Bir almanın dəyəri

 

 

Zəngin Şəki folkloruna aid qiymətli tədqiqatları ilə məni valeh edən Hikmət Əbdülhəlimovun bu hekayəsi məni həyatımın çoxdan ötmüş çağlarına, acılı-şirinli keçmişimə qaytardı.

 

Hər şeydən öncə onun belə bir mövzu seçməsi alqışa layiqdir. Zira "keçmişini unudanın gələcəyi olmaz" deyib ulu babalar. Xüsusən uşaqlıq xatirələrini yaşatmaq mənəvi zənginlikdən xəbər verir. Belə adamlar həyatın qədrini, onun hər anının dəyərini yaxşı bilir. Nələr yoxdur bu balaca hekayədə?!

 

Böyük Vətən müharibəsi adlandırdığımız dövrün min bir əzabı, yetimliyin müşkülləri, xeyirxah insanlar və onların qədir-qiyməti, qədim bir diyarın adət-ənənələrinin, indi çox nadir tapılan sənətkarlıq növlərinin - zərgərlərin, qalayçıların, dəmirçilərin, misgərlərin, dərzilərin, dəlləklərin, dülgərlərin, saatsazların, papaqçıların, şapkaçıların, müəzzinlərin, dinimizin müqəddəsliyinə dəlalət edən adətlərin yad olunması... Eləcə də insanların ağır, faciəli günlərində biri-birinə əl tutması, bəzi hökumət adamlarının bir qarın çörək qazanmaq üçün xırda alverə məcbur olan insanlara qarşı amansızlıqları...

 

O dövrün görkəmli tarixi şəxsiyyətlərinin - Ədilxan İlisunskinin, Firidun bəy Köçərlinin, İsmi bəy Nakamın, habelə Şəkidə dərziliklə ad-san qazanmış Qəhrəman və Salman qardaşlarının xeyirxahlığı, comərdliyi, geniş qəlbi, şücaəti ilə tanınmış ucaboy, gülərüz, məğrur baxışlı Paşanın yad edilməsi, onun yetim Hikməti küçədən aparıb dükanında bir alma bağışlaması, üstündən 76 il keçməsinə baxmayaraq, indiyədək yada düşərkən müəllifin kövrəlməsi, kibrit çıxarıb papirosunu yandıran bir kiçik uşağın diqqətini yada salan vəkil Kimirovun sonralar onun ailəsinə çox böyük xeyirxahlıq göstərməsi və müəllifin bu yerdə "Qurani-Kərim"in "Bir pisliyin əvəzində bir cəza vardır. Halbuki bir yaxşılığa on qatından 700 qatına qədər və daha çox mükafat vardır" ayətini xatırlaması çox təsirlidir (kaş indi bu ayə bütün dərsliklərin başlanğıcına həkk olunaydı).

 

Bəli, əziz dostum, Hikmət müəllim! Heç şübhəsiz, sən bu hekayənlə ədəbiyyatımızda layiqli, lazımlı bir ənənənin yaradılması üçün təşəbbüs göstərmisən. Kaş müasir yazarlarımız onu yaşadalar.

 

Sənə yeni yaradıcılıq uğurları arzulayıram!

 

 

 

Sadıq MURTUZAYEV

Filologiya üzrə fəlsəfə doktoru

 

***

 

"Sənə edilən pisliyi dərhal yadından çıxar, yaxşılığı isə ömrün boyu yadında saxla!"

 

Müdriklərdən nəsihət

 

Nəql edəcəyim hekayənin başlanğıcı keçən əsrin qırxıncı illərinin birinci yarısına - müharibə illərinə təsadüf etdiyinə görə yazıma həmin dövrün ab-havasını yaddaşımda canlandırmaqla başlamaq istəyirəm. Şəkidə səhər tezdən - obaşdan əhalinin əksəriyyətinin yeganə iş yeri və dolanacaq mənbəyi olan, 7 mindən artıq fəhlə və qulluqçunu birləşdirən 5 ipəkçilik fabrikinin bir-birindən fərqli və seçilən amiranə fit səsləri insanları işə çağırırdı. Həm də bu 5 müəssisədən verilən fit səsləri eyni vaxtda yox, əvvəlcədən razılaşdırılmış ardıcıllıqla yayılırdı. Şəhər əhalisi, ipəkçilər fitlərin hansı müəssisəyə aid olduğunu asanlıqla ayırd edirdilər. Şəhərin Nakam küçəsinin (Motor məhəlləsinin) başlanğıcında Əbdürrəhim Teymurovun, "Hacının diki" adlanan yoxuşda Niyazinin, "Bağbanlar" məhəlləsinin Dəyirmanarxı çayına yaxın ərazisində Ziya Şamilovun müdir olduqları və daha bir neçə yerdə fəaliyyət göstərən kəlağayı sexlərində də yüzlərlə toxucu qadının xalis ipəkdən istehsal etdiyi kəlağayılar bütün respublikada məşhur idi.

