"Ondan sonra hamı məni "Eurovision
Leyla" kimi yadda saxladı"
"Həyatı daha
çox dəyərləndirməyə
başlamışam"
- Leyla
xanım, uzun müddətdir karantin rejimindəyik. Necə keçir zaman?
- Rəsmi
karantin elan olunandan, mart ayından etibarən mən də
işləmirəm. Birdən-birə bu cür
durğunluğa düşəcəyimi təsəvvür eləmirdim.
Bizim işimiz konsertlər, tədbirlər, layihələr
və sairdir ki, bunlar da bir anda dayandı. Hamı
necə, mən də elə, bu günləri ailəmə,
özümə həsr eləmişəm. Əslində, hər şeyə müsbət tərəfdən
baxmağa çalışan insanam, nə baş verirsə,
yaxşılığa doğru olduğuna inanıram. Bu, indi yaranan bir tendensiyadır. Əvvəllər
çox həyəcanlanar, fikir eləyərdim. Amma görürəm ki, bir mənası yoxdur.
Sadəcə, mövcud vəziyyətdən
özüm və ailəm üçün yaxşı nələrsə
əxz eləməyə çalışıram.
Əlbəttə, bu vəziyyətin çətin tərəfləri
də var. Lakin bu, təkcə mənim, sizin yox,
dünyanın başına gələn qlobal problemdir və
bizim də qaydalara əməl edərək bu vəziyyətdən
mümkün qədər tez çıxmağa
çalışmaqdan başqa yolumuz yoxdur.
İş yerimlə bağlı müəyyən dəyişiklik
də gözlənilir. Hələ açıqlaya bilmirəm,
amma hər şeyin yaxşılığa doğru dəyişəcəyinə
inanıram.
- Bu
dövrdə özünüzçün nələri kəşf
etdiniz, nələrin fərqinə vardınız?
- Həyatın
nə qədər kövrək, sınmağa,
qırılmağa meylli olduğu indi daha çox nəzərə
çarpdı. Hələ bu vaxta kimi gün ərzində
bu qədər mənfi xəbərləri eyni vaxtda
aldığımız, milyardlarla insanın bir virusun əlində
aciz qaldığı olmamışdı. Bundan
başqa, Tovuzda baş verən döyüşlər də
böyük həyəcan yaratdı. Onsuz
da mənfur qonşularımızla aramızdakı bu
münaqişə səngimir, amma elə bil, 2020-ci ildə hər
şey yenidən alovlanmağa, üst-üstə gəlməyə
başladı. Sanki həyatı daha
çox dəyərləndirməyə başlamışam.
İnsan bir yeri ağrıyanda öz
canının qeydinə qalmağa başlayır. Həqiqətən də nə qədər rəqəmsallaşdırsaq
da, həyatı, şəhəri canlandıran insan və onun
əməyidir. O yoxdursa, bu qədər şeylər nəyə
lazımdır?! Ünsiyyət üçün
darıxmışam. Belə vəziyyətlərdə
insan bunların qədrini bilməyə başlayır,
özü-özünü təkmilləşdirir.
"İnsanın
özüylə qurduğu dialoqdan yaxşı dialoq
yoxdur"
-
Telekanalları izləyirsinizmi? Bir peşəkar
kimi yox, tamaşaçı kimi fikriniz nədir?
- Bu haqda
ümumiləşdirib fikir demək çətindir. Çünki bu dəqiqə telekanallarımız arasında
böyük fərq var. Televiziya elədir ki, daima yeniləşmə,
mənəvi, əqli, maddi sərmayə tələb edir.
Bu sahə peşəkar kadrlara ehtiyacı olan
sahədir. Hətta hansısa məlum bir layihəni eynilə
götürüb tətbiq etmək istəyəndə də
gərək elə həssaslıqla, zövqlə edəsən
ki, ortaya keyfiyyətli iş çıxsın. XXI
əsr televiziyası ilə ayaqlaşmaq çox çətindir.
