Azərbaycan tarix elminin
patriarxı
Akademik Yaqub Mahmudov - 80
Azərbaycan
tarix elminin görkəmli nümayəndəsi, Milli Elmlər
Akademiyasının həqiqi üzvü, Əməkdar Elm
xadimi, Dövlət mükafatı laureatı, Milli Məclisin
deputatı, tarix elmləri doktoru, professor, AMEA-nın
A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru Yaqub
Mikayıl oğlu Mahmudovun 80 yaşı tamam olur.
Yaqub Mahmudov çoxillik səmərəli elmi
yaradıcılığı və pedaqoji fəaliyyəti ilə
ölkəmizdə və ondan kənarda çox böyük
hörmət və nüfuz qazanmış, Vətən tarix
elminin patriarxı səviyyəsinə yüksəlmişdir.
Vətənimizi dünyaya tanıdan onun övladları,
onların məşğul olduğu fəaliyyət sahələridir. Bu sahələr
arasında elmin özünəməxsus yeri və rolu
vardır. Hər bir elm sahəsi qiymətlidir,
çünki əldə edilən elmi nəticələr
dövlətimizi, xalqımızı və onun görkəmli
nümayəndələrini tanıdır, ölkəmiz
haqqında müəyyən fikirlər
formalaşdırır. Azərbaycanımızın
tarixi haqqında olan Vətən tarixi elmi xalqımızı,
ölkəmizi dünya xalqlarına tanıtmaqda müstəsna
rola malikdir. Ona görə də Azərbaycan
xalqının Ümummilli lideri Heydər Əliyev Azərbaycan
tarixinin obyektiv, hərtərəfli tədqiqinə xüsusi əhəmiyyət
verməklə tarixçilərimiz qarşısında
mühüm vəzifələr irəli
sürmüşdür. Tarixçilərimiz
həmin vəzifələri rəsmi dövlət
tapşırığı kimi qəbul etmiş və
bunları yüksək səviyyədə yerinə yetirmək
üçün əzmlə çalışırlar.
Belə tarixçilərimizdən biri də elmi,
pedaqoji, ictimai və təşkilatçılıq fəaliyyəti
ilə çox böyük nüfuz sahibi olan, tariximizin
aparıcı və görkəmli nümayəndəsi
akademik Yaqub Mahmudovdur.
Azərbaycan
tarixi problemlərini öz elmi və təşkilatçılıq
fəaliyyətində nəzərə alan,
yaratdığı elmi məktəbin nümayəndələri
ilə həllinə nail olan, onu beynəlxalq səviyyəyə
qaldıran, çoxsaylı elmi əsərlərin müəllifi
kimi şöhrət və hörmət qazanan akademik Yaqub
Mahmudovu respublikamızın ziyalıları arasında çətin
ki, tanımayan adam tapılsın. O, elmi, ictimai-siyasi, pedaqoji və
təşkilati fəaliyyəti ilə çoxsaylı
mükafatlara, fəxri adlara və titullara sahib olmuş,
çox məsul və şərəfli vəzifələrin
öhdəsindən ləyaqətlə gəlmişdir.
Akademik
Yaqub Mahmudov mənalı və ibrətamiz ömür
yaşamış, həyatda dəfələrlə
haqsızlıqlarla qarşılaşsa da, bir an
da olsa belə geri çəkilməmiş, mübarizə əzmi
ilə çalışmış, çox böyük
uğurlar əldə etmişdir.
Yaqub
Mahmudov 1939-cu il fevralın 10-da Şəki
rayonunun Baş Göynük kəndində anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin
tarix fakültəsini fərqlənmə diplomu ilə
bitirmiş və universitetin aspiranturasına daxil olmuşdur.
1966-cı ildə Bakı Dövlət Universitetində namizədlik,
1989-cu ildə isə M.V.Lomonosov adına
Moskva Dövlət Universitetində doktorluq
dissertasiyasını uğurla müdafiə etmişdir.
