Ərbab ağa Məhəmməd: fədakar
maarifçinin bioqrafiyasına dair qeydlər
XIX əsrin sonu, XX əsrin əvvəllərində Naxçıvanda maarif və mədəniyyət uğrunda əzmkarlıqla mübarizə aparan həm mükəmməl təhsil almış, həm də heç bir təhsil üzü görməyən demokratik ruhlu insanların fəaliyyəti unudulmazdır.
İndiyədək
belə fədakar şəxsiyyətlərdən olan Məhəmməd
Tağı Sidqi, Cəlil Məmmədquluzadə, Əliqulu Qəmküsar,
Qurbanəli Şərifzadə, Mirzə Cəlil Şürbi,
Fərəculla və Nəsrulla Şeyxovlar, Cümşüd
bəy Sultanov, Eynəli bəy Sultanov, Mirzə Əli bəy
Bəktaşi, Məmmədqulu bəy Kəngərli və
başqaları haqqında müəyyən araşdırmalar
aparılıb və fəaliyyətləri dəyərləndirilib.
Lakin onların içərisində fəaliyyəti
bu günədək lazımi səviyyədə öyrənilməyən
şəxsiyyətlər də vardır. Ağa
Məhəmməd Əkbərov belələrindən biridir.
Kimdir Ağa Məhəmməd Əkbərov?
Onun haqqında ilk mətbu məlumat professor Əziz
Şərifə məxsusdur. Alim 1968-ci ildə Bakıda rus dilində
çap etdirdiyi "Rojdeniye Molla Nasreddina" adlı
monoqrafiyasında Ağa Məhəmməd Əkbərovun
adını Cəlil Məmmədquluzadə, Eynəli bəy
Sultanov, Nəsrulla Şeyxov, Mirzə Əli bəy Bəktaşi
kimi maarifçi və inqilabçı-demokratlarla
yanaşı çəkir və qeyd edir: "1963-cü ildə
Naxçıvanda vəfat edən Ağa Məhəmməd
Əkbərov maarif və mədəniyyətin təbliğində
fəaliyyət göstərir, İran
inqilabçılarına köməklik edirdi. Ağa
Məhəmməd Əkbərov Naxçıvanda kitab
mağazası saxlayır, dövri mətbuatın və
demokratik ədəbiyyatın yayılmasına kömək
edirdi. O, Qafqaz sosial-demokratları ilə Cənubi Azərbaycan
inqilabçıları arasında əlaqə
yaradırdı".
Ə.Şərifin bu cümlələri bir qədər
ixtisar edilmiş şəkildə həmin monoqrafiyanın Azərbaycan
dilindəki variantında da işlədilir.
Keçən
əsrin 50-ci illərində Ə.Şərifin öz
dayısı, Naxçıvanın tanınmış maarif
xadimlərindən biri olan Əbdüləzim Rüstəmova
yazdığı məktub isə sübut edir ki, Ə.Şərif
həmyerlisi Ağa Məhəmməd Əkbərovu şəxsən
tanıyırmış və ona məlumatlı bir adam kimi bələd
imiş. Ə.Şərif yuxarıda
adını çəkdiyimiz elmi işini yazmaq
üçün Cəlil Məmmədquluzadə haqqında
material toplamaq məqsədilə dayısına bildirir ki, ədibin
ailəsi haqqında onun əlində olan məlumatlar
azdır. Ə.Şərif yazır: "Bu məlumatı
yalnız... Naxçıvanda zənginləşdirmək
mümkündür. Qorxuram mən
Naxçıvana gələnə kimi indi yaşamaqda olan qoca
naxçıvanlılar (məsələn, Ərbab Ağa Məhəmməd)
Allah rəhmətinə getsinlər. Buna
görə də sənə zəhmət verməyi qərara
aldım. Bu zəhmət sənin
üçün də maraqsız olmaz. Səndən
çox xahiş edirəm mənə mümkün qədər
kömək edəsən. Ağa Məhəmmədə
mənim xüsusi salamımı yetirib ondan soruşasan..."
