. Ağır tanklar bir anın içində
buraya qoyulmuş "İkarus" avtobuslarını
(onların içində nümayişçilər növbə
ilə dincəlirdilər), "Kamaz" markalı
maşınları əzib yoldan çıxartdı,
insanları tırtıllarının altında əzərək
irəli cumdu. Avtomat və pulemyotlardan
açılan atəşlə insanlar yarpaq kimi asfaltın
üstünə tökülürdülər. Qorxu və həyəcandan vahiməyə
düşmüş insanlar qışqırır, kömək
diləyərək müxtəlif istiqamətlərə
qaçırdılar, lakin hara gedirdilərsə,
yağış kimi yağan "işıqlı"
güllələrdən yaxa qurtara bilmirdilər.
Güllələr
zülmətin bağrını yarır, sanki onu bu yerlərdən
birdəfəlik qovmaq istəyirdi... "İşıqlı"
güllələr topların, pulemyot və avtomatların
ağzından qopub insanların alnına, sinəsinə,
ürəyinə sancılırdı. Zülmət
qan ağlayırdı, qan yağdırırdı, özü
də bu qanın içində boğulurdu. "Zülmət sultanının" "Zülmət
gecəsi" qanlı gecə idi. Tarixdə az-az təsadüf
edilən Qanlı gecələrdən biri... Bu gecə xəyanət,
nifrət və qorxudan yoğrulmuşdu... Ancaq...
ancaq o işıqlı səhəri doğuracaqdı.
İstəsə də, istəməsə də!!. O gecə çox şeyi aşkara
çıxardı... Ən başlıcası
isə özümüzü, dostumuzu, düşmənimizi
tanıdıq. O gecə tarixin amansız ibrət dərslərini
aldıq.
Əməliyyat cəmisi 10-15 dəqiqə çəkdi,
lakin onun vurduğu yaralar yüz illər boyu yaddan
çıxmayacaqdı. Biz divara qısılıb
qalmışdıq. Gözlərimiz
qarşısında baş verən faciəyə görə
vicdan əzabı çəkirdik. Bu vaxt
haradansa çıxıb üzü aşağıya gedən
göy qəngli "Moskviç-412" markalı
maşın yanımızdan ötüb keçdi. Onların qarşıdakı qırğından xəbəri
yox idi. Elə tankların yanından ötüb
keçmişdilər ki, qarşıda keşik çəkən
PDM-in üstündəki pulemyot şaqqıldadı, maşın
deşik-deşik oldu, yolun kənarına çıxıb
düz indiki Nəqliyyat Nazirliyinin qabağında bir ağaca
dəyib dayandı. Səhərisi gördük
ki, içəridəkilərin bədəni pulemyot güllələrindən
parça-parça olmuş, maşın qanla dolmuşdu.
XI Qızıl Ordu meydanından üzü
aşağıya xüsusi siqnalı olan "RAF"
markalı təcili yardım maşını üstündəki
göy işığı yandıraraq gəlib tankların
yanında durdu, orada dayanmış zabitlərdən
yaralılara kömək etmək üçün irəli
buraxılmaları haqqında icazə istədi. Zabitlər onlara yol verdilər. Maşın yolu
keçdi, bir az getmişdi ki,
aşağıda keşik çəkən zirehli
maşınlardan onu gördülər. Onlara
yaxınlaşan anda yenə pulemyotlardan sürəkli atəş
açıldı.