1966-1981-ci illərdə Azərbaycan Sovet Ensiklopediyasında
elmi redaktor, böyük elmi redaktor, elmi işlər üzrə
Baş redaktor müavini, eləcə də həmin illərdə
Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU)
baş müəllim, dosent, 1981-2004-cü illərdə
Bakı Dövlət Universitetində dosent, professor, kafedra
müdiri, dekan müavini və fakültə dekanı vəzifələrində
çalışmışdır. Y.Mahmudov 2004-cü ildən
AMEA A.A.Bakıxanov adına Tarix
İnstitutunun direktorudur.
Akademik Yaqub Mahmudov dərin intellektə, geniş
dünyagörüşə, əhatəli diapazona, yüksək
elmi səriştəyə, elmi və təşkilatçılıq
bacarığına, təsəvvür edilməyəcək dərəcədə
çox məhsuldar elmi fəaliyyətə, çoxsaylı
elmi dərəcəli yetirmələrə malik vətənpərvər
və erudisiyalı tarixçi alimdir. Onun namizədlik
dissertasiyası XV əsrin ikinci yarısında Azərbaycan
Ağqoyunlu dövlətinin Venesiya ilə əlaqələrinə
həsr olunmuşdur. O, ilk dəfə olaraq Azərbaycanın
Qərbi Avropa dövlətləri ilə geniş ticarət və
diplomatik əlaqələr apardığını aşkara
çıxarmışdır. Tədqiqatçı
araşdırmalarında Ağqoyunlu hökmdarı,
böyük dövlət xadimi Uzun Həsənin, məşhur
diplomat Sara xatunun həyat və fəaliyyətinin maraqlı və
tariximiz üçün əhəmiyyətli hadisələrindən
bəhs etmişdir. Yaqub Mahmudov arxivlərdən
əldə etdiyi materiallar əsasında ötən əsrin
70-80-ci illərində çoxsaylı elmi-kütləvi və
tədqiqat xarakterli əsərləri ilə nəinki elmi
ictimaiyyətin, eləcə də geniş oxucu kütləsinin
dərin marağına səbəb olan əsərlərini nəşr
etdirir. "Öyrənilməmiş səhifələr",
"Səyyahlar Azərbaycana gəlir", "Odlar yurduna səyahət",
"Səyyahlar, kəşflər, Azərbaycan", "Azərbaycanın
Avropa ölkələri ilə əlaqələri" kimi
kitab və monoqrafiyaları müəllifə böyük
hörmət qazandırır. O, 90-cı illərdə daha bir
sıra dərslik, kitab və monoqrafiyalarını elmi
ictimaiyyətə təqdim edir. "Ata
yurdu" dərsliyi (V siniflər üçün) pedaqoji
ictimaiyyətin və şagirdlərin dərin marağına
səbəb olur. Vətən
anlayışı, onun ərazisi, sərhədləri, ərazisindəki
dövlətlər, görkəmli şəxsiyyətlər
yüksək səviyyədə təqdim edilir, şagirdlərə
vətənpərvərlik keyfiyyətləri
aşılayır, onları vətəndaş kimi
formalaşdırır.
Yaqub Mahmudov doktorluq dissertasiyası ilə elmdə
özünəməxsus dəst-xəttə, tədqiqat
istiqamətinə, orijinal elmi fəaliyyətə malik olan
yüksək qabiliyyətli bir elm adamı olduğunu təsdiq
etdi. Onun doktorluq dissertasiyası Ağqoyunlu və Səfəvi
dövlətlərinin Qərbi Avropa ölkələri ilə
qarşılıqlı əlaqələrinə (XV əsrin
ikinci yarısı - XVII əsrin əvvəlləri) həsr
edilmişdir. Alimin bu tədqiqatında Azərbaycan-Avropa
əlaqələrinə obyektiv qiymət verilmiş,
Ağqoyunlu və Səfəvi dövlətlərinin beynəlxalq
münasibətlərdə mühüm rol oynadıqları
faktlarla əsaslandırılmışdır. Müəllif burada Qərb dövlətlərinin
Şərq siyasətini, onların məkrli mövqelərinin
əsl mahiyyətini açıqlamışdır. Bu qəbildən olan əsərləri içərisində
"Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi
Avropa ölkələri ilə qarşılıqlı əlaqələri
(XV əsrin II yarısı - XVII əsrin əvvəlləri)",
Azərbaycan diplomatiyası (XV-XVII əsrlər)", "Azərbaycan
və Avropa" (rus və ingilis dillərində) fundamental
monoqrafiyaları xüsusilə diqqəti cəlb edir. Y.Mahmudovun müəllifliyi və rəhbərliyi ilə
hazırlanan "İrəvan xanlığı"
monoqrafiyası 10-a yaxın xarici dildə nəşr edilərək
dünyanın bir sıra ölkələrində
yayılmışdır. Bu günə qədər
Azərbaycan tarixşünaslığında əhatə dairəsinə
görə bu səviyyədə əsər
olmamışdır.
