Elçinin "Baş" romanı  bədii üslub və janr özünəməxsusluğu kontekstində

 

 

 

 

Böyük Azərbaycan yazıçısı Elçinin yalnız özünəməxsus dəst-xətt ilə müxtəlif janrlarda qələmə aldığı sənət nümunələri sosial məzmunu, ideya-estetik yükü və bədii dəyəri ilə seçilir. Onun yazmış olduğu hekayə, povest, roman, dramaturji örnəklər, ədəbi tənqid və ədəbiyyatşünaslıq nümunələri, habelə publisistik yazılar Azərbaycan ədəbiyyatı tarixində xüsusi yer tutur.

 

Elçinin roman janrına davamlı müraciəti onun nəsr yaradıcılığının səciyyəvi cəhətlərindəndir. Onun qələminə məxsus " Mahmud və Məryəm", "Ağ dəvə", "Ölüm hökmü" kimi məşhur romanları bir çox dillərə tərcümə edilmiş, Azərbaycan ədəbiyyatını tanıtdırmışdır.

 

Elçinin sonuncu "Baş" romanı həm Azərbaycanda, həm də xarici ölkələrdə, o cümlədən, ərəb dilində Misirdə də nəşr edilərək böyük uğur qazanmışdır. Burada sənəd və faktlarla müəllif təxəyyüllü məharətlə əlaqələndirilmiş, nəticədə yaxın tarixin qaranlıq, indiyə qədər bədii həqiqətə çevrilməmiş mənzərəsinə aydınlıq gətirilmişdir. Yazıçı gələcəkdə ədəbi-nəzəri fikirdə yarana biləcək mübahisələri nəzərə alaraq əsərin əvvəlində romanın janr tipi ilə bağlı qənaətlərini aşağıdakı kimi ümumiləşdirmişdir: "Tarixçilər bu romandakı isimlərin hamısı ilə, buradakı məktublarla, ayrı-ayrı tarixi epizod və məqamlarla bağlı arxivlərdə axtarışlar aparmasınlar, çünki heç nə tapmayacaqlar. Romanda, olsun ki, tarix ilə üst-üstə düşməyən detal və ştrixlərə də fikir verməsinlər və bu baxımdan müəllifin təskinliyi ondadır ki, burada tarixlə üst-üstə düşən və müəllifin fikrincə, tarixilik baxımından əhəmiyyətli olan məqamlar da, güman ki, az deyil".

Romanın janr özünəməxsusluğunu sərrast ifadə edən bu mülahizələr yalnız əsəri ədəbi tənqidi prizmadan dəyərləndirən araşdırıcılar üçün deyil, həmçinin, təsvir olunan hadisə və əhvalatların məğzini, mahiyyətini anlamaqda çətinlik çəkən sıravi oxucular üçün də əhəmiyyətlidir.

 

Şübhəsiz ki, yazıçının romanın janr tipi haqqında mülahizələri müəyyən mənada bədii mətnin dərkinə kömək edir. Lakın bir məsələyə diqqət yetirmək lazımdır ki, bəzi hallarda bədii əsərin ön və ya son sözündə müəllif mövqeyinin elmi-nəzəri şəkildə ifadə olunduğu məqamlarda şərtilik prinsipləri unudulmamalıdır. Başqa sözlə, müəllifin hər hansı mülahizəsi bədii priyom kimi işlənərək oxucunu yönləndirə bilər. Həmçinin, bu tipli yanaşma tərzi tarixi romanda müşahidə oluna biləcək fərqliliklərlə bağlı psixoloji ovqat missiyası gerçəkləşdirir.

Onu da qeyd edək ki, "Əsərdə zamanın xətliliyi inkar olunur, yəni keçmişlə indi arasında  ardıcıllıq əlaqəsindən danışmaq mümkünsüzdür. Sadəcə, Başın oyanan yaddaşında zamanın sərhədsizləşməsi nəticəsində tarixin XIX əsrin birinci yarısına dair dağınıq  hadisələrdən ibarət modeli cızılır" ( Elnarə Akimova).

 

 

 

Obraz və xarakter yaradılışı

 

Elçinin "Baş" romanında yaradılmış obraz və xarakterlər tarixi və bədii təxəyyülün məhsulu kimi iki fərqli müstəvidə dəyərləndirilə bilər.

