Qələmsiz yazılanlar 

 

 

 

 

Orxan Pamukdan feysbuk statusları barədə soruşanda tərəddüdlə belə cavab vermişdi: “Bəlkə bu da bir ədəbiyyat növüdü, hələ ki bir söz deyə bilmərəm”.

 

Dövrün, innovasiyaların yaratdığı bu janrın mahiyyəti yəqin ki, gələcəkdə xüsusi araşdırılacaq! Bəlkə bu da jurnalistikanın, yaxud ədəbiyyatın bir növü kimi qəbul ediləcək! Bəzən sosial şəbəkə statuslarını “fastfood” yeməklərə bənzədirəm! Sanki bir qaçaraq, ayaqüstü janrdı! Hər halda mövcudluğuyla hesablaşmalı və razılaşmalıyıq!

10 ildir ki, feysbukdayam! Sosial şəbəkələrin meydan suladığını gördüyüm üçün kitabın və klassik kağız qəzetlərin gələcəyinə skeptik yanaşmağa başlamışam! Axı dövr, zaman dəyişir və min illik ədəbi məhsulları barmaq boyda “yaddaş”a yerləşdirib özünlə daşıya bilərsənsə...

Statuslar yazmağım isə ovqatımdan asılıdı - bəzən hansısa ictimai-siyasi hadisələrə münasibətimi operativ olsun deyə sosial şəbəkələrdə bildirirəm. Hərdən də qaçhaqaç həyatımızda əlçatmaz olan bədii yaradıcılıq arzusu yeni status - esselərin yazılmasına səbəb olur! Ona görə zaman keçdikcə geriyə çevirib baxanda bu statuslar həm qəlbin, həm ovqatın, həm də sürətlə bir-birini əvəz edən gündəmlərin xronologiyası təsiri bağışlayır...

Günün birində ağlıma gəldi ki, bəlkə bu onillik statusları toplayıb ayrıca bir kitab halında dərc etdirim?! Bizdə belə bir təcrübəni xatırlamıram, xaricdə isə belə cəhdlər olmamış olmaz! Bizdə də bəlkə ilki mən edim!? - düşündüm. Beləcə, “Qələmsiz yazılanlar” kitabından daha bir hissəni “525”in oxucuları üçün hazırladım.

2019

Gərgin qrafikli iş həftəsini yola verib şənbə səhəri tezdən, sakit beyinlə xatırlayıram ki, deyəsən, sosial şəbəkədə bu günlər gözümə dəyən, rahat vaxt tapanda oxuyacam deyə ləngitdiyim səhifələrə - yazılara baxmalıyam. Lap dəqiqi, Səhifəyə! Solmaz Rüstəmova-Tohidi-nin səhifəsinə!

Həftəiçi Solmaz xanımın Bərdəyə səfəri barədə qeydləri gözümə dəymişdi! Həcmi çox olduğuna görə daha rahat bir vaxtda oxuyacağımı düşünmüşdüm! Və indi bu şənbə səhəri Solmaz xanımın səhifəsində Bərdəyə səfəri, “Qala” divarları, “İmamzadə” memarlıq kompleksi, “Nüşabə” qalası, Bəhmən Mirzə türbəsi barədə qeydlərini oxuyub qarışıq hisslər keçirdim! Bir tərəfdən tariximizə laqeyd münasibətdən yaranan kədər və qüssə məni çulğadısa, o biri tərəfdən Solmaz xanımın soyuqqanlı alim, yetgin ziyalı, ehtiraslı vətənpərvər obrazından bir daha qürur duydum! Daha sonra səhifəni arıtlayıb Cümhuriyyətin 100 illiyiylə bağlı iştirak etdiyi tədbirlərdən, professor Şirməmməd Hüseynovun ad günündən yazdığı qeydləri və atası Əli Tohidinin 100 illik yubileyiylə bağlı xatirəsini oxudum. Sonuncu yazıdan Solmaz xanımın soykökü, formalaşdığı mühit barədə xeyli məlumat öyrəndim və belə bir sanballı alimin necə yetişməsi barədə son vaxtlar beynimdə gəzdirdiyim suala cavab tapdım! 

