3191¹-li Order və ya bir
nəslin taleyi –
Cəmşid
Naxçıvanski - 125
Yurdumuzun
şanlı tarixinə adını qızıl hərflərlə
yazmış elə nəsillər, elə sərkərdələr
olub ki, onlar öz mərdliyi, igidliyi ilə vətənimizin
azadlığına, müstəqilliyinə mühüm
töhfələr veriblər. Azərbaycanın hərb tarixində
görkəmli rol oynamış belə sərkərdələrdən
biri də Cəmşid Naxçıvanskidir.
Cəmşid
Naxçıvanski 10 avqust 1895-ci ildə Naxçıvan şəhərində
Cəfərqulu xan Naxçıvanskinin ailəsində
dünyaya göz açıb. Cəmşid 7 yaşına qədər
ibtidai təhsilini ailədə alıb. 7 yaşından 12
yaşınadək Naxçıvan Qəza məktəbində
oxuyur. 12 yaşı olarkən atası onu Tiflis Kadet Məktəbinə
gətirir. Cəmşid burada 7 il təhsil aldıqdan sonra
1914-cü ildə ali hərbi təhsil üçün Qərbi
Ukraynanın Yelizavetqrad Qvardiya məktəbinə daxil olur. I
Dünya Müharibəsinin başlaması ilə əlaqədar
1914-cü ilin dekabrında C.Naxçıvanski Qafqaz süvari
diviziyasına xidmətə göndərilir. 1915-ci ilin
qışında Cəmşid xan süvari alayı ilə
birlikdə I Dünya Müharibəsinin cənub-qərb cəbhəsində
gedən qızğın döyüşlərə
qatılır. O, bu amansız döyüşlərdə 3 dəfə
ağır yaralanır, hərbi hospitallarda müalicə
alaraq təkrar döyüşlərə qatılır.
C.Naxçıvanskinin döyüş meydanlarında göstərdiyi
cəsarət və igidlik imperiya rəhbərliyi tərəfindən
yüksək qiymətləndirilir. Rütbəsi
ştabs-rotmistrə qədər yüksəldilir. Bu illər ərzində
Cəmşid xana mükafat olaraq onlarla üstü
yazılı qiymətli hədiyyələr, qızıl
bantla süslənmiş gümüş silahlar, neçə-neçə
medallar və altı orden verilib. 1917-ci ilin fevral-burjua
İnqilabı Rusiyanı sarsıdır və imperiyanın I
Dünya Müharibəsindən ağır itkilərlə
çıxmasna səbəb olur.
C.Naxçıvanskinin
xidmət etdiyi Qafqaz Süvari diviziyası geriyə - Qafqaza
qayıdır. Cəmşid xanın da manqa komandiri olduğu
Tatar Süvari alayı Gəncə ətrafında yerləşdirilir.
1918-ci ilin yazından Cəmşid Naxçıvanski Azərbaycan
Xalq Cümhuriyyətinin təşkil etdiyi Milli Ordu
quruculuğunda fəal iştirak edir. 1918-ci ilin sentyabrında
Cəmşid xanın alayı Qafqaz İslam Ordusu ilə
birlikdə Gəncədən Bakıya yürüş edərək
Bakını daşnak-bolşevik hərbi birləşmələrindən
azad edir. Bakı Kommunasının əsgərləri qovulandan
sonra şəhərə ingilislər daxil olurlar. Növbəti
döyüşü Cəmşid xan Sentrokaspi qüvvələri
ilə aparmalı olur. Şəhər azad olunaraq paxtaxt Gəncədən
Bakıya köçürülür. Cəmşid
Naxçıvanski bu tarixi döyüşlərdə Kəngərlilərin
döyüş ənənələrini məharətlə tətbiq
edərək 2 şotland rotasını büsbütün əsir
götürmüşdür. Cəmşid xanın hərbi
istedadını görən S.Mehmandarov Naxçıvanskini hələ
çox gənc olmasına baxmayaraq, AXC-nin I Süvari
alayına komandir köməkçisi təyin edir. İngilislər
də Bakıdan çıxarılandan sonra paytaxta növbəti
təhlükəni şimaldan Ağqvardiyaçılar gətirirlər.