 

Məscidlərin minarələrindən canlı yayılan müəzzinlərin azan səsi isə dindarları sübh namazına dəvət edirdi. Sənətkarlar: zərgərlər, saatsazlar, çəkməçilər, papaqçılar, şapkaçılar, misgərlər, qalayçılar, dəmirçilər, dərzilər, dəlləklər, dülgərlər, ən müxtəlif əl işlərini bazara çıxaranlar və b. növbəti fəaliyyətlərinə başlayırdılar. Əhalinin bir qismi aclıq ucbatından riskə gedərək, ailələrinə ruzi gətirmək üçün hər an qorxu və təlaş keçirərək o dövr üçün xüsusi və sərt qadağalar qoyulmuş və cinayət məsuliyyətinə cəlb edilən alverlə məşğul olmaq məcburiyyətində idi.

 

Bəzi günləri azan səsi ilə qarşılayırdıq. Bu o demək idi ki, yaxın qonşulardan kimsə dünyasını dəyişib və müəzzin hadisə barədə azanla xəbər verir. Azanın tükürpədici səsi bu vəfasız dünyanın "gəlimli-gedimli, son ucu ölümlü" olduğunu insanların yadına salır, onları bu qaçılmaz sona hazır olmağa səsləyirdi. Cənazə yerdən götürüləndən sonra molla "Quran" oxuya-oxuya qabaqda gedirdi.

 

Şəhərdə sayılıb-seçilən bir neçə məşhur müəzzin vardı. Müəzzinin məscid minarələrindən (o vaxtlar, təbii ki, minarələrdə səsgücləndirici qurğular yox idi) və yas yerlərində azan verməsi üçün gur, məlahətli, yanıq səsi olmalı idi. Şəki şəhərinin aşağı, şəhərə nisbətən isti hissəsi Qışlaqdan olan məşhur xanəndə Molla Şəmsəddinin, sonralar Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun professoru və Şəki Şəhər Xalq Maarif Şöbəsinin müdiri olmuş Məmmədiyyə Əfəndiyevin də gözəl azan çəkdiyini söyləyirdilər. Professor Yaşar Qarayevin anım gününə həsr edilmiş bir ədəbi məclisdə sayılıb-seçilən milli aydınlarımızdan Sabir İmamverdiyevlə iştirak edirdim. Akademik Bəkir Nəbiyev Sabir müəllimi məclis iştirakçılarına təqdim edərək dedi: - Sabir İmamverdiyev Bakı Dövlət Universitetində birgə təhsil illərimizdə ən istedadlısı idi". İndi dünyasını dəyişmiş rəhmətlik Sabir müəllimin (Sabir Yanardağın) bu sətirlərin müəllifinin "Şəki gülməcələri" kitabı haqqında yazdığı sanballı məqaləsində oxuyuruq: "...Bir vaxtlar din sıxışdırılan zaman o (Molla Şəmsəddin - H.Ə.), xanəndəlik edərdi... Lakin əllinci illərin sonunda onun hüzür yerində bir "Münacat"ının şahidi oldum - "Zəminxarə" üstündə; huşumu-ruhumu əlimdən alırdı, əvvəldən axıra qədər rəşə keçirir, tüklərim ürpəşə qalırdı. O "Münacat" hələ də qulaqlarımdadır..."