Ağa Məhəmməd
Əkbərov haqqında məlumatlara başqa bir müəllifin
- keçən əsrin 20-70-ci illərində
Naxçıvan ədəbi mühitində özünəməxsus
iz buraxan şair Seyid Səbrinin yazdığı tərcümeyi-halında
və "Şərq qapısı" qəzetinin 2 iyul 1971-ci il tarixli nömrəsində
dərc etdirdiyi "Yaddaşımdan bir neçə
söz" adlı yazısında da rast gəlirik.
Tərcümeyi-haldan:
"Maddi vəziyyətim ağır olduğundan məcbur
qalıb Naxçıvan sakini Ərbab Ağa Məhəmmədin
verdiyi qəzet və jurnalları satırdım və əməkhaqqı
alırdım".
"Şərq
qapısı"ndakı xatirəsindən:
"Naxçıvan şəhərində Məhəmməd
Əkbərov (ləqəbi "Ərbab" idi) adlı bir
şəxs özü bisavad olduğu halda ziyalı təbəqəmizin,
yazıçı və şairlərimizin ən yaxın
dostu, məsləkdaşı və sirdaşı idi. Dükanında camaatın ehtiyacına gərək
olan ən yüngül şeylər satılardı.
Çay, qənd, kibrit və sair bu kimi şeylər... Bu dükanın mahiyyəti iki məna, iki amal
daşıyırdı. Bunlardan biri ailə
dolanışığı, ikincisi isə o zamanın
ziyalı və inqilabçıların bir növ ziyarətgahı
kimi sayılırdı. Onlar tək-tək
və ya üçlükdə bu dükanda görüşər,
danışar və məsləhətləşərdilər.
Bu iki-üç nəfərin söhbət və məsləhətləri
digər iki-üç nəfərə Ərbabın vasitəsilə
çatdırılardı... Bunlardan başqa,
düka-na Zaqafqaziya miqyasında nəşr olunan bəzi qəzet,
jurnal və kitablar da olardı".
S.Səbri
satılmaq üçün ona verilən qəzetlərin
adlarını da göstərmişdir: "Sədayi-həqq",
"İqbal", "Açıq söz", "Dəbistan",
"İrşad", "Şəlalə",
"Tuti", "Məzəli", "Molla Nəsrəddin".
Ə.Şərif və S.Səbrinin Ağa Məhəmməd
Əkbərovun dükanı haqqında yazdıqları bizi həmin
məsələ ilə bağlı əlavə məlumatlar əldə
etmək üçün axtarışlara sövq etdi və cəhdimiz
bo-şa çıxmadı. Müraciət etdiyimiz mənbələrin
birində - S.Səbrinin müasiri və qohumu (xalasının
əri - F.X.), o vaxt Naxçıvanda yaşayan, sonralar isə
yazıçı və tərcüməçi kimi Azərbaycanda
məşhurlaşan Əli Səb-rinin "Mühitim... təhsil
illərim" adlı xatirəsində bu barədə nisbətən
ətraflı məlumata rast gəldik: "Naxçıvan ədəbi
mühitindən danı-şarkən 1905-ci il
inqilabının təsiri ilə yaranan bir klubun fəaliyyətini
yada salıram. Bu klub Naxçıvanda
"Ərbab Məhəmməd" adı ilə şöhrət
tapan bir dükanda yerləşirdi. Bu
dükanda Krımda çap olunan "Tərcüman" qəzeti
və bütün Azərbaycan qəzet və jurnalları gəlirdi.
Qəzetlər oxunur, buradakı məqalələr
haqqında mübahi-sələr başlanır, mülahizələr
irəli sürülürdü. Baxşəli ağa
Şahtaxtlı, Nəsrulla Şeyxov, Qurbanəli Şərifov...
Əsəd ağa Kəngərli bu klubun əsas
iştirakçıları idilər... Məni ən
çox valeh edən qonşumuz Qurbanəli Şərifovun
çıxışları idi. Ona görə ki,
Q.Şərifov öz fikirlərini məntiqi şəkildə
sübuta yetirir, nitqi sərrast və tutarlı idi... Kluba toplaşanlar bəzən pul toplayır, yoxsul
uşaqlara kitab, dəftər və digər dərs ləvazimatı
alırdılar".
