Şair ruhunun poetik işığı.

 

Sevimli və unudulmaz müəllimim, istedadlı şair və alim  Nəriman Əliyevin işıqlı xatirəsinə dərin ehtiramla

 

 

Şair, ziyalı, kamil insan, əsl vətənpərvər nəhayət, müəllim kimi tanıdığım, çox dəyərli bildiyim Nəriman Əliyevi hər zaman böyük hörmət məhəbbətlə xatırlayıram.

 

Nəriman müəllim ilk növbədə şair idi...  "Elin məhəbbəti dayağım olub" deyən şairə görə "insanı əbədiyyətə həyat sevgisi" qovuşdurur ("Ömrün payızı"). Bu fəlsəfi dərk şairin yaradıcılığını klassiklərlə üzvi şəkildə bağlayır, yəni Nəriman Əliyevin sözü (şeiri) dünənlərlə sabahlar arasında kəlam körpüsüdü. Nizami Gəncəvinin "Oğlum Məhəmmədə nəsihət"ini, Seyid Əzim Şirvaninin "Oğluma nəsihət"ini zamanında gənclərin mənəvi baxımdan formalaşmasında ədəbi vasitə bilmişik. Müəllimlər , valideynlər tərbiyə prosesində şair sözündən kifayət qədər bəhrələniblər. Nəriman Əliyevin "Oğluma nəsihət"i özünəməxsusluğuyla seçilir, səmimidir, müəllim duyumu ilə yazılıb, eldən gələn ifadələrə yeni çalar verilib.

 

Vətənpərvər şair Nəriman Əliyev yurda, torpağa ürəkdən, təmənnasız bağlı bir insan olaraq doğma Zəngilana böyük sevgisini sədaqətlə, səmimiyyətlə, ən əsası, istedadla ifadə edib:

 

Yenə Həkəri sədlərin aşıb,

Oxçu çay kükrəyib, Bəsit çay daşıb,

Üçü Arazla bərk qucaqlaşıb...

 

Şairin Arazı ruhun ayrılıq çayı kimi təqdim etdiyinə zərrəcə şübhən qalmır; işğal sıxıntılarına görə Həkəri məcrasına sığışa bilmir, Oxçu çayını da eyni ağrı-acılar kükrədib, Bəsit çay da bu həsrətin cəfakeşlərindəndir. Üç misrada istər ayrılıqda, istərsə vəhdətdə üç düşündürücü mətləb şeirin leytmotivi kimi oxunur, təbii ki, belə yadda qalacaq.

 

Şair Nəriman Əliyevin Zəngilana həsr etdiyi digər şeirinin ruhu Vətən həsrətidi. Bu həsrət 1993-cü ilin oktyabrın sonundan gizildəməkdəydi. Amma bu gizilti ilahi bir inama söykənmişdi: qayıdacağıq! Ona görə şair yazırdı:

 

Gün gələr, düşməndən qisas alarıq...

Doğma yurdumuzda ocaq qalarıq,

Səndə şənlənərik yenə, Zəngilan!

 

Şeir 1998-ci ildə yazılıb. 22 il əvvəl. Şair inamı, şair qətiyyəti zamanı 22 il qabaqlayır. 2020-ci ilin sentyabrın 27-də əks-hücum əməliyyatı kimi başlayan Vətən müharibəsi ordumuzun qələbəsiylə başa çatdı. Digər ərazilərimiz kimi Zəngilan da işğaldan azad edildi. Şair inamı şeir yazıldığı ildə , qələbədən sonra da yaşarı inam kimi yaşayır. Zəngilan Nəriman müəllimin doğulduğu rayondu. Şairlər üçün Vətən kəlməsi çox geniş mahiyyətlidi. Şair olaraq Zəngilanın dərdini ömrünə köçürən Nəriman müəllim Qubadlının ağrı-acılarına da biganə qalmır, onun da taleyinə söz işığı salmaq istəyir:

 

Hər qayan bir səngər, hər oğlun sipər,

Gün gələr yoluna hünər nur səpər.