Təcili yardım maşını səkiyə dəyib
xüsusi qulluqla əkilən yaşıl çəmənliyə
çıxdı, palçığa bataraq orada qaldı. Nə sürücü, nə
də köməyə gələn ağ
xalatlı həkim bayıra çıxa bildilər, güllələr
onların həyatına son qoymuşdu. Hamımız
heyrət içində idik, insanları görən kimi ya atəş
açır, ya da onları həbs edib hərbi hissələrə
göndərir, zirzəmilərə doldururdular. Vahimə
və soyuqdan
tir-tir əsirdik. Gizləndiyimiz yerdən
çıxsaq, ya atəş açacaq, ya da
"ekstremist" kimi həbs edəcəkdilər. Şaxta isə daha da bərkiyirdi. Gecədən xeyli keçmişdi. Bu vaxt "Qələbə" kinoteatrı tərəfdən
surətlə bir minik maşını gəlib tankların
yanında dayandı, içəridən mülki paltarda bir nəfər
çıxıb iti addımlarla tankların yanında
dayanmış zabit və əsgərlərə
yaxınlaşdı (Bu vaxt küçənin dörd bir tərəfində
postlar qurulmuş, əli avtomatlı ehtiyatda olan əsgərlər
onlarda keşik çəkirdilər). Sonra həmin adam onlardan ayrılıb postda dayanmış
uzun saqqal saxlayan, bronjilet geyinmiş, papağının
qulaqlıqlarını açmış əsgərə
yaxınlaşdı, əsgər əlini avtomat silahdan çəkib
hərbi təzim vermək istəyirdi ki, həmin adam cəld
gödəkcəsinin altında saxladığı
tapancanı çıxarıb dörd dəfə atəş
açdı. Əsgər yerə
yıxıldı, papağı başından yerə
düşüb qaldı. Həmin şəxs
əyilib onun avtomatını götürüb zabitlərin
yanına qayıtdı. Silahı onlara verdi.
Həmin zabitlərdən ikisi onun
maşınına minib gəldikləri yolla geri döndülər.
Lap sonralar öyrəndik ki, belə əməliyyatlar
keçirilərkən ordu "itki" verməlidir. Guya silahlı ekstremist qüvvələrlə
aparılan döyüşlərdə orduda ölənlər
də olmuşdur. Hava
işıqlanırdı, şaxta daha da güclənir, biz
gizləndiyimiz yerdən çıxa bilmirdik. Ətrafı lal və faciəli bir sakitlik
bürümüşdü. Bu vaxt heç
gözləmədiyimiz halda zabitlərdən birinin bizə tərəf
gəldiyini gördük. O, ayaqyolu axtarırdı, bizə
yaxınlaşanda qabağına çıxdıq. Zabit bunu
gözləmirdi, deyəsən, bir balaca qorxub
çaşdı:
- A vı çto zdesc delaete? (Siz
burada nə edirsiniz?)
Qonşum
cibindən vəsiqəsini çıxarıb ona göstərdi,
sonra da:
- Gecə
növbətçiliyim qurtardı, evə gedirik, yoldaş
zabit! Bizə kömək edin, evə çataq!
O
gülümsündü, sonra da:
- Bu saat!
O, iki əsgəri
çağırıb əmr etdi.
- Provodite
ix domoy! (Onları evlərinə yola salın!)
- Spasibo,
tovariş ofiüer! Mı oçenğ blaqodarnı Vam!
(Sağ olun yoldaş zabit, biz sizə minnətdarıq).
Zabit
sözlərimizdəki kinayəni duymadı, bizə
dönüb:
-
Pojaluysta, pojaluysta. Budğte ostorojno, koqda vıydete na uliüu (Buyurun, buyurun, küçəyə
çıxanda ehtiyatlı olun!)
Əsgərlər bizi qəsəbəyə kimi yola
saldılar. Bütün məhəllə ayaq üstə idi.
Heç kim bizim
qayıtmağımızı gözləmirdi. Anam
yun ədyala bürünüb qapıdakı stulun
üstündə oturmuşdu. Məni
görən kimi sakitcə hər iki əlini göyə
qaldırdı. Şaxta kələyimi kəsdiyindən
evə keçdim...
Müzəffər
adlı qonşumuz evə gəlməmişdi: Hara adam göndərdilərsə
"gördüm" deyən olmadı. Səhər
saat 10.00 radələrində axşam mənimlə
küçədə qalanlar gəldilər ki, gedəyin
Müzəffərdən bir xəbər tutaq. Biz küçə ilə aşağı gedib Nəqliyyat
Nazirliyinin tininə çatdıq.
Birdən axşam bizim evə getməyimizə kömək
edən zabit qarşımızı kəsdi. O, bütün gecəni
yatmadığından gözlərinin altı
şişmiş və qızarmışdı. Hər tərəfdə əli avtomatlı əsgərlər
dayanmışdı. Zabit bizimlə salamlaşdı və
xəbər aldı:
- İndi nə istəyirsiniz?
