Tanıdığımız və
tanımadığımız Əntiqə Qonaq
O zamanlar universitetin jurnalistika fakültəsində
təsadüfi adamlar,
yəni bu sənəti sevməyən
və yaradıcılıq
qabiliyyəti olmayanlar
təhsil ala bilməzdilər.
Qəbul imtahanlarından öncə
sınaqlar vardı. Orda əməllicə
ələnirdin və
sonra imtahanlara buraxılırdın. Bu fakültədə oxuyanların
arasından istedadlı
şair, yazıçı,
publisist, günün nəbzini tuta biləcək yazarların
çıxacağı şübhə
doğura bilməzdi.
Elə birinci kursdan çoxları imzaları
ilə tanınırdı.
Kimin qələminin iti və kəsərli,
kiminsə romantik, duyğusal
olduğu yazılarından
bəlli idi.
Amma orası
da var ki,
bizim gəncliyimiz Qarabağ müharibəsi
illərinə təsadüf
etdi və peşəkar fəaliyyətimizi
də bu yönə istiqamətləndirdik. Çünki bir jurnalist kimi,
ən ağır anında Vətənin harayına qalxmaq bizim həm peşə məsuliyyətimiz,
həm də vətəndaşlıq borcumuz
idi. Bu baxımdan
jurnalistlər də fərqlənirdi. Belə
bir ağır dönəmdə nəinki
kişi yazarlar, qadın jurnalistlər də cəbhə bölgələrinə
üz tuturdu. Haqqında söz açacağım
bu xanım jurnalist də cəbhəyə birincilər
sırasında, həm
də könüllü
olaraq yollananlardan idi.
Əntiqə Gülməmməd qızı
Qonaqova 1959-cu il yanvarın 21-də
Xaçmaz rayonunun Maqsudkənd kəndində
anadan olub. 1974-cü ildə bu kəndin səkkizillik məktəbini,
1976-cı ildə isə
Ləcət kənd orta məktəbini yaxşı və əla qiymətlərlə
bitirib.
1983-cü ildə Bakı
Dövlət Universitetinin
Jurnalistika fakültəsini,
2010-cu ildə isə Hüquq fakültəsinin
qiyabi bölməsini fərqlənmə diplomu ilə bitirib. Tələbəlik illərindən başlayaraq
Azərbaycan Televiziya və Radio Verilişləri
Komitəsinin Gənclik
verilişləri baş
redaksiyasında müəllif
proqramları ilə dinləyicilərin və tamaşaçıların qarşısına
çıxıb. "Magistral" qəzetində
korrektor, müxbir
(1984-1990), "Həyat" qəzetində baş müxbir (1990-1992), "Biznes"
qəzetində şöbə
müdiri (1992-1993), "Azərbaycan"
qəzetində müxbir
(1999-2001) işləyib, "Ana" müstəqil qadın qəzetinin təsisçisi
və baş redaktoru (1993-1996) olub. 2001-2017-ci illərdə Azərbaycan Respublikası
Baş Prokurorluğu Hüquqi təminat və informasiya idarəsinin mətbuat xidmətində işləyib.
Qarabağa erməni quldurların təcavüzü başlayan
gündən dəfələrlə
cəbhə bölgələrində,
səngərlərdə torpaqlarımızı
qoruyan könüllülərə,
əsgər və zabitlərə, ordu heyətinə mənəvi
dayaq olmağa çalışıb. 1988-1994-cü illərdə Füzuli, Ağdam, Qubadlı, Laçın, Zəngilan,
Şuşa, Cəbrayıl,
Xocalı, Ağdərə,
Kəlbəcər, Qazax,
Tovuz və Gədəbəyə dəfələrlə
səfər edib. O, şahidi olduğu hadisələr, döyüşçülərin
vəziyyəti, qayğı
və problemləri ilə bağlı yazılarını, canlı
döyüş hekayətlərini
çoxsaylı mətbu
orqanlarda dərc etdirib. Hospitallarda müalicə olunan
yaralı əsgər
və zabitlərimizə,
şəhid ailələrinə
baş çəkib,
qayğılarını bölüşüb.