Bəzi mənbələrdə Ağa Məhəmməd
Əkbərovun da xeyriyyəçi bir insan olması
haqqında məlumatlar vardır. Məsələn, görkəmli
yazıçımız Mir Cəlal M.Ə.Sabirə həsr
etdiyi "Yolumuz hayanadır" romanının bir yerində
yazır ki, müxtəlif şəxslərin vasitəsilə
M.Ə.Sabir üçün "ianə verənlərin
hamısını mətbuat səhifəsində adbaad vermək
çətin idi. Onlardan bir qisminin adları belədir".
Sonra müəllif M.Ə.Sabirə ianə
göndərən 74 nəfərin adını çəkir.
Bunların içərisində Ağa Məhəmməd
Əkbərovun da adı vardır. Şübhəsiz
ki, Mir Cəlal bu adları vaxtı ilə mətbuatda,
xüsusilə "Molla Nəsrəddin" jurnalında dərc
olunan ianəçilərin siyahısından
götürmüşdür. Axtarışlar
zamanı rast gəldiyimiz bir fakt bu fikrimizin əsaslı
olduğunu göstərir. Budur həmin fakt:
"Naxçıvanda
Qurbanəli Şərifov cənabları vasitəsilə mərhum
Sabirin oğluna dəftər-qələm pulu ianə edənlərin
adları:
1. Ağa
Məhəmməd Əkbərov - 3 manat.
2. Məhəmməd
bəy Camalbəyov - 2 man.
3. Heydər
Məmmədov - 1 man.
4. Həsən
Mustafayev - 2 man.
5. Abdulla
Sultanov - 1 man.
6. Məşədi
Əli Cəfərov - 2 man.
7. Mirhəbib
Əsədullayev - 1 man.
8.
Bağır bəy Bektaşov - 2 man.
9. Hacı Məmməd Bağırov - 2 man.
10. Məşədi
Əsəd Muradov - 1 man.
11. Rauf bəy
Səfərəlibəyov - 3 man.
12. Mirzə
Əli bəy Bektaşov - 3 man.
Cümlətani 23 manat. Göndərilib
Naxçıvandan Şamaxıya Hacı Əbdürrəhim
Səmədov cənablarına".
"Molla Nəsrəddin" jurnalında dərc olunan
bu siyahını Mir Cəlalın siyahısı ilə
tutuşdurduqda aydın oldu ki, o, ianə toplayan
naxçıvanlıların adlarını çəkərkən
məhz həmin siyahıdan istifadə etmişdir.
Bu faktlar
sübut edir ki, Ağa Məhəmməd Əkbərovun
müsəlmanları qəflət yuxusundan oyatmağa
çalışan xalq şairi M.Ə.Sabirə məhəbbəti
o dərəcədə imiş ki, hətta vəfatından
sonra da ona ehtiramla yanaşmış, ailəsinə yardım
işində ən öndə getmişdir. Deməli,
Ağa Məhəmməd Əkbərovun adının
M.Ə.Sabirin ailəsinə ianə edənlərin
siyahısında birinci yazılması heç də təsadüfi
deyilmiş. Bu baxımdan Ağa Məhəmməd
haqqında müstəqillik illərində "Şərq
qapısı" qəzetinin 12 mart 2010-cu il tarixli nömrəsində
oxuculara nisbətən geniş məlumat verən tarix üzrə
fəlsəfə doktoru M.Quliyev öz məqaləsini
"Böyük şairimiz Mirzə Ələkbər Sabirin
naxçıvanlı maarifçi dostlarından Ağa Məhəmməd
Əkbərov haqqında bir neçə söz"
adlandırmaqda haqlıdır.
Ağa Məhəmməd Əkbərovun C.Məmmədquluzadə
ilə tanışlığı və ona müəyyən
yardımlar etməsi haqqında da şifahi məlumatlar
vardır. Ağa Məhəmmədin qonşusu, hazırda təqaüddə
olan Naxçıvan şəhər sakini Sadıq Rəhimovun
bizə və M.Quliyevə dediyinə görə, "Ağa
Məhəmməd Əkbərovun özü nəql
edirmiş ki, yazıçı Mirzə Cəlillə
yaxından dostluq münasibəti olub. Hətta
yeri gələndə jurnala ("Molla Nəsrəddin"
jurnalı nəzərdə tutulur - F.X.) maddi köməyini də
əsirgəmirmiş".