-
Yoldaş zabit, biz qohumumuzu axtarırıq. Hər
yerdən soruşmuşuq, tapılmır.
- Bəlkə
öldürülüb?! - deyə o dilləndi.
- Bilmirik,
yoldaş zabit! Xahiş edirik!
Heç kimin gözləmədiyi bir vaxtda o, özlərinin
ənənəvi söyüşləri ilə
M.S.Qorbaçovu söyüb, lənət yağdırdı. O, heç kimdən
qorxmurdu:
- Bizi
aldadıblar, bura gələndə dedilər ki, Bakıda
rusları və ermənləri qırırlar. Əsgərlərin
əksəriyyəti ehtiyatda olan qüvvələrimizdir.
Bizi yaxşıca günahsız insanların
üstünə salıb qırdırdılar. Biz bura çatanda əlində silah olan bir nəfərə
də rast gəlmədik. Bizi aldadıb bu
faciəyə təhrik elədilər. Allah bunu bizə
bağışlamayacaq! Sonra o, özünü mənə
çevirib:
- Qoyun mən
gedib komandirlərimdən icazə alım, sizi
qırğın gedən yerə buraxsınlar. Burada
dayanın, heç yerə tərpənməyin. O, iti
addımlarla bizdən çox aralı dayanmış yüksək
rütbəli zabitlərin yanına getdi. Mən
axşam gülləbaran edilmiş "Moskviç-412"
maşına gözücu nəzər saldım. Sürücünün başı qapıya tərəf
əyilmiş şəkildə qalmışdı.
Yanındakı yoldaşı qabaqkı şüşəyə
söykənmişdi... Onları gəlib aparan olmamışdı...
Zabit qayıtdı. Yanında bir gənc leytenant da var idi.
O, leytenanta tapşırdı;
- Yermakov,
bu adamları müşayiət edin, adamlarını bəlkə
tapdılar, sonra geri qaytarıb yola salın!
Yermakov bizi insanlar gülləbaran edilən yerə gətirdi. Dəhşətli
bir mənzərə var idi. Əzilmiş
maşınlar, parça-parça edilmiş insanlar adamı
vahiməyə salırdı. Güllələnmiş
insanların qanı küçə ilə
üzüaşağı axıb getmiş, sonra şaxtadan donub
bərkimiş və qaralmışdı. Bunu ancaq
kinolarda və müharibədən danışan kitablarda
oxumaq olardı... Meyitləri əsgərlər
xərəyə qoyub qarşıdakı kiçik təpənin
üstünə sıra ilə yığırdılar.
Hərbi hissənin qarşısını
dövrəyə almış hərbçilər törətdikləri
cinayətlərini seyr edirdilər, küçənin
ortasında insan əzalarının qalıqlarından
toplanmış bir yığın ət parçası var
idi. Tükürpədici mənzəri idi.
Ağ xalat geymiş həkimlər meyitlərin
arasında gəzir, onların yaralarına baxırdılar.
Biz həmin kiçik təpənin üstünə
çıxdıq. Ölənlərin əksəriyyəti
gənclər idi. Aralarında qadınlar
da var idi. Qurşaqdan yuxarı bədəni
açıq qalmış qara, qıvrımsaçlı uzun
boylu bir qıza 12 güllə dəymişdi. Maraqlı idi ki, güllə dəyən yerlərdən
qan çıxmamış, onların ancaq yeri göyərmişdi.
Görünür, qan içəri
axmışdı. Bir güllə
qızın sağ gözünün altındakı
sümüyü dağıtmışdı. Bu vaxt
qonşularımdan biri məni dümsüklədi, sonra da
yavaşcadan:
- Bax,
orada tünd qəhvəyi rəngli qanlı gödəkçə
Müzəffərin olacaq!
Mən də:
- Ola bilməz!
-
Onunkudur. Dünən axşam barrikadaya gedəndə
onu geyindi ki, isti saxlayır, soyuğu buraxmır.
Mən meyitlərin arasında qoyulmuş qanlı gödəkçəyə
baxdım.
Gödəkçənin sağ qolunun içində bədənindən
qoparılmış yalnız bir qol qalmışdı. Bədən özü isə yox idi, yəqin ki,
zirehli maşınların, tankların təkərləri
altında qalıb torpağa qarışmışdı.
