"Arşın
mal alan" fransızca nəşr edilib
“Qarabağın azad
olması, qələbə
münasibətilə, ilk növbədə,
Azərbaycan xalqını
təbrik edirəm. Belə bir
vaxtda Üzeyir Hacıbəylinin kitabının
Fransada işıq üzü görməsi azad Şuşada onun azad dolaşan
ruhuna böyük hədiyyədir. Üzeyir
Hacıbəylinin "Arşın
mal alan" operettasının tərcüməsindən
ibarət olan kitab Azərbaycanın Fransadakı səfirliyinin
dəstəyi ilə reallaşıb”.
525.az xəbər verir ki, bu
fikirləri Ceyhun Hacıbəylinin gəlini
Paskal Hacıbəyli-Buşe
dahi bəstəkar Üzeyir Hacıbəylinin
"Arşın mal alan"
operettası və mahnılarının tərcüməsindən
ibarət kitabın işıq üzü görməsindən danışarkən
deyib.
Bildirib ki, Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin
"Arşın mal alan" operettasını
fransız dilində təqdim etməkdən çox şaddır. Kitab bəstəkarın qardaşı
Ceyhun Hacıbəyli tərəfindən tərcümə
olunub. O, qardaşının
əsərinin Fransada
tanınması üçün
bu operettanı fransız dilinə tərcümə edib. Bu ölkədə yaşayan müsəlmanlara
təqdim etmək niyyətində olub.
"Bu operettanı fransız
dilinə tərcümə
etmək çox çətindir. Bu ədəbi
tərcümə deyil,
adaptasiya edilmiş versiyadır. Operettanı təqdim
etmək niyyətində
olduğuna görə
onu adaptasiya edərək tərcüməsini
yazıb. Operettanın xronologiyası tam şəkildə
tərcümə edilməyib.
Ancaq operettanın əsas hissəsi tərcümə
edilib. Həmçinin, bəzi mahnıların
sözləri fransız
dilinə tərcümə
edilib və kitaba daxil olunub.
Operettanın çap maşınında
yazılmış tərcüməsi
var idi. Bir gün
Azərbaycanın Fransadakı
səfiri Rəhman Mustafayevlə söhbətimiz
zamanı ona bu tərcümə haqqında danışdım.
Həmin
tərcüməni səfirliyə
və ya Üzeyir Hacıbəylinin
muzeyinə vermək istədiyimi bildirdim.
Söhbət zamanı bu
tərcümənin kitab
şəklində dərc
edilməsi fikri yarandı və onu fransız nəşriyyatı tərəfindən
çap etdirilməsi
qərarına gəldik",
- deyə, P.Hacıbəyli-Buşe
diqqətə çatdırıb.
Qeyd edib ki, Azərbaycan səfirliyinin dəstəyi
ilə kitab Şuşanın azad edildiyi gün nəşriyyata təqdim edilib.
Paskal Hacıbəyli-Buşe
deyib ki, bu kitab Azərbaycan
musiqisinin fransızlara
tanıdılmasında böyük
rol oynayacaq.
Qeyd edək
ki, Üzeyir Hacıbəylinin qardaşı
Ceyhun Hacıbəyli tərəfindən tərcümə
və adaptasiya edilmiş "Arşın
mal alan" kitabı 1876-cı ildən
fəaliyyət göstərən
"Hermann" nəşriyyatı
tərəfindən çap
edilib. Səfir Rəhman Mustafayev və Paskal Hacıbəyli-Buşe kitaba
"Ön söz"
yazıblar. Müqəddimədə
Üzeyir Hacıbəyli
və "Arşın
mal alan" operettası haqqında ətraflı məlumat verilib.
525-ci qəzet.- 2020.- 15 dekabr.- S..9.