“Mən, ağlım kəsəndən həmişə evdə “qərib” atamın dostlarını görmüşəm, onlara ağız dolusu “əmi” demişəm, dövrün ən tanınmış yazıçı, şair, teatr xadimləri, alim və müəllimləri daima evimizin qonaqları olub, atam da məişətdə olduqca sərt xarakterinə baxmayaraq, çox vaxt kişi məclisləri olan bu qonaqlıqlarda mənə süfrəyə qulluq etməklə yanaşı, bir kənarda oturub bu böyük şəxsiyyətlərin söz-söhbətinə qulaq asmağa icazə verib. Bu gün atamın kitabxanasında onun yazıçı, şair, alim, sənətkar dostlarının imzası ilə bağışladıqları kitablardan ibarət ayrıca bir şkaf durur. Və mən Azərbaycanın bu görkəmli adamlarının atama münasibətində onun şəxsi keyfiyyətləri ilə yanaşı, daha geniş mənada həm də cənubdan olmasına görə, özü də siyasi, inqilabi xadim kimi dərin və səmimi hörməti daim müşahidə etmişəm”.

“525”də Solmaz xanımın yazılarını ara-sıra dərc edirik. Sonuncu dəfə - ötən ay “Azərbaycan parlamenti necə yarandı” yazısı işıq üzü görmüşdü. Və mən Cümhuriyyətə böyük sevgiylə yazılan bu elmi-tarixi məqalədəki hədsiz informasiyadan heyrətə gəlmiş, həyəcanlanmış, sosial şəbəkədə və canlı söhbətlərimdə oxumaq üçün hər kəsə tövsiyə etmişdim! Solmaz xanımın mənə hədiyyə etdiyi son kitabı - “Cümhuriyyətin “Azərbaycan” adlandırılması və onun tarixi əhəmiyyəti” kitabı da çarpayımın yanında mütaliə növbəsini gözləyir!

Onun tariximizlə bağlı araşdırmaları, kitabları sonsuz hörmətə və təzimə layiqdir!

Bu səhər isə mən sadəcə bir feysbuk səhifəsi yox, sanballı elmi-publisistik dərgiyə bərabər məxəzlə rastlaşdığıma əmin oldum!

***

O gün BDU-da BP-nin əməkdaşı, uğurlu karyerasının havası düşüncə və nitqində tüğyan edən cavan oglan “müdrikcəsinə” məsləhət verərək dedi ki, 2030-cu ildə indiki ixtisasların 85 faizi olmayacaq! Bilmədim nəyi nəzərdə tuturdu - neft erasımı bitəcək, BP-mi bağlanacaq?! :) Dedim ki, yazmaq həmişə olacaq, cavan oğlan! Bir zaman Qobustan qayalarına yazıblar, yazmaq istəyənlər 2030-da da, sonra da bir yer tapıb yazacaqlar! :)

***

Ütülü cümlələri bəyənmirəm! Şübhələnirəm! Harasındasa yalan, riya, məkr var deyə...

***

Dünənki atəşfəşanlıqda vahiməyə düşüb havada nizamsız qanad çalan quş yadımdan çıxmır! Fişənglərin işığından, topların guppultusundan binalar arasında o yan bu yana uçub çaşbaş qalan, dəliyə dönən canlı!

2018

Umduğun adamlardan etinasızlıq görəndə həyat ləzzətin itirir, yaşamağın mənası qalmır.

***

Bütün sualların cavabı aydın olanda, dünyanın tanımadığın üzü qalmayanda başlayır qocalıq! Təzə nəyəsə ümidin varsa, deməli, hələ gəncsən! Dekabr Günəşi kimi..

***

Ustad müəllimimiz Şirməmməd Hüseynovun ad günündə BDU-nun Jurnalistika fakültəsində Rafael Hüseynovun “Millət yaddaşının keşikçisi” kitabının təqdimatına yığışmışdıq. Çıxış edirdilər və xatırlayırdım...

İllər öncə Şirməmməd müəllim Jurnalistika fakültəsində Burjua ölkələrinin jurnalistikasından bizə 4 qoşa saat dərs demişdi. O mühazirələr indi də yadımdadı. Sonralar ustad müəllimimizdən “Dörd qoşa saat” adlı məqalə də yazdım.

Bir də Bəstəkarlar İttifaqında Lalə xanımın kitabının təqdimat mərasimini xatırladım. Tədbir bitəndə Şirməmməd müəllim qoluma girdi:

- 1938-ci ildə bura Məktəblilər eviydi, bax burda Üzeyir Hacıbəyov və Müslüm Maqomayev oturmuşdular. Mən də onların qarşısında “Muğam” oxumuşdum! 14 yaşlı Şəki məktəblisi Ş.Hüseynov!

Hay-küylü qələbəlikdə düşündüm ki, bəlkə, nəyisə səhv eşitmişəm:

- Kim oturmuşdu, Şirməmməd müəllim? Neçənci ildə?