 

Maraqlıdır ki, yazıçı tarixi obraz və xarakterləri bədii təxəyyül vasitəsi ilə canlandırdığı kimi, bədii təxəyyül məhsulu olan qəhrəmanlarını da tarixi-etnoqrafik cizgi və ştrixlərlə süsləməyi bacarmışdır.

 

"Baş" romanının əsas qəhrəmanı olan Sisianov şərti-metaforik kontekstdə işlənmiş obraz kimi bir çox aspektləri ilə maraq doğurur. Lakin qəhrəmanın başlıca funksiyası süjet xəttini təşkil edən hadisə və epizodlar silsiləsini məharətlə əlaqələndirmək, biri-birinə bağlayaraq bədii tamlıq yaratmaq, müəllifin yaradıcılıq kredosunun aşkarlanmasına xidmət etməkdir.

 

"Başdan-ayağa Şər və mənfilik mücəssəməsi olmasına baxmayaraq, Sisianov olduqca qüvvətli xarakterdir və onun bu tərzdə təsvirini  Elçinin bədii uğuru sayırıq. Qüvvətli xarakterdir, ona  görə ki, qətl anına qədər də o, öz ideyalarından dönmür. Bu gürcü mənşəli general öz əslinə, kökünə qətiyyən bağlı deyil və Arçil babanın ona aşılamaq istədiyi "Xmerti" (gürcü dilində "Yaradan")  kəlməsinə tamamilə biganədir. Onu Derjavanın-Rus imperiyasının maraqları düşündürür və Sisianov o zamankı əsil-nəsəbi şübhəli rus çarlarından daha artıq rusdur, daha artıq imperiya təcəssümüdür, daha artıq rus hərbçisidir" (Vaqif Yusifli) .

 

Akademik Nizami Cəfərovun yazdığı kimi, "Romanın baş qəhrəmanı əsərdə cərəyan edən, yaxud müəllifin tarix "xaos"undan çıxararaq təqdimini (və təsvirini) mühüm hesab elədiyi hadisələrdə sözün həm real, həm də irreal (mistik) mənasında başı ilə iştirak edən Pavel Sisianovdur. O, Pavel Sisianov ki, dünyaya bütün Qafqazı Rusiya imperiyası qarşısında diz çökdürmək missiyası ilə gəldiyinə öz varlığı qədər inanır... Yalnız inanmaqla da qalmayıb həmin missiyanı inamla həyata keçirir".

 

Tarixi hadisələrə dərindən bələd olan yazıçı bu amili diqqətdən qaçırmamış, təsvir etdiyi qəhrəmanı səciyyələndirərkən dövrün sosial-siyasi şərtlərini əsas tutmuşdur. Bu isə müəllifə tarixi olmayan hadisələrin belə gerçəkliyə uyğun şəkildə canlandırılmasına imkan vermişdir. Bəlkə bu səbəbdəndir ki, oxucunu süjet boyu düşündürən yalnız Sisianov deyil, Sisianov kimilərin taleyidir. Çünki "...bu gürcü mənşəli Rusiya generalı Qafqazın təkcə coğrafiyasını yox, ruhunu zəbt etmək istəyir... Və paradoks da bundan ibarətdir ki, onun (və ailəsinin) ruhu da bir zamanlar Rusiya tərəfindən işğal olunmuşdu, "axtalanmışdı" (N. Cəfərov).

Yazıçı, Sisianovun timsalında onu narahat edən müxtəlif aspektləri gerçəkləşdirmək (xarakterizə etmək) məramından çıxış etmiş, qəhrəmanı bədii vasitə məcrasında canlandırarkən sanki bir obrazda üç fərqli obraz yaratmışdır:

 

Romanda yalnız baş qəhrəmanlar deyil, epizodik surətlər də dəqiq, yaddaqalan cizgilərlə canlandırılır.  Bu mənada Cəfər obrazı ilə bağlı detallar müəllifin süjet qurumunda, təsvir olunan hadisə və əhvalatların gedişində epizodik obrazlara da önəm verdiyini sübut edir.

 

Romanda oxuyuruq:

 

"Cəfər at oğrusu idi və Şamaxıdan, Ağsudan tutmuş Salyanacan bütün bu ətraf bölgələrdə onun xüsusi dəllal müştəriləri var idi, atı ucuz qiymətə ondan alıb, baha qiymətə satırdılar. Cəfər acgöz, pulgir adam deyildi və pula xəsislik edən dəllal müştərilər, çox zaman veriləcək məbləğin bir hissəsini də un çuvalı, ya düyü, ya da qənd kisəsi ilə ödəyirdilər..."

