Arzuların və ümidlərın işığında

 

NATİQ MƏMMƏDLİNİN HEKAYƏLƏRİ HAQQINDA DÜŞÜNCƏLƏR

 

 

Natiq Məmmədliyə zəng vurdum. Yaradıcılığı, yeni kitabları ilə maraqlandım, yeni kitabının çıxıb-çıxmamasını soruşdum. Əvvəlcədən bildiyim cavabı eşitdim: "Təzə hekayələr kitabım çıxıb". Bilirdim yeni kitabının çıxmağını, bəzi hekayələrini də dövri mətbuatda oxumuşdum. Maraq mənə güc gəldiyindən Natiq Məmmədlinin kitabını istəməyə məcbur idim. Sağ olsun, məni çox gözlətmədi, avtoqrafla göndərdi.

Bu kitabı da Natiqin o biri kitabları kimi birnəfəsə oxudum. 10 hekayədən ibarət kitabın içindəkiləri 3 ilə yazmışdır. Hər bir hekayənin altında yazılma tarixi göstərilmişdir. Hekayələr bizim həyatımızda baş verən hadisələrdən, mənzərələrdən bəhs edir. Ancaq orada elə detallar qələmə alınmışdır ki, insan təəccüblənməyə bilmir. Doğrudanmı bunlar bizim bilmədiyimiz, görmədiyimiz sirli dünyada, çoxlarının bixəbər olduğu aləmdə baş verir? İnsan övladının gözü niyə doymaq bilmir? Sallaq qarınlarını daha da şişman, qapağı az qala örtüləcək gözlərini yeməkdən daha artıq örtüləcəyini görmək, hiss eləmək istəmir. Müstəqillik qazanmış ölkəmizdə saf qalmış insanlar riyakarlara, fırıldaqçılara  yenə də özləri qədər inanırlar.

Natiq Məmmədlinin bundan əvvəl oxuduğum "Ləyaqət düsturu" hekayələr toplusu, "Körpüdə Ümid" romanı və "Bekketə salam" hekayələr kitabı eyni üslubda, eyni problemləri çözməklə qələmə alınmışdı: hardasa gülməli görünsə də, əslində, faciə olan, insanları insanlıqdan çıxaran tamahkarlıq, rüşvətxorluq, dələduzluq, ləyaqətini beş qəpiyə satan tülüngü personajların daxilinə baş vurduqca gah utanırıq, gah xəcalət çəkirik, gah da insanlardan qaçmaq istəyi ürəyimizə hakim kəsilir. Müəllifin anlaşıqlı dillə qələmə aldığı bütün hekayələri oxucuda bir oyanış, diksinmə, ətrafa boylanma hissini təlqin edir. Hekayələrdə oxuduğumuz hadisələrə biz də rast gəlirik, eşidirik, ancaq nasirin yazısını oxuyub dərk etdiyimiz qədər dərk etmirik.

"Bekketə salam" hekayələr toplusu "Bizə ürək göndərin" hekayəsilə başlayır. Hekayədə bizim bəzi üzdəniraq həkimlərimizin savadsızlığı, etinasızlığı oxucuda bir ümidsizlik, ruh düşkünlüyü yaradır. Nə yaxşı ki, belə həkimlər çox deyil. Düzgün diaqnoz qoyan iranlı həkimlər böyrəyi xəstə oğlanın atasına deyirlər ki, gedin gözləyin, böyrək nə vaxt tapa bilsək, oğlunu sağaldarıq. Xəstə uşağa böyrək köçürülməsə, o ölməlidir, o, ölümə məhkumdur. Günlərlə, aylarla gözləyən ata İrandan gələn zəngə sevinir. Böyrək tapılıb! Böyrək haradan tapılsa yaxşıdır? İraqdan, Əfqanıstandan, Misirdən, başıbəlalı Suriyadan yox, dinclikdə yaşayan Hollandiyadan! Həmin ölkələrdə gedən dəhşətli qırğınlar sayəsində onlarla uşağın qönçə ikən açılmadan solmasına, körpə ikən ölməsinə səbəb olur. Bir uşağın ölümü digər uşağın sağalması demək imiş. Hollandiyalı uşağın valideynləri öz istəkləri ilə ölmüş oğullarının böyrəyini möhtac xəstəyə verməyə razıdırlar. Bunun üçünsə gərək böyük ürəyə sahib olasan. Hekayəni oxuyanda xəstə uşağın ata-anası ilə, nənə-babası ilə bərabər iztirab çəkən, ölüb-dirilən oxucu Hollandiyadan böyrək gələcəyi xəbərini eşidəndən sonra dərindən nəfəs alıb rahatlaşır.

