Azərbaycanda ilk Heydər
Əliyev Mərkəzi
Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik
bütün dövrlərdə hər bir şəhər və
rayona, kəndlərimizə xüsusi diqqət və
qayğı ilə yanaşıb. Bu diqqətin
ünvanlarından biri də Yevlax rayonudur. Ulu öndər
respublikaya rəhbərliyi dövründə beş
dəfə (1973, 1977, 1979, 1981, 1998) Yevlaxda səfərdə
olub. O, səfərlərinin birində demişdi: "Mən
Yevlaxı daha abad, daha gözəl görmək istəyirəm".
Bu gün
Yevlax şəhərinə səfər edən hər bir
şəxs Heydər Əliyevin o dövrdə dediyi bu istəyin
zamanla ən yüksək şəkildə həyata
keçdiyinin şahidi ola bilər. Yevlax şəhərinin Ulu öndərlə
bağlı bu xatirələri və daha artığı
hazırda şəhərin ən gözəl yerində yerləşən,
ikimərtəbəli gözəl bir binaya sahib Heydər
Əliyev Mərkəzində qorunur.
Bərdə Regional Mədəniyyət İdarəsi Yevlax
şəhər Heydər Əliyev Mərkəzi Azərbaycanda
yaradılmış ilk Heydər Əliyev Mərkəzidir. Gənclərin
sağlam, milli-mənlik şüuruna sadiq, vətənə və
ölkəyə yararlı vətəndaş kimi
yetişdirilməsində Mərkəzin rolu
böyükdür. Yevlax şəhərinə
ezamiyyətimiz Mərkəz işçilərinin məzuniyyət
zamanına düşsə də, mərkəzin direktoru
Aygün Qasımova bizim görüşmək təklifimizi
çox xoş qarşıladı, Heydər Əliyev Mərkəzi
ilə yaxından tanışlığımız
üçün şərait yaratdı. Direktorla
söhbətimizə Mərkəzin tarixindən
başladıq:
"Yevlax Heydər Əliyev Mərkəzinin tikintisinə
2004-cü ildə başlanılıb, 2005-ci ilin fevralın
1-də muzeyin açılışı olub. O zaman Heydər Əliyev
muzeyi adlanırdı. 2007-ci ilin oktyabrın 23-də
isə Prezident İlham Əliyevin iştirakı ilə rəsmi
açılışı olub. 2020-ci ilin
fevralında mərkəzin yaranmasının 15 illiyini qeyd elədik.
Hazırda əsas fondda 500-ə, köməkçi
fondda 200-ə yaxın eksponat qorunub-saxlanır. Biz mütəmadi olaraq məktəblərlə
işləyirik. Şəhərdəki 10
məktəb, eləcə də kəndlərdəki məktəblər
mütəmadi şəkildə bura gəlirlər. Belə
ki, ilin əvvəlində biz onlarla müqavilə
bağlayırıq ki, il ərzində
onlar şagirdləri hissə-hissə buraya gətirirlər. Ən çox tarix dərslərini keçmək
üçün qonağımız olurlar. Hər bir mövzuda məktəblər bizə
müraciət edə bilirlər. Ondan əlavə,
özümüz də hər həftə bir məktəbdə,
bağçalarda olur, orada mühazirələr deyirik. Sentyabrın 15-i ilk dərs günlərini
uşaqlarla birgə keçiririk. Dövlətimiz
tərəfindən qeyd olunan bütün günlərdə məktəblərdə
olur, həmin günlərin önəmi ilə bağlı
şagirdlərlə söhbətlər edirik. İnandırım sizi ki, çox gözəl dərslərimiz
keçir. Onların o qədər
maraqlı, məzmunlu sualları ilə
qarşılaşırıq ki, maraqları bizə də
xoş gəlir. Adətən, bir dərs bəs
etmədiyindən, iki dərsimizi diskussiya şəklində
keçirik. Bu, məktəblilərin bir
azərbaycanlı kimi böyüyərək, kimliyimizi, soy
kökümüzü, Ulu öndərin kimliyini, Azərbaycan
tarixindəki rolunu öyrənmələri baxımından
böyük önəm kəsb edir.
Bağçaların böyük qruplarındakı
uşaqlarla görüşüb, onlara bu dahi şəxsiyyəti
tanıtmaq istəyirik. Amma sevindirici haldır ki,
görürük, uşaqlar ta o yaşdan hər şeyin fərqindədirlər,
tanıyır və sevirlər".
Direktor
qeyd elədi ki, mərkəzin işi bununla kifayətlənmir,
o, həm də gənclərin inkişafı baxımından
fərqli kurslarla onlara xidmət göstərir: "Bizdə
karantinə qədər dil kursları da fəaliyyət
göstərirdi. Gənclər burda müxtəlif
dilləri öyrənə bilirdilər. Fikirləşirik
ki, karantindən sonra bu kurslar yenidən davam edəcək.
