Afad Qurbanov yaradıcılığının layiqli tədqiqi

 

 

Azərbaycan dilçilik elminin görkəmli nümayəndəsi, akademik Afad Qurbanovun 50-yə qədər monoqrafiyası, dərsliyi, dərs vəsaiti və 500-dən çox elmi məqaləsi həmişə ciddi dəyəri ilə seçilib, nəinki ölkəmizdə, eyni zamanda, bir sıra xarici ölkələrin məşhur alimlərinin, türkoloqlarının geniş maraq dairəsində olub.

 

Bir sıra beynəlxalq və milli akademiyaların akademiki, Azərbaycan Milli Elmlər Akademiyasının üzvü, Türk Dil Qurumunun fəxri üzvü, Əməkdar Elm Xadimi, Dövlət mükafatı laureatı, professor Afad Qurbanov yaradıcılığına respublikamızın və xarici ölkələrin jurnal və qəzet səhifələrində xeyli sayda məqalələr həsr olunmuşbu yazılarda onun əsərlərinə yüksək qiymət verilmişdir. Afad müəllimin səmərəli elmi  fəaliyyəti, elmi əsərlərinin əhəmiyyəti bu gün də Azərbaycan alimlərinin diqqət mərkəzindədir və onun Azərbaycan dilçilik elminə, türkologiyaya gətirdiyi elmi yeniliklər çox yüksək qiymətləndirilir və çox gözəl təbliğ olunur. Belə qiymətləndirmələrdə və təbliğlərdə filologiya elmləri doktoru, professor Sayalı Sadıqovanın da xüsusi yeri, zəhməti var, sözsüz ki, bunlar alqışalayiqdir. Sayalı xanımın bu günlərdə çap etdirdiyi müdrik, səmimi, ensiklopedik bilikli, dərin zəkalı, nurlu, maraqlı alim olmuş akademik Afad Qurbanova həsr etdiyi "Dilçilik elmində Afad Qurbanov irsi" adlı monoqrafiyasını mən də maraqla oxudumkitab haqqındakı düşüncələrimi oxucularla bölüşmək qərarına gəldim. İki fəsildən ibarət olan bu monoqrafiyanın I fəslində Sayalı xanım doğru olaraq qeyd edir ki, A.M.Qurbanov dilçiliyin, demək olar ki, bütün sahələrini əhatə edən elmi yaradıcılığa malik alimdirbu tezisdən sonra monoqrafiya müəllifi bu böyük türkoloq alimin yaradıcılıq istiqamətlərini çözələyir. Sayalı Sadıqova ilk növbədə A.M.Qurbanovu türk dünyasında çox yaxşı tanınan alim kimi qiymətləndirir və göstərir ki, A.Qurbanovun türkologiya problemlərinə həsr edilmiş, öz sanbalı, əhatə dairəsi və yüksək elmiliyi ilə seçilən əsərləri türkoloji dilçilik üçün qiymətli töhfədir. Sayalı Sadıqova monoqrafiyanın I fəslində A.M.Qurbanovun elmi yaradıcılığına qısa, lakin dolğun şəkildə ekskurs edir.

Monoqrafiyanın  II fəsli "Afad Qurbanovun yaradıcılığında dilçilik sahələrinin tədqiqi" adlanır və bu fəsil 7 bölmədən ibarətdir. "Hazırkı Azərbaycan əlifbasının müəllifi Afad Qurbanovun yaradıcılığında əlifba problemləri" adlı I bölmədə Afad müəllimin yaradıcılığında əlifba problemlərinin müxtəlif istiqamətlərdən araşdırıldığı diqqətə çatdırılır.

Azərbaycan onomastikası məktəbinin yaradıcısı və banisi hesab edilən A.M.Qurbanov ikicildlik monoqrafiyasında Azərbaycan onomastikasının ümumnəzəri məsələlərinə, başqa elmlərlə əlaqəsinə, terminlər sisteminə, onomastik vahidlərin mənbə və məxəzlərdə əksinə, onların təsnifinə, Azərbaycan antroponimlərinə, onların poetiküslubi xüsusiyyətlərinə, orfoqrafik, orfoepik problemlərinə hərtərəfli bir nəzər salmış, çox həssaslıqla tədqiq etmişdir. Sayalı Sadıqova da düzgün olaraq qeyd edir ki, A.Qurbanovun II cilddən və hər biri 11 fəsildən ibarət olan monoqrafiyaları Azərbaycan dilçiliyində onomalogiyanın tədqiqi tarixinin, türkologiyanın son nailiyyətləri baxımından ümumnəzəri problemlərinin araşdırılmasında, zəngin dil faktları əsasında onların yaranmainkişaf qanunauyğunluqlarının, mənbələrinin ümumnəzəri məsələlərinin sistemli təhlilini verən ilk və yeganə fundamental əsərlərdir.