 

Obrazın bu şəkildə canlandırılması bir tərəfdən onun fərdi keyfiyyətlərini üzə çıxarır, o biri tərəfdən tarixi hadisələrin bəhs olunduğu dövrdə Azərbaycan insanının sosial həyatı və güzəranı haqqında  məlumat verir. Bu və bu tipli məqamlar romanda kifayət qədər çoxluq təşkil etməkdədir.

 

Baş - metaforik obraz kimi

 

Elçinin bir yazıçı kimi yaradıcılığını səciyyələndirən amillərdən ən mühümü onun əsərlərinin çoxqatlı metaforik yazı tərzi ilə müşayiət olunmasıdır. Süjetin bu səpkidə qurulması təsvir olunan hadisə və əhvalatların ifadə imkanları və informativ tutumunu artırdığından mətnaltı funksiya daşıyır. Bu isə dolayısı ilə çoxşaxəli yozum və təhlillərə meydan açır.

 

Başqa sözlə, "Mətnaltı dərinlik Elçin prozasını şərtləndirən əsas poetik amildir. Yazıçı qəhrəmanlarının həyatını təfərrüatı ilə canlandırırsa, onların daxili aləmlərini, düşüncə və fikirlərini oxucuya çatdırırsa da, əsər son anda daşıdığı məzmun yükü ilə diqqəti cəlb edir" (Elnarə Akimova).

 

"Baş" romanında süjetin alt qatında oxucunu düşüncələrə çəkən, sirli ovqat yaradan dərin metaforizm gizlənməkdədir. İstər hadisələrin təqdimində, istər müəllif təhkiyəsində, istərsə də obraz və xarakterlərin daxili dünyasının aşkarlanmasında bu metaforizmin fərqli çalarlarını duymamaq mümkün deyildir.

Romanda bir çox tarixi və bədii təxəyyül məhsulu kimi obrazlar yaradılsa da, təsvir olunan hadisə və əhvalatlar metaforik surət kimi düşünülmüş Başın ətrafında cərəyan edir.

 

Bədii təhkiyə və fərdi üslub problemi

 

Həyat hadisələrinin bədii inikasını verən sənətkarların yaradıcılıq üslubları nə qədər ortaq məqamlar olsa da, onların həyata baxışlarında, dünyagörüşlərində, sənətə estetik münasibətlərində, təsvir üsullarında bir fərqlilik nəzərə çarpır ki, bu bədii üslubun fərdiyyətini şərtləndirən amil kimi gerçəkləşir. Ədəbi yaradıcılığın əsas kateqoriyalarından olan bədii üslub sosial mühit, sənətkarın dünyagörüşü və onun yaradıcılıq metodu ilə birləşərək fərdiyyət, bənzərsizlik qazanmış olur.

 

Elçinin "Baş" romanında yazıçının üslub fərdiyyətini şərtləndirən amillərdən  bəhs etmədən əsərin bədii özəlliklərini, janr çalarlarını bütün yönlərilə səciyyələndirmək mümkün deyildir. Çünki bütün digər əsərlərində olduğu kimi, bəhs olunan romanda da müəllif bədii təsvirlərini orijinal, bənzərsiz üslub tərzi ilə tamamlamışdır; başqa sözlə, burada üslub mətnin tamlığını və mükəmməlliyini təmin edən faktor kimi gerçəkləşmişdir.

 

Məlum olduğu kimi, hər bir əsərin bədii siqləti, sənət dəyəri ideya-problematika ilə yanaşı, üslub və yazı tərzi ilə müəyyənləşməkdədir. Bu mənada Elçinin "Baş" romanı da istisna deyildir. Digər tərəfdən Elçinin, eyni zamanda, ədəbiyyatşünas olması, sənətin nəzəri-estetik məsələlərinə dərindən bələdliyi bədii əsərlərinin yazılışında da müəyyən fərqliliklərin təzahürünə şərait yaradır. Mətndə bədii üslubun gərəkliliyini bildiyi üçündür ki, yazıçı bu məqama xüsusi diqqət yetirir, süjet boyu hadisə və əhvalatların təsvirində bu amili yaddan çıxarmır.