Qələbə bayrağım alnından öpər,

Az qalıb o xoşbəxt günə, Qubadlı!

 

"Zəngilan" şeiri ilə "Qubadlı" şeiri arasında məfkurə, niyyət, istək oxşarlığı, bəlkə eyniliyi hər iki şeiri çağdaş poeziyamızın ruh şeirinə çevirib; hər iki şeirdə dövlətçiliyə, orduya sədaqətin ifadəsi görünür. Yəni qələbəyə inam elə sədaqət deməkdi. Şair Nəriman Əliyevin inama söykənən şeirləri belə oxunur, belə yadda qalır, belə yaşadılacaq...

 

 

 

Elə ifadə, elə deyim var ki, bir dəfə yazılır. Bir dəfə deyilir, ancaq ömürlük yaşam qazanır. Gözəl deyildiyinə görə, məntiqli, inandırıcı deyildiyinə görə yaddaşlara hopur, yaşadılır, yaşayır. Vətənə hamımız Ana deyirik. yəni Ana Vətən. Bu deyimi neçə-neçə şeirdə, neçə-neçə mahnıda eşitmişik. Şair Nəriman Əliyevin bir şeiri var: Üç ana. Ana anadır, Vətənə ana deyirik, bu da məlum. Bəs üçüncü ana? Düşünürsən. Maraq düşüncələrinin səmtini şeirə sarı çəkir:

 

 

Həyatda üç ana tanıyıram mən,

Biri öz anamdır, biri Vətən.

Üçüncü anamın məktəbdir adı...

 

Şairin qənaəti nəyə söykənir? - mənəvi kamilliyə, sağlam düşüncəyə, milli mentalitetə, bir

 

Müəllim qayğısı, məktəb cəfası,

Qəlbimə, fikrimə daim nur saçmış,

Mənə yol göstərmiş, qapılar açmış, -

 

misralarının ifadə etdiyi fəlsəfi mahiyyətli reallıq...

 

Azərbaycan şeirinin ilkinlərindən üzü bu yana bütün şairlərin yaradıcılığına işıq kimi düşən mövzular var. Eyni mövzu bütün şairlərin eyni mətləbli amalı kimi oxunur, yadda qalır. Belə mövzulardan biri dağlardır. Bütün şairlərin vüqar mücəssəməsi, sədaqət timsalı bildiyi dağlar. Dağları Nizami Gəncəvi , Füzuli , Tufarqanlı Abbas da, Koroğlu da, Xətai , Aşıq Ələsgər , Səməd Vurğun da, ... vəsf edib. Hamısı bir-birindən gözəl olan bu "Dağlar" əbədiyyən sevgilərlə oxunacaq.

 

Təbiəti sevən, həyat sevgisi təbiət sevgisindən güc alan şair Nəriman Əliyev dağlara bir neçə şeir yazıb. Hər biri şairin dağlarla könül söhbətidi elə bil; könül qübarından söz açanda da, sevincini bölüşəndə , həsrətin əlində girinc olanda da adama "dağ qardaşı", "qüdrətdən səngərli-qalalı dağlar" (Aşıq Ələsgər) həyan olur:

 

Əyilməz vüqarın dəyanətimdir,

Zəhmətlə ucalmaq ilk qüdrətimdir,

Saf nurlu nəfəsin təbiətimdir,

Bunlarsız olmaram arxalı, dağlar.

 

Şair üçün bir tezis var: təbiətə söykənmək, təbiətə güvənmək, təbiətdən öyrənmək. Təbiət dağlardır. Dağa söykənən, dağları sipər bilən özünü arxalı hesab edir, yəni dağları gücü, qüvvəti, deməli, qüdrəti bilir. Şairin "A dağlar" şeiri eyni sevginin, eyni inamın poetik təqdimatıdır...