Natiq Məmmədlinin ikinci hekayəsi "Tutuquşunun günahı"dır. Müəllifin bu hekayəsi də çox maraqlı bir süjet üzərində qurulub. İnsanlarda harınlıq, özündən razılıq hissi hekayənin qəhrəmanı Balabəyin timsalında verilmişdir. Balabəy yeni "azərbaycanlılar"dandır. Evində çoxlu sayda tutuquşu saxlayır. Özündən razı, müştəbeh Balabəy başa düşürdü ki, insanlar onun eşitmək istədiyi sözü kefindən yox, nəsə umduqları üçün təkrarlayırlar. Tutuquşuları isə bunu yalnız sahibinə xoş gəlmək üçün, özü də vicdanla edirlər. Və sahiblərini görən kimi başlayırlar oxumağa: "Eşq olsun Balabəyə!", "Balabəy yekdir!" deyə qarıldaşırlar. Günlərin birində Balabəyə faciə baş verir. Onun sevimli tutuquşusu xəstələnir. Balabəy onu sağaltmaq üçün Peterburqdan xüsusi baytar gətirdir. Soyadı da ixtisasına uyğun olan Xişnikova bu şəhərdə bəzi şeylər çox təəccüblü gəlirdi: niyə bu zəngin insanlar evlərində it, pişik yox, məhz yırtıcılar bəsləyirlər. O, tutuquşunun xəstələnməyini yırtıcı heyvanların xəstələnməyinin yanında əhəmiyyətsiz, kiçicik bir iş hesab edirdi. Xişnikov xəstənin yanına keçəndə orada olan tutuquşu dəstəsi xorla sahibini tərifləməyə başladı. "Eşq olsun Balabəyə! Biz səni sevirik!" Gözləri bərəlmiş Xişnikov birinci dəfəydi ki, xorla oxuyan tutquşuya rast gəlirdi. Və başa düşürdü ki, quşların sahibi demişkən, heyvanların sosial davranışı pozulubsa, quşları yox, sahibini müalicə etmək lazımdır. Tutuquşununsa günahı və xəstəliyi cümlədə mübtəda ilə xəbərin yerini dəyişik salması idi. Bu Balabəyin istədiyi xorun, eşitmək istədiyi tərifin ahəngini pozurdu. Çağdaş zəmanəmizdə hətta quşların belə yaltaqcasına fərqlənmək istədiyini Natiq Məmmədlinin bu hekayəsində açıq-aşkar görürük. Öz sahibinə olan sonsuz sevgisini bildirmək istəyən tutuquşu yoldaşlarından fərqlənmək, özünü gözə soxmaq üçün mübtəda ilə xəbərin yerini dəyişir. Xişnikovun konsiliuma dəvət etdiyi psixoloq da bu fikri təsdiqləyir. Onu dəstədən ayıran Balabəy pəncərəni açıq qoyur ki, quş uçub getsin. Tutuquşu isə uçmağa belə meyl göstərməyib qəfəsindəcə ölməyi üstün bilib. Müəllifin bu hekayəsi indiki zamanla çox həmahəng səslənir.