A.M.Qurbanovun tədqiqatlarında onomalogiya anlayışına, onun predmeti, obyekti, fəlsəfi-nəzəri əsaslarına geniş prizmadan baxılmış və bu aktual məsələlər hərtərəfli şəkildə şərh edilmişdir. Bunu nəzərə alan Sayalı xanım monoqrafiyanın II fəslinin II bölməsini "Onomalogiyanın fəlsəfi-nəzəri əsaslarının tədqiqi" adlandırır və bu məsələlərlə bağlı Afad müəllimin onomatoloq mövqeyini açıqlayır onun ciddi- elmi nəzəri görüşlərini təhlil süzgəcindən keçirir və belə nəticəyə gəlir ki, onomastikanın azərbaycanşünaslıqda tədqiqi və geniş təhlili A.M.Qurbanovun adı ilə bağlıdır.

A.M.Qurbanov antroponimlərdən bəhs olunan kitablarında çox ciddi elmi-nəzəri təhlillər aparmış, həm dilimizdəki şəxs adlarının, ləqəblərin, titulların və s. zənginliklərini, həm də antroponimlərlə bağlı problem və qayğıları talantlı dilçi kimi aktual mövzuya çevirə bilmişdir. Sayalı Sadıqova monoqrafiyanın II fəslinin III bölməsində ("Azərbaycan dilçiliyində antroponimika problemlərinin tədqiqi") düzgün olaraq vurğulayır ki, antroponimik vahidlərin tədqiqi alimin yaradıcılığının əsas xəttini təşkil edir. Dilin lüğət təkibində xüsusi yeri olan onomastik leksikanın araşdırılması, təhlili, elmi şəkildə ümumiləşdirilməsi dilimizin tarixinin mürəkkəb və zəruri məsələlərinin həllinə xidmət edir.

A.M.Qurbanov Azərbaycan dilinin lüğət tərkibinin zəngin bir layını təşkil edən toponimlərin elmi-nəzəri, tarixi, etimologiyası, üslubi xüsusiyyətləri ilə bağlı çox qiymətli tədqiqatlar aparmışdır. Sayalı xanım monoqrafiyanın II fəslinin IV bölməsində Afad müəllimin Azərbaycan etnonimləri, hidronimləri, oykonimləri, oronimləri ilə bağlı söylədiyi ən zəruri fikirlərə, elmi mülahizələrə öz münasibətini bildirirmonoqrafiya müəllifinin elmi təhlilləri, şərhləri oxucunu tam razı salır.

A.M.Qurbanov elmi dəlillərə, faktlara, mənbələrə, istinadlara söykənərək türkoloji dilçilik problemləri ilə də məşğul olmuşdur. Böyük dilçi-türkoloqun altayşünaslıqla bağlı yaradıcılığı çoxşaxəlidir və o cümlədən, türkoloji dilçiliklə bağlı tədqiqatları da zənginliyi ilə diqqəti cəlb edir. Sayalı xanım belə hesab edir ki, Afad müəllimin bu problemlərlə bağlı araşdırmalarını öyrənməklə çoxsaylı qədim türk qəbilə və tayfalarını, inkişaf etmiş sivilizasiyalı türk xalqlarının mənşəyini, təşəkkül və tərəqqi tarixini, onların yayılıb məskunlaşdıqları əraziləri, bunların səbəblərinin geniş şəkildə təhlilini vermək olar. Sayalı xanım bütün bu məsələləri monoqrafiyanın II fəslinin V bölməsində ("Afad Qurbanovun yaradıcılığında türkoloji dilçilik problemləri") ümumiləşdirir.

S.Sadıqova II fəslin VI bölməsində ("Afad Qurbanov yaradıcılığında ümumi dilçilik problemlərinin tədqiqi") Afad müəllimin ümumi dilçiliyə aid yazmış olduğu əsərlərinin ən vacib tərəflərindən söhbət açır və doğru olaraq göstərir ki, ümumi dilçilik problemlərinin tədqiqində Afad Qurbanovun öz dəsti-xətti konsepsiyası vardır. Bu ondan irəli gəlir ki, bir müəllim kimi 20 ilə qədər bu fənni tədris etmiş, ümumi dilçiliyin konsepsiyalarına dərindən bələd olmuşdur.

Akademik Afad Qurbanov müasir dilçiliyin aktual problemlərindən bəhs edən 50-yə qədər orijinal monoqrafiyanın müəllifidir. S.Sadıqova monoqrafiyanın II fəslinin VII bölməsini ("Afad Qurbanovun tədqiqatlarında müasir dilçiliyin aktual problemləri") alimin bu əsərlərinin təhlilinə həsr etmiş, geniş, əhatəli, dolğun şəkildə fikir söyləmişdir.

Bəli, illər keçir, nəsillər bir-birini əvəz edir. Xələflər sələfləri unutmur: professor Sayalı Sadıqova kimi. Düşünürəm ki, Sayalı xanımın "Dilçilik elmində Afad Qurbanov irsi" monoqrafiyası unudulmaz akademikimizə tükənməz məhəbbətin ifadəsi olub, bu böyük alimin yaradıcılıq potensialını çox gözəl hərtərəfli şəkildə əks etdirir.

 

Mahirə HÜSEYNOVA

Filologiya üzrə elmlər doktoru, professor, ADPU-nun filologiya fakültəsinin dekanı

 

525-ci qəzet.- 2019.- 31 yanvar.- S.7.