Denikinçilərin qarşısını ləyaqətlə
ala biləcəyinə əmin olan komandanlıq Cəmşid
xanı Dağıstan ilə sərhəddə mühafizə
rəisi təyin edir. Cəmşid xan hərbi xidmətini
burada da uğurla davam etdirir. 1918-1920-ci illərdə Cənubi
Qafqazda cərəyan edən hərbi-siyasi vəziyyət son dərəcə
mürəkkəb idi. AXC-nin hərbi rəhbərliyinə
C.Naxçıvanski kimi əsilzadə, sadiq, Vətəni
uğrunda canından keçməyə hazır olan milli-hərbi
kadrlar lazım idi. Naxçıvanskinin babaları seçim
anında heç tərəddüd etmədən şirin
canlarından keçərək, təmsil etdikləri
xalqın və millətin şərəfini həmişə
uca tutublar. Cəmşidin də bu yolu ləyaqətlə davam
etdirdiyini yaxşı bilən S.Mehmandarov Cəmşid xana podpolkovnik
rütbəsi verərək onu 24 mart 1920-cu il tarixli 163¹-li əmrlə
II Qarabağ Süvari Polkunun komandiri təyin edir. Bu, o vaxt idi
ki, bolşeviklərin təhriki ilə ermənilər
Qarabağda üsyan qaldıraraq Azərbaycan
torpaqlarını işğal etmişdilər. Cəmşid
xan təcili olaraq Qarabağa yollanır. Ermənilər daha
çevik tərpənərək Cəmşidin yolunu kəsmək
üçün Əskəran qalasını tutub Xankəndinə
gedən yolu Cəmşidin üzünə bağlayırlar.
Daşnaklar yaxşı bilirdilər ki, Cəmşid xan Xankəndinə
yetişib yenicə komandir təyin edildiyi II Qarabağ
süvari polkunun başına keçsə, hadisələr
onların əleyhinə sürətlə dəyişəcək.
Bilirdilər ki, bu gəncəcik zabit öz damarlarında Kəngərli
süvarilərinin qanını daşıyır.
C.Naxçıvanski öz hərbi sücaəti və sərkərdəlik
məharəti sayəsində qısa vaxt içərisində
Ağdamı, Əskəran qalasını, Xankəndini və
Şuşanı erməni quldurlarından təmizləyərək
Qarabağı 1919-1920-ci il işğalından azad edir.
Bu tarixi
döyüşlərdə Həbib bəy Səlimov, Cəmşidin
kiçik qardaşı, Şəki polkunun komandiri III Ehsan xan
və onlarla igid misilsiz qəhrəmanlıqlar göstəriblər.
AXC milli ordusunun komandanı S.Mehmandarov Xankəndinə gedərək
Qarabağda döyüşən əsgər və zabitlər
önündə təntənəli çıxış
edib, bu tarixi qələbə münasibətilə onları təbrik
edib və mükafatlandırıb.
Azərbaycanda
Sovet hökuməti qurulanda C.Naxçıvanski N.Nərimanovun
dəvəti ilə Qarabağdan Bakıya qayıdır.
Buradaca qeyd edək ki, Cəmşid Naxçıvanski kimi,
Abasqulu bəy Şadlinski kimi neçə-neçə qəhrəman
eloğlularımızın ölkədə siyasi quruluşun
dəyişməsinə baxmayaraq, Vətəni tərk etməmələri,
yurduna-torpağına sahib çıxmaları, ən əsası
Vətənin ərazi bütövlüyü uğrunda mərdliklə
döyüşməyə davam etmələri son dərəcə
təqdirəlayiqdir. C.Naxçıvanski əvvəlcə Azərbaycan
Birləşmiş Hərbi məktəbinə təsərrüfat
rəisi təyin edilir. Dəmir intizamı və işinə
bağlılığı Naxçıvanskini məktəb rəisinin
birinci köməkçisi vəzifəsinə yüksəldir.
Cəmşid xan burada milli hərbi kadrların yetişdirilməsi
üçün var qüvvəsi ilə
çalışıb.
Cəmşid
Naxçıvanskinin Azərbaycanın ilk milli
diviziyasını yaratması xüsusilə təqdirəlayiqdir.