Müəllifin "Xəlbir" hekayəsi də çox təqdirə layiq bir hekayədir. İşsiz cavan özünə iş axtarır. Müxtəlif yerlərə müraciət edir. Hər yerdə onu yaxşı qarşılayırlar. Xoş təbəssümlə onu sorğu-sula çəkir və deyirlər, get, sənə zəng vuracağıq. Günlər, aylar keçir, zəng gəlmir. Gənc başa düşür ki, bunlar hamısı uydurulmuş oyundur, saxta təbəssümlə onu sorğu-suala tutan məmur ona heç vaxt zəng etməyəcək. Nə olar, o mübarizəsini, axtarışını davam etdirəcək. Axır ki, özünə layiq iş tapacaq. Günlərin birində yaxınlıqdakı köşkdən bazarlıq edərkən gözü meyvə qutusunun üstünə sərilmiş qəzetdə gedən elana sataşır. Bitirdiyi universitetdə iş yerləri açılıbmış. Kafedra müdiri, dekan, baş müəllim... Gənc sevinərək sənədlərini vakansiya yerlərinə təqdim edir. Əvvəlcə dekan olmaq keçir ürəyindən, yox, yox... Bu vəzifə hələ onunçün tezdir. Kafedra müdiri olsa yaxşıdır. Yox, yox.., bu da inzibati vəzifədir. Ən yaxşısı budur ki, adicə müəllim olsun. "Mən çox tələbkar müəllim olacam. Heç kimə day-daylıq etməyəcəm, heç kimdən rüşvət almayacam. Qoy bilsinlər ki, mənim vicdanımı satın almaq olmaz". Sadəlövh gənc elə bilir ki, universitetə gedən kimi onu pəh-pəhlə işə götürəcəklər. Daha başa düşmür ki, bu cür elanlar formal xarakter daşıyır. Gəncin yadına nənəsinin iki kösövə oxşar əlləri ilə silkələdiyi xəlbir düşür. Xəlbir içindəkini ələdikcə lazımsızlar düşür, lazımlılar isə qalırdı. İndi bu zəmanədə lazımlı ilə lazımsızı, faydalı ilə faydasızı xəlbirdən keçirmək üçün güclü əllər lazımdır.

"Kişilər ağlamasın" - elə hekayənin adını oxuyanda insan diksinir, gözünün önündən bir qara siluet keçir. Azərbaycan kişilərini (sözsüz ki, hekayədə Azərbaycan kişilərindən bəhs olunur) həmişə mərd, dözümlü, səbirli, mehriban, yeri gələndə sərt görmüşük. Hekayənin qəhrəmanı Əlövsət institutu bitirəndən ahıl yaşlarına qədər müəllim işləmişdir. Əsl pedaqoq olan Əlövsət müəllimin minlərlə şagirdi olub. Təqaüdə çıxmış müəllim ev tikintisi idarəsində işə girərək fəhlə kimi işə başlamışdı. Adətinə xilaf çıxmayaraq işə məktəbə getdiyi kimi şax kostyumda, qalstukda, üzü təraş edilmiş gəlirdi. İşçilər aylardı işləyirlər, ancaq hələ maaş ala bilməmişdilər. Bunu təsəvvürünə belə gətirə bilməyən Əlövsət müəllimi inandırmaq çətin idi. O qədər təmiz, safqəlbli olan, böyük mənada əsl müəllim olan Əlövsət müəllim naxələflərin hərəkətində də bir dürüstlük, ədalət axtarırdı. Üzügülər, şən, həyat eşqi ilə qaynayan Əlövsət müəllimi hələm-hələm ağlatmaq qeyri-mümkün idi. Tikintidə onun vaxtı ilə dərs dediyi şagirdlərdən də var idi ki, bu ay da onların əməkhaqqı verilməyəcəkdi. Üzündən nur, iman, inam yağan bu binəva müəllimi inandırmaq mümkün deyildi. Eşidəndə ki, ev tikənlər onlara "atıblar" və gözətçinin uşaq kimi hönkürüb ağlamağından sonra sarsılır, inamı qırılır. O, müəllimdir. Fəhlələrə söz vermişdi ki, siz bu ay mütləq maaş alacaqsınız. Maaş isə "haralardasa" ilişib qalmışdı. Hansısa fırıldaqçının, hansısa işbazın güdazına gedib. Müəllim yalan danışa bilməz. Qaraqabaq, adamayovuşmaz, kobud gözətçinin ağlamağı müəllimə bir daha əminlik gətirir ki, bu ay da pul olmayacaq. Müəllim sarsılır, özü də lap pis sarsılır. Acıdil, qaradinməz gözətçinin hönkürüb ağlamağı "vallah, müəllim, pul olmayacaq" deməsi onun dünyasını bir anda alt-üst edir, inamını sarsıdır. Kişilər ağlamaz, kişilər göz yaşını gizlədər. İnamı qırılmış, iç dünyası alt-üst olmuş Əlövsət müəllim şagirdlərinin yanında sanki gözükölgəli olmuşdur. Özünü günahkar bilirdi. 20-ci mərtəbədəki otaqların suvağını qurtarmaq bəhanəsilə yuxarı çıxır və intihar edir. Quş kimi pərvazlanaraq bir anda özünü aşağı atır. Müəllif bu hekayədə saf adamların çıxış yolunu tapmaqda aciz qaldığını göstərir. Əlacsız qalan binəva insanlar bütün bunlardan xilas yolunu intiharda görür.