Bu, sosial şəbəkə sürətiylə
ayaqlaşmalı olan və bunu çox çətin əldə
edən bir sahədir. Bir xəbəri
televiziyalardan əvvəl, baş verdiyi anda sosial şəbəkədə
canlı izləmək şansımız var. İndi gör bu
məqamda neçə qat artıq operativlik, həvəs, istək
və peşəkarlıq olmalıdır. Şou baxımından da ayaqlaşmaq çətindir.
Bu gün bir bloqerin telefonla çəkdiyi hər
hansı bir video daha çox əks-səda doğurur, nəinki
bir neçə insanın bir araya gəlib, böyük
texnika, əmək, zaman və maddiyyat sərf etdiyi veriliş.
Çünki hər şey minimallaşıb,
insana yaxınlaşıb. Televiziya
işçisi olaraq, bunlar məni hər zaman narahat edib.
Hər hansı layihə edəndə ilk
sualım bu olur ki, tamaşaçı bunu niyə axtaracaq,
onun zövqünü, marağını təmin edə biləcəyəmmi?
Bu problem təkcə bizdə deyil, başqa
ölkələrdə də var.
- Məşhur
xanım olmaq sizi yormur ki?
-
Düzü, yox. 15 ildir, televiziyadayam, "bezdim,
yoruldum, məni narahat edirlər" kimi şikayətlərim
heç vaxt olmayıb. Hətta
tanıyıb yaxınlaşanlar, sevgilərini, fikirlərini
bildirənlər də o qədər nəzakətli, mədəni,
xoş təsir bağışlayıblar ki, mən və
yanımdakı ailə üzvlərim bundan narahatlıq
duymamışıq. Bilmirəm, bu cür
şikayətləri kimlər edirlər, məndə
olmayıb. Həm də biz o qədər
böyük miqyasda yaşamırıq, Elvis Presli,
Müslüm Maqomayev, Madonna deyilik. İşimiz
elə insanlarla bağlıdır. Əgər
tanınırıqsa, onlara görə tanınırıq,
onların sayəsində yığmışıq bu hörməti.
Həmin o insanlar arasında mənəvi
baxımdan o qədər zəngin, dərin, bizə dərs
keçə biləcək insanlar var ki.
- Leyla
xanım, təkliklə yalnızlıq arasında nə kimi fərqlər
var? Hansına üstünlük verirsiniz?
- Bir ifadə
var, deyir, tamamilə tək olduğunuz zamanlarda belə Allah
sizinlədir. Bu, subyektiv fikirdir, kim ürəyində
Allahı hiss edirsə, inanırsa, onlara aiddir. Yalnızlıq
çox ağır məsələdir. Tanıdığım
insanlar var, yatır-durur, özünü görür. Bu, fiziki yalnızlıqdır. Bir də
kütlə içərisində özünü yalnız
hiss etmək var. Fikirlərinlə, həyata, insanlara
baxışınla, həyat tərzinlə
yalnızlaşırsan. Bir çox hallarda özümü
yalnız hiss edirəm. Ən
çılğın, səs-küylü
qonaqlığın, toplantının içərisində də
çox hallarda özümü yalnız hiss edirəm. Çünki başa düşürəm ki,
ordakı insanlarla ortaq nöqtəmiz yoxdur. Vay o gündən ki, doğmalarının içində
özünü yalnız hiss edəsən. Bir fərd üçün bu, kifayət qədər
faciəvi durumdur. Əgər insan həyatı
boyu ətrafına yığdığı dostlarla, doğmalarla
ortaq düşüncəyə sahib deyilsə, onlar onun
düşüncələrinə, daxili dünyasına
uyğun gəlmirsə, o boyda kütlənin nə mənası
var? Təklik pis deyil. Bəzən
insan özüylə tək qalmalıdır, özünə
hesabat verməli, özünü dinləməlidir. Məndə belə hallar olur və uğur gətirən
fikirlər, layihələr də həmin təklik
zamanımda yaranıb. İnsanın
özüylə qurduğu dialoqdan yaxşı dialoq yoxdur.
