Xudafərin

 

23 avqust Cəbrayıl rayonunun işğal günüdür

 

Qolubağlı keçdim Xudafərindən,

Üzüm gülməz, heç açılmaz, ah, mənim!

 

Aşıq Qurbani

 

Xudafərin körpüsünün 1027-ci ildə Şəddadi hökmdarı Fəzl ibn Məhəmməd tərəfindən Rəvvadilərlə mübarizə aparmaq üçün inşa olundugu deyilir. Körpüdə Azərbaycan memarlıq məktəbinin bir çox xüsusiyyətlərini görmək olar. Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşü zamanı bir hissəsi uçurulsa da, sonradan bərpa edilib. Təbii qayalar üzərində inşa edilən körpünün bir hissəsi dövrümüzə qədər gəlib çatıb.

Körpüdən bir qədər aralı daha bir körpü var ki, bu körpü Xudafərin adlanır. İkinci körpü 11 gözdən ibarətdir, XIII əsrdə, Elxanilər dövründə inşa edilib. Hazırda həmin körpünün yalnız 3 aşırımı salamatdır. Körpülərin böyüyü Xudafərin kəndində olub, 15 aşırımlıdır Həmdullah Qəzvininin yazdığına görə, onu hicri təqvimi ilə15-ci ildə (639) Məhəmməd peyğəmbərin arxadaşı Bəkr ibn Abdullah tikdirib. Bəkr ibn Abdullah əski körpünü yenidən qurduğu kimi, onun ucaldığı körpü sonralar dəfələrlə bərpa təmir olunub. İndiki onbeşaşırımlı körpü XII əsrin abidəsi sayılır. Körpü tağlarının dayaqları təbii özüllər - qayalar üzərində ucaldığından aşırımlar müxtəlif ölçülü sərbəst düzümlüdür. Bişmiş kərpic çaydaşından tikilən on beş aşırımlı körpünün tağları sivri biçimlidir. Körpünün ümumi uzunluğu 200 metrə yaxındır, eni 4, 5, çay səviyyəsindən ən böyük hündürlüyü 12, ən iri tağ aşırımı 8, 7, ən kiçik tağ aşırımı isə 5,8 metrdir.

Körpünün bütün tağları kərpicdən qurulduğu halda, əsas kütləsi çay daşındandır. Yuxarı qatda divar hörgüsü kərpicdən aparılmışdır ki, bu da Arran memarlıq məktəbi üçün xarakterikdir.  Onbeşaşırımlı körpüdən 750 metr qərbdə olan onbiraşırımlı körpü başdan-başa daşdan tikilib yaxşı yonulmuş iri daş lövhələrlə üzlənib.

Alimlər bu körpünün XIII yüzildə, Elxanilərin (Hülakülər) hakmiyyəti illərində antik dövr körpüsünün qalıqları üzərində yenidən tikildiyi qənaətindədirlər. Onun uzunluğu 130 metrə yaxın, eni 6, çay səviyyəsindən hündürlüyü 12 metrdir. Körpünün üç orta tağı salamat qalıb. Deyilənə görə, sahil tağları XX yüzilin 30-cu illərində Şimali Cənubi Azərbaycan arasında əlaqələri kəsmək üçün İran SSRİ-nin birgə qərarı ilə dağıdılıb.

Tikinti materialı memarlıq biçinlərinə görə daha monumental görünən onbiraşırımlı körpüdə oyma naxışlı, dairəvi biçili daş bəzək lövhələri tapılıb. Böyük konstruktiv dayanaqlığı ilə yanaşı, Xudafərin körpüləri güclü bədii ifadəliliyə malikdir.

İran tarixçisi Həmdullah Qəzvini əsərlərində körpülərin adını "Xuda-Afərin" kimi yazır ki, bu da farsca "Allah tərəfindən yaradılmış", "Allaha mərhəba" mənalarını verir. Bu körpü əsrlər boyu Azərbaycanın ən ağrılı anlarının şahidi olub. Orta əsrlər feodal müharibələrinin, Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşünün, Rusiya-İran müharibələrinin, sovet rejimi repressiyalarının bizim şahidi olduğumuz Cəbrayılın işğalının...

 

Aytac SAHƏD

 

525-ci qəzet.- 2020.- 22 avqust.- S.18.