Ağa Məhəmməd Əkbərovun
xeyirxahlığının bir səciyyəvi cəhətinin
üzərində də dayanmağı zəruri hesab edirik. Bu da onun
"Sağ əlin verdiyindən sol əl xəbər
tutmasın" prinsipinə əməl etməsi ilə
bağlı olan bir məsələdir. Keçək
konkret faktlara.
Professor Ə.Şərif 1983-cü ildə Bakıda
çap etdirdiyi "Keçmiş günlərdən. Atam və mən" adlı
sənədli xatirələr kitabında atası Q.Şərifovun
1911-ci ilin sonlarında ona yazdığı məktubdan belə
bir sitat gətirir: "Bilirəm ki, sizə xərcləmək
üçün pul lazımdır. Ağa Məhəmməd
Əkbərovun mənə 50 manat borcu var. Nəqd pul
vermişəm. Get Ağa Məhəmmədin yanına və
bu kağızı ver ona. 50 manat ondan al, ver
anana və xırda-xırda alıb xərclə".
Ə.Şərif
atasının bu sözlərini belə şərh edir:
"Bu sətirlərdən atamın o zaman pula ehtiyacı
olduğu aydınlaşır, çünki ehtiyacı
olmasaydı o, qətiyyən borc verdiyi pulu yada salmaz və tələb
etməzdi".
Sual
olunur: M.Ə.Sabirin ailəsinə, C.Məmmədquluzadəyə
və bizə bəlli olmayan kimlərəsə həmişə
yardım əlini uzadan Ağa Məhəmməd Əkbərovun
Ə.Şərif demişkən, "ehtiyacı olan"
Q.Şərifzadədən nə az, nə
çox o dövr üçün böyük bir məbləğ
olan 50 manat borc alması nə dərəcədə
inandırıcıdır? Bizcə, buna inanmaq
olmaz. Çünki Ə.Şərifin öz xatirələrində
dəfələrlə qeyd etdiyi kimi, 1909-cu ilədək
atasının "cibi boş deyilmiş", "gənc ikən
qürbətə alışmış və qazanc
üçün vətəndən ayrılmış -
Aşqabad, Mərv, Kətə-Kurqan, Səmərqənd,
Buxara və bu yerlərə yaxın başqa şəhər
və qəsəbələrdə olduqca ağır şəraitdə
ürək sıxıntısı, nigarançılıq
içində harada isə işləyər, pul qazanar, öz
yeməyinə geyiminə qənaət edə-edə
topladığı qazanc ilə öz vətəninə
qayıdarmış". "Qohumlara yardım
edərdi, sovqat gətirərdi".
Ə.Şərifin yazdığına görə,
1909-cu ildən etibarən isə atasının maddi durumu
ağır vəziyyətə düşür. "Bu
dövrdə atamın maddi vəziyyəti yaxı olmamalı
idi". "Atamın maddi imkanı yox
idi". İş o yerə
çatmışdı ki, 1909-cu ildə Ə.Şərifin təhsil
haqqını Q.Şərifzadənin işlədiyi müəssisənin
rəisi Əbdülqafar Səmədov ödəmişdi.
Belə olan halda Q.Şərifovun Ağa Məhəmmədə
50 manat borc verməsinə imkanı var idimi? Bizcə,
xeyr!
Bəs Q.Şərifzadə nə üçün
oğluna bu sözləri yazmışdır? Həmin sualın cavabı
çox sadədir: Özünü ailəsinin yanında
sındırmamaq və qürurunu saxlamaq məqsədilə ərk
etdiyi dostundan məhz bu yolla borc almağı məqbul
saydığı üçün. O, dəqiq bilirdi ki, dostu
Ağa Məhəmməd məktubdakı sözləri oxuyarkən
məsələdən hali olacaq və istədiyi 50 manatı
oğlu Əzizə verəcəkdir. Həm də
bu sirr ancaq onların arasında qalacaqdır. Budur Ağa Məhəmməd Əkbərovun xeyriyyəçiliyinin
səciyyəvi cəhətlərindən biri.
Heç bir övladı olmayan Ağa Məhəmmədin
xeyriyyəçiliyinin bir nümunəsi də Seyid Səbri kimi
yoxsul təbəqəyə mənsub olan bir gəncə
atalıq qayğısı göstərərək onu həvəsləndirib
mətbuat aləminə cəlb etməsidir.