Bizim 45 nəfərlik konfrans zalımız var. Digər mərkəzlərə
nisbətən sahəsi kiçikdir. Çünki ilk tikilən
mərkəzdir. Orda xüsusi günlərdə
qonaqlarımız üçün həmin günün önəminə
aid videolar, kinolar, sənədli filmlər nümayiş
etdiririk. Bizim demək olar ki, hər bir sahəyə
aid xüsusi materiallarımız, bu cür videolarımız
var.
Mədəniyyət
idarələri, muzeylər, kitabxanalarla da sıx əməkdaşlıq
əlaqələrimiz var. Yevlax şəhərinin yerli mətbuat
orqanı "Kür" qəzetində bu işlərimiz
haqqında, ya da mənim, ayrı-ayrı əməkdaşlarımızın məqalələri çap
olunur. Qəzetin baş redaktoru Əminə
Yusifqızı bu işdə bizə hər zaman dəstəkdir.
Şəhərdə keçirilən
bütün tədbirlərdə iştirak etməyə
çalışırıq. İcra
Hakimiyyəti ilə əlaqələrimiz çox
sıxdır. Hər zaman onların tədbirlərində
edə biləcəyimiz yardımımız varsa, əsirgəmirik.
Silahlı Qüvvələr Günündə hərbçilərimiz
buraya gəlirlər. Şəhərə gələn bütün
nazirlər Yevlax şəhər İcra Hakimiyyəti vasitəsiylə
qonağımız olurlar. Vətəndaşlarımıza
da şərait yaradılır ki, burada nazirlə
görüşə bilsinlər, qayğılarını
rahat şəkildə onlara çatdırsınlar.
Pandemiya dövründə də işlərimiz davam
edir.
İmkanımız daxilində az təminatlı
ailələrə, xəstələrə, tək yaşayan
insanlara maddi, mənəvi dəstək olmağa, yardım etməyə
çalışırıq. Məktəblilərimiz
bu işdə bizə çox kömək olurlar,
könüllü şəkildə, həvəslə bizə
qoşulurlar. Ümid edirik ki, pandemiya tez
zamanda ölkəmizin, dünyamızın üzərindən
çəkilib gedəcək, biz də əvvəlki həyatımıza
geri dönəcəyik.
Mərkəzimiz Tovuz hadisələrində də
dövlətimizin, xalqımızın yanında olmağa
çalışdı. Video-çarxlarla əsgərlərimizə
dəstəyimizi göstərdik. Mən
ehtiyatda olan hərbi-tibb bacısıyam. Bu
hadisələr zamanı könüllü şəkildə səfərbərliyə
yazıldım. Böyük ümidlə
gözləyirəm ki, torpaqlarımız mənfur
düşmənlərimizin tapdağından azad ediləcək.
Bu işdə bir qadın, tibb bacısı
olaraq edə biləcəyim nəsə varsa, hər zaman etməyə
hazıram. Təki qadınlara ehtiyac
olmasın. Çünki başda Ali
Baş Komandanımız olmaqla bizim çox güclü
ordumuz var. Biz dövlət başçımıza da, ordumuza
da güvənirik".
Aygün
xanım Heydər Əliyevin Yevlaxa olan diqqətindən və
bununla bağlı ictimaiyyətin maarifləndirilməsi ilə
bağlı da danışdı: "Ulu öndər hakimiyyətdə
olduğu illərdə beş dəfə
Yevlaxda səfərdə olub. Hər dəfə
də rayon zəhmətkeşləri ilə, ziyalıları,
əməkçiləri ilə görüşüb. Onun əsas görüşdüyü insanlar
arasında Xaldan Kənd Orta Məktəbinin direktoru Zahid
Şöyübov, Sosialist Əməyi qəhrəmanı
Şamama Əliyeva, Əməkdar müəllim Qiyas müəllim
də vardı. O zaman MDB ölkələri arasında
Xaldan Məktəbi adla söylənərdi. İlk
dəfə respublikada şagirdlərin qulaqcıqla işləməsi
1981-ci ildə məhz Xaldan Məktəbində tətbiq olunub
və sınaq dərsinə də Heydər Əliyevin
özü girib. Bu, ingilis dili dərsi olub.
Mən özüm də tələbə
vaxtı Heydər Əliyevi yaxından görmək
şansı qazanmışam. Onda heç
vaxt düşünməzdim ki, zaman gələr, Heydər
Əliyev Mərkəzi yaranar və mən onda heyranlıqla
baxdığım dahi şəxsiyyətin adını
daşıyan mərkəzə rəhbərlik edərəm.
Heydər Əliyevin fəaliyyəti elədir
ki, 1-5 günə anladılıb bitirilməz. Biz hər zaman, mütəmadi şəkildə onun
müxtəlif sahələrdəki rollarıyla bağlı
maarifləndirmə işləri aparırıq.