Natiq Məmmədlinin beşinci hekayəsi "Sevgi məbədində qətl" adlanır. Bu hekayə çox maraqlı, maraqlı olduğu qədər də qəribə bir süjet üzərində qurulub. Burada biri təbiətən sakit (lap quzu kimi), o biri isə qızğın, özündən tez çıxan, söz güləşdirməyi xoşlayan iki gəncin tələbəlik, kasıbçılıq illərinin dostluğundan bəhs edilir. Problemləri gülümsəməklə yola verən üzüyola gənc anasının təkidiylə son dövrlər görüşmədiyi əmisiqızı ilə evlənir. Sevgisiz, məhəbbətsiz... Ürəyi boş yaşayan, həyatdan zövq almağı bacarmayan gənc illəri yorub yola salır. Əri Rusiyada olan bir qadınla rastlaşır, bir-birlərinə aşiq olub görüşürlər. Günlərin birində isə bu nakam sevgiyə son qoyulur. Onların növbəti sevgi macərası faciə ilə bitir. İçəridə yandırdıqları qazın dəmi onların ölümünə səbəb olur. Bu hekayədə qələmə alınmış əhvalat haqqında televiziyanın, saytların gündəmini zəbt etmiş verilişləri izləyir, müxtəlif məqalələri oxuyuruq. Bütün aləmi ağzına almış qadın-kişi xəyanəti haqqında olan hekayətlərdir. Qadının həyat yoldaşı bir tikə çörək pulu qazanmaq üçün Rusiyaya işləməyə gedib. Ailəsini atmasa da, yoxlamağa da gəlmir, onların qayğısına qalmağı da unudur. Qadın həyat burulğanında tək qalır. Eşqsiz, istisiz, diqqətsiz, məhəbbətsiz... onunla maraqlanan yox, dərdini bilən yox. Onu bu xəyanətə yaxınlarının, əsas da həyat yoldaşının laqeydliyi vadar edir. Xəyanətə doğru addımlayaraq onun ağuşuna atılır. Səadətini başqasının ömür-gün yoldaşında tapır. Ancaq bu xoşbəxtlik uzun sürmür. Çünki öz səadətini başqa bir qadının bədbəxtliyi üzərində qurmaq istəyir. Onun görüşdüyü  kişi də arvadını sevmədən, evlənmək xatirinə evlənir. Anasının təkidiylə, arzusuyla evlənir. O da başqa bir qadına vurulur və müəllifin "Sevgi məbədində qətl" adlandırdığı qarajda görüşməyə başlayırlar. Nəticədə isə...  