Əntiqənin imzasını və səsini ilk dəfə
radio dalğalarından dinlədim. Çox maraqlı
və rəngarəng
müəllif verilişləri
vardı. Tanışlığımız isə Respublika
Qadınlar Cəmiyyətində
oldu. Hər ikimiz ölkənin
ictimai həyatında
iştirak edir, bu qurumun mətbuat
xidmətində ictimai
əsaslarla fəaliyyət
göstərirdik. Fəal qadınlarla
bərabər dəfələrlə
ön cəbhədə
döyüşən hərbçilərimizə
sovqat - ərzaq, geyim əşyaları, müxtəlif gündəlik
tələbat malları
aparırdıq. Onlarca
şəhid ailəsini
himayəyə götürərək
onların problemlərini
əlaqədar təşkilatlar
qarşısında qaldırır
və həllinə
nail olurduq. Müharibənin ağrı-acısını bu günə qədər qəlbində
daşıyan yüzlərlə
insanla, ailələrlə
dostluq əlaqələrini
davam etdirir, nisgilli insanların xeyir-şərində yanlarında
olmağa çalışırıq.
Qocalar və uşaq evlərinə, internatlara,
əqli zəif uşaqlara baş çəkərək, onlara
maddi və mənəvi dəstək
olurduq. Bu, bizim birgə fəaliyyətimizdən kiçik
bir ştrixdir.
1988-ci ildən ölkəmizdə
ictimai-siyasi həyat çalxalanmağa başladı. Mənfur ermənilər
əsassız torpaq iddiaları ilə ərazi bütövlüyümüzə
təcavüz etməyə
başladılar. Savaşın elə ilk günlərindən
Əntiqənin sorağı
cəbhənin ən qaynar nöqtələrindən
gəlirdi. Döyüş xəttindəki real vəziyyəti
əks etdirən silsilə yazılarla mətbuatda çıxış
edirdi.
Mən o zaman
"Bakı" qəzetində
işləyirdim. Cəbhə bölgəsindən daha bir ağır xəbər gəldi.Jurnalist
həmkarımız, döyüş
bölgələrində xidməti
ezamiyyətdə olan Salatın Əsgərova və onu müşayiət
edən hərbçilər
Şuşa yaxınlığında,
Qaladərəsində ermənilər
tərəfindən vəhşicəsinə
qətlə yetirilib. Bu haqsızlığa etiraz əlaməti olaraq "Azərbaycan"
nəşriyyatının qarşısında
Salatının jurnalist
həmkarları etiraz
mitinqi keçirirdi.
Qələm əhli bir araya gəlmişdi. Əntiqənin o mitinqdə
əsəbdən titrəyə-titrəyə,
qəhərini zorla boğaraq söylədiyi fikirlər indi də yaddaşımdadır:
"Əgər bu gün cəbhədə qadın yazarlarımız
qətlə yetirilirsə,
kişi jurnalistlərin
əllərinə qələm
alıb yazı yazmağa haqqı yoxdu. Qələmin silahla əvəzlənməsi
zamanıdır. Hamımız bir nəfər kimi cəbhəyə yollanmalı, gözləmə
mövqeyi tutmamalıyıq".
Əntiqənin bu çıxışından
çox qürrələnmişdik.
Hamımızın fikri-zikri alov
saçan cəbhə
bölgələrində, səngərlərdə
torpaqlarımızı qoruyan
döyüşçülərimizin yanında idi. Biz ön xəttə
tələsir, savaş
meydanında əsgər
və zabitlərimizlə
görüşür, cəbhə
reportajları yazırdıq.
"Azərbaycan" nəşriyyatının dəhlizlərində
Əntiqə ilə tez-tez qarşılaşırdım. Ayaq saxlayıb
cəbhədə gördüklərimiz
barədə dərdləşirdik.
Bir dəfə vətənpərvər şairimiz
Xəlil Rza Ulutürkün oğlu Təbrizin Gülablı yaxınlığındakı döyüşlərdə
şəhid olması xəbərini
verdi. Onun meyitinin ermənilərin
nəzarətindəki ərazidən
necə çətinliklə
alındığını, bu ağır səhnənin canlı şahidi olduğunu ağlaya-ağlaya anlatdı.
Bir başqa
görüşümüzdə şəhid qızımız
həkim Gültəkin
Əsgərovanın qısa,
lakin qəhrəmanlıqla
dolu cəbhə həyatı barədə
fikirlərimizi bölüşdük. Hər ikimizi
qəhər boğmuşdu.
İki gün sonra Azərbaycan televiziyasında
aparıcısı və
ssenari müəllifi olduğum "Ana sözü"
qadınlar üçün
ictimai-siyasi proqramda cəsur el qızımız
Gültəkin və onun döyüş yolu barədə tamaşaçılara mən
də bilgilərimi çatdırdım.
