Tarixçə
Jurnalist Müsəllim Həsənovun
Azərbaycan tarixinin ən müxtəlif dövrləri ilə
bağlı son illər qələmə aldığı tədqiqat
və araşdırmaları, tarixi sənədlər əsasında
yazdığı ssenarilərə çəkilmiş filmlər,
televiziya verilişləri istər oxucuların, istərsə
də tamaşaçıların diqqətini çəkən
ən yaddaqalan layihələrdəndir.
Bu materiallar həm də
tariximiz, ayrı-ayrı tarixi şəxsiyyətlərlə
bağlı bir çox qaranlıq məqamlara işıq
salınması baxımından zəruri və
lazımlıdır.
Müəllifin son vaxtlar
öz Feysbuk səhifəsində "Bilirdinizmi"
başlığı altında tarixin ən fərqli dönəmlərini
əks etdirən tarixçə tipli yığcam
paylaşmaları isə sosial şəbəkə istifadəçiləri
tərəfindən xüsusi maraqla izlənilir.
Bu diqqət və marağa
güvənərək həmin yazıları "525"in
oxucuları ilə də bölüşmək qərarına
gəldik. Niyyətimizi bildirəndə,
sağ olsun, jurnalist dostumuz istəyimizi geri çevirmədi və
razılaşdıq ki, bu yazılar vaxtaşırı qəzetimizdə
dərc olunsun.
Buyurun, oxuyun.
Bakıda neft çıxarmaq istəyirsən?
Dirək basdır...
Bilirdinizmi ki, 1872-ci ildə qəbul olunmuş qaydalara əsasən,
Bakıda neftli torpaq sahəsi almaq istəyən şəxs həmin
əraziyə dirək basdırmalı idi?
1872-ci il fevralın 1-də Rusiya imperatoru "Neft mədənləri
və fotogen istehsalından aksiz haqqında qaydalar"ı təsdiq
edir.
Bu qanunla həm Rusiya təbəələri, həm də
əcnəbilər azad dövlət torpaqlarında neft axtarmaq
və çıxarmaq hüququ qazanırlar.
Qaydalarda hətta bu və ya digər torpaq sahəsini
almaq istəyənlərin onu necə fərqləndirməsi də
göstərilirdi.
Qaydaların
7-ci maddəsində deyilirdi: "Azad dövlət
torpaqlarında neft axtarmaq və çıxarmaq məqsədilə
torpaq almaq istəyən sənayeçi;
a) həmin yerə öz adının və
familiyasının baş hərfləri yazılmış dirək
basdırmağa;
b) dirək basdırandan sonra yeddi gün ərzində
torpağın məxsus olduğu yerli idarəyə ərizə
ilə müraciət etməyə borcludur.
Ərizədə torpağın sahəsi, həmin yerin
adı, basdırılan dirəkdən orada məlum və məşhur
olan məntəqəyə qədər olan məsafə və
seçilmiş yerin digər fərqləndirici cəhətləri
də qeyd edilməli idi.
Qaydaların 8-ci maddəsində isə deyilirdi ki, sənayeçi
tərəfindən basdırılan dirəyin ətrafındakı
80 sajenlik torpaq sahəsi tutulmuş sayılır və digər
sənayeçilər bu əraziyə dirək basdıra bilməzlər.
Nobellər Bakıda yardım edir...
Öz adlarına layiq...
Bilirdinizmi ki, Nobel qardaşları şirkəti
Bakıda hətta kiməsə yardım göstərmək məsələsində
də digər şirkətlərlə açıq rəqabət
aparıb?
1906-cı ilin iyununda Balaxanıda ikisinifli rus-tatar məktəbinin
açılması nəzərdə tutulur.
Məktəb binasını tikmək məqsədilə
neft sənayeçilərinə də müraciət olunur,
ianə toplamaq üçün.
Rotşildlərin firması bu işə 400 rubl
yardım ayırır.
"Kaspi" şirkəti 500 rubl verir.