 

Müharibə illərindəki ağır günlərin dəhşətli, həm də yaşımın azlığından dumanlı xatirələrimdən ən acınacaqlısı cəbhədə döyüşən bəzi şəkililərdən gələn "qara kağız" idi. Bu, ölən və ya itkin düşənlər barədə hərbi hissələrin göndərdiyi rəsmi xəbər idi. "Qara kağız" alan ailə müsibətə qərq olur, bu kağızı gətirən poçtalyonlar isə ağır durumla üzləşirdilər - onlara bəzən hətta hücum çəkilir, təhqir edir, hadisənin üstündən illər keçəndən sonra da az qala düşmən kimi, faciənin baiskarı kimi baxılır, hətta yerli ənənəyə uyğun ləqəb də qoyurdular. Məsələn, qocaman poçtalyon Bəxtiyar dayı öz əbədi dünyasına "qara kağız paylayan Bəxtiyar" ləqəbini də apardı. Poçtalyonlar Fərəc dayı, Nəsib dayı və başqaları da belə aqibəti yaşamışlar.

 

Bu müsibət bizim ailəmizdən də yan keçmədi. Mənim cəmi üç yaş üç aylığımda - 1942-ci ilin sentyabrında cəbhədə döyüşən atam barədə "qara kağız" gəlib. Ölüm kabusu bizim ailənin də taleyinə qənim kəsildi. Kiçik olduğuma görə o müsibəti xatırlamıram. Lakin o "qara kağız" babama, nənəmə, anama, bibilərimə (Muxtar əmim o vaxt müharibədə olduğundan hadisədən hələ xəbəri yox idi) məhşər dağı çəkdi, məni və kiçik qardaşımı müharibə qurbanı, anamı isə ərsiz, yesir qoydu... O vaxt atamın cəmi 33, anamın isə 21 yaşı vardı. Anam sonralar bədbəxt taleyinin hökmü ilə 31 yaşında faciəli şəkildə həlak oldu.

 

Qohum-əqrəba, qonşular, tanıyan və tanımayanlar "qara kağız" alan ailələrin dərdinə şərik çıxır, yası yola vermək üçün maddi və mənəvi dayaq olurdular. Qonşum, dostum və yaşıdım, Azərbaycan Dövlət İdtisad Universitetinin müəllimi olmuş, ömrünün son illərində gözləri tutulmuş rəhmətlik Rauf Mirzəyev danışırdı ki, qonşumuz Zümrüdün atasından "qara kağız" gəlmişdi. Anası və yetim qalmış Zümrüdlə bacılarının yası yola vermələri üçün qonşular, o cümlədən, biz də onlara əlimizdən gələn köməyi etmişdik.

 

"Qara kağız"dan söhbət düşmüşkən, o müsibətli, ağır illərdə insanların bir-birinə canıyananlığı, dərdə şərik olmaları, əl tutmaları ata-babalarımızın, ana-nənələrimizin mənəviyyatının zənginliyindən xəbər verir. O illəri, o insanları xiffətlə yada salaraq indi gündüz çıraqla axtardığımız həmin dəyərlərimizin daşıyıcıları olmuş insanlara min rəhmət oxuyuruq.

 

Həmin illərin ən yaddaqalan, ağır epizodlarından birini - dövlət tərəfindən müəyyən edilmiş hər bir vətəndaşa düşən çörək normasını (zaboru) xatırlamasam, yaddaşım məni bağışlamaz. Zabora görə verilən kiçik kubik formalı çörəyə xalq arasında "bombu" deyirdilər. Zaboru itirmək ac qalmaq deməkdi, çünki zabora görə verilən çörək norması əslində, yaşamaq üçün yox, ölməmək üçün hesablanmışdı.

 

Əsas mövzuya keçməmişdən əvvəl yaxın qonşularım haqqında da qısa məlumat verməliyəm, çünki hekayəmizin baş qəhrəmanı da məhz yaxın qonşuluğumda yaşayırdı.