 

Bəzi tədqiqatlarda Elçinin "Baş" romanı postmodernist əsər kimi dəyərləndirilsə də, bizcə, istər mövzu, istərsə də üslub baxımından onun bu kontekstdə səciyyələndirilməsi doğru deyildir. Əlbəttə, "Baş" romanında postmodernist xətlərin, epizodların, gedişlərin olduğunu inkar etmək olmaz. Ancaq bununla belə, qeyd olunduğu kimi, romanın postmodernist müstəvidə təhlilə cəlb olunması, bizcə,  yanlışdır.

Bədii təhkiyə və fərdi üslub problemi hər bir sənətkarın yaradıcılıq istedadını şərtləndirən mühüm amillərdən biridir. Çünki fərdi üslubun gerçəkləşməsi bədii təhkiyədən qaynaqlandığı kimi, bədii təhkiyə də fərdi üslubun müəyyənləşməsinin başlıca prinsiplərindən biri kimi diqqəti çəkir. Azərbaycan ədəbi tənqidi və ədəbiyyatşünaslığında bədii təhkiyə və fərdi üslub problemi yetərincə araşdırılmadığından ədəbi əsərlərin bu müstəvidə təhlili prosesi müəyyən çətinlik yaradır.

 

Elçinin "Baş" romanının bədii təhkiyə və fərdi üslub müstəvisində dəyərləndirilməsi bəhs olunan problemlərlə bağlı fərqli mülahizələrə və qənaətlərə gəlməyə imkan verir.

 

Əsərdə daha çox diqqəti cəlb edən bədii təhkiyənin özünəməxsusluğudur. Bu özünəməxsusluq bütövlükdə yazıçı sənətkarlığının təməlində dayanır. Epizodların müxtəlif baxış bucaqlarından təsviri, keçmiş və bu günlə bağlı baş verən hadisələr haqqında məlumatlılıq, qəhrəmanların daxili dünyasına bələdlik və s. məziyyətlər Elçin təhkiyəsinin əsas xüsusiyyətlərini təşkil edir.

 

Yazıçının bədii təhkiyəsini səciyyələndirən cəhətlərdən biri də  öz qəhrəmanları vasitəsi ilə milli elementləri qabartmasıdır. Bu aspekt bir tərəfdən dövrün tarixi-etnoqrafik mənzərəsini yaratmağa, digər tərəfdən isə bədii mətnin koloritini, folklor çalarlarını, dolayısı ilə özünəməxsusluğunu şərtləndirməyə xidmət edir.

Elçinin təhkiyəsində başqa bir cəhət - düşmən timsalında olan rus komandanı knyaz Sisianovun Azərbaycan xanı Cavad xanı xarakterizə edərkən məktub formasından bəhrələnməsidir.

 

Məsələn:

 

"Gəncə xanı Cavad xan bu tipli xanlardan seçilirdi. O, Qacarlar nəslindən idi, ancaq Gəncə xanlığının müstəqilliyini saxlamağa çalışırdı. Mən ona dəfələrlə məktub yazıb, bizim təbəəliyimizə keçməyi, Gəncə qalasının qapısını açıb təslim olmasını təklif etdim, titulunu, daxili idarəçiliyini saxlayacağımıza onu əmin etməyə çalışdım, ancaq hər dəfə də mənə təhqiramiz cavablar yazdı. Bax, mənə nə yazırdı: "Görünür, bədbəxt qədəriniz sizi Peterburqdan dartıb, bura gətirib və siz burada o əcəlin zərbəsindən qurtulmayacaqsınız!".

 

Romanda məktublara müraciət yalnız forma rolunu oynamır, eyni zamanda, tarixi fakt və qaynaqların təqdimində bədii üsul və priyom funksiyası daşıyır.

 

Əsərdə yer verilmiş müxtəlif tarixi şəxsiyyətlər tərəfindən yazılan məktubları tarixi sənəd kimi qəbul etməmək mümkün deyildir. Həm məktubların dili, üslubu, gerçək yanaşmalar, həm də göstərilən dövrdə baş vermiş hadisələrin təhlili əsərdə yer almış bu məktubları arxiv sənədi kimi qəbul etməyə əsas verir. Həmin məktublar onu yazan şəxslərin (əlbəttə, əsərin qəhrəmanlarının) düşüncə tərzi, obyektiv yanaşması cəhətdən diridir, təkcə məktubların haradasa hər hansı saxlanma yeri, qovluğu, səhifələri göstərilərdisə, onlar eləcə dövlət arxiv sənədləri ilə bir sırada dayanma haqqını qazanardı" (A. Şükürov).