İanə üçün Nobellərin Bakıdakı
nümayəndəliyinə də müraciət olunur. Şirkətin
Bakı kontorunun müdiri A.Lessner Peterburqdakı İdarə
Heyətinə bu müraciət barədə məlumat verir.
Onu da bildirir ki, Rotşildin şirkəti bu tikintiyə 400 rubl
yardım edib: "Mənim fikrimcə, bizim firmanın 1000
rubldan az ianə verməsi yaxşı olmazdı".
Yəni
Rotşild 400 rubl veribsə, Nobellər 1000 rubl verməlidir...
Maraqlı yanaşmadır.
Necə
deyərlər, hər kəs öz adına
layiq...
Ermənilərin Vorontsov-Daşkov
sevgisi və biz...
Bilirdinizmi ki, 1905-ci ildə Qafqaz canişini vəzifəsinə
təyin edilən Vorontsov-Daşkovu birinci ermənilər təbrik
edib?
1905-ci ildə Qafqazda vəziyyət gərginləşir,
böyük şəhərlərdə tətillər
başlanır.
Fevralın 6-da Bakıdakı erməni kilsəsinin
yanında Ağarza Babayev adlı Sabunçu sakini ermənilər
tərəfindən qətlə yetirilir.
Bununla da tarixə erməni-müsəlman
qırğını kimi düşən hadisələr
başlayır.
Rusiya
imperatorunun fərmanı ilə Bakıda və Bakı
quberniyasında hərbi vəziyyət elan edilir...
İmperator ləğv edilmiş Qafqaz canişinliyi vəzifəsini
yenidən bərpa edir. Daha sərt generallardan sayılan qraf
İllarion Vorontsov-Daşkov fevralın 18-də Qafqaz
canişini təyin olunur.
Sizcə,
Qafqaz xalqlarından bu təyinatı birinci alqışlayan kim olur?
Təbii ki, ermənilər.
Hələ bu xəbər Bakıya çatmamış
bütün ermənilərin katalikosu Mkırtıç
fevralın 19-da Peterburqa teleqram vuraraq Vorontsov-Daşkovu bu
yüksək vəzifəyə təyin edilməsi münasibətilə
təbrik edir.
Hətta xatırladır ki, indi Peterburqda olan din
xadimlərindən xahiş etmişəm ki, sizinlə
görüşüb mənim şəxsi təbriklərimi
çatdırsınlar.
Erməni
katalikosunun nümayəndə heyəti Vorontsov-Daşkovla
Peterburqda artıq martın 10-da görüşür...
Bakı
şəhər Duması isə canişinə teleqram vurmaq
barədə yalnız martın 15-də qərar qəbul
edir...
Bakı
şəhər başçısı İretskinin rəhbərlik
etdiyi nümayəndə heyəti Peterburqda - yeni canişinlə
görüşə bütün bunlardan sonra çatır...
Ermənilərin Qafqaz canişini ilə
qızğın əlaqə qurduğu həmin günlərdə
- martın 19-da Bakı matəm saxlayır. Dükan-bazar
bağlanır...
Çünki Nəcəf şəhərinin baş
müşteidi Ağayi Şeyx Həsən Mamağani 90
yaşında vəfat etmişdi. Və Bakı müsəlmanları
bu bəd xəbərin təsiri altındaydı...
Üzeyir bəy niyə ali təhsil ala bilməyib?
Bilirdinizmi
ki, dahi Üzeyir Hacıbəyov çox çalışsa
da, ali təhsilini tamamlaya bilməyib?
Üzeyir bəy Şuşada rus-tatar məktəbini,
sonra isə Qori müəllimlər seminariyasını bitirir. Bundan sonra
Bakıda müəllimlik edir.
1913-cü ildə Moskvada xüsusi musiqi kurslarında
oxuyur, 1914-cü ildə Peterburq konservatoriyasına qəbul
olunur. Lakin 6 ay sonra birinci dünya müharibəsi
başlayır və o, təhsilini yarımçıq
qoymalı olur.