 

Şəkidə nəsil, tayfa, toxum, ailə və ayrı-ayrı adamlara, həmçinin, məhəllələrə də ləqəb qoyulur. Mən şəhərin Sarıtorpaq məhəlləsindənəm. M.F.Axundzadə prospektindən ayrılan Nakam küçəsi ("Motorun aralığı") həmin məhəlləyə aparan əsas yollardan biridir. Vaxtilə bu məhəlləyə yaxın yerdə (təxminən 200 m yuxarıda) Şəkinin ən zəngin adamlarından biri olmuş Ədil xan İlisuyskinin, yaxın qonşuluğumda isə məşhur şair, Firidun bəy Köçərlinin "Şəki şairlərinin ən müqtədiri" adlandırdığı İsmi bəy Nakamın ikimərtəbəli möhtəşəm mülkü vardı. Nakamın mülkünün qarşı tərəfində Bilal dayının ağsaqqallıq etdiyi Nuralılar nəsli, mülkün arxa tərəfində isə tiraltı, yəni eyni binanın müxtəlif otaqlarında yaşayan adlı-sanlı dərzilər Qəhrəman və Salman qardaşları yaşayırdılar. (Dərzi Qəhrəman dayının qızı Afər "Əşrəfi şillə" adlı hekayəmin qəhrəmanıdır).

 

***

 

"Nuralıların Bilal dayı"nın üç oğlu, iki qızı vardı. Hekayəmin qəhrəmanı onun böyük oğlu Paşadır. Paşa haqqında o vaxtlar şəhərdə müxtəlif əfsanələr gəzir, onun mərd hərəkətləri barədə bir-birindən maraqlı əhvalatlar danışılırdı. Bütün söhbətlərin məğzi isə onun şücaəti, qorxmazlığı, comərdliyi, xeyirxah və genişqəlbli olması, hər cür çətin vəziyyətdən çıxmağı bacarması barədə idi. Ucaboy, gülərüz, məğrur baxışlı, bədəncə çox sağlam bir gənc idi. Ona qalib gəlməyi fikrinə gətirməyə belə, kimsənin cürəti çatmazdı.

 

Subaylıq həyatı yaşayırdı. Çox güman ki, evlənmək, ailə qurmağa münasib ev şəraitləri yox idi. Bilal dayının övladlarından böyük qızı Bilqeyis Yevlax şəhərinə Qulu adlı birisinə ərə getmişdi. Digər dörd övlad ataları Bilal dayı və anaları Maral bacı ilə kiçik bir binada yaşayırdı.

 

Paşa müntəzəm olaraq vaxt tapıb məhəllənin kiçik yaşlı oğlan uşaqlarını qonşumuz Yaqub Mirzəyevin (Zorbaların) geniş və bir tərəfi açıq göy çəmənli həyətinə yığaraq güləşin fəndlərini öyrədirdi. Paşanın kiçik qardaşı, "Mıqan" ləqəbli Nadirin də qatıldığı bu məşqlərdə 10-15 uşaq iştirak edərdi. Nadir yaşıdımız olsa da, boyda bizdən kiçik idi, lakin çevikliyinə, güc və sağlamlığına həsəd aparardıq. Onu güləşdə məğlub etmək müşkül iş idi. Qardaşı Paşanın apardığı məşq zamanı bəzən anası Maral bacı ehtiyatla divarın dalından başını göstərir və bu zaman Mıqan dərhal onun yanına qaçaraq az müddətdən sonra qayıdardı. Biz Maral bacının hələ də Mıqanı əmizdirdiyini bilirdik. Paşadan ehtiyat etdiyimizə, həm də utandığımıza görə başımızı aşağı salaraq bildiyimizi açıb-ağartmaz, içimizdə xəlvəti gülərdik. Ancaq o vaxtlar heç birimizin ağlına belə gəlməzdi ki, Mıqandakı gücün əsas mənbəyi elə ana südündə imiş...

 

Biz Paşaya çox öyrəşmişdik. Qayğı və diqqətinə görə gözümüzdə doğmalaşmışdı. Bir uşağa səsini qaldırmaz, artıq-əskik söz deməz, kimsənin qəlbinə dəyməz, sevgi və qayğısını əsirgəməzdi. Biz onunla ünsiyyətə can atar, onu özümüzə arxa, dayaq sanardıq.

 

Hekayəmlə birbaşa bağlı olduğuna görə alma əhvalatı ilə söhbətimizə keçirəm. Ancaq əvvəlcə bir qədər alma haqqında danışmaq istəyirəm.

 

Təbiətin insanlara bəxş etdiyi nemətlər içərisində meyvələrin, xüsusən də almanın öz yeri var. İngilislər təxminən belə deyirlər:

 

Gündə bir alma...