Naxçıvanski 1921-ci ildə bütün bilik və
bacarığını ortaya qoyaraq Azərbaycanın ilk Milli
Atıcı Diviziyasını yaradıb. Cəmşid
Naxçıvanski 10 sentyabr 1921-ci ildən 1 iyun 1931-ci ilədək
Azərbaycan milli diviziyasına komandirlik edib. O, bu on il ərzində
Azərbaycan silahlı qüvvələri üçün əvəzsiz
işlər görüb. Cəmşid xanın diviziyası Azərbaycanın
sərhədlərini havadan və qurudan qoruyaraq milli hərb sənətimizə
yeni bir nəfəs gətirib. O, Cənubi Qafqazda ilk dəfə
olaraq hava hücumundan kimyəvi vasitələrlə müdafiəni
təşkil edib. Məhşur hərbi xadim M.V.Frunze
Naxçıvanskinin komandanlığı altında
keçirilən təlimləri şəxsən izləmiş
və çox yüksək qiymətləndirmişdir.
Sıra və döyüş hazırlığı ilə
yanaşı, diviziyanın siyasi-ideoloji
hazırlığının da möhkəmləndirilməsi
üçün Naxçıvanski diviziyanın "Hərbi
bilik" jurnalını təsis edir və dərginin həmredaktoru
olaraq ən aktual mövzularla çıxış edir.
Yeri gəlmişkən,
100 il bundan əvvəl Cəmşid xanın
qaldırdığı məsələlər bu günün
özündə belə öz aktuallığını
qoruyub saxlamaqdadır. Bütün bunların məntiqi nəticəsi
idi ki, Naxçıvanskinin yaratdığı diviziya
Böyük Vətən Müharibəsi illərində Xəzər
dənizindən Baltik dənizinədək şərəfli
bir döyüş yolu keçib. 1930-cu ildə Cəmşid Naxçıvanski Azərbaycan
SSR-nin Qırmızı Əmək Bayrağı ordeni ilə
təltif edilir.
1931-ci ildə
Cəmşid xan tam akademik təhsil alması üçün
M.V.Frunze adına Moskva Hərbi Akademiyasına göndərilir.
Akademiyanı müvəffəqiyyətlə bitirərək
orada müəllim saxlanılır. Əvvəlcə II kursun
rəisi, daha sonra Ümumi taktika kafedrasının müdiri vəzifəsində
çalışır. Naxçıvanski zamanın ən
nüfuzlu akademiyasında dinləyicilərə rus və
fransız dillərində mühazirə oxuyurdu. O,
döyüş zamanı cinahların kordinasiyası və
yerdəyişməsi konsepsiyasını yenidən işləyib
hazırlamışdı. Cəmşid xan öz layihəsində
yeni, fərqli bir metod irəli sürürdü. O, öz
müdavimlərinə deyirdi ki, gələcəkdə
döyüş meydanlarından o ordu qalib çıxacaq ki,
müasir silah və texnikaya sahib olmaqla yanaşı,
döyüş vaxtı bütün ümumqoşun növlərindən
lazım gələrsə növbəli şəkildə,
lazım gələrsə eyni anda istifadə edilə bilsin.
Generalın bütün incəliklərinə qədər
işləyib hazırladığı bu konsepsiyadan Sovet ordusu
II dünya müharibəsində ustalıqla istifadə etdi və
yüksək nəticələr qazandı. Cəmşid
xanın akademiyada dərs verdiyi müdavimlər içindən
3 nəfər Sovet İttifaqı Marşalı, onlarla
generallar, yüzlərlə yüksək rütbəli hərbçilər
çıxmışdır.
1935-ci ildə
Cəmşid xana Kombriq (general-mayor) Ali hərbi rütbəsi
verilməsinə baxmayaraq, Naxçıvanski düşmənləri
tərəfindən daim izlənilərək təqiblərə
məruz qalır. Görkəmli Azərbaycan sərkərdəsi
irtica qüvvələr tərəfindən üç dəfə
həbs olunur. Bunun ikisində ölüm cəzasından son
anda qurtulur, lakin sonuncu - üçüncü həbsi..
Çox təəssüf ki, Azərbaycan xalqının
düşmənləri xan nəvəsinin yüksək zəkasını,
elmi potensialını həzm edə bilmirlər.
