Sonsuz eşqlə hüznün vəhdəti: "Fərizə və İlham" dastanı

 

 

1990-cı il 20 Yanvar faciəsi xalqımızın tarixinə həm qanla, həm də böyük hərflərlə yazılıb. Qanla yazılmış faciələr isə, bəlli olduğu kimi, tarixin səhifələrindən heç vaxt silinmir, sanki daşlaşıb orada qalır, heç vaxt unudulmur. Əksinə, zaman keçdikcə, onun üstündən illərin küləyi əsdikcə bu hadisələr yaddaşımızın dərin qatlarına doğru kök atır.

20 Yanvar barədə kifayət qədər həm bədii və tarixi əsərlər yazılıb, həm sənədli filmlər lentə alınıb, həm də ürək dağlayan rəsmlər çəkilib. Bizə acılar yaşadan bu qanlı qırğında həm də bir eşq dastanı - "Fərizə və İlham" dastanı yaranıb dillərə düşdü, ürəklərə hopdu.

Hər birimizin ürəyində işartısı və qığılcımı olan məhəbbətin yolları rəvan deyil, daşlı-kəsəklidir, tikanlı və təhlükəlidir. Yalnız əsl sevgililər bu müqəddəs və asan olmayan yolu qorxmadan, əzablara qatlaşaraq sonacan gedə bilir.

Sevgisi və sevgilisi yolunda canından keçmiş Fərizə kimi aşiqlər, bir müddətdən sonra böyük maraqla mütaliə olunan bədii əsərlərin qəhrəmanlarına, obrazlarına çevrilir, oxucuların qəlbində əbədi məskən salır, tez-tez yada düşüb xatırlanır. Xatırlanırsa, deməli, ölməyib yaşayır. Əsl sevgililər həmişə məhəbbət yolunda pərvanə tək odda yanıblar, çoxlarının qorxub çəkindiyi ölümün gözünün içinə dik baxaraq ona meydan oxuyublar. Əsli və Kərəm kimi, Leyli və Məcnun kimi, Romeo və Cülyetta kimi, Yusif və Züleyxa kimi...

Qoca Şərqin "Leyli və Məcnun" hekayəsi əsrlərdir İlham kimi, Fərizə kimi sevib-sevilənlərin ürəklərindən çıxmır, dillərindən düşmür. Dünyanı addım-addım gəzib dolaşaraq əfsanəyə, mifə dönmüş bu məhəbbət dastanı qərinələrdir ürəklərdən-ürəklərə köçərək könüllərdə əbədi məskən salıb. Bu eşq dastanı sevənlərin və sevilənlərin qəlblərini fəth edib, ürəklərinə lağım atıb. Sevgililər onun təsir dairəsindən çıxa bilmirlər. "Leyli və Məcnun" dastanı həmişə aşiqlərin yollarına işıq salıb onların könüllərinə eşq toxumu səpib, sonra da göz yaşları ilə suvarıb, qəm çiçəyi bitirib.

Azərbaycanın dahi şairləri - Nizami Gəncəvi və Məhəmməd Füzuli də, özbək şair və mütəfəkkiri Əlişir Nəvai də, onlarla başqa dühalar da əsrlərcə əvvəl sözün qüdrətinə tapınaraq könülləri telləndirən bu ilahi eşqi nəzmə çəkmiş, ülvi məhəbbəti tərənnüm etmiş, illərə, əsrlərə sığmayan "Leyli və Məcnun" poeması yazmışlar. Zaman məsafəsi baxımından uzaq əsrlərdə yazılsa da, poemaların mövzusu bir-birinə qırılmaz tellərlə bağlıdır, kiçik əlavələr nəzərə alınmazsa, demək olar ki, çox fərqli deyil, eyni bulaqdan su içir, eyni kökdən qidalanır: SEVGİ və KƏDƏRdən...

Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyli də Füzulinin bu ölməz məhəbbət poemasından vəcdə gələrək ötən əsrin əvvəllərində "Leyli və Məcnun" operası yazdı. Ülvi məhəbbətə, ilahi sevgiyə bir az yanğı, bir az da kövrəklik qatıb onu daha da təravətləndirdi, mövzuya yeni ömür bəxş etdi, təzə həyat verdi. Məhəbbəti, eşqi musiqinin dili ilə, ritmin ahəngi ilə ifadə etdi. Güclü bir təkanla sevgini yerdən göylərə - Tanrı dərgahına qaldırdı. Üstündən bir əsrdən çox vaxt keçməsinə baxmayaraq, bu opera yenə də tamaşaçılar tərəfindən böyük maraq və sonsuz sevgi ilə izlənilir, dinlənilir.