Həkimi yada salma.

 

Şifahi xalq ədəbiyyatımızda da alma ilə bağlı maraqlı miflərə, əhvalatlara, inanclara rast gəlirik. Övlad istəyənlər almanın yarısını özü yeyir, yarısını isə ömür-gün yoldaşına verir. Nağıllarımızın sonunda hökmən "göydən üç alma düşür".

 

Xalq mahnılarında da almanın vəsfinə rast gəlirik. Nə isə...

 

Paşa Nakam küçəsinin başlanğıcından təxminən yüz metr aşağıda meyvə dükanı açmışdı (O, dünyasını dəyişəndən sonra Bığ Bəkir adlı birisi həmin dükanda parça satırdı). Bir dəfə həmin küçə ilə üzüaşağı gedərkən Paşanın dükanının yanından keçirdim. "Hikmət" - deyə səslədi. Ayaq saxlayaraq dönüb baxdım. İçəri çağırdı. Dükanda meyvələr növlərinə görə ayrı-ayrı qutularda səliqə ilə, zövqlə qablaşdırılmışdı. Meyvələrin silinib təmizlənməsi də diqqəti cəlb edirdi. O, almalardan gözə xoş olan birini mənə uzatdı. Utandım, almaq istəmədim, lakin təkidlə verdi. Almanı götürərək həyəcanla "sağ ol" deyib özümü küçəyə atdım. Bu, mənim üçün çox fərəhli bir məqam idi. Xalq arasında dillər dastanı olan bir insanın hörmətinə layiq olmaq hər uşağın nəsibi deyildi... Paşa bir alma ilə sevgisini, məhrəm münasibətini, qayğısını çatdırırdı. Evdəkilərə də bunu fərəhlə danışdım.

 

Paşa mənim üçün daha da doğmalaşdı. Onun verdiyi almanı yeməyə günlərlə əlim getmirdi, buna ürək etmirdim... Bu alma mənim üçün sadəcə bir meyvə, əşya yox, sevgi, qayğı, diqqət rəmzi olaraq dəyərli idi.

 

Deyirlər, yaxşılıq ölçü və çəki tanımır, böyük və kiçikliyi müzakirə olunmur, dəyəri isə mənəviyyat etalonu olaraq dərk edilməyindədir. Qalırdı bu münasibəti dərk etmək, dəyərləndirmək, qarşılığını mənəvi cəhətdən ödəmək, qəlbimdə ona yer vermək. Bu isə soydan, əsil-nəcabətdən, yeddi arxa dönəndən və nəhayət, tərbiyədən asılı yüksək mənəvi keyfiyyət sayılır. Həyatımın sonrakı dövründə, yaşa dolduqca böyük və ya kiçikliyindən, qiymətindən asılı olmayaraq hər bir yaxşılığın, xeyirxahlığın yüz dəfələrlə yüksək mükafatlandırılmasının şahidi olmuşam. Bir türk atalar sözündə deyilir ki, bir fincan qəhvənin qırx illik xətri var...

 

Vaxtilə keçmişdə Şəkidə Kimirov familiyalı məşhur bir vəkil fəaliyyət göstərirmiş. O, ictimai yerdə, çayxanada Məhəmməd peyğəmbəri təhqir edən iki nəfəri qətlə yetirdiyinə görə həbs edilmiş bir şəkilinin vəkilliyinə razılıq veribmiş. Bu işlə əlaqədar növbəti məhkəmə iclasına tələsirmiş. Siqaretini odlamaq üçün cibindən çıxardığı alışqan yanmır. Bunu görən və onunla tanışlığa can atan dustağın qardaşlarından biri cəld qabağa atılaraq vəkilin siqaretini yandırır. Vəkil bunları tanıyırmış. Kimirov məhkəmədə işi udur. Dustağın varlı qardaşları bunun qarşılığında vəkilə hörmət etmək üçün onun yanına gəlirlər. Vəkil onların niyyətini başa düşərək qayıdır ki, siz bu işin haqqını qabaqcadan ödəmisiniz. Mən siqaret çəkmək istəyərkən alışqanım yanmadı. Bu zaman siz mənim müraciətimi gözləmədən özünüzü qabağa verərək siqaretimi odladınız. Mən o hərəkətinizi hər şeydən üstün tutur, bir kibrit dənəsiylə etdiyiniz hörməti yüksək qiymətləndirirəm.