 

"Azərbaycan", "Azad etməliyik torpağımızı", "Ucalan bayraq", "Ürəyimin səsi", "Azərbaycan əsgəri" s. kimi şeirlər şairin yaradıcılığının nəyə ( nələrə!) söykəndiyinin ifadəsi kimi oxunur...

 

Sözü sözdən qüdrətlə seçməyi bacaran, sözə yaşam verməyə qüdrəti çatan Nəriman müəllim rənglərin "dilini bilirdi"; rənglərin çalarlarına belə vaqif olma rəssamlıqdı...

 

Hələ yeddinci sinifdə oxuyanda rəngkarlığa da maraq göstərirdi. Onun "Lenin Gimnaziyada", "Ordenli briqadir Əmir Məmmədov tarlada" tabloları, "M.F.Axundov", "M.Ə.Sabir" portretləri müəllimlərini riqqətə gətirmişdi. Bu riqqət məktəbin sərhədlərini aşa bildi, bu əsərlər Bakıya - Uşaq Yaradıcılıq Olimpiadasına göndərildi. Mütəxəssislər bu yaşda uşağın təxəyyülünü , rənglərin çalarlarını ayırdetmə qabiliyyətini yüksək dəyərləndirdi. Nəriman Əliyev mükafatlandırıldı...

 

Filologiya elmləri namizədi Nəriman Əliyevin yaradıcılığı genişdir. O, ədəbiyyatın müxtəlif sahələri haqqında da dəyərli məqalələr yazmışdır. Şəhidlərin qəhrəmanlığını böyük məhəbbət ehtiramla tərənnüm etməyi özünün mənəvi borcu bilirdi...

 

Hər bir şəxsiyyətin kamillik səviyyəsi təkcə qarşıya qoyduğu nəcib amal məqsədlərdə, saf niyyətlərdə deyil, həm özündən sonra layiqli davamçılar yetişdirmək bacarığında bu yolda bütün məhrumiyyətlərə çətinliklərə dözmək əzmində ifadə olunur. Nəriman Əliyev istedadlı şair, təcrübəli, sevimli unudulmaz müəllim, elmi fəaliyyəti ilə kamil yetkin şəxsiyyət olmaqla yanaşı, həm son dərəcə qayğıkeş diqqətcil ailə başçısı idi.

 

İxtisasca ibtidai sinif müəllimi olan ömür-gün yoldaşı Əntiqə xanımla birgə böyüdüb boya-başa çatdırdığı, cəmiyyət üçün layiqli vətəndaş kimi yetişdirdiyi üç oğul, iki qız övladı ata ocağının mənəvi ruhunu - Nəriman Əliyev şəxsiyyətinin ucalığını əməllərində qoruyur.

 

Böyük oğlu Salman bərpaçı rəssam kimi dünyanın ən zəngin, ən məşhur ən iri muzeylərindən biri olan Rusiyanın Sankt-Peterburq şəhərindəki Dövlət Ermitaj muzeyində işləmişdi hazırda Bakıda yaşayır. Ortancıl oğlu Zakir ixtisaslı inşaat mühəndisi  kimi uzun müddət Azərbaycan Respublikası Dövlət Şəhərsalma Arxitektura Komitəsində baş mütəxəssis kimi çalışmışdı. Sonbeşiyi tibb üzrə fəlsəfə doktoru, dosent Aqil Əliyev  peşəkar  stomatoloq həkim təcrübəli müəllim kimi Azərbaycan Tibb Universitetində terapevtik stomatologiyanın sirlərini tələbələrinə gənc həkimlərə öyrətməkdən qürur duyur. Qızları Solmaz Tərlan valideynlərinin yolunu davam etdirərək ömürlərini  müəllimlik peşəsinə bağlayıblar...

 

2007-ci ildə haqq dünyasına köçən şair atanın, rəssam atanın, alim atanın ruhu indi Vətənə görə , balalarına görə əsla narahat deyil. Ruhu daima şad olsun!

 

Məmmədov Bayram

 

 

 525-ci qəzet.- 2020.- 17 dekabr.-S.10