Azərbaycan tarixi, ümumdünya tarixi və diplomatiya
tarixinin müxtəlif problemlərinə çoxsaylı əsərlər
həsr edən Yaqub Mahmudovun 12 cildlik əsərləri
işıq üzü görüb. Bu faktın özü
görkəmli tarixçimizin məhsuldar elmi fəaliyyəti
haqqında çox şey deyir. Müxtəlif
elm sahələrində çalışan tədqiqatçıların
bu səviyyədə kitab və monoqrafiyalarının,
çoxcildliyinin nəşr olunması indiyə qədər
məlum deyildir. Başqa elm sahələrində
olmuş olsa da, Azərbaycan tarix elmində belə fakta rast gəlinməmişdir.
Akademik Y.Mahmudovun çoxillik elmi fəaliyyətində
ensiklopediya yaradıcılığı da mühüm yer
tutur. Onun "Azərbaycan Sovet Ensiklopediyası"nda
çoxsaylı məqalələri verilmişdir. Y.Mahmudovun rəhbərliyi ilə "Azərbaycan
Xalq Cümhuriyyəti" ensiklopediyası və üzvü
olduğu "Naxçıvan ensiklopediyası"
hazırlanmışdır.
Azərbaycan tarixinə aid xəritələrin
hazırlanması da Y.Mahmudovun adı ilə
bağlıdır. "Azərbaycan Xalq Cümhuriyyəti"
ensiklopediyası üçün hazırlanmış xəritələr,
2017-ci ildə təkmilləşdirilərək "Azərbaycan
tarixi atlası" adı ilə nəşr edilmişdir.
Bu, ölkəmizin ərazisi, sərhədləri
haqqında dolğun təsəvvür yaratmaqla, məkrli erməni
iddialarına ən dolğun və obyektiv cavabdır.
Akademik Yaqub Mahmudov geniş diapazonlu, yüksək
erudisiyalı alim olmaqla yanaşı, həm də ölkəmizdə
elm və təhsil təşkilatçısı kimi də
şöhrət qazanmışdır. O, Bakı Dövlət
Universitetində Tarix fakültəsinin dekanı kimi yüksək
ixtisaslı tarixçi kadrların hazırlanmasında
müstəsna xidmətlər göstərmişdir. Yeni ixtisasların açılması, tədris
planlarının yenilənməsi, oraya yeni fənlərin
daxil edilməsi, elmi-tədqiqat laboratoriyalarının,
Arxeologiya və Etnoqrafiya muzeyinin təşkili bilavasitə
Yaqub Mahmudovun adı ilə bağlıdır.
Akademik
Yaqub Mahmudov orta və ali məktəblərin
şagird və tələbələri üçün
onlarla dərslik hazırlamış, bir sıra dərslikləri
rus dilindən Azərbaycan dilinə tərcümə
etmişdir. 7 və 8-ci siniflər üçün Azərbaycan
tarixi, Orta əsrlər tarixi, İstoriya Azerbaydjana, ali məktəblər
üçün Azərbaycan tarixi, Orta əsrlər tarixi dərsliklərinin
həmmüəllifi, yaxud tərcüməçisi
olmuşdur.
