"Bura vətəndir": Cavanşir Quliyev yaradıcılığı rəssam fırçasında

 

 

 

Yanvarın 28-də "Azərkitab" Kitab Təbliğatı mərkəzində rəssam Tünzalə Məmmədzadənin bəstəkar Cavanşir Quliyevin musiqi əsərlərinə həsr olunmuş ipək əsərlər - "Bura vətəndir" sərgisi keçirildi.

Çoxdan yolum düşməyən bu Mərkəzdə olmaq xoş idi. Sərginin başlanmasına bir neçə dəqiqə qalırdı. Fürsətdən istifadə edib başdan-ayağa müsbət auraya bürünmüş kitab evini dolaşıram. Sonra da asta-asta sərginin nümayiş etdirildiyi zala yönəlirəm. Gələnlər azdır hələ. Dəyərli bəstəkarımız Cavanşir Quliyev ağır addımlarla sərgini gəzir. Salamlaşırıq, təbrik edirəm. Rəsmlərdən qəribə bir incəlik, sərginin adında olduğu kimi, ipəklik süzülür. Bir az kədər var hamısında. Hətta sevgidən bəhs edən əsərlərdə də...

Diqqətimi bir nüans cəlb edir. "Qızım" adlı xeyli fərqli əsər var. Sevgi və valideyn şəfqəti sərginin ana xəttini təşkil edir. Xüsusən, övladla bağlı əsərlərdə bu şəfqət daha güclüdür. Bir az da həsrət var sanki. Az qala hamısında personaj uzaqdır, əlçatmazdır...

Daha bir maraqlı əsərsə kardioqram formasında olan notlardır. Adı da "Bura vətəndir"... İmza kimi "Elmar" qeyd edilib. Elmar Məmmədzadə Tünzalə xanımın qardaşıdır, üstəlik, bacısı kimi rəssamdır və sərginin təşkilatçısı da elə odur.

Gəzişdiyim vaxtda zal qonaqlarla dolur. Göz gəzdirib tanış simalar axtarıram. Sənətşünas Ziyadxan Əliyev buradadır. Salamlaşıb söhbətə başlayırıq. İşlərindən, planlarından, yazdığı məqalələrdən söz açır. Bir ucdan da qonaqlar gəlməyə davam edir. Şair Ramiz Rövşən görkəmli alim Rafiq Əliyevlə bir yerdə zala daxil olur. Hamının diqqəti onlara yönəlir. Şair bu baxışlardan məmnun görünür. Ardınca professor Qulu Məhərrəmli gəlir. Salamlaşırıq. "525-ci qəzet"in adını eşidən kimi üzü gülür...

Sərgidə xarici qonaqlar da var. Zalı gəzir, rəsm əsərlərinə böyük heyranlıqla baxır, hər əsərin qarşısında xeyli dayanıb, diqqətlə baxır, öz aralarında müzakirə edirlər.

Yavaş-yavaş səbəbkarların - Cavanşir Quliyevlə Tünzalə Məmmədzadənin başına toplaşır hamı...

Tədbiri giriş sözüylə açan Ziyadxan Əliyev  dedi ki, bu sərginin fərqi musiqiylə təsviri sənətin qovuşmasındadır. O, çıxışında sərgi iştirakçılarına T.Məmmədzadə və C.Quliyevin yaradıcılığından danışdı, iki fərqli incəsənət növünü bir arada birləşdirməyi rəssamın böyük uğuru kimi qiymətləndirdi. Z.Əliyev qeyd etdi ki, gənc rəssamın işləri bütün dünyada məşhurdur. Əsərləri müxtəlif rəsm qalereyalarında nümayiş etdirilir. Dünyada ilk ipək kitab olan "Qurani-Kərim"in müəllifidir.