Nəticədə isə hər ikisi dəm qazından boğulur. Bir-birlərinə sarılmış halda... Müstəntiq gəlir, gəncin dostu gəlir. Bu cür görünməmiş ölümü onların ailələrinə necə çatdıracaqlar? Necə deyəcəklər? Allah bilir, insanlar nə düşünəcək. Şəhərdə hansı şayiələr gəzəcək? Xəbər saytları ağızlarına gələni yazacaq, bar-bar bağıracaqlar. Baş xəbər kimi qəzetlərin, saytların manşetlərini "bəzəyəcək". Sevgililərin isə bundan xəbəri olmayacaq. Hadisənin ən qəliz yeri isə ölümlərindən sonra sevgililəri bir-birindən ayırmaq məsələsi idi. Onlar bir-birlərinə necə sarılmışdılarsa, eləcə də heykələ dönub həyatlarını tərk etmişdilər. Necə də dəhşətli, amansız, eyni zamanda, urvatsız bir ölüm oldu. İnsan gərək kimsənin təkidiylə sevmədən evlənməyə. Ailəsini dolandıra bilməyən kişi çörək pulu qazanmaq üçün harasa getsə belə, geridə qoyduğu arvad-uşağını da fikirləşməlidir. Yalnız özünü düşünən adam geridə qoyduğu qadının faciəsinə zəmin yaratmamalıdır. Bir tikə çörək qazanmaq bəhanəsiylə ailə məsuliyyətindən yaxasını qurtarmamalıdır. Bu cür hərəkətlər ailənin dağılmasına, addım-addım xəyanətə yaxınlaşmasına gətirib çıxardır. Onun ağrısını özləri ilə bərabər yaxınları da çəkir. Müasir zəmanədə xəyanət deyilən bir kabus ictimai bəlaya çevrilib. Bəziləri maddiyyat, sıxıntı üzündən, bəziləri geyinib-keçinmək, başqalarının yanında özünü gözə soxmaq üçün, bəziləri isə kefindən bu addımı atır. Bəla orasındadır ki, bəzi kişilərin öz qadınına dəyər verməməsi, laqeydliyi, ömür yoldaşı seçdiyi qadınının gözü görə-görə, qulağı eşidə-eşidə başqası ilə eşqbazlıq etməsi qadını bu yolu seçməyə vadar edir. Son vaxtlar saytların bəzəyinə çevrilmiş, başı əri tərəfindən qırxılmış və yaxınları tərəfindən ictimailəşdirilmiş xəyanət haqqında hər bir insan öz mövqeyini bildirir. Qadını qınayanlar da az deyil. Ancaq heç kim bu hadisənin mahiyyətində nə dayandığını axıra qədər açıqlamaq istəmir. Qadının nəyə görə xəyanət etməsi axıra qədər açılmır. Mən heç bir xəyanətə haqq qazandırmıram. Nə kişinin, nə qadının xəyanətinə. Nə kişinin, nə qadının xəyanətinə müsbət baxıram.