20-ci illərin
əvvəllərindən ali təhsil
almaq üçün dəfələrlə hökumət
nümayəndələrinə müraciət edir.
O,
1923-cü ilin iyununda qardaşı Ceyhun bəyə yazır:
"...ali təhsil məsələmin həllini gözləyirəm".
Təxminən altı ay sonra yazdığı məktubda
isə deyir ki, "...mənim diplom almaq məsələm
get-gedə daha əhəmiyyət kəsb edir. Çox
ümidvaram ki, bu sənə axırında ikmali-təhsilə
gedəcəyəm".
Lakin
Üzeyir bəy həmin ilin axırında "ikmali-təhsilə"
- təhsilini tamamlamağa gedə bilmir.
Azərbaycan Dövlət Konservatoriyasına isə Moskva
və Peterburqdan, Tiflis və Kiyevdən mütəxəssislər
dəvət olunur.
Üzeyir
bəy qardaşına növbəti məktubunda yenə də
təhsil məsələsindən söhbət açır: "... ali təhsilim
olmamaq məsələm hər dəfə məni məyus
edir və bəzən işlərimə də zərəri
olur. Ona görə ali təhsilim
üçün Almaniyaya göndərilməm məsələsini
təkid edəcəyəm və ümidvaram ki, bu səfər
müvəffəq olaram, çünki Maarif
Komissarlığı dəxi bu fikrimə şərikdir".
Nəhayət,
1926-cı ilin martında Xalq Maarrif
Komissarlığının kollegiyası Musiqi Texnikumunun
müdiri Ü.Hacıbəyovun nəzəri təhsilini
tamamlamaq üçün iki illiyə xaricə göndərilməsi
barədə qərar qəbul edir. Təhsil
aldığı müddətdə Hacıbəyovun əmək
haqqının saxlanılması nəzərdə tutulur.
Həmin
ilin aprelində Üzeyir bəy sevincini qardaşı ilə
bölüşməyə tələsir: "...Maarif
Komissarlığı kollegiyası tərəfindən qərar
çıxdı ki, mən ali təhsilimi
bitirmək üçün iki il müddətinə
komandirovka olmaq üzrə Almaniyaya gedim. Mənimlə
bərabər üç nəfər doktur dəxi göndərilir.
Kənari bir məmaniət olmasa, iyunun birində
yola düşməliyik. Şübhəsizdir ki, mən təhsildən
qayıdandan sonra Maarif Komissarlığı hökumət ali konservatoriyasının idarəsini mənə
tapşıracaqdır.
... Maarif Komissarı yoldaş Mustafa Quliyev mənim
işləməyimi çox təqdir edir, odur ki, ali təhsilimi
bitirməyə cani-dildən razı olub, məni təbrik etdi".
Lakin təxminən bir ay sonra Komissarlıq Üzeyir bəyin
təhsili ilə bağlı "qərarın bir illiyə təxirə
salınması barədə" əmr verir.
Bu əmr onun direktor olduğu "Türk Musiqi
Texnikumunda mümkün yenidənqurma ilə" əsaslandırılır.
Həmin
yenidənqurma 1926-cı il avqustun 30-da
baş tutur: musiqi texnikumu konservatoriya ilə birləşdirilir
və Üzeyir bəy konservatoriyada prorektor vəzifəsinə
təyin edilir.
Bundan sonra ona təhsilini Rusiyada davam etdirmək təklif
olunur.
Üzeyir
bəy qardaşına: "... Maarif Komissarı
yoldaş Ruhulla və müavini yoldaş Cəlil böylə
məsləhət gördülər ki, mən Leninqradda və
ya Moskvada ikmali-təhsillə məşğul olum. Fəqət
mən ali təhsilimi Almaniyada almaq fikrində
olduğumu söylədim. Dedilər ki, onda bir qədər
gözləmək lazım gələcəkdir. Mən dəxi hələ ki, səbr edib gözləyirəm".