Təkrarladı. Heyrət etdim. Sən demə, bu günlərdə Milli Kitabxananın direktoru Kərim Tahirli 1938-ci ilin “Bakinski raboçiy” qəzetindən bu xəbəri tapıb və Şirməmməd müəllimin yaddaşını təzələyib. Canlı tarixdi, qürur mənbəyidi Şirməmməd müəllim!

***

Xeyli aradan sonra ustad sənətkar Süleyman Abdullayevlə görüşdük! 1967-ci ildə İstanbulda 10 günlük festivalda olmağından, hətta orda yaşayan cəbrayıllı ailənin toyunda iştirakından danışdı, duzlu lətifələri, hələ də dupduru qalan səsiylə bizi təsirləndirdi!..

2017

Bəd xəbəri elə sevinərək çatdırırlar ki...

***

“Qurban” fürsətindən yararlanıb Barnısın “Aqibət duyğusu”nu oxudum! İlk növbədə Seyfəddin Hüseynlini təbrik edirəm! Bu cür mükəmməl, sərrast, axıcı tərcüməsinə görə! Şərif Ağayarın yazısını və fikirlərini də bölüşürəm!

***

Ordubadın nə gözəl havası varmış. Yusif Məmmədəliyevin ev muzeyindən açılan mənzərə isə bənzərsizdir.

***

İntihar fərarilikdi! - Fikrət Qocanın bir misradan ibarət şeiridir. Bu intihar xəbərləri içərisində ha çabalayıb suallara cavab axtarırsan və sonda yenə Fikrət müəllim deyənə gəlib çıxırsan. 

2016

Prokuror Yusif İldırımzadə kitabı mədh etdi: “Yenə kitab, yenə oxumaq və mütaliə. Çünki çıxış yolları, nicat və xilas kitablardadır... Mən kitabı, mütaliəni sevir və yorulmadan, usanmadan oxuyuram. Düşünürəm ki, bundan böyük həzz mənbəyi yoxdur. Kitab oxuduqca, mütaliə etdikcə, dünyaya, həyata daha çox bağlanıram, insanları daha çox sevirəm. Belədə, yaşamaq gözəl və dadlı olur. Bundan gözəl hiss, bundan zərif duyğu?”

2015

Markın feysbukda bloklama (əngəlləmə) funksiyasını icadı möcüzədi. Bir profilin mövcudlugu unutdurulur! Bu funksiyanın insan beyninə transferi mümkün olsaydı, həyat necə də dəyişərdi...

***

“Bu dünyada hərə bir cür qocalmağa başlayır,

Başdanmı qocalan çox, ayaqdanmı, kim bilir?

Hansı pisdi? Yerişi, yoxsa ağlı itirmək?

Axmaqdanmı soruşaq, axsaqdanmı, kim bilir?”

- Bu misralar Ramiz Rövşənin son illərdə yazdığı şeirdəndi. Tez-tez yadıma düşür. Və yerişi itirməyin daha yaxşı olduğu qənaətinə gəlirəm.

***

Nə qədər roman yazacaqsan, bir az da sms, heç olmasa status yaz (Gənc yazara müdrik məsləhət)

***

Zeynəb Xanlarova nostaljidi...

***

 

Deyəsən, 1985, ya da 86-cı il idi, Şuşada Vaqif poeziya günləri keçirilirdi. Mən də 21-22 yaşında gənc idim. Vaqifin məqbərəsi önündə Səyavuş Məmmədzadənin həmin vaxt oxuduğu şeir 30 ildir ki, yadımdadır. O vaxtlar onu Şuşada eşidəndə o şeirin bir ayrı təsiri vardı. İndi - Şuşasızlıqda isə elə bil şeirə bir hüzn, kədər çöküb:

Şuşanı qar gördüm, qar gördüm,

Əlimi var gördüm, var gördüm,

Səslədim ötən günləri,

Daşları kar gördüm, kar gördüm.

2014

Qənirə xanım sağ olsun, böyük şair Cəmal Safiylə tanış olduq.

2013

Aqil Abbas 27 ildən sonra Ağdama qatarla gedir...

2012

“Allah ürəyinizə görə versin!” - dərin və gözəl arzudu... Düşündürücüdü! Bəlkə Allah elə də edir?! Yox?...

2011

“Qarabağ”ın növbəti mərhələyə çıxa bilməməsinin səbəbi stadiondakı boş yerlər və lazımi azarkeş dəstəyinin olmaması idi! Komanda isə gözəl oynadı! Sağ olsunlar!

2010

İstedadlı dost statusundan bilinər.

2009

Hər şəkildə bir hüzn var həm də!.. Nədən?

 

Rəşad MƏCİD

 

525-ci qəzet.- 2019.- 26 yanvar.- S.12.