Qonşum həmin gödəkçənin
qoltuq cibini axtardı. Bu vaxt oradan əzilmiş
və qana bulanmış sürücülük vəsiqəsini
çıxartdı. Bu, onunku idi. Biz evə qayıtdıq. Rus
zabiti və bizi ötürən leytenantla
görüşüb minnətdarlıq etdik. Qayıdanda dünən güllənən rus əsgərinin
dayandığı yerə baxdım. O bədbəxtin
ancaq qanlı papağı qalmışdı. Evə
çatanda qonşularıma dedim ki, sürücülük vəsiqəsini
özünüz rəhmətliyin ailəsinə verin.
Mən evə keçdim. Bir azdan Müzəffərin
arvadının, ailə üzvlərinin və qohum əqrəbasının
ah-naləsi göyə ucaldı. Səhərisi
gün onun üçün üç məclisi düzəltdilər.
Həyətdə çadır qurulmuş, molla
çağırılmışdı. Ev
sahibəsi yalnız çay verə bilmişdi. Gələnlər başsağlığı verir və
tez də çıxıb gedirdilər. Komendant
saatı tətbiq olun-muşdu. Axşamüstü idi ki,
bir nəfər yüyürə-yüyürə məhəlləyə
gəlib xəbər verdi ki, Müzəffər
Semaşko adına xəstəxanada yatır, ağır
yaralanıb, dedi ki, tez özlərini çatdırsınlar, əməliyyat
olunacaq. Bu xəbəri eşidənlər əvvəlcə
donub qaldılar, inanmaq istəmirdilər. Müzəffərin
Qubadan matəm mərasiminə gəlmiş qohumları hərəkətə
gəldilər. Maşınlara doluşub
oraya yollandılar. Yaralını
palataların birində tapıb onun əl-ayağından,
üz-gözündən öpür, hamı bir-birinə
gözaydınlığı verirdi. Gödəkçədən
söz düşəndə o dedi:
- Bərk
soyuq oldu, dostum üşütməyə başladı. Mən də gödəkçəni
çıxarıb ona geyindirdim. Çox
çəkmədi ki, tankları üstümüzə
yeritdilər, onu tank əzişdirdi, mən
"Kamaz"ın arxasına keçmək istəyirdim ki,
avtomat güllələrini üstümə yağış
kimi səpdilər. Sağ ayağımdan, böyrümdən,
çiynimdən və kürəyindən yaralandım. Buraya necə gətiriblər, xəbərim
olmayıb. O, çox qan itirmişdi. Böyründəki
güllə yarasından sağ böyrəyi
parçalanmışdı. Bir neçə
gündən sonra onu əməliyyat etdilər. Lakin bunlar heç bir nəticə vermədi. Güllələrin tərkibindəki kimyəvi maddələr
yaralını heç vaxt sağalmağa imkan verməyəcəkdi,
onun qanı zəhərlənmişdi. Bir
neçə gündən sonra o da şəhidlik zirvəsinə
çatdı. Yenidən matəm məclisi quruldu...
Yanvarın 21-də insanlar yenidən mitinq və
nümayişə çıxdılar. Əvvəlkindən
daha güclü, daha möhtəşəm etiraz
dalğası Bakını ağuşuna aldı. Dünənki qırğın insanları daha da mətin
və yenilməz etmişdi. Bütün
küçələrə Mixail Qorbaçovun
karikaturaları vurulmuşdu. Onların üstündəki
yazılarda "Qorbaçov cəlladdır", "Qorbaçov
iblisdir" və s. sözlər yazılmışdı. Neftçilər prospektinə çıxıb
Azneft meydanına çatdıq. On minlərlə
insan Mərkəzi Komitənin qarşısına
yığışıb tonqal qalamış, Kommunist
Partiyasının üzvü olanlar partiya biletlərini
çıxarıb oda atırdılar. Nümayişçiləri
zirehli hərbi maşınlar mühasirəyə
almışdılar. Lakin heç kimin
gözündə qorxu yox idi. Dünən
baş vermiş qırğınla əlaqədar dünya
birliyinə, beynəxalq təşkilatlara, dünyanın ən
aparıcı dövlətlərinin
başçılarına, parlamentlərinə müraciətlər
edilirdi. Poçt, nəqliyyat, rabitə
işləmədiyindən dünyanın Bakıda baş verən
hadisələrdən xəbəri yox idi. Yalnız
bir-iki gündən sonra Azadlıq radiosunda Mirzə Xəzərin
həyəcanlı səsi eşidildi.