 

Müəllif romanda yeri gəldikcə monoloq (həmçinin, daxili monoloq) və dialoqdan məharətlə istifadə etmişdir. Romanın üslubuna xas olan bu cəhət obrazların mənəvi dünyasının aşkarlanmasında mühüm rol oynayır. Xüsusilə, daxili monoloqa müraciət fərqli dünyagörüşünə malik olan obraz və xarakterlərin fərdiləşdirilməsində bədii vasitə funksiyasını həyata keçirir

 

Romanın müxtəlif hadisə və epizodları fonunda Hüseynqulu xanın daxili monoloq kontekstində təqdim olunan düşüncələri yalnız sosial məzmunu ilə deyil, həmçinin, bədii-estetik yükü ilə üslubun canlılığını, fərdiyyətini şərtləndirir.

 

"Hüseynqulu xan manqaldakı közə baxa-baxa gülümsədi: sən hansı qurddan danışırsan, hanı o qurd ki, o boyda itin qabağına çıxa bilsin? Vəhşi heyvan ki, meşədə öz balalarını  necə qorumağa çalışırdı, onları gizlədirdi, tez-tez yuvasını dəyişirdi ki, gecə-gündüz şikar axtaran başqa vəhşi heyvanlar bu balaları tapıb parçalamasın, Hüseynqulu da xanlığı eləcə qorumağa çalışırdı,  ancaq bu, daha mümkün deyildi və Bakı xanlığı görəsən, hansı günahın, hansı bəd əməlin sahibi idi ki, Allah-Təala ondan beləcə üz döndərmişdi?"

Romanda monoloqla yanaşı, ustalıqla yaradılmış dialoqlar təsvir olunan hadisə və əhvalatların inandırıcı şəkildə təqdimində, bədii ovqatın və tarixi ab-havanın canlandırılmasında əhəmiyyətli rol oynayır. Əsərdə bunun çoxlu sayda örnəklərinə təsadüf olunmaqdadır.

 

Məsələn:

 

"Hüseynqulu öz ölümünə doğru Şuşaya yola düşdü. O zaman Molla Müzəffər Ağa da xanı yola salanlar arasında idi və xan onunla vidalaşanda:

 

- Xudahafiz, Ağa! - dedi. - Bilirəm ki, daha geri qayıtdı yoxdu!..

 

Molla Müzəffər Ağa:

 

- Sənə yaxşı yol, xan! dedi. - Allahın işini bilmək olmaz!

 

Hüseynqulu xan:

 

- Bu dəfə Allahın işi məlumdur, Ağa! - dedi.

 

Molla Müzəffər Ağa:

 

- Allahın işinə qarışmaq da olmaz!- dedi".

 

Tənqidçi Vaqif Yusiflinin dediyi kimi, "Baş" romanı onun bundan əvvəl qələmə aldığı fərdi üslubunu bir daha nümayiş etdirir və bu nümayiş bir qədər də yeni naxış və cizgilərlə müşayiət olunur. "Mahmud və Məryəm"dəki, "Ağ dəvə"dəki, "Ölüm hökmün"ndəki bədii sənətkarlıq, yüksək dil mədəniyyəti, təsvir etdiyi obrazların daxili, psixoloji aləmini incəliyinə qədər əks etdirmək məharəti "Baş"da bütün parlaqlığı ilə üzə çıxır. "Baş"da epizodik surətlər çoxdur, amma onların heç birini epizodik adlandırıb üstündən keçmək mümkün deyil.

 

Nəticə

 

Təhlillərdən göründüyü kimi, Elçin roman janrının inkişafında mühüm xidmətləri olan yazıçıdır. Onun "Baş" romanı  istiqlaliyyət dövrü Azərbaycan nəsrinin janr tipi və çalarları, üslub fərdiyyəti, bədii-sənətkarlıq özəlliyi ilə seçilən örnəkdir.

 

1. Əsərdə sənəd və faktlarla müəllif təxəyyüllü məharətlə əlaqələndirilmiş, nəticədə yaxın tarixin qaranlıq, indiyə qədər bədii həqiqətə çevrilməmiş mənzərəsinə aydınlıq gətirilmişdir.