Yaqub Mahmudov 2004-cü ilin sentyabr ayında Azərbaycan
Milli Elmlər Akademiyası Tarix İnstitutuna direktor təyin
edilir. Təcrübəli elm təşkilatçısı
olan Yaqub Mahmudov qısa müddət ərzində Tarix
İnstitutunun fəaliyyətində də əsaslı
dönüş yaradır. Onun təşəbbüsü
və rəhbərliyi ilə institutun elmi-tədqiqat
planları dəyişdirilərək yenidən işlənmişdir.
Əsas diqqət Azərbaycanın itirilmiş ərazilərinin
tarixinin araşdırılmasına, Azərbaycan xalqına
qarşı həyata keçirilən deportasiyalar və
soyqırımlar tarixinin öyrənilməsinə, xarici
ölkələrin arxivlərində, elmi mərkəzlərində
Azərbaycanla bağlı olan arxiv materiallarının, sənədlərin
ölkəmizə gətirilməsinə və nəşr
olunmasına, Azərbaycanın tarixi torpaqlarının
tarixinin tədqiqinə və başqa bu kimi vacib olan problemlərin
araşdırılmasına yönəldilmişdir.
Tarix
İnstitutunun direktoru Yaqub Mahmudovun elmi fəaliyyətində
Azərbaycan dövlətçiliyinin tarixi, tarixi dövrlərdə
fəaliyyət göstərmiş Azərbaycan dövlətləri,
Azərbaycanın müstəqillik dövr tarixi, Azərbaycan
xalqının Ümummilli lideri Heydər Əliyev və Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev haqqında da
fundamental tədqiqatların aparılması kimi məsələlər
mühüm yer tutur. "Heydər Əliyev ideyalarının
zəfər yürüşü", "Heydər Əliyev
şəxsiyyəti" əsərlərində və
çoxsaylı elmi məqalələrində müasir Azərbaycan
dövlətinin memarı və qurucusu Heydər Əliyevin
ömür yolunu, tarixi xidmətlərini, fenomen şəxsiyyətə
xas olan yüksək qabiliyyətlərini, müasir Azərbaycan
üçün əvəzedilməz rolunu tədqiq etmiş,
Heydər Əliyev siyasi kursunun alternativsizliyini, Azərbaycan
dövlətçiliyinin qorunması və əbədi
yaşaması üçün yeganə təminat olduğunu
bir daha təsdiqləyir.
Yaqub Mahmudovun rəhbərliyi, elmi redaktorluğu və müəllifliyi
ilə ikicildlik "Heydər Əliyev" fundamental
monoqrafiyası və "Heydər Əliyev. Azərbaycan
elminin keşiyində" sənədlər və materiallar
toplusunu iki cilddə hazırlayaraq nəşr etdirmişdir.
Geniş tədqiqatçılar heyəti tərəfindən
yazılmış "Heydər Əliyev" iki cildlik elmi
araşdırma, sənədlər və materiallar toplusu dahi
şəxsiyyətin ömür yolunun akademik səviyyədə
araşdırılması və elmin keşiyindəki xidmətləri
yolunda mühüm addımdır.
Tarix
İnstitutunda "İlham Əliyev və Azərbaycan tarix
elmi", "Heydər Əliyev irsində Azərbaycan tarixi məsələləri",
"Heydər Əliyevin inkişaf strategiyası və
Naxçıvan Muxtar Respublikası" adlı fundamental
monoqrafiyalar da hazırlanmış və nəşr
olunmuşdur. Bütün bunlar Tarix
İnstitutunun və onun rəhbərinin Azərbaycan dövlətinə,
dövlətçiliyinə, ulu öndər Heydər
Əliyev siyasi kursuna nə qədər sədaqətli və
bağlı olduğunu bir daha təsdiq edir.
"İtirilmiş torpaqların tarixi" problemi
müasir Azərbaycan tarixşünaslığında elmi və
siyasi baxımdan aktuallıq kəsb edən istiqamətlərdən
biridir. Məlumdur
ki, Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu
zamanı onun ərazisi 113,9 min kv.km idi ki,
bunun da 97,3 min kv. km-i mübahisəsiz ərazilərimiz
sayılırdı. Lakin XX əsrin müxtəlif illərində
Azərbaycan müəyyən səbəblərdən ərazisinin
30 min kv. km-ə qədər
hissəsini itirmişdir. Həmin torpaqlar
qonşu dövlətlərin - Rusiyanın,
Gürcüstanın və Ermənistanın tərkibindədir.