Axşam
evə qayıdanda "Salyan Kazarmaları"nın
qabağında yolu bağlanmış gördük, hərbi
hissəsinin içində atışma səsindən qulaq
tutulurdu. Hərbçilər bizə geri
dönməyi əmr etdilər. Heç kim
nə baş verdiyini anlamırdı. Başqa
yollarla gedib evimizə çatdıq. Pulemyot
və avtomatların səsi şəhəri başına
götürmüş, insanlar həyəcanla bu
atışmanın sonunu gözləyirdilər. Bir
neçə nəfər dedi ki, hərbi hissədə dünənki
qırğına görə üsyan edirlər. Sonra başqa bir xəbər aldıq. Sən demə, Dağıstan və
Çeçenistandan bizim nümayişçilərimizə
dəstə-dəstə silahlı könüllülər gəlib
qoşulmuş, sonra onlar qarşılıqdan istifadə edib hərbi
anbarları ələ keçirmiş və hərbi hissədəki
əsgər və zabitlərlə vuruşmağa
başlamışlar. Gecə yarıyadək
atışma oldu, ayın 23-ü və 24-də atışma
kiçik fasilələrlə davam etdi. Sonrakı
günlər atəş səsləri gəlmədi. Sən demə, bu da bir səhnə tamaşası imiş.
Beynəlxalq mətbuat nümayəndələrinin Bakıya
axışmasını görən Moskva bu teatr
tamaşasını fikirləşib tapıb: Hərbi hissəyə
gedən yolu bağlayıb ekstremistlərlə
döyüş imici yaratmaq. Beləliklə də,
həmin əraziyə heç kimi buraxmamaq. Odur ki, əsgərlərə ancaq barıt
doldurulmuş pulemyot və avtomat gilizləri paylanmış,
omlar da iki yerə ayrılaraq "döyüşmüşlər".
Başlıca məqsədləri isə törətdikləri
cinayətləri ört-basdır edib öz əməllərinə
haqq qazandırmaqdan ibarət idi.
Qanlı hadisədən iki-üç gün
keçmişdi. Müəssisə və təşkilatlar
işləmədiyindən axşamüstü kiçik
meydançaya yığışıb söhbət edirdik.
Bu vaxt bir t-34 tankı sürətlə qəsəbəyə
girdi. Bunu heç kim gözləmirdi.
Biz yanımızdakı transformator
binasının arxasına çəkildik. Tank meydançanın əks tərəfindəki səkili
evin qabağında dayandı. Həmin ev
bir nəfər erməninin idi ki, 1988-ci ilin hadisələri
zamanı buradan köçüb getmişdilər. Tankın
üstündəki lükun qapağı açıldı və
ev yiyəsinin oğlu oradan
çıxıb bizə tərəf gəldi, adı Slavik
idi. O, deyib-gülən, bizlərlə oturub-duran bir oğlan
idi. Hamı ilə səmimi münasibətdə
olur, dostluq edirdi. Məhəllədə
hamı onun xətrini istəyirdi. Deyib-danışanda
heç kim onun erməni olduğunu
ağlına gətirməzdi. Slavik bizə tərəf
yüyürüb özünü bizim üstümüzə
atdı, onu ağlamaq tutmuşdu.
- Ay qardaşlar,
bu nə müsibətdir burda?! - deyə o
dilləndi.
Bu vaxt Həmdulla
adlı qonşum:
- Sən
iki ildir hardasan, niyə gedəndə xəbər eləmədin?