Yəqin ki, minlərlə, milyonlarla oxucu və tamaşaçı kimi Fərizə də bir vaxtlar "Leyli və Məcnun" poemasını sevə-sevə oxumuş, bu operaya yana-yana baxmışdı. Bəlkə də, elə o günlərdən əsərin sehri, cazibəsi ürəyinə sevgi toxumları əkmişdi. Ola bilsin ki, o anlarda ürəyindən Leyli tək sevmək, sevgisinə onun kimi sonacan sadiq qalmaq keçmişdi. Əsrlərcə əvvəl baş verən bu hadisə, sonu faciə ilə bitən məhəbbət dastanı illər keçəndən, zamanlar ötəndən sonra mifə və əfsanəyə çevrilərək Fərizənin ürəyinə hakim kəsilmiş, qəlbinə hopmuş, yaddaşında dərin və pozulmaz izlər qoymuşdu. O vaxtlar heç ağlına gəlməzdi ki, nə vaxtsa o da Leyli kimi sevginin, eşqin odunda yanıb kül olacaq. İllər sonra həmin vaxt soyuq bir qış gecəsində gəlib özünü yetirdi. 20 Yanvar faciəsində dəhşətli ağrı ilə üz-üzə qaldı, ağlına gəlməyənlər başına gəldi, sevgi, məhəbbət onu sınağa çəkdi.

Dünyanı sarsıdıb ağladan, ürəkləri, qəlbləri dağlayan qanlı şənbə gecəsində məhəbbətin, sevginin də üstünə qan çiləndi. Bu sarsıdıcı zərbədən eşqin də bağrı yarıldı. Üstünə çilənən qan sevginin yaddaşına hopub onu təzədən vərəqlədi, yeni səhifələr yaratdı. Yenicə oyanıb cana gəlmiş eşq ağacından təzə pöhrələr çıxdı, körpə və kövrək budaqlar yavaş-yavaş qönçələyib qan rəngində çiçəklər açdı. Həm sevgi, məhəbbət, həm də aşiqlər yenidən sınağa çəkildi. Əminliklə deyə bilərik ki, hər ikisi bu sınaqdan alnıaçıq çıxdı. Bu qanlı hadisələrdə kədər və qəmlə yüklənmiş həm "Leyli və Məcnun"a, həm də başqa eşq dastanlarına bənzər "Fərizə və İlham" dastanı yarandı və tez bir zamanda oxucuların qəlbinə yol tapdı, ürəklərinə cığır açdı.

Çoxları kimi Fərizənin ürəkdən sevib qovuşduğu İlham da milli azadlıq hərəkatına, müstəqilliyimiz uğrunda yenicə alovlanan mübarizəyə qoşulmuşdu. Sovet imperiyasının tankları ölkəmizin paytaxtına soxulanda silahsız olduğundan onlara atəş aça bilməyib son anda şəhərini yadların basqınından qorumaq üçün cəsarətlə sinəsini irəli vermişdi. İmperiya əsgərinin atdığı odlu güllələr bir an içində onun bədənini deşik-deşik edib qanına boyamışdı. Yaşamaq üçün dünyaya göz açmış İlham qanlı şənbə gecəsində şəhid olmuş, həyatla əbədi olaraq vidalaşmış və bir vaxtlar böyük məhəbbətlə sevib qovuşduğu Fərizəsini bu dünyada tək qoymuşdu.

O gecə sabaha qədər avtomatlar sakitləşmədən, nəfəs almadan şaqqıldadı, tanklar dayanmadan guruldadı. Həmin axşam şəhərdə qan su yerinə axdı. Hələ də gözləri yaşlı qalmış anamız torpaq o soyuq qış gecəsində qanla suvarıldı. Səhərə yaxın ulduzlar könülsüz-könülsüz göy üzündən çəkiləndə, dan yeri tələsmədən, ayağını ağır-ağır sürüyüb söküləndə, günəş ilıq şəfəqləri ilə soyuq üfüqə asta-asta sığal çəkib dilə tutanda, axşam qan çilənən yerlərdən qırmızı rəngli qərənfillər boylandı...