Bu istiqamətin elmi dövriyyəyə cəlb
edilməsi və bu problemin tədqiqi bilavasitə Yaqub
Mahmudovun adı və rəhbərliyi ilə
bağlıdır. Tarix İnstitutunda bu
istiqamətdə əhəmiyyətli tədqiqat işləri
aparılmış, fundamental tədqiqat əsərləri
yazılmışdır. Yaqub Mahmudovun elmi redaktorluğu
və həmmüəllifliyi ilə yazılmış
"Qarabağ: real tarix, faktlar, sənədlər",
"Naxçıvan: tarixi və abidələri",
"İrəvan xanlığı. Rusiya
işğalı və ermənilərin Şimali Azərbaycan
torpaqlarına köçürülməsi"
monoqrafiyaları özgə torpaqlarına yiyələnmək
siyasəti aparan, "böyük Ermənistan"
xülyası ilə yaşayan erməni
işğalçılarının şovinist siyasətlərinə
ciddi zərbə olmuşdur. Hər
üç əsər saxta erməni
tarixşünaslığının ifşasına yönəlmişdir.
Bu əsərlərin Azərbaycan tarixi üçün
böyük elmi və siyasi əhəmiyyəti nəzərə
alınaraq 2012-ci il üçün Azərbaycan
Respublikasının Dövlət mükafatına layiq
görülmüşdür. Bu mükafatı
akademik Yaqub Mahmudov və onun 12 nəfər tarixçi həmkarı
almışdır.
Azərbaycan xalqı XX əsr boyu deportasiyaya və
soyqırıma məruz qalmışdır. Yaqub Mahmudovun
elmi-tədqiqat fəaliyyətində bu istiqamət
üstün yer tutur. Tarix İnstitutunda ermənilərin
azərbaycanlılara qarşı həyata keçirdikləri
soyqırımları sübut edən tədqiqat işləri
aparılmış və əhəmiyyətli əsərlər
nəşr etdirilmişdir. Bakı şəhərində,
İrəvan xanlığında, Naxçıvan
diyarında, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda,
Şərqi Anadoluda, Urmiya bölgəsində ermənilərin
törətdikləri soyqırımlar ilkin mənbələr,
arxiv materialları əsasında
araşdırılmış və 20-dən artıq
fundamental əsər işıq üzü görmüş,
fəlsəfə doktoru və elmlər doktoru
dissertasiyaları müdafiə edilmişdir. Yaqub
Mahmudovun rəhbərliyi ilə son illərdə Qubada,
Şamaxıda, Lənkəranda, Gəncədə bu istiqamətlə
bağlı beynəlxalq simpoziumlar keçirilmiş və
onların materialları toplu halında nəşr
edilmişdir.
Tarix İnstitutunun elmi-tədqiqat planında Azərbaycanın
tarixi torpaqlarının tarixinin tədqiqinə də
xüsusi diqqət yetirilir. Azərbaycanın İrəvan,
Naxçıvan, Zəngəzur, Göyçə,
Borçalı, Tiflis əmirliyi, Car-Balakən
camaatlığı, İlisu sultanlığı, Dərbənd
şəhəri, Qarabağın tarixi ilə bağlı tədqiqatlar
aparılır, bunların bəziləri haqqındakı tədqiqatlar
yekunlaşmış və fundamental monoqrafiyalar çap
olunmuşdur.