Sənətşünas onu da dedi ki, dekorativ tətbiqi sənətlə təsviri sənəti sintez edərək şəffaf ipək üzərində rəsm əsərləri yaradan T.Məmmədzadə bununla daha bir ilkə imza atıb. Böyük zəhmət, yaradıcılıq, istedad, dünyagörüşü tələb edən bir işə - musiqinin rəsmlə təsvirinə çalışıb. Bu işi də böyük uğurla həyata keçirib.

Ramiz Rövşən bildirdi ki, sərgidən böyük zövq alıb: "Rəssamlıq və musiqi bir-birindən xeyli fərqlənən sənət növləridir. Buna görə də səsi rəsmə, görüntüyə çevirmək çox poetik, maraqlı, olduqca da çətin işdir. Bu qədər uğurlu rəsm əsərlərini gördükdən sonra bizə ancaq Tünzalə xanımı təbrik etmək qalır. Çünki o, musiqinin də, bəstəkarın da ruhunu ustalıqla duymağı bacarıb".

R.Rövşən qeyd etdi ki, Cavanşir Quliyev əvəzsiz bəstəkarlarımızdandır: "Onun əsərləri geniş diapazona malikdir. Ona görə də üzərində işləmək, xeyli improvizə etmək olar. Bu cür gözəl əsərlər üçün belə fundamental şəkildə improvizasiyalar etmək, rəsm yaratmaq tamaşaçıya zövq verir".

Daha sonra söz alan Rafiq Əliyev yaxın dostu, dünya şöhrətli mərhum alim Lütfi Zadəni xatırladı: "Cavanşir Quliyevin də, Tünzalə Məmmədzadənin də işləri, yaradıcılıqları Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsinə bənzəyir. Çünki üzərində çox gedişlər, improvizasiyalar etmək olar. Bir məsələni də qeyd edim ki, sərginin nümayişi Lütfi Zadənin doğum günü ərəfəsində baş tutub. Elə bunu da özlüyündə qeyri-səlis məntiqə nümunə kimi göstərmək olar.

Cavanşir Quliyev dünyada tanınan, bütün əsərlərini sevdiyim, məmnuniyyətlə dinlədiyim bəstəkarlardandır. Bu çapda bir sənətkarın yaradıcılığına müraciət etmək, əsərləri üzərində işləmək özü də cəsarət istəyir. Tünzalə xanım özündə bu cəsarəti tapıb. Həqiqətən də gözəl işlər ortaya qoyub".

"Xəzər Universiteti"nin qurucusu Hamlet İsaxanlı rəssamlığı ədəbiyyatla müqayisə etdi: "Bədii ədəbiyyatın, kitabın bir üstün cəhəti var ki, öz fikrini, ötürmək istədiyin mesajı bir neçə vərəqdə, hətta bir neçə kitabda ifadə edə bilərsən. Amma rəssamlığın bu avantajı yoxdur. Bütün demək istədiklərini bircə vərəqdə, kətanda, bircə çərçivəlik yerdə deməlisən. Ona görə də rəssamların işi daha çətindir. Bu mənada, Tünzalə xanımın işinin öhdəsindən kifayət qədər uğurla, həm də istedadlı şəkildə gəldiyini demək olar".

Qulu Məhərrəmli də özündən əvvəl çıxış edənlərin fikirlərini təsdiqləyərək bildirdi ki, yaşadığımız dövr daha çox rəsm yüklüdür: "Tarix boyu bəşəriyyət bir çox inkişaf mərhələlərindən keçib. Renessans, Fransız inqilabı, çap maşınının icadı... Amma düşünürəm ki, yaşadığımız dövrün əlamətdar cizgisi audio-vizuallıqdır, hər şey rəsmə çevrilir. Sərgiyə gəldikdə isə Tünzalə xanımın səsi vizuallaşdırma cəhdi mənə çox maraqlıdır. Açığı, ilk dəfədir, belə işlə qarşılaşıram. Düzdür, süjetli rəsmlər olur. Kitablar, hansısa əsərlər haqqında rəsmlər, illüstrasiyalar çəkilir. Amma bu tipdə əsərlərlə qarşılaşmaq, xüsusən, müəllifinin azərbaycanlı olduğunu bilmək qürurvericidir. Əlbəttə, musiqi müstəqil şəkildə istənilən mətləbi, mənanı ifadə edə bilir. Yaxud müxtəlif sənət növlərində musiqinin köməyindən geniş şəkildə istifadə olunur. Məsələn, kinematoqrafiyada, yaxud səhnə əsərində və sair. Amma söhbət sinerji nəticəsində meydana çıxan yeni mənanı ifadə etməkdən gedirsə, bu, tamam başqa məsələdir. Ona görə də Tünzalə xanımın sərgisi daha çox assosiativ məna daşıyır".