Tez-tez mərkəzin fəaliyyətilə bağlı
sakinlərimiz arasında sorğular keçiririk. Görək onlar mərkəzə
gəlirlərmi, burda onları nə qane edir, nə etmir,
hansı təklifləri ola bilər və
sair. Ondan başqa, bizim rəy dəftərimiz də
var ki, gələn bütün qonaqlardan xahiş edirik, öz
təəssüratlarını bizimlə o dəftərdə
bölüşsünlər. Çünki
bizim fəaliyyət növümüz mədəni xidmətdir.
Bu mədəni xidməti də biz elə təşkil
etməliyik ki, insanlarımız bizdən razı qalsınlar.
Başqa idarələr də Ulu öndərlə
bağlı nələrsə hazırlamaq istəyəndə
ilk növbədə bizə müraciət edirlər, bəzən
materiallarımızdan da istifadə edir, bizi də dəvət
edirlər.
Mənim Ulu öndər Heydər Əliyevin fəaliyyətində
ən çox diqqətimi çəkən məqam Sovet
dövlətinin tərkibindəykən həm Azərbaycan, həm
də digər MDB ölkələri üçün etdikləridir. Bununla
bağlı uzun müddətdir araşdırma aparıram və
"Ulu öndər Sövet dövlətinin zirvəsində"
adlı məqalə yazmağı düşünürəm.
Bizim bu mərkəzdə
"Ulu öndər və Yevlax" adlı xüsusi guşəmiz
var. Orada həmin beş səfərlə
bağlı materiallar, şəkillər sərgilənir. O, dəfələrlə
Yevlaxda qaçqın şəhərciyində, məcburi
köçkünlərin toyunda iştirak edib. Biz
onunla görüşlərin canlı şahidləriylə
danışır, xatirələrini dinləyir, mərkəzimiz
üçün eksponat olacaq nəsə əldə etməyə
çalışırıq.
Yevlax Heydər Əliyevin dediyi kimi, daha da gözəlləşdi,
müasirləşdi, abad şəhərlər
sırasına qoşuldu.
Əgər karantin qaydaları yumşalarsa, fikrimiz var ki,
Şamama Əliyevanın oğlu ilə görüşək. Çünki
Şamama xanım bu yaxınlarda rəhmətə getdi.
Oğlu bizimlə görüşüb, Şamama
xanımın arxivindəki maraqlı şəkilləri,
materiallarla bizi tanış edəcək.
Gələcək planımızda müstəqilliklə
bağlı material hazırlamaq fikrimiz var. Azərbaycan bir əsrdə
iki dəfə müstəqillik qazanıb. Biz Heydər
Əliyevin bununla bağlı baxışlarını
araşdırmaq, şərh etmək fikrindəyik".
Aygün
xanım digər Heydər Əliyev mərkəzləriylə
də sıx əməkdaşlıq əlaqələri
saxladığını dedi: "Bildiyiniz kimi, 2017-ci ildən
etibarən mədəniyyət şöbələri
regionlaşıb, Regional İdarələr yaradılıb. Bizim də baş idarəmiz Bərdə Regional
İdarəsidir. Hazırda onun tərkibində
dörd Heydər Əliyev mərkəzi fəaliyyət
göstərir. Bizim aramızda daimi əlaqə
var. İclaslarda, tədbirlərdə, konfranslarda
görüşür, fikir mübadilələri aparır, əməkdaşlıqlarımızı
davam etdiririk. Bundan əlavə,
respublikadakı bütün Heydər Əliyev Mərkəzlərinin
direktorları, əməkdaşları daim bir-biriylə əlaqəli
işləyir. Bakıda isə bizim
görüşəcək yerimiz paytaxtdakı Heydər
Əlliyev Mərkəzidir. Hələlik
karantin rejiminə görə onlayn video zənglərlə əlaqə
yaradırıq".
Yerlərimizdə tariximizi bu cür qoruyan, təbliğ edən insanların, qurumların varlığı təqdirəlayiq hadisədir. Söhbətimizdən sonra mərkəzi gəzdik. İki mərtəbəli binanın ikinci mərtəbəsi eksponatlara, sərgiyə ayrılmışdı. Digər Heydər Əliyev Mərkəzlərindən sahəsinə görə fərqlənirdi. İlk yaradılan mərkəz olduğundan, nisbətən balaca olsa da, burada Azərbaycan dövlətçiliyində mühüm rol oynamış şəxsiyyətin irsi böyük sevgiylə qorunur. Eyni zamanda, mərkəzin bir küncündə əl işləri də gördük. Şəhər sakinlərinin, şagirdlərin əl işlərindən, rəsmlərindən ibarət bu sərgidə Azərbaycanın tarixi abidələrinin, dahi şəxsiyyətlərinin rəsmləri, heykəlləri, maketləri nümayiş olunur. Təəssüf ki, yer darısqal olduğundan həmin sərgidəki nümunələri yerləşdirəcək və rahat təqdim edəcək otaq yox idi. Bütün bunlarla yanaşı, Yevlax ictimaiyyətinin dövlətinə, tarixinə, Ulu öndərinə sevgisi və hörməti hər kəsə nümunədir.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2020.- 22 avqust.- S.11.