Akademik Yaqub Mahmudovun elmi fəaliyyətində daha
çox diqqət yetirdiyi məsələlərdən biri də
dünyanın müxtəlif ölkələrinin arxivlərindən
ölkəmizlə bağlı sənəd və
materialların əldə edilməsi, tədqiqi və nəşridir. Bunu Tarix
İnstitutunun ən müsbət və dəyərli işi
kimi qeyd edə bilərik. İnstitutun bir qrup əməkdaşı
tərəfindən Rusiya Federasiyasının bir sıra şəhərlərindən,
London, Paris, Dehli, Ankara, İstanbul, Berlin, Tiflis kimi şəhərlərin
arxivlərindən əldə olunan sənəd və
materiallar toplular şəklində hazırlanaraq elm
adamlarına və geniş oxucu kütləsinə təqdim
edilmişdir. Arxiv sənədləri əsasında
nəşrə hazırlanmış və işıq
üzü görmüş kitabların sayı 35-dən
artıqdır.
Azərbaycan Respublikasının tarixinin, mədəniyyətinin,
beynəlxalq əlaqələrinin tanıdılmasında, rol
və əhəmiyyətinin artırılmasında Tarix
İnstitutunun üzərinə çox vacib və
mühüm vəzifələr düşür. Bu işləri
düzgün məcrada istiqamətləndirən direktor Yaqub
Mahmudov həm institut xətti ilə bir sıra ölkələrdə
keçirilən tədbirlərə, konfranslara
qatılır, həm də Tarix İnstitutunun keçirdiyi
beynəlxalq konfranslara xarici ölkələrin elm
adamlarını dəvət edir. İnstitutun son illərdə
təşkil etdiyi beynəlxalq konfrans və simpoziumlar -
"Azərbaycan xalqına qarşı 1918-1920-ci illər
soyqırımı" mövzusunda keçirilən bir
neçə beynəlxalq konfrans, "Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş" beynəlxalq
elmi-praktik konfrans, "Ortaq Türk tarixinin
araşdırılması problemlərinə həsr
edilmiş" beynəlxalq elmi konfrans, "XIX əsrin əvvəllərində
Qafqaz müharibələri və onların nəticələri"
mövzusunda beynəlxalq elmi konfrans və simpoziumlar
mühüm tarixi əhəmiyyət daşıyır.
İnstitutun direktoru Yaqub Mahmudov dünyanın 22 ölkəsinin
60-a yaxın şəhərində keçirilən beynəlxalq
simpoziumlarda, müxtəlif xarakterli toplantılarda,
görüşlərdə, konfranslarda iştirak və
çıxışlar etmiş, ölkəmizin milli
maraqlarını qətiyyətlə müdafiə
etmişdir.
AMEA
A.A.Bakıxanov adına Tarix İnstitutu
1936-cı ildə yaranmışdır. İnstituta
Azərbaycanda tarix elminin inkişafında böyük əməyi
olan respublikanın görkəmli alimləri rəhbərlik
etmişlər. 2004-cü ildən instituta
professor Yaqub Mahmudov rəhbərik edir. Müdrik
insan, elmi-pedaqoji, elmi-təşkilati təcrübəsi ilə
respublikanın aparıcı tarixçisi sayılan Yaqub
Mahmudov Tarix İnstitutuna uğurla rəhbərlik edir. Tarix İnstitutu heç vaxt indiki səviyyədə,
indiki nüfuzda olmamış, institut əməkdaşlarının
indiki qədər əsərləri nəşr edilməmiş,
beynəlxalq arenaya çıxmamışdır. Bu gün Tarix İnstitutunda dünya tarixinin ən əhəmiyyətli,
elmi həllini gözləyən problemlər
araşdırılır və bunlar elmi nəşrlərdə
öz əksini tapır. İnstitutda
yaradılan yeni şöbə və qruplar respublika
miqyaslı problemlərin tədqiqinə yönəldilir və
uğur qazanır. Yeri gəlmişkən,
2012-ci ildə Beynəlxalq Sokrat Komitəsi Oksford sammitində
AMEA Tarix İnstitutu elmi-tədqiqat fəaliyyətinə
görə ən yaxşı müəssisə - "Best
Enterprises" diplomuna layiq görülmüşdür.