Q.Məhərrəmli Cavanşir Quliyevin yaradıcılığının çoxşaxəli olduğunu qeyd etdi. Bəstəkara Azərbaycan, türk dünyası, Şərq və eləcə də Avropa mədəniyyətinə verdiyi töhfələrə görə təşəkkürünü bildirdi.

Tünzalə Məmmədzadə Cavanşir Quliyevə, çıxışçılara, sərgi iştirakçılarına təşəkkür edərək rəssam olmasında bəstəkarın rolundan danışdı: "Cavanşir Quliyevin yaradıcılığından danışmaq mənim boyumu aşar. Ona görə də daha çox bu ideyanın yaranmasından, tanışlığımızın tarixçəsindən danışmaq istəyirəm. Cavanşir Quliyevin musiqisi ilə böyüdüyümü desəm, şişirtmiş olmaram. Bundan başqa, yaradıcılığını böyük həvəs və diqqətlə izləyirdim, verdiyi müsahibələrini oxuyurdum. Təxminən 10 il əvvəl bir mahnı düzüb-qoşmuşdum. Onu Cavanşir müəllimə göstərdim. Baxdı, sonra da dedi ki, yaxşıdır, qızım, amma Amerika kəşf eləməmisən. Bu söz mənə çox dəstək oldu həqiqətən. Öz yolumu, istiqamətimi seçməkdə kömək etdi. Bugünkü mövqeyimə, təvazödən uzaq olsa da, rəssamlıqda imza atdığım ilklərə görə hardasa ona borcluyam. Çünki o, məni düzgün yönləndirməsəydi, bəlkə də adi bir musiqiçi olacaqdım. Cavanşir müəllimə təşəkkürümü bildirirəm. Dahilər haqqında danışmaq çox çətindir. Onunla eyni havanı udmaq belə şərəfdir".

Cavanşir Quliyev də öz növbəsində sərgi iştirakçılarına təşəkkürünü bildirdi: "Hər bir bəstəkar üçün əsərlərinin vizual təcəssümü xoş arzudur. Bu arzu həyata keçdiyi üçün çox xoşbəxtəm. Musiqi ilə rəssamlığın vəhdətinə misal kimi çox şeyi gətirmək olar. Rəssamla musiqiçinin müştərək düşüncələri nəticəsində ortaya çıxan əsərlər istənilən halda gözəl təşəbbüsdür. Tünzalə xanıma təşəkkürümü bildirir, ona uğur arzulayır, musiqinin daha böyük, dərin sahələrinə müraciət etməsini umuram".

Çıxışlar bitdikdən sonra iştirakçılar yenidən rəsmlərə yönəlirlər. Mən də fürsətdən istifadə edib Tünzalə xanıma yanaşıram: "Sərgidəki bütün əsərlər Cavanşir Quliyevin əsərlərinə həsr olunan tablolardır. 30-a yaxın əsər nümayiş olunur". 

Rəssam bildirdi ki, bu konseptdə işlərlə heç vaxt rastlaşmayıb: "Cavanşir Quliyev şəxsiyyətinə, sənətinə çox hörmət etdiyim insandır. Onun əsərlərini həmişə sevə-sevə dinləyirəm. Ailəmdən uzaqda yaşadığımdan, zaman-zaman qızıma da həsrət qaldığımdan onun "Qızım" əsərini çox dinləyirdim. Günün birində elə əsərin sədaları altında bu musiqiyə rəsm çəkdim. Ardı da beləcə davam etdi".