Bu, ailələrin dağılmasına, əsasən də uşaqların sıxıntısına, qəlb sınıqlığına, boynubüküklüyə, həyatda inamsız böyüməsinə gətirib çıxarır. 2018-ci ilin statistikasına görə, Azərbaycan ailəsində boşanma hallarının sayı 12396 nəfər təşkil edib. Bu hadisələrin səbəbi bilavasitə cütlüyün bir-birinə xəyanətidir. Kişilərin bəzisi xəyanəti sivil qaydada yox, ən iyrənc yolla həll etməyə çalışırlar.

N.Məmmədlinin bu əsəri də sonda ölümlə bitir. Əgər onlar ölməsəydilər, bu gizlin eşqin uzun müddət davam etməsi mümkün deyildi. Rusiyada öz həyatını yaşayan ər bu xəyanəti eşitsə idi, ondan canını qurtarmaq üçün ən yaxşı halda boşanacaqdı. Qadınla eşq yaşayan kişi isə ailəsinə, qadınına nə cavab verəcəkdi, onu da bilməyəcəkdi. Nəticədə yeni bir boşanma hadisəsi baş verəcəkdi.

Natiq Məmmədlinin maraqlı hekayələrindən biri də "Bekketə salam"dır. Bu hekayədə cavan jurnalist qızın "Gənclər qəzetində" işə düzəlməsindən bəhs olunur. Qız universiteti yenicə bitirib. Müxbir kimi işləməyə çox həvəslidir. Özünün də arzusu böyükdür. Qəzet redaktorunun ona təklif etdiyi, ancaq ona çox yüngül görünən mövzulardan - sirk, teatr mövzusundan yox, bığlı-saqqallı kişilərin cürət edib girişə bilmədiyi siyasətdən yazmaq istəyirdi. İşlədiyi sahədə saç-saqqal ağartmış baş redaktor ona siyasət mövzusuna toxunmamaq məsləhətini verməsinə baxmayaraq, gənc jurnalist onun sözlərinə əhəmiyyət vermir, özündə böyük bir güc, qüvvə hiss edir və siyasətdən yazacağını israr edir. Baş redaktor məcburən ona uğurlar arzulayır. Qız siyasi partiya liderlərindən müsahibə almaq üçün tələsir. Hansı partiya qərargahının qapısını döyürsə, hamısının qapısını bağlı görür. Nəhayət "Bloklara qoşulmayan" partiyanın yerləşdiyi həyətdə insanların qaynaşdığını görüb sevinir. Tələsik harasa gedən adamların birindən sədrin yerində olub-olmadığını soruşur. "Sən nə danışırsan, ay qız? Bura yas yeridir, böyük bir adama yas verirlər. Partiyalarla iş ancaq seçki dövründə olur", - deyə cavab verir. Kor-peşman olan müxbir geri dönür. Yolu "Gənclər teatrı"nın yanından keçir. Yadına baş redaktorun sözləri düşür: "Cavansan, sənin siyasətlə nə işin var? Get teatrlardan, sirkdən yaz" və üstəlik, ona "Gənclər teatrı"nın biletini verir. - Teatrda Samuel Bekketin "Kreppin son lent yazısı" tamaşası olacaq. Get ona bax, onun haqqında resenziya yaz, başını dolandır. Qız uşağısan, ağıllı ol, bığlı, saqqallı kişilərin girişmədiyi işlərlə başını niyə ağrıdırsan?" Müxbir qız kor-peşman tutduğu istədiyi yoldan ayrılır və tamaşaya getməyə məcbur olur. Burada müəllif sətiraltı mənada bildirir ki, siyasət parta arxasından yenicə duran qızcığazın yeri deyil, "bığlı-saqqallı" kişilərin işidir. Siyasət top oyunu deyil ki, hər gələn bir təpik vursun. Siyasətlə uşaq-muşaq yox, siyasətçilər məşğul olmalıdır. Ümumiyyətlə, hərə öz sahəsində düzgün işləsə, işinə can yandırsa, müvəffəqiyyətlərimiz daha çox  olar.

Natiq Məmmədlinin "Tiflis yolçuları" hekayəsi də günümüzlə səsləşən bir yazı nümunəsidir. Tiflisə gedən qatarın müştəriləri söhbət edə-edə gedirlər. Biri millətçi, digəri isə millətçinin təbirincə desək "satqın"dır. Millətçi yazıçıdır, Tiflisə gedir ki, yeni mövzular tapsın, yazsın. Yazsın ki, bir gün özü bu dünyada olmayanda sözü yaşasın. Lap Axundov kimi, C.Məmmədqulquzadə kimi. Lazım gəlsə, gələcəkdə yaşamaq xatirinə öz xalqına qarşı da müxalifətdə dayanmağı bacarmalıdır. Müəllif burada zatıqırıqları, qanı qarışmışları, üstüörtülü də olsa qabardır. Oxucuya çatdırmaq istəyir ki, oyan, özünü dərk elə. Necə ki, qanıqarışıq insanlar meydan sulayır, zəfər çalıb qalib ola bilməyəcəksən.

Əsərin qəhrəmanı zorla fahişə görüşünə gətirilmiş, gözündə "süddən yanıq qalmış, özgə  qapılarında sürünən anasız körpənin əzablarını, balaca çiyinləri batmanla gələn dərd-sərinin altına verdiyindən qaməti qamış tək əyilən, puç olmuş ümidləri, arzuları görən 20 yaşlı oğlandır".