- Gecəynən
bizi Bakıdan çıxartdılar. Evimizi də
heç kimə tapşıra bilmədik. Krasnodarda
yaşasaq da, Bakının yerini vermir. Heç kim Yerevana getmədi, bizə düşmən
kimi baxırlar. Bir ay bundan qabaq gəlib bizi
siyahıya aldılar. Deyirdilər
Bakıda rusları, erməniləri, yəhudiləri
qırırlar. Rezervistlərdən
(ehtiyatda olan əsgər və zabitlərdən) qoşun
düzəldib bura göndərdilər. Bizimkilərdən
(ermənilərdən) də adamlar var. Dedilər ki, siz
Bakını yaxşı tanıyırsız. Atam yalvardı ki, mümkün elə evimizə
baş çək, bax göz yandırmayıblar ki? Kişi dəli olub ev-eşiyimizdən ötrü,
iki ildə tamam qocaldı. Deyir ki, görəsən,
Bakını bir də görmək bizə qismət
olacaqmı... Hamısını eləyən o xarabadır...
Anam da dedi ki, evimizdən bir şey götür gəl, bilim
ki, orada olmusan. Mən onu 1974-cü ilin may ayından
tanıyırdım. O, hərbi hissənin komandiri general-mayor
N.Starikovu gəzdirirdi. Ora çatan kimi bir
neçə azərbaycanlını şəhərin
içində yerləşən təchizat divizionunda
saxlatdırdı. Oraya düşmək
çətin idi. Adətən belə vaxtlarda bizim gəncləri
şəhərdən daha uzaqda yerləşən divizionlara
göndərirdilər... Sonra bizi hərbi
akademiyaya göndərdilər. Biz bir daha
görüşə bilmədik.
Əsgərlikdən qayıdandan sonra bir gün səhər
vaxtı işə gedərkən onu təzə taksi
maşınla qəsəbəyə girən gördüm. Maşını
saxlayıb mənimlə görüşdü, sən demə,
o, bizim qonşuluqda yaşayırmış. İndi Slavik Bakıya hücum edənlərin
arasında idi. Özünü pis iş
tutmuş uşaq kimi aparırdı... Bakıya
gəlməyində sanki özü günahkar idi. Cibindən
evlərinin açarını çıxartdı, sonra bizdən
soruşdu:
- Görəsən,
həmin açardı?
Həmdulla
dilləndi:
- Ora
heç kim getməyib, yəqin ki, həmin
açardır.
O,
qapıya tərəf getdi, açarı salıb
açdı, bizə tərəf baxıb içəri girdi.
O, işığı yandırmadan evdə oturmuşdu... Tankı sürən rus oğlan onu bayıra
çıxartdı. O, qapını bağlayıb bizim
yanımıza qayıtdı. Əlində ağ
güllü baş yaylığı və gümüş
çərçivəli stəkan var idi.
-
Yaylıq anamındır, bu stəkanda atam çay içərdi,
onları aparacağam ki, mənə inansınlar... İki gündən sonra qayıdırıq.
Həmdulla:
-
İşinizi görüb qurtardınız, indi rahat gedə bilərsiz
- deyə kinayə ilə dilləndi.
- Vallah, balam ölsün, əgər mən əlimə silah almışamsa! İnanın mənə! Ancaq bələdçi kimi oturdublar tankın içində, gələndən şəhərin girəcəyində postda olmuşam... İndi də böyüyümüzdən icazə alıb gəldim. Komandir dedi ki, tankla gedin. O, əlindəki açarı Həmdullaya uzatdı. "Bundan ölüm yaxşıdır, sizi belə görməkdənsə" - dedi.
- Al, bunu saxla. Qayıtsaq verərsən, qayıtmasaq, ev qarışıq hamısı qurbandır sənə. O kövrəlmişdi, bizimlə qucaqlaşdı. Üzünü çevirib tanka sarı getdi, bir daha geri baxmadı. Tankın motoru işə düşdü, o, bir təkəri üstə fırlanıb geri döndü, sürətlə bizdən uzaqlaşdı. Biz də mütəəssir olmuşduq. Haçanda haçana qonşumuz Sabir dilləndi:
- Bizi yaxşıca bir-birimizə qırdırırlar. Çətin qurtaracağıq bu dövlətin tələsindən... Səhərisi gün Slavikin gəlişindən hamı xəbər tutmuşdu, görmək istəyənlər də var idi. Axtarmaq istəyənlər də oldu, lakin o, tapılmadı.
Məmməd ƏLİYEV
525-ci qəzet.- 2019.- 17 yanvar.- S.4;8.