İtkilərlə bağlı xəbərlərə
az qala
alışmışdıq. Çünki müharibənin üzü sərt olduğu qədər də bozdu, soyuqdu, amansızdı.
Əntiqə Qazax-Tovuz bölgəsində
xidməti ezamiyyətdə
olarkən qarlı-şaxtalı
havada bir neçə gün ən qaynar nöqtələri gəzmiş,
əsgərlərlə görüşüb
onlara sovqat da paylamışdı.
Qadınlar cəmiyyətinin
xəttiylə göndərilmiş
ərzaqdan 100-dən çox
şəhid ailəsinə
də pay düşmüşdü.
Şəhərə döndükdən sonra isə düz bir ay xəstə yatmışdı.
Komandir minnətdarlıq əlaməti
olaraq ona hərbi forma hədiyyə
etmişdi. Amma biz o formanı
bir dəfə də olsun Əntiqənin
əynində görmədik.
O deyirdi ki, hərbi formanı döyüşən əsgərlər,
düşmən üzərinə
yürüyən hərbçilər
geyməlidirlər. Hərbi geyim
əlində silah tutan əsgərə məxsus bir rəmzdir. Bizim onu geyinməyə
mənəvi haqqımız
yoxdu. Əntiqə, təbii ki,
fikirlərində haqlı
idi.
Füzulidə Tuğ əməliyyatı zamanı da həmkarımız çox gərgin idi. İş yoldaşı Babək Qoca da mayor Rasim İbrahimovun (ölümündən sonra o, Milli Qəhrəman fəxri adına layiq görülmüşdü) batalyonunda vuruşurdu. Babək Əntiqəni bir neçə fəal qadınla bərabər cəbhə bölgəsinə müşayiət etmişdi. O, Füzuli cəbhəsindəki silah yoldaşlarına söz vermişdi ki, qadınları şəhərə çatdıran kimi geri dönəcək və yenidən onlarla bərabər döyüşlərə atılacaq. Elə də etmişdi. O zamanlar mobil telefonlar yox idi. Buna görə də Əntiqə ev telefonu vasitəsilə növbətçi əsgərlərlə əlaqə saxlayır, mövcud durumu öyrənməyə çalışırdı. Bakıya göndərilən yaralıların adlarını öyrənir və hospitallara gedərək onların vəziyyəti barədə komandirinə və döyüşçü yoldaşlarına xəbər verirdi. Yəni ön cəbhə ilə arxa cəbhə arasında körpü rolunu oynayırdı. Təbii ki, bunu özünün vətəndaşlıq borcu bilirdi.
Gözəl dostdu, sadiq yoldaşdı, dərddaşdı, xeyirxah insandı Əntiqə Qonaq. Həmişə qarşısındakını özündən öndə bilib, onun problemini, dərdini özününküləşdirib. Buna görə də çox vaxt öz çətinliklərini belə unudub. Köməyə ehtiyacı olan insanların vaxtında yanında olmaq, onlara bacardığı kimi yardım etmək, qəlbindən keçən ən ülvi arzuları bildirmək. Nə gözəlmiş, elə deyilmi?
Əntiqə deyir ki, bir qadın kimi, ailə qurmaq, təmənnasız
sevgiylə övladlarına bağlı ana
olmaq bir borcdur. Bunlarla yanaşı, həm də əsas olan
cəmiyyətdə tutduğun mövqe və sağlam
düşüncənlə dövlətinə və
xalqına verdiyin xeyirdir.
Əməkdar jurnalist, Azərbaycan
Jurnalistlər Birliyinin "Həsən Bəy
Zərdabi" mükafatının laureatı, habelə
"Salatın Əsgərova" ödülünün
sahibi BMT-nin Xoşməramlı Səfiri diplomuna layiq görülmüş,
"Ölməzlik" və "Vətən, səndən
keçmək olmaz!" adlı
kitabların müəllifi, Qarabağ
müharibəsi veteranı, Həsən və Şəhriyar
adlı iki yurdcanlı oğulun
anası Əntiqə Qonağı belə gördük,
belə tanıdıq. Siz də
tanıyın istədik...
Zemfira
MƏHƏRRƏMLİ
525-ci qəzet.- 2019.- 18 yanvar.- S.7.