Qəhrəman Tiflisə sevgi dalınca gedir. Ancaq tanış olduğu qadın ona anladır ki, oradakı "gözəllərlə" tanış olmaq o qədər sərfəli və asan deyil. Qayıt Bakıya, yenə öz gözəllərimiz əlçatan və anlayışlıdır. Müəllif bu hekayədə əxlaq, ictimai məsələlərə toxunur və gənc oğlanın surətində onların heç də təmiz, asan, zövq oxşayan olmadığını qələmə alır.

"Şuşa dumanı" şuşalıların yaralı yeridir. Şuşanın qarına, sazağına, şaxtasına, dumanına, yağışına öyrəşmiş Şuşa əhli Bakının boğucu istisinə, tozanaqlı küləyinə dözə bilmir. Tez-tez o yerləri xatırlayırlar. Bakıda olsalar da, Şuşanın adət-ənənəsini unutmayıblar. Yasları da çox ağır keçir. İtkiləri günbəgün çoxalır. Pirşağı qəbiristanlığında şuşalılar üçün ayrılan yerlər dolmaq üzrədir. Bələdiyyə də onları başa düşmür. Şuşa qəbiristanlığı ilə kəndin qəbiristanlığı arasına səngər qazdırıb ki, o tərəfə keçmək olmaz. O, şuşalıların vətən dərdindən xəbərsizdir. Bilmir ki, bu dərd hələ çox şuşalını o qəbiristanlığa göndərəcək. Şuşalıların salavat çevirməkdən əlləri qabar olub. Aman Allah, bu qədər də yas olar? Dünya bundan xəbərsizdir? Olmaya dünyanın qulağı kar olub? Şuşalıların yaxşı xatirindədir. Yay axşamları pencəklə gəzib, gecələr yorğanla yatardılar. Qışda isə Şuşanın, Şuşa dağlarının sazağında, qarında burunlarının ucu göynəyər, qulaqları qızarar, qar ayaqlardılar. Burada - Bakıda isə bunların heç biri yoxdur. Qışda Qalada (Şuşa qalasında) bir onlar qalırdı, bir də sərçələr. İndi isə Şuşada yalnız sərçələr qalıb. Şuşa əhalisi isə qaçqın, köçkün düşüb. Dünyanın isə bundan xəbəri yoxmuş kimi göz yummuşdur.

"Professor samuraylar" hekayəsi, mən deyərdim ki, N.Məmmədlinin satirik ruhda yazdığı ən yaxşı hekayəsidir. Hekayə universitet müəllimi İsaxanbəylinin təsviri ilə başlayır: savadlı, alicənab müəllimdir, həm də nüfuzlu şəxsiyyətdir. Asiya və Afrika ölkələri tarixindən dərs deyir, özü də fənnini sevərək tədris edir. Bir dəfə Yaponiya tarixindən dərs deyəndə mövzu samuraylardan düşür. Samuraylar Yaponiyanın baş bəlası olurlar. Samuraylar Yaponiyaya yox, onlara daha çox pul verən, ciblərini dolduran feodallara qulluq edirlər. Onların cibi o qədər dolur ki, axırda qudururlar. Professor tələbələrdən soruşur: "samuraylar qudurandan sonra Yaponiyanın axırı nolur?" Hekayə də bu ritorik sual üzərində cərəyan edir. Heç kim bu sualın cavabını tapa bilmir.

İsaxanbəyli ağsaqqal yaşına çatsa da, üzündə bir qız həyası var. Çünki uşaqlıqda dədəsinin onun qulağının dibindən tutuzdurduğu qeyrət şapalağındakı beş barmağın izi ilişib sifətində qalmışdır. Bu izlər böyüyüb ağsaqqal olanda belə üzündən çəkilməyib, "əbədi niqab"a çevrilib. Onun əməlləri, işləri hamısı dürüstdür, "o dünyada mələklər adamın oriyentasiyasını müəyyənləşdirəndə, yəni cənnətlik, cəhənnəmlik olduğunu ayırd edəndə diqqətdən qaçmayacaq". Ancaq ona, o gözəl insana rahat ölüm qismət olmur. Yolu keçərkən üstünə şığıyan maşın bir anda onu havaya qaldırıb yerə çırpır. Yazıçı oxucuda bir nüansa diqqəti cəlb etməyi önəmli bilir: qısa yubkalı bir qız, qadın keçərsə bəzi sürücülər mütləq maşınlarını yavaşıdırlar, yaşlılara isə fikir vermirlər. Bilmirsən, daha xətir-hörmət qalmayıb, bilmirsən sürücülər tələsir, bilmirsən adamlar piyada yolunu keçməyə tənbəllik edirlər?