Yaqub
Mahmudov Vətən tarixi, Ümumi tarix, Beynəlxalq münasibətlər
tarixi, Tarixşünaslıq, mənbəşünaslıq və
tarixi tədqiqat üsulları ixtisasları üzrə namizədlik
və doktorluq dissertasiyalarının müdafiəsi üzrə
birləşmiş Dissertasiya Şurasının sədri kimi
də böyük elmi-təşkilati iş aparır. Əgər
nəzərə alsaq ki, AMEA-nın Tarix İnstitutu respublikada
tarix üzrə mühüm tədqiqat mərkəzidir, onda
demək olar ki, Yaqub Mahmudov elmi təsadüfi, perspektivi olmayan
işlərdən qoruyur, Azərbaycan
tarixşünaslığına böyük fayda verən
dissertasiyalara yaşıl işıq yandırır. Dissertasiya Şurası onun rəhbərlik etdiyi
dövrdə 300-ə yaxın istedadlı gənc tədqiqatçılara
elmi vəsiqə vermişdir. Onların
böyük əksəriyyəti elmdə və təhsildə
özlərini doğrultmuşdur.
Tədqiqatları, əsərləri ilə tariximizi zənginləşdirən,
ona hörmət və nüfuz qazandıran akademik Yaqub Mahmudov
mənalı və şərəfli ömür
yaşamışdır. Tarixçi alim bütün ömrü
boyu Azərbaycanın keçmişini, dövlətçilik
və milli tarixini öyrənərək sanballı əsərlər
yazıb. O, görkəmli alim olmaqla yanaşı, Azərbaycanı
sevən böyük vətəndaşdır, Azərbaycanın
canlı ensiklopediyasıdır. Yaqub Mahmudov Sovet
dövründə belə Azərbaycan tarixini milli
düşüncə zəminində araşdıran alimlərdən
biri olub.
Tarix elminin xalq və dövlət qarşısında ən
mühüm vəzifələrindən biri də
dövrün, zamanın çağırışına cavab
verməsidir.
Yaqub Mahmudov bu çağırışlara
cavabların müəllifi və təşkilatçısıdır.
"Azərbaycan yalnız Arazın şimalı deyil...",
"Tarixin ən böyük və ən təhlükəli
yalanı", "Böyük Ermənistan uydurması",
"Naxçıvan bəşər sivilizasiyasının
başlandığı məkandır", "Məzarlıqdan
26 deyil, 23 cəsəd aşkar edildi", "Tarixi şəxsiyyətlərimizə
sahib çıxaq" kimi məqalə və müsahibələri
Y.Mahmudovun vətənpərvər tarixçi, əsl vətəndaş,
milli mövqeyi üstün tutan tədqiqatçı
olduğunu təsdiq edir.
Akademik Yaqub Mahmudov geniş ictimai fəaliyyət göstərən alim-ziyalılarımızdandır. O, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. Azərbaycan Respublikasının Milli Məclisinə II, III, IV və V çağırış deputat seçilmişdir. Azərbaycan Respublikasının "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, Əməkdar Elm xadimidir. 2012-ci ildə "Elmdə ad" fəxri tituluna, 2013-cü ildə "Kraliça Viktoriya" diplomuna və medalına layiq görülmüşdür. 2013-cü ildə Azərbaycan Kazakları İcmasının "Ataman Anton Qolovatıy" ordeni ilə təltif olunmuşdur. O, ölkəmizin Yusif Məmmədəliyev, Rəsul Rza, "Qızıl qılınc", "Qızıl qələm", "Samir Əsgərxanov", "Humay", "Gənclərin dostu" milli mükafatlarının laureatı, onlarla Şura, Komitə və Komissiyaların üzvü, Lütfi Zadə adına Beynəlxalq müasir Elmlər Akademiyasının həqiqi üzvüdür.
Yekunda, hörmətli müəllimim Yaqub Mikayıl oğlu Mahmudovu - görkəmli və nüfuzlu Azərbaycan tarixçisini, tanınmış elm mücahidini, ictimai xadimi 80 illik yubileyi münasibətilə çoxsaylı yetirmələri adından səmimi qəlbdən təbrik edir, Ulu Tanrıdan ona uzun ömür, möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
İsmayıl HACIYEV
AMEA Naxçıvan Bölməsinin sədri,
akademik, Əməkdar elm xadimi
525-ci qəzet.- 2019.- 31 yanvar.- S.4.