 

2. Romanda müəllif tarixi faktlar və bədii təxəyyül əsasında bəhs olunan dövrün sosial-siyasi panoramını yaratmış, təsvir etdiyi obraz və xarakterlərlə bu mənzərəyə canlılıq və təravət gətirmişdir.

 

3. Bütövlükdə Elçinin "Baş" romanında yaradılmış obraz və xarakterlər tarixi və bədii təxəyyülün məhsulu kimi iki fərqli müstəvidə dəyərləndirilə bilər. Maraqlıdır ki, yazıçı tarixi obraz və xarakterləri bədii təxəyyül vasitəsi ilə canlandırdığı kimi, bədii təxəyyül məhsulu olan qəhrəmanlarını da tarixi-etnoqrafik cizgi və ştrixlərlə süsləməyi bacarmışdır.

 

4. Elçinin bir yazıçı kimi yaradıcılığını səciyyələndirən amillərdən ən mühümü onun əsərlərinin çoxqatlı metaforik yazı tərzi ilə müşayiət olunmasıdır. Süjetin bu səpkidə qurulması təsvir olunan hadisə və əhvalatların ifadə imkanları və informativ tutumunu artırdığından mətnaltı funksiya daşıyır. Bu isə dolayısı ilə çoxşaxəli yozum və təhlillərə meydan açır. "Baş" romanında süjetin alt qatında oxucunu düşüncələrə çəkən, sirli ovqat yaradan dərin metaforizm gizlənməkdədir. İstər hadisələrin təqdimində, istər müəllif təhkiyəsində, istərsə də obraz və xarakterlərin daxili dünyasının aşkarlanmasında bu metaforizmin fərqli çalarlarını duymamaq mümkün deyildir.

 

5. Romanda bir çox tarixi və bədii təxəyyül məhsulu kimi obrazlar yaradılsa da, təsvir olunan hadisə və əhvalatlar metaforik surət kimi düşünülmüş Başın ətrafında cərəyan edir.

 

6. "Baş" romanı postmodernist əsər kimi dəyərləndirilsə də, bizcə, istər mövzu, istərsə də üslub baxımından onun bu kontekstdə səciyyələndirilməsi mübahisəlidir. Əlbəttə, "Baş" romanında da postmodernist xətlərin, epizodların, gedişlərin olduğunu inkar etmək olmaz. Ancaq bununla belə, qeyd olunduğu kimi, romanın yalnız postmodernist müstəvidə təhlilə cəlb olunması, onun bədii keyfiyyətlərini məhdudlaşdırar.

 

7. Romanda məktublara müraciət yalnız forma rolunu oynamır, eyni zamanda, tarixi fakt və qaynaqların təqdimində bədii üsul və priyom funksiyası daşıyır.

 

8. Əsərdə daha çox diqqəti cəlb edən bədii təhkiyənin özünəməxsusluğudur. Bu özünəməxsusluq bütövlükdə yazıçı sənətkarlığının təməlində dayanır. Epizodların müxtəlif baxış bucaqlarından təsviri, keçmiş və bu günlə bağlı baş verən hadisələr haqqında məlumatlılıq, qəhrəmanların daxili dünyasına bələdlik və s. məziyyətlər Elçin təhkiyəsinin əsas xüsusiyyətlərini təşkil edir.

 

9. Müəllif romanda yeri gəldikcə monoloq (həmçinin daxili monoloq) və dialoqdan məharətlə istifadə etmişdir. Romanın üslubuna xas olan bu cəhət obrazların mənəvi dünyasının aşkarlanmasında mühüm rol oynayır. Xüsusilə, daxili monoloqa müraciət fərqli dünyagörüşünə malik olan obraz və xarakterlərin fərdiləşdirilməsində bədii vasitə funksiyasını həyata keçirir. Romanda monoloqla yanaşı, ustalıqla yaradılmış dialoqlar təsvir olunan hadisə və əhvalatların inandırıcı şəkildə təqdimində, bədii ovqatın və tarixi ab-havanın canlandırılmasında əhəmiyyətli rol oynayır.

 

Əhməd SAMİ ELAYDİ

 

2020.- 525-ci qəzet.- 12 dekabr.- S.14,15.