Bu hekayədə Natiq Məmmədli başqa bir vəbaya - burun kəsdirmə, üz dartdırma, bədən quruluşunu dəyişdirmə kimi halları göstərməklə yanaşı, ironiya ilə insanlara demək istəyir ki, bəsdirin Allahın işinə qarışdığınız. Burunla, qaş-gözlə, bədənlə oynadığınız. Hamı bir-birinə bənzəyir. Yazıçı yazıq personajı təsvir etməyə əməlli-başlı bir tip tapa bilmir.

Yazıçının sonuncu hekayəsi "Teologiya müəllimi" adlanır. Vaxtı ilə atasının oxuduğu universitetdə indi oxuyan oğlu atasının danışıqlarından qiyabi tanıdığı müəllimləri bir-bir diqqətlə süzür, indi də onları əyani görürdü. Bircə teologiya fənnindən dərs deyən müəllimi tanımır. Atasının anbarda saxladığı mühazirə dəftərlərini nə qədər axtarsa da, teologiyaya aid heç nə tapa bilmir. Sonradan məlum olur ki, Sovetin vaxtında bu fənnin əvəzinə "Elmi kommunizm" keçilirdi. Dərs deyən isə "Allahsız" Pənah müəllim imiş. Hər sözünün başında "Bismillah" deyən, allahı sevən bu adam indi də "Tealogiya" elmindən dərs deyir. Oğul atasına deyir ki, bu müəllim çox qəliz adamdır. Atası deyir ki, yox, bu nə qədər qəliz olsa da, fənni nə qədər çətin olsa da, ateizmə çata bilməz. Sizin bəxtiniz gətirib. Bir var qibləni bilənə imtahan verəsən, bir də var allahsıza. Ata vaxtı ilə asqıranda müəlliminə "Ya haqq Allah" dediyinə görə müəllimi qəzəblənib imtahanda ona cəza kəsir. Deyir ki, təbaşiri götür, lövhəyə yüz dəfə yaz ki, Allah yoxdur. Məcbur olan tələbə müəllimin dediyini edir. Allahsız Pənah tənbəllik etmədən lövhədə yazılan sözü sayır, görək yüz dəfə yazıb, ya yox. Həmin Allahsız indi dönüb olub abid, Qurana, allaha inanan və ibadət edən adam. İndi də həmin oyunu oğulun başına açır, asqıranda oğul "Ya haqq Allah" deyir. Ondan narazı qalmış teologiya müəllimi bu dəfə oğulu cəzalandırır. Çünki bütün tələbələrlə yanaşı, dilini dinc saxlamayan, keçmiş tələbəsinin müasir oğlu teologiya elmini yarımçıq hesab etdiyindən ona da əmr edir: "Çıx lövhəyə, yüz dəfə "Allah haqqı" yaz". Sonra da sayır - düz yüzdür. Ataya da vaxtı ilə "Elmi kommunizm"dən 3 verən "Allahsız" Pənah oğula da teologiyadan 3 verir.

Kitab bu hekayə ilə sona çatır. Kitabı bu tezliklə oxuyub bitirdiyimə təəssüfləndim. Hekayələrin məzmunu çoxmənalıdır. Mövzular rəngarəng və düşündürücüdür. Reallığı əks etdirir, zəmanəmizlə həmahəng səslənir. Dili rəvandır.

Mən Natiq Məmmədliyə "sağ olun" deyərək, yeni kitabını oxumaq ümidilə xudahafizləşirəm.

 

Salatın ƏHMƏDLİ

Filolofiya üzrə fəlsəfə doktoru, dosent

 

 

525-ci qəzet.- 2019.- 29 yanvar.- S.7-8.