Həmin gecə qapıları həm odlu güllələr, həm də qara xəbərlər döyürdü. Həyat yoldaşının gülləyə tuş gəlib şəhid olduğunu eşidən Fərizə sarsıldı, sanki üstünə dağlar aşdı. Dünya başına fırlandı, gözlərinə qan sızdı, qəlbinə qaranlıq çökdü. O, neçə ay idi hamiləydi. Yaxın vaxtlarda dünyaya süd qoxulu körpə gətirəcəkdi. Başqa xoşbəxt analar kimi, uşağını öpüb oxşayacaq, nəfəsini üzündə hiss edib, ətrini doyunca qoxuyacaqdı. Həyatının ən gözəl, təkrarolunmaz günlərini yaşayacaqdı. Yaxın vaxtlarda evlərindən dünyanın ən gözəl simfoniyası adlandırılan uşaq səsi, körpə qığıltısı eşidiləcəkdi. Doğulduğu bu həyatda dünyalarca sevgi bəslədiyi İlhamla bərabər yaşamaq, ömür yollarını sonadək İlhamla qoşa addımlamaq istəyirdi. O məsum gecə, sevib ürəkdən bağlandığı insanın ölüm xəbəri bir an içində onun ürəyinə çalın-çarpaz dağlar çəkdi, arzuları qan içində boğuldu. Bütün bunlar Fərizənin qəlbindəki Leyli sevgisini, Züleyxa eşqini, Cülyetta məhəbbətini daha da coşdurdu. Ayrılığa, həsrətə dözməyib, şirin canına qıydı, haqq dünyasına - sevgilisi ilə görüşə tələsdi. Cəsarəti və hünəri ilə Fərizə məhəbbətinin, Fərizə sədaqətini düsturunu yaratdı. Ürəyindən İlhamla bir məzara sığınmaq keçdi. Həmişə eşqinə sadiq olan Fərizə ölümlə üsyana qalxdı, ona meydan oxudu, sonda qələbə qazandı. Ölüm onun eşqi, sevgisi qarşısında məğlub olub geri çəkildi. Meydanı bir-birini ürəkdən sevən əsl aşiqlərə, əhdinə sadiq qalanlara verdi. Aşiqlər isə qorxub çəkinmədən qanları ilə insanları heyrətə salan qəmli bir sevgi dastanı yazdılar.

Yaxınları, qohumları göz yaşları içində onları yanaşı dəfn etdilər. Fərizənin İlhamın doğmalarının ağlaşma səsi, ərşə qalxan ah-naləsi qəlblərə qəm ələdi, ürəklərdə fırtına qopardı. Kədərin ağırlığından, dərdin böyüklüyündən yer-göy silkələndi.

Özünə qəsd etməzdən əvvəl Fərizə anasına qısa bir məktub da yazıb qoymuşdu: "Ana, məni ağlama. Heç biriniz ağlamayın. Mən İlhamsız yaşaya bilmərəm. Onsuz da..."

Fərizənin ölümünü eşidən hər kəs ağlayıb göz yaşları axıtdı. O ağır günlərdə xalq başqa şəhidlər kimi, onlara da qırx gün qırx gecə yas saxladı. Sevənlər bu nakam, sonu faciə ilə bitən taleyə, cavan ömrə ürəkdən acıdılar. Qırx gün İlhamla Fərizənin məzarı üstünə qan rəngli qərənfillər döşəndi.

Beləcə, qanlı 20 Yanvar faciəsində "Fərizə və İlham" dastanı yaranıb qəlbləri sızıldatdı, əsərlərə köçdü, kitabların səhifələrində əbədiləşdi, ürəkləri odlayıb yandırdı. O qəmli gecədə Fərizə çoxlarının bacarmadığı cəsarətli bir addımı ilə sevgiyə, eşqə sadiqliyin rəmzinə çevrildi. Son nəfəsinədək məhəbbətinə sadiq qaldı. Cəsarəti ilə bir an içində adilikdən qeyri-adiliyə sıçradı.

Şəhidlər xiyabanına ziyarətə gələnlər İlham və Fərizənin məzarları önündə daha çox ayaq saxlayırlar. İlhamın cəsarəti, Fərizəninsə sevgiyə sədaqəti qarşısında baş əyirlər. Dünya durduqca, insanlar yer üzündə yaşadıqca bu, belə də davam edəcək. Çünki Fərizə məhəbbətinə, sevgisinə olan sonsuz sədaqəti ilə bütün zamanlara qalib gələrək əbədilik qazanıb. Sanki qəlblərə köçərək bir ölməzlik nümunəsi yaradıb, sevgiyə sədaqətin əbədi heykəlini qoyub. Belə cəsarətli insanlar isə heç vaxt unudulmurlar. Unudulmayacaqlar da...

 

Vahid MƏHƏRRƏMOV

 

525-ci qəzet.- 2019.- 18 yanvar.- S.8.