Əbədiyyətdəki əziz
ünvanlarımız
Həyat nə qədər şirin olsa da, ölüm
heç bir insan övladının qaça bilməyəcəyi
tale yazısıdır. Amma Allah qatında seçilmiş elə
insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk
edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar.
Ölümlərin ən şərəflisi də
deyirlər buna. Bu, müqəddəs şəhidlik
zirvəsidir ki, hər kəsə qismət olmaz.
Ali
Baş Komandan cənab İlham Əliyevin rəhbərliyiylə
sentyabr ayında başlanan və 44 gün davam edən Vətən
müharibəmiz 30 ilə yaxın erməni
işğalında olan torpaqlarımızın,
Qarabağın azadlığıyla nəticələndi.
Müharibə
varsa, şəhid də var, qazi də, itkin də... Nə yazıq ki, bu müharibəmiz də
qurbanlarsız ötüşmədi. Azərbaycanın
üç minə yaxın qəhrəmanı
torpaqlarımızın azadlığı uğrunda şəhidlik
zirvəsinə ucaldı, minlərlə igid qazi adını
qazandı. "525-ci qəzet" olaraq bu
layihəmizdə mütəmadi şəkildə hissə-hissə
həmin igidlərimizi oxucularımıza
tanıtdıracağıq. Hər biri bir qəhrəmanlıq
dastanı olan bu həyatlarla qürur duyur, onları
unutmayacağımıza, unutdurmayacağımıza söz
veririk! Allah hər birinə rəhmət eləsin!
P.S. Bu
layihəmizə dəstək olmaq üçün ətrafınızda
tanıdığınız, bildiyiniz şəhidlər varsa,
həyat yoluna güzgü tutmaq məramı ilə müəllifin
göstərilmiş e-mail ünvanıyla əlaqə saxlaya
bilərsiniz!
Şahanə
MÜŞFİQ
shahane.mushfiq@gmail.com
Abbasov
İlham Əli oğlu 2000-ci il martın
13-də Biləsuvarda dünyaya gəlib. Əslən
Füzulinin Yuxarı Dilağarda kəndindən idi. O
evin 6-cı övladı, son beşiyi idi. 2003
cü ildən İlhamın 3 yaşı olanda ailəsi
Füzuli rayonda salınan Qayıdış qəsəbəsində
məskunlaşır. İlhamın 6
yaşı olanda atası dünyasını dəyişib.
İlham
2018-ci ildə Azəf Zeynallı adına
Musiqi Kollecində təhsilini dayandırıb Hərbi xidmətə
yollanır. Hərbi xidməti zamanı snaper
idi. 2019-cu ildə əsgərliyini başa
vurduqdan sonra öz arzusu ilə Müddətdən artıq hərbi
xidmət qulluqçusu olaraq işləməyə davam edir.
6 ay idi hərbçi kimi
çalışırdı.
2020-ci il sentyabrın 27-də başlanan 2-ci Vətən
müharibəsində də tuşlayıcı PDM kimi ən
ön sıralarda döyüşə qatılır. Müharibənin ilk günü şiddətli
döyüşlərdə qəhrəmancasına
vuruşaraq Füzuli uğrunda gedən döyüşdə
sentyabrın 27-də şəhid olur. Düşmən
tərəfindən nəşi girov götürülür.
51 gün girov saxlanılır. Qardaşları bilsələr də, anası
günlərlə oğlundan xəbərsiz olur. Füzuli torpağının oğlu 17 noyabr 2020-ci
ildə Araz Dilağarda kəndində son mənzilə yola
salınıb.
Abbasov İlham şəhadətindən sonra
"Füzulinin azad edilməsinə görə" və
"Vətən uğrunda" medalları ilə təltif
edilib.
Anası İlhamın nəşinin elinə,
torpağına gəlməsinə qurban deyir və onun nəşi
qarşısında qurbanını kəsdirir.
***
Əlibəyli Mikayıl Xaliqverdi oğlu 23 dekabr 1992-ci
ildə Mingəçevir şəhərində anadan olub. Çörək
ustası işləyən Mikayıl valideynləri və
qardaşıyla birgə yaşayırdı.
Müharibə başlamazdan öncə sentyabrın 21-də
hərbi təlimlərə qatılıb. İlk
gündən müharibəyə qoşulub. Döyüşlərdə böyük şücaətlə
iştirak edən Mikayıl oktyabrın 6-da son dəfə
anasıyla danışıb və oktyabrın 7-də
Füzuli uğrunda gedən döyüşlərdə
başından qəlpə yarası alaraq qəhrəmancasına
şəhidlik məqamına yüksəlib.
***
Əmrah Hüseyn oğlu Bayramov 18 yanvar 2001-ci ildə
Neftçalanın Bankə qəsəbəsində anadan olub. 2007-ci ildə orta məktəbdə