C.Naxçıvanski də xalqımızın digər
görkəmli şəxsiyyətləri kimi 30-cu illərin
repressiyasına məruz qalaraq totalitarizmin qurbanına
çevrilir.
20 may
1938-ci ildə generalın həbsi üçün 3191
nömrəli həbs Orderi yazılır. Əslində, bu
order sovet "ölüm makinası" tərəfindən
Cəmşid xanın qətlinə verilmiş fərman idi. 26
avqust 1938-ci ildə Cəmşidin saxlandığı Lefertovo
zindanında SSRİ Ali Məhkəməsinin hərbi
kollegiyası saxta ittihamlarla səyyari məhkəmə qurur.
Generala sifarişli ölüm hökmü
çıxarılır və icra olunur.. Sərkərdənin
nəşi Moskvanın 26 kilometrliyində Kommunarka adlı
kütləvi məzarlıqda dəfn olunur.
22 dekabr
1956-cı ildə SSRİ Ali Məhkəməsinin hərbi
kollegiyası Naxçıvanskiyə rəsmi bəraət
versə də, Cəmşid xan əsl bəraətini 1969-cu
ildə Ümummilli lider Heydər Əliyevin Azərbaycana
birinci siyasi hakimiyyəti dövründə aldı. Dahi rəhbər
23 iyun 1971-ci ildə Azərbaycan KP MK bürosunun
iclasını çağırır və
C.Naxçıvanskinin xatirəsinin əbədiləşdirilməsi
məsələsini müzakirəyə çıxarır.
Ulu öndərin imzası ilə təsdiqlənən 4 bəndlik
Qərar, əslində, Cəmşid Naxçıvanskinin
simasında bütün Naxçıvanskilərin üzünə
doğan günəş idi. Gördüyü hər bir
işi zərgər dəqiqliyi ilə hesablayan müdrik siyasətçi
Qərarın preampula hissəsində "SSRİ Silahlı
Qüvvələrinin görkəmli nümayəndəsi"
sözləri altında bizə qəhrəmanımız Cəmşid
xanı, Cəmşid xanın simasında bütün
Naxçıvanskiləri - Kəngərliləri Azərbaycan
ictimaiyyətinə təqdim edir.
1971-ci il
iyunun 23-dən C.Naxçıvanskinin xatirəsinin əbədiləşdirilməsinə
başlanıldı. Vaxtında atılmış cəsarətli
bir imza bütöv bir nəslin taleyini dəyişdi. Bu
gün Azərbaycanda Naxçıvanskiləri tanımayan və sevməyən
yoxdur.
Ümummilli
liderin milli-siyasi məktəbinin məzunları bu gün onun
yolunu uğurla davam etdirirlər. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
imzaladığı "Cəmşid Naxçıvanskinin 120
illik yubileyinin keçirilməsi haqqında" 2 aprel 2015-ci
il tarixli Sərəncamı və Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun
imzaladığı "Cəmşid Naxçıvanskinin 120
illik yubileyinin Naxçıvan Muxtar Respublikasında
keçirilməsi ilə əlaqədar "Tədbirlər
Planı"nın təsdiq edilməsi haqqında" 9 aprel
2015-ci il tarixli Sərancamı, keçirilən silsilə tədbirlər
C.Naxçıvanskiyə olan dövlət
qayğısının bariz nümunəsidir. Bu gün,
Bakı şəhərində generalın adını
daşıyan Hərbi lisey, adına küçə,
vaxtı ilə yaşadığı binaya vurulmuş baralyef,
Hərbi donanmada sərkərdənin adını
daşıyan gəmi, Hərb tarixi muzeyində Cəmşid
xanın həyat və fəaliyyətini əks etdirən
xüsusi salon, Naxçıvan
şəhərində sərkərdənin adını
daşıyan məktəb və Cəmşid
Naxçıvanski Muzeyi fəaliyyət göstərir.
Milli hərb
tariximizdə igidlik və sədaqət rəmzi olan Cəmşid
Naxçıvanskinin və sələflərinin şərəfli
döyüş yolunun öyrənilməsi və təbliği
hər birimizin vətəndaşlıq borcudur.
Abasət NURİYEV
Cəmşid
Naxçıvanski Muzeyinin direktoru
525-ci qəzet.- 2020.-8
avqust.- S.18.