 

Bax, Paşanın verdiyi bir alma mən üçün vəkil Kimirovun dəyərləndirdiyi bir kibrit çöpü qədər dəyərli idi.

 

O dövrün uşaqları cüzi istisna olmaqla boş vaxtlarını əsasən küçələrdə keçirir, oynamağa üstünlük verirdilər. Bu sırada ənzəli, dülədöymə, çilingağac, moza-moza, yeşinbabaş (gizlənpaç), işdi-işdi, fırrağan döyüş, topqalax və başqa oyunlar uşaqların arasında daha məşhur idi. Uşaqların ən çox sevdiyi isə milli güləş idi. Qonşumuz Paşanın məhəllənin oğlan uşaqlarını güləşə cəlb etməsini yuxarıda qeyd etmişdim.

 

Bahar fəsli idi. Şəhərin qoynunda yerləşdiyi Böyük Qafqaz sıra dağları əlvan xalçanı xatırladırdı. Yaşıllığa qərq olmuş dağlardakı cır meyvə ağaclarının çiçəkləri, dağların zirvəsində hələ əriməmiş qalın qar insanı heyrətə gətirən gözəl mənzərə yaradırdı. O günlər kiçik qardaşım Ənvərlə sünnət olunmuşduq. Yatırdım. Birdən hamıdan əvvəl hər şeydən xəbər tutan qonşumuz dəmirçi İslam dayının arvadı Səhnə xala arakəsməsiz həyətimizə girərək həyəcanlı səslə, rəngi ağarmış halda əsə-əsə dəhşətli bəd xəbər verdi ki, "Nuralıların Paşa"nı dağda güllələyiblər, ağır vəziyyətdə xəstəxanaya çatdırıblar. Məni sanki ildırım vurdu, yerimdən qalxmağa cəhd etsəm də, nənəm razı olmadı. Lakin mən necə olursa-olsun Paşagilə getmək, o müsibəti yaxından öyrənməyə, baş verənləri öz gözlərimlə görməyə can atırdım. Nənəm müqavimət göstərməyin əhəmiyyətsizliyini görüb, əvvəldən tikdirdiyi yubkanı geydirərək tez qayıtmağımı dönə-dönə tapşırdı.

 

Paşanın yaşadığı evin böyük həyəti və küçə insanla dolu idi. Adamlar dəstə-dəstə topalaşaraq baş vermiş hadisəni astadan, sanki nədənsə, yaxud kimdənsə ehtiyatlanaraq danışır, hadisənin fərqli versiyalarını söyləyirdilər. Arada Paşanın artıq öldüyünü pıçıltı ilə danışanlar da vardı. Hadisəni incəliklə söyləyənlər də tapılırdı. Məsələn, deyirdilər ki, Paşanın yaxın dostu guya ləzgilərdən qoyun almaqda kömək etməsi üçün onu dağa apararaq subaşına çıxmaq adı ilə böyük bir daşın arxasına keçib və onu arxadan vurub. Bunu da vurğulayırdılar ki, əgər üzbəüz dayanaraq atəş açsaydı belə Paşanı vurması elə asan iş deyildi. Bu adamlar elə danışırdılar ki, sanki hadisənin içində olmuşdular.

 

Bu arada mənim uzunətək geyməyim də diqqətdən yayınmadı. Yaşıdlarım ələ salaraq astadan gülür, istehza ilə söz atırdılar. Burada ictimai asayişə nəzarət edən milisioner Mabud dayı da (üzündə iri qara xal olduğuna görə ona Xallı Mabud deyirdilər) mənə yaxınlaşaraq: "Hikmət, deyəsən, qız olmusan", - deyərək zarafatlaşdı.

 

Paşagilin həyəti və küçə get-gedə adamla dolur, sanki bütün şəhər bura axışırdı. Mahir cərrah sayılan yəhudi həkim Danilov Paşanı əməliyyat etmiş, güllələri çıxarmışdı, ancaq sağ qalıb-qalmadığı bilinmirdi.