Ağa Məhəmməd və onun məslək dostlarının sonralar başa düşdükləri bir səhvləri var idi: Sovet hakimiyyətinə inanmaq! Uğrunda mübarizə apardıqları bu hakimiyyət onların axırına çıxdı. Qaçan qaçdı, tutulan tutuldu, bir çoxu sürgün olundu, ölən canını qurtardı. Qalanlar isə ömrünün sonunadək səksəkə içərisində yaşadı.
Ağa Məhəmmədin yuxusuna da girməzdi ki, böyük ümidlər bəslədiyi sovet quruluşunda gün çörəyinə möhtac qalıb gözətçi işləməklə ailəsini dolandırmağa məcbur olacaqdır. Sovet dönəmində ona təqaüd də vermədilər!
Ağa Məhəmməd Əkbərovla bağlı mübahisəli və aydınlaşdırılmağa ehtiyacı olan bəzi məsələlərin üzərində də dayanmaq istəyirik.
Əvvəla, onun təvəllüd və vəfat tarixi haqqında.
Professor Ə.Şərifin yazdığına görə, o, 1963-cü ildə vəfat etmişdir. Qonşusu Sadıq Rəhimovun bizə verdiyi məlumata görə isə 94 il ömür sürən Ağa Məhəmmədin vəfat tarixi 1962-ci ilə təsadüf edir. Bizcə, o vaxt uzaq Moskvada yaşayan Ə.Şərifin sözlərindənsə, yaxın qonşusu olan S.Rəhimovun dediyinə inanmaq lazımdır. Bunun doğruluğunu Ə.Şərif də sonralar dəqiqləşdirdiyi üçün "Molla Nəsrəddin" necə yarandı" kitabının Azərbaycan dilindəki variantında Ağa Məhəmmədin 1963-cü ildə vəfat etməsinə aid fikrini bir daha təkrar etməmişdir.
94 il yaşayan Ağa Məhəmməd Əkbərovun 1962-ci ildə vəfat etməsini qəbul etsək, deməli, onun təvəllüd tarixi 1868-ci ildir.
İkinci bir məsələ. Nə üçün Ağa Məhəmmədə "Ərbab" deyə müraciət etmişlər?
M.Quliyev bunu belə izah edir: "Ərbab onun Səttarxan hərəkatında daşıdığı ləqəbdir". Bu fikir haradan qaynaqlanır? Bəlli deyil. Sadıq Rəhimov bizə belə bir məlumatı eşitmədiyini bildirmişdir. Hər halda həmin fikri təsdiq edən heç bir fakt və rəsmi sənəd ortada yoxdur. M.Quliyevin Ağa Məhəmmədin Şeyx Məhəmməd Xiyabaninin yaxın dostlarından olması haqqındakı fikrinin də əsaslandırılmağa ehtiyacı vardır. Şübhəsiz ki, gələcək araşdırmalar Ağa Məhəmməd Əkbərov barəsində daha ətraflı məlumatlar əldə etmək üçün müəyyən imkanlar yaradacaqdır.
Hələlik isə araşdırmalarımız bizə aşağıdakı nəticələrə gəlməyə əsas verir. Ağa Məhəmməd Əkbərov:
1. Əqidəcə maarifçi-demokrat olmuşdur.
2. Naxçıvanda klub səviyyəsində fəaliyyət göstərən dükanında dövri mətbuat və demokratik ruhlu ədəbiyyat nümunələrini əldə edib yaymışdır.
3. Maarifçi ziyalılarla yanaşı, sosial-demokratlara da rəğbət bəsləmiş, Cənubi Azərbaycan inqilabçıları ilə Qafqaz sosial-demokratları arasında əlaqələndirici rolunu oynamışdır.
4. Xeyriyyəçiliklə məşğul olmuş, maarif və mədəniyyət yolunda maddi yardımını əsirgəməmişdir.
Heç bir təhsil almasa da, Naxçıvanda
maarifçilik hərəkatında özünəməxsus
iz buraxan Ağa Məhəmməd Əkbərov yaddaşlarda
yaşamağa haqqı vardır.
Fərman
XƏLİLOV
AMEA
Naxçıvan Bölməsi Əlyazmalar Fondunun direktoru,
filologiya üzrə elmlər doktoru
525-ci qəzet.- 2019.- 24 yanvar.- S.6.