1927-ci ildə müəllimlər arasında konservatoriya
rəhbərliyindən narazılıq yaranır. Üzeyir bəyə
rektor olmaq təklif edilir. Lakin o, bu təklifi
qəbul etmir.
1927-ci
ilin fevralında Üzeyir bəy qardaşına yazır:
"...bu günlərdə bizim konservatoriyanın
bütün professorları və bəzi müəllimləri
rektordan inciklik göstərib mənə təklif etdilər
ki, mən rektorluğu boynuma götürüm. Mən
qətiyyən razı olmadım. Məsələ
Maarif Komissarlığına çatdı və orda komissar
yoldaşın hüzurunda iclas qurdular. Mən dedim ki, ali təhsilimi bitirməyincə rektor olmağa
razı deyiləm. Komissar yoldaş dəxi əlavə
etdi ki, hələ ki Üzeyir bəyə tələsmək
lazım deyildir, hərçənd burası yəqindir ki,
bir-iki ildən sonra Üzeyir bəy rektor olacaqdır. Bizim indiki rektorumuz "Aysberq" familiyada bir pionist
professordur".
... Sonra
dünya dəyişir və Üzeyir bəyin ali
təhsil arzusu reallaşmır.
Amma
bütün bunlar, xüsusi istedadla doğulan dahi bəstəkarın
sonralar Konservatoriyanın rektoru, professor və nəhayət,
yeni yaradılan Elmlər Akademiyasının həqiqi
üzvü olmasına mane ola bilmir...
Molotovu akademik seçirlər. Stalin dəhşətə gəlir...
Bilirdinizmi ki, 1946-cı ildə V.Molotovun akademiyanın fəxri
üzvü seçilməsinə görə İ.Stalin onu
danlayıb?
1946-cı ilin dekabrında SSRİ Xarici İşlər
naziri V.Molotov SSRİ Elmlər Akademiyasının fəxri
üzvü seçilir. Həmin vaxt Nyu-Yorkda olan Molotov akademiyaya təşəkkür
teleqramı göndərir.
Teleqram
belə bir imza ilə bitirdi: "Sizin Molotov".
Həmin
günlərdə Soçidə istirahətdə olan və
bu xəbəri qəzetdən oxuyan İ.Stalin də Molotova
teleqram vurur:
"Elmlər Akademiyasına fəxri üzv seçilməyin
münasibətilə akademiyaya teleqram vurmağın məni dəhşətə
gətirdi. Sən doğurdanmı fəxri üzv seçilməyindən
bu qədər vəcdə gəlibsən? "Sizin Molotov" nə deməkdi? Ağlıma gətirməzdim ki, sən fəxri
üzv seçilmək kimi ikinci dərəcəli işdən
ötrü bu qədər mütəəssir olarsan. Mənə belə gəlir ki, sən yüksək səviyyəli
dövlət xadimi kimi öz ləyaqətinin
qayğısına qalmaq barədə daha çox
düşünməli idin. Yəqin ki, bu
teleqramdan narazı qalacaqsan, amma mən başqa cür hərəkət
edə bilmərəm, sənə həqiqəti deməyə
özümü borclu bilirəm. Özüm
başa düşdüyüm həqiqəti".
Molotov elə
həmin gün cavab teleqramı vurur: "Mənim Elmlər
Akademiyasına cavabımla bağlı teleqramı aldım. Görürəm, ağılsızlıq eləmişəm.
Seçilməyim əslində, məni mütəəssir
etmir. Əgər bu seçilmə
olmasaydı, özümü daha yaxşı hiss edərdim.
Teleqrama görə sağ ol".
Bax, belə...
Zaman və
insanlar...
P.S. Bu qeydlərin nə son vaxtların
anti-akademik kampaniyasına, nə də XİN-də
aparılan həbslərə aidiyyatı var...
Müsəllim Həsənov
525-ci qəzet.-
2020.- 22 avqust.- S.12.