Elmar Məmmədzadədən sərgi barədə fikirlərini, diqqətimi çəkən "Bura vətəndir" əsərinin tarixçəsini soruşuram: "Yanvarın 25-də, elə bu zalda sərgim keçirilib. Ona görə də bəzi əsərlər hələ də nümayişdədir".

E.Məmmədzadə Tünzalə xanımın ilk tələbəsi olduğunu qeyd etdi, bildirdi ki, kölgə rəsmləriylə işləyən ilk rəssamdır: "Kardioqramma şəklinin tarixçəsi isə belədir ki, hərbi xidmətdə olanda ürəyimdə problem yaranmışdı. Kardioqrammaya baxanda ağlıma bu ideya gəldi. Sonra Cavanşir Quliyevdən kardioqrammasını istədim, "Bura vətəndir" əsərinin notlarını ona işlədim".

Ramiz Rövşən dedi ki, "Bura vətəndir" sərgisi mədəniyyətimiz üçün çox xoş və ümidverici hadisədir: “Cavanşir Quliyev bizim böyük bəstəkarımızdır. Onun haqqında digər sənət növlərinin nümayəndələrinin nə düşündüyü mənə maraqlıdır. Üstəlik, bu cür əsərlər, sərgilər təsviri sənətimiz üçün çox fərqli yollar açır, düşüncələrə təsir edir. Mən sərgidən ümidlə ayrılıram. Yəni təkcə zövq almaq məsələsi deyil".

Rafiq Əliyev də Ramiz Rövşənlə getməyə hazırlaşır. Tələsməliyəm. İki-üç cümləlik açıqlama vermək xahişimi xoş qarşılayır: "Elmdə olduğu kimi, sənətdə də böyük sıçrayışlar, fenomenal nəticələr ayrı-ayrı sahələrin sintezində, sinerjisində ortaya çıxır. Nə xoş ki, Cavanşir Quliyev kimi bir bəstəkarla Tünzalə Məmmədzadə kimi rəssamın əsərlərinin sintezi olaraq ortaya çıxan belə sərgilər təşkil edilir. Musiqiylə tətbiqi sənətin birləşməsindən belə gözəl əsərlərin meydana gəlməsinə ancaq sevinmək olar.

Sonda Cavanşir Quliyevə yanaşıram. Üzündən bilinir ki, əsərlərinə rəsm həsr edilməsindən çox məmnundur: "Musiqimin bir rəssamı cəlb etməsi, əlbəttə, sevindiricidir. Xoşbəxtəm və hesab edirəm ki, zamanında çəkdiyim zəhmətin müəyyən qədər qarşılığını ala bildim".

Bəstəkar planlarından da söz açır: "Yaradıcılıq heç vaxt bitmir. Hazırda üç balet üzərində işləyirəm - "Oğuznamə", "Qızılirmaq" - türk nağlı əsasında və "Daşqın" - Nuhun tufanı əsasında. Bundan əlavə, Mikayıl Müşfiqlə bağlı bir əsər üzərində çalışıram. Yəqin ki, oratoriya olacaq. Bir də "Dədə Qorqud" baleti olacaq. 12 balet düşünmüşəm. Hər boy üçün birini".

İmadəddin Nəsiminin 650 illiyi ilə bağlı da planlarının olduğunu deyən C.Quliyev bildirdi ki, artıq iş başlayıb: "Azərbaycan Dövlət Televiziyasında Ramiz Həsənoğlu tamaşa çəkməyə hazırlaşır. Mənə də təklif etdi, bərabər işləyəcəyik".

 

 

Cavid QƏDİR

 

525-ci qəzet.- 2019.- 30 yanvar.- S.8.