 

Mən hadisə yerinə gedəndən təxminən dörd saat keçərdi. Nəhayət, Paşagilin evindən qopan qışqırıq, ah-nalə səsləri tüklərimi ürpətdi. Görünür, Paşanın ölüm xəbəri artıq ailəsinə çatmışdı. Küçənin yuxarısında, Paşagilin evindən 30-35 metr uzaqda məşhur meyit yuyanlar Ümmü və Səltənət bacıları göründülər. Ancaq onlar meyiti yumağa yox, yasa gəlmişdilər. Artıq hər şey məlum oldu. Nə vaxtsa eşitmişdim ki, bəd xəbər heç vaxt yalan çıxmır. Görünür, bu da sirrini açmayan dünyanın yazılmamış qanunlarındandır. Paşanı xilas edə bimədilər. Yuyucu bacılar qorxulu kabus kimi amiranə, bir az da sanki təntənəli, qarşısı alınmaz qətiyyətli yerişlə yas yerinə yaxınlaşdılar. Onlar həyətə daxil olan kimi yenə dəhşətli səs-küy, vay-şivən qopdu. Yəqin ki, Paşanın doğmaları indiyədək ümidlərini itirməmişdilər, hadisənin faciəli yekununa inana bilmirdilər...

 

Az sonra cənazəni gətirdilər. Salacanı çiyinlərində gətirənlərin ön sırasında Paşanın əmisi oğlu məşhur pəhləvan Ləzgi Paşa və qardaşı Əsabəli gedirdilər. O vaxtlar şəhər xəstəxanası Şəki Xan sarayının yanında yerləşirdi. Məsafənin uzaqlığına baxmayaraq, cənazəni çiyinlərində gətirmişdilər.

 

Paşanı əbədi məkanına - məzarına, son mənzilinə yola salmaq üçün az qala bütün şəhər əhalisi axışıb gəlmişdi. İnsan dalğası dəniz kimi kükrəyirdi. Cənazənin dalınca gedən izdiham sanki bu müsibətdə günahkarmış kimi sakitcə başını aşağı salaraq irəliləyirdi. Cənazənin qabağında gedən mollanın yanıqlı naləsindən insanların ürəyi qan ağlayırdı. Mən vəziyyətim ucbatından o məsum gənci, böyük qardaşımızı, həmişə qayğısını üzərimizdə hiss etdiyimiz əziz insanı haqq dünyasına yola sala bilmədim. Ürəyim qan ağlaya-ağlaya cənazəni aparanlar gözdən itənədək dallarınca baxdım...

 

Bu faciədən 76 il ötüb. Paşanın əziz xatirəsini bu 76 ildə qəlbimdə gəzdirmiş, yaşatmışam. Onun mənə verdiyi bir almanın möcüzəli dəyərini isə bu gün də axıradək dərk edə, anlaya bilmirəm. Sirrini kimsəyə açmayan dünyanın qəribə işləri var. Bəlkə bu, elə belə də olmalıdır. Axı dünyanın gözəgörünməz nizamı var. Müqəddəs səmavi kitabımız olan “Qurani-Kərim”də deyilir: "Bir pisliyin əvəzində bir cəza vardır. Halbuki bir yaxşılığa onun on qatından yeddi yüz qatına qədər və daha çox mükafat vardır" ("Yunis" surəsi).

 

Dahi Lev Tolstoy deyirdi ki, yaza bilməyəndə yaz. Az qala bütün ömrüm boyu ürəyimdə gəzdirdiyim bu əhvalatı daha ürəyimdə dustaq edə bilmədim. Bu hekayəm xatirəsi mənə daim əziz olmuş Paşanın məhəbbət hopmuş bir almalıq ərməğanına gecikmiş mükafatımdır. 76 il bundan əvvəl bu vəfasız və ədalətsiz dünyanı tərk edərək əbədiyyətə qovuşmuş Paşa şəxsən mənim qəlbimdə ölməzdir, yaşayır. Bu yazını da onun daim xatırlanması üçün qələmə aldım. Ruhu şad, yeri cənnət olsun!

 

Hikmət ƏBDÜLHƏLİMOV

 

525-ci qəzet.- 2020.- 17 dekabr.- S.12.