Çünki kimsə nə sənin səhv
fikrini yalandan təsdiqləyir, nə də düzgün
yolundan çəkindirməyə çalışır.
Ona görə kimsə qorxmasın ki, dostum yoxdur.
Deməli, ən azından mane olacaq insan yoxdur,
buna sevinmək lazımdır. Hər kəsin
özünə bab biləcəyi insan var,
onu tapmamısızsa, yanlış insanları ətrafınıza
yığmağa gərək yoxdur.
- Bu zamana
kimi fərqli iş yerlərində
çalışmısınız. Özünüzü daha
çox hara aid hiss edirsiniz?
-
Televiziya ilk düşünülmüş, oturuşmuş
iş yerim olduğundan və orda böyüdüyümə
görə qanıma, canıma hopub. 15 il ərzində
müxtəlif yerlərdə çalışsam da, televiziya
ilə ortaq nələrimsə mütləq olub. Televiziyaya yoluxdunsa, ömürlük səninlə
yaşayır. Televiziya vərdişdir,
fikirlərimizi tətbiq, özümüzü ifadə etməyə
yardımçı olan bir sahədir. Orda
qazandığım təcrübəni digər yerlərdə
tətbiq etmişəm. Bu mənada
özümü şanslı sayıram. Ən
müxtəlif layihələr həyata keçirmişəm.
Televiziya olmasaydı, musiqidə olardım və
onda da balıq suda özünü necə hiss edirsə, o
cür hiss edərdim. Çünki bu, mənimdir.
Dincəlmək, özümə qapılmaq istəyəndə
televizor izləmirəm, musiqi dinləyirəm, ifa edirəm.
Bütün hisslərimin ifadəsini musiqidə
tapıram. Əminəm ki, nə vaxtsa bu
sahəyə ifaçı kimi olmasa da, müəllim,
araşdırmaçı kimi qayıdacağam. Hara çevirsəm də, həyatımın ana xətti
musiqidir.
"İnsanlarla
bağlı xəyal qırıqlığı yaşamamaq
üçün onlara böyük ümidlər bəsləmirəm"
- Bir
neçə il öncəki müsahibələrinizdə
sosial şəbəkələri sevmədiyinizi demisiniz. İndi isə istifadə edirsiniz. Nə dəyişdi?
- Bayaq
karantində nə dəyişdi deyə, sual verdiniz, unutdum deməyi,
sosial şəbəkələr gəldi həyatıma. Bəzən özüm də unuduram İnstaqramda,
Feysbukda olduğumu. Ha desəm də ki, intravertəm,
özüm özümlə xoşbəxtəm, mənə
çox adam lazım deyil, amma biz televiziya
işçisi, aktiv həyat tərzi sürən cameənin
nümayəndələri olaraq səhnəsiz, meydansız
sıxılırıq. Bəzən hansısa məsələlərə
öz fikrini bildirmək istəyirsən. Keçmiş
PR-çı olaraq heç vaxt sosial şəbəkənin
gücünü təkzib etməmişəm. Artıq bu gün öz reklamını daha
böyük kütləyə çatmağını istəyənlər
o reklamı da sosial şəbəkədə yerləşdirir.
Ona görə düşündüm ki, sosial
şəbəkədən də istifadə etmək
lazımdır. Amma əlbəttə ki, qədərində.
Özümçün cızdığım
çərçivələr var, ordan kənara heç vaxt
çıxmayacağam. Elə şeylər
var ki, mən onları nə insani, nə dini, nə də
mental baxımdan uyğun görürəm. Sosial şəbəkədən fikir mübadiləsi,
insanı daha yaxşı tanımaq üçün lazım
olan platforma kimi istifadə edirəm. Düzdür,
adətən, müşahidə mövqeyindəyəm, amma
son Tovuz hadisələri məcbur elədi ki, mən də nələrsə
yazım, paylaşım. Bu dövrdə
insanlar iki qrupa bölündülər, çoxluq vətənpərvər,
mərd, müəyyən qisim isə humanizm, kosmopolit adı
altında xəyanətkar mövqedə dayandı. Birincilər məni qürurlandırdı, sevindirdi,
ikincilər isə əsəbləşdirdi. "Gözləməzdim" ifadəsini demək
olar ki, istifadə etmirəm. Amma bu günlərdə onu
da dedim. Bir insan
keçmişinə, əcdadının uyuduğu torpağa,
valideyninin bağlı olduğu ölkəyə nankorluq edirsə,
bu vətən onu niyə bağışlasın?! O, niyə
milliyyətində "azərbaycanlı" ifadəsini
daşıyır? Bütün bu fikirləri
paylaşmaq istəyirəm. Bəzən
istədiyim qədər kəskin deyə bilmirəm,
çünki insanlar məni başqa obrazda qəbul ediblər,
onları incitmək istəmirəm, beynimdəki fikirləri
olduğu kimi ifadə etsəm, bəlkə də
dostluğumda olanların yarısı qaçıb gedər
(gülür).
- Xəyal
qırıqlığı yaşadığınız
çoxmu olub?
- Xəyal
qırıqlığı yaşamamaq üçün
böyük xəyallar qurmamağa çalışıram. Təbiətcə xəyalpərəst, romantikəm.
Amma öz imkanlarımı da düzgün qiymətləndirirəm.
İnsanlarla bağlı xəyal
qırıqlığı yaşamamaq üçün onlara
böyük ümidlər bəsləmirəm. Bayaq dediyim kimi, "gözləməzdim" ifadəsini
son illərdə heç istifadə etmirəm. Çünki o qədər şeylər
gördüm ki, deməli, hamıdan hər şey gözləmək
olar. Atalar çox düzgün deyib, insan
çiy süd əmib. Bir insanın, əslində,
qabında nə olduğunu axıra kimi çözə
bilmirsən. İnsan Allahın
yaratdığı ən sirli varlıqdır, dərin
olduğu qədər təhlükəlidir. Heç bir varlıq insan qədər qəddar deyil.
Heç vaxt öz zəif nöqtəni
başqalarına göstərməyəcəksən. Çünki uyğun şərait olan kimi mütləq
ordan vuracaqlar.
"İnsanı
insan edən özünüdərkdən keçən
yoludur"
- Hər
zaman İsmayıl Ömərovdan minnətdarlıqla bəhs
edirsiniz. O olmasaydı, Leyla Quliyeva indi harda olardı?
- Musiqidə...
Hər uşaq kimi mənim də fərqli
arzularım vardı. Gah musiqiçi, gah tərcüməçi
olacağam, deyirdim. Nəticədə belə
alındı ki, musiqiçi oldum. Musiqi
Akademiyasına qəbul olanda fərqli sahəyə yönələcəyimi
düşünmürdüm. Çünki
ixtisasım bəlli idi. Təhsilim
uğurla davam edirdi. Amma elə oldu ki,
Aygün xanım Səmədzadə bizi gətirdi bu sahəyə.
Bunu dəfələrlə
danışmışam və məncə, inşallah, həyat
imkan versə, 80 yaşımda da eyni emosiyalarla
danışacağam. O iki insanın həyatımdakı
rolu danılmazdır. Onlar harda olsalar da, nələrsə
dəyişsə də, mənim minnətdarlığım,
sevgim, ehtiramım heç vaxt dəyişməz. İsmayıl müəllimin mənə və mənim
kimi bir neçə debütanta layiq olduğumuzdan da artıq
inam göstərməsi böyük hadisə idi. Müstəqil Azərbaycanın tarixində, Avropa
miqyasında böyük bir hadisəni - önəmli bir
telekanalın açılış tədbirinin
aparıcılığını qismən peşəkarlarla
birgə debütant bir jurnalistə - mənə həvalə
etməyi onun istedada verdiyi dəyərin nümunəsidir.
Sonra bütün karyeram boyunca İsmayıl
müəllimin diqqətini, qayğısını hiss
etmişəm. Başqalarını bilmirəm,
amma mən heç vaxt ona qarşı nankorluq edə bilmərəm.
İnsan minnətdar olmağı
bacarmalıdır. O, böyük bir şirkətin rəhbəri
olsa da, bizə söz deməyi də öyrədirdi. İctimai Televiziyaya gələndə cəmi 19
yaşım vardı. Ən uğurlu
işlərimi, layihələrimi də orda görmüşəm.
Mənimçün ən ali təhsil də
oradır. Orda kollektiv gördüm,
olar-olmazları öyrəndim, həyata başqa cür
baxmağa başladım və böyüdüm.
- Sizcə,
insanı insan edən əsas duyğular hansılardır?
- İnsanı insan edən özünüdərkdən
keçən yoludur. İnsan özünü dərk edirsə,
ətrafındakılara da qiymət verməyi öyrənəcək.
Mənimçün bir neçə olmazlar var: ailəni qiymətləndirməyi
bacarmaq, dediyi kəlmənin ağırlığını
hiss etmək, kimsənin haqqına girməmək, pislik etməmək.
Kiməsə şüurlu şəkildə
pislik edən kəs mənimçün "insanlıq"
kateqoriyasından çıxır. Və ən
dəhşətlisi odur ki, onlara insan deyə bilmiriksə, bəs
hansı canlı deməliyik? Hansı
canlı onlar etdiyini edər ki? Heç
biri. Daxilən zəngin, ali, kübar
insan, özüylə xoşbəxt olan insan bunları eləməz.
Amma bəzən görüntü də
adamı aldadır.
- Xarakter
etibarilə necə insansınız?
-
Özümlə bağlı bu suala cavab verməyə çətinlik
çəkirəm. Durub özümü tərifləsəm
ki, elə yaxşı insanam, alınmaz (gülür). Sadəcə, bircə şeyə əminəm ki,
heç vaxt heç kimin haqqına girməmişəm.
Bunu demək böyük cəsarətdir, amma
özümdən bu qədər əminəm. Həmişə Allaha dua edirəm ki,
övladlarımın qarşısına mənim
başqalarına göstərdiyim kimi münasibət göstərən
insanlar çıxar. Heç bir valideyn
övladına pislik istəməz. Özümdən
zərrə qədər şübhəm olsaydı, bunu deməzdim.
Rəqabətə, karyeraya, layihəyə
görə heç vaxt heç kimin yolunu kəsməmişəm.
Paxıllıq qədər dağıdıcı ikinci bir hiss
tanımıram və Allaha minnətdaram ki, o hissi mənə
verməyib. Hər şeydən öncə məni
anam bağışlamaz. Ona görə yox
ki, bunu anama görə edirəm, ona görə ki, onun ta
uşaqlıqdan beynimə yeritdikləri bunlar olub. O, məndən
çox yumşaq, təmiz, ədalətli və düzgün
insandır. İdeal deyiləm, o qədər mənfilərim
var ki. Sadəcə,
çalışıram, kimsəyə ziyan vurmayım, qəlbini
qırmayım.
- Vəfasızlıqla
çox qarşılaşmısız?
- Əlbəttə, bu, həyatın qanunudur,
hamımız o qədər fərqliyik ki. Əgər mən
kiməsə hansısa yaxşılıq eləmişəmsə,
deməli, Allah məni onun qarşısına bunun
üçün çıxarıb. O, sonra bu etdiyimi itirəcəksə,
vəfası olmayacaqsa, olmasın, nə olacaq ki. Bu da onun məsələyə münasibətidir.
Əsas odur, mən özümdən əminəm.
Deməli, Allah bunu məndən istəmişdi,
mən də bəndə olaraq bunu etdim. Qalanı
maraqlı deyil.
"Elə
bil beynəlxalq sertifikat aldım"
- "Eurovision" layihəsi haqda danışmasaq olmaz
yəqin ki. Elə bir nüfuzlu müsabiqənin Azərbaycan
şərhçisi olmusunuz. Bu layihə həyatınızda
nələri dəyişdi?
-
Çox maraqlıdır ki, "Eurovision"a qədər
etdiyim layihələr yadda qalmamışdı, çox
böyük işlər görmüşdük, amma ondan sonra
hamı məni "Eurovision Leyla" kimi yadda saxladı. O
cür tarixi bir hadisənin iştirakçısı olmaq
qürurvericidir. O layihə öz səviyyəsi, miqyası, təşkilatçılıq
dərəcəsi, komandası ilə bütün dünyada
keyfiyyət göstəricisinə çevrilib. Sanki
insanlar məni o süzgəcdən keçib təsdiqini tapan
aparıcı kimi qəbul etdilər. Elə
bil, beynəlxalq sertifikat aldım. Bu gün də o gərgin
iş prosesini xatırlayanda fikirləşirəm ki, çox
böyük bir məktəb idi və çox istərdim, biz
də televiziyalar olaraq, işə münasibət, komanda ruhu
nöqteyi-nəzərindən nə vaxtsa o tərzə
yaxınlaşaq. Orda iştirak
etdiyimçün özümü xoşbəxt sayıram və
mənə bu etimadı göstərən insanlara bir daha təşəkkür
edirəm.
- Bu layihədə
unutmadığınız hansı maraqlı, qeyri-adi xatirələriniz
var?
- Orda hər
şey maraqlı və qeyri-adi idi. Bu layihə
üçün hər kəsin üstünə düşən
vəzifəni necə məsuliyyətlə, yüksək səviyyədə
icra etdiyini, hətta ölkəndə bunun üçün
ayrıca konsert zalı tikildiyini görəndə, fikirləşirsən
ki, sən də bir aparıcı olaraq öz üstünə
düşən vəzifəni layiqincə yerinə yetirməlisən.
Bu yer uğrunda nə qədər böyük mübarizə
getdiyini görəndə bir az da
böyüyürsən. Kömək etməklə
yanaşı, mane olmağa çalışanları görəndə,
tamam dəyişirsən və başa düşürsən,
hər şeyi kənara qoyub öz üzərində
çalışmalısan ki, bu qədər işin
müqabilində sən zəif bənd olmayasan. Bir ay müddətində evdə yaşamadıq,
“Kristal Holl”a yaxın yerdə bir otelə yerləşdirmişdilər
bizi. Bütün gün məşqlər,
gərgin işlər gedirdi. Ailəmi,
övladımı görmürdüm, sağ olsun ailəm ki,
heç vaxt narazılıq etmədilər, əksinə,
çox dəstək oldular.
"Ən
böyük sərmayə övladlardır"
-
Övladlarınızla bağınız necədir?
-
Övlad o qədər böyük məsuliyyətdir ki... Sən cəmiyyət üçün fərd
yetişdirirsən. Sabah o, ziyanlı,
nankor, xəyanətkar, xain olmasın, fikri, əqidəsi,
imanı, təhsili yerində olsun deyə
çalışırsan. Bunlar gənc
yaşda insanın ağlına gəlmir, yaşa dolduqca fərqinə
varırsan ki, bu dəqiqə ən böyük sərmayə
övladlardır. Onlar ailəmizin
yadigarıdır. Ən vacibi də
uşağı dinləmək və istiqamətləndirməyi
bacarmaqdır. Buna
çalışıram. Düzdür,
onlarla ayaqlaşmaq çox çətindir. Onların uşaqlığı
bizim uşaqlığımız kimi deyil. Biz uşaq olanda öz mövqeyimizi çox çətinliklə
bildirirdik. Amma indiki uşaqları fikrindən döndərmək
üçün əsaslandırmaq lazımdır: niyə? O
"niyə"nin altında yatır
onların həyatı öyrənməyi. İndiki
uşaqlarla danışmaq lazımdır. Bəzən
uşaq böyüyür, valideyn isə onun iç
dünyasından, qorxularından, istəklərindən xəbərsizdir.
Ona görə də valideynlə uşaq
arasında uçurum yaranır. Valideyn öz
övladını tanımalıdır ki, nəyi edəcəyini
və ya etməyəcəyini bilsin və sabah
onu müdafiə etməyi bacarsın. Bu
dünyada qoyub gedəcəyimiz övladlarımız bu cəmiyyətə
ya hədiyyədir, ya da təhlükə. Bəzən də olur, bütün xalqın rəhmət
oxuduğu insanın övladı elə hərəkət
edir, elə söz işlədir ki, deyirsən, heyf o addan, o
qandan, o valideynin xatirəsindən. Belə bir nümunənin
də təzəlikcə şahidi olduq ki, bütün xalq o
nankorluğu qınadı və həmin an
yenə də valideyn yada düşdü.
"Şeir
narahat, çılğın, ac ruhun məhsuludur"
- Ədəbiyyatla aranız necədir? Kimləri
oxuyursunuz?
- Ədəbiyyatla aram çox
yaxşıdır. Müasir Azərbaycan ədəbiyyatı
nümayəndələrinin əsərlərini
oxumağı xoşlayıram. Bir ara Varisin bütün əsərlərini
oxumuşdum. Şairləri sevirəm. Onlar bu dünyanın
adamı deyillər və bununla da diqqətimi cəlb edirlər.
Şəhriyar Del Gerani, Aqşin Evrən, Qismət və
başqalarının şeirlərini oxuyuram. Dünya ədəbiyyatını
da həmişə sevmişəm. Müqayisəli mütaliə
çox xoşuma gəlir. Bir janrla, bir yazıçıyla
kifayətlənmirəm, hər kəsi oxuyuram.
- Vaxtilə şeir də yazmısınız.
Yenə yazırsınızmı?
- İndi yox, nəsə ilham pərisi
qaçıb. Onlar ara-sıra keçirdiyim müəyyən
hisslərin təzahürü idi. Şeir yazmaq
üçün uzun müddət özümlə
baş-başa qalmalıyam. Yeri gəlmişkən, o şeirlərin
çoxu "Eurovision" ərəfəsində
yazılıb. Çətin dövr idi,
yaşadığım yeri dəyişmişdim, başqa bir
quruluşa, dalğaya kökləndiyim vaxtlar idi. Mənimçün,
şeir, ədəbi nümunə narahat,
çılğın, ac ruhun məhsuludur. Ən qüdrətli
əsərlər də məhz daxili, psixoloji durumu stabil
olmayan müəlliflər tərəfindən
yaradılır. Bu, bütün yaradıcılıq sahələrinə
aiddir.
- Dinlədiyiniz musiqi həmin andakı əhvalınızla
nə qədər uyuşur?
- Bəzən uyuşmur. Bir də görərsiz,
eyforik vəziyyətdə gəlib elə bir şeyə qulaq
asaram ki. Əhvalım çox yaxşı olanda gözlənilmədən
klassikaya da qulaq asaram, Bramsın "Üçüncü
simfoniya, üçüncü hissə"sinə də,
baxmayaraq ki, o, melonxolik, kədərli dəfn musiqisidir. Kədərli
olanda ritmik musiqi dinləyə bilmirəm, məni
qıcıqlandırır. Spektr çox genişdir. Meyxana da
dinləyə bilirəm. Hətta konkret müəlliflər
var ki, onların sözlə oynaması xoşuma gəlir.
Söz mənimçün böyük önəm kəsb
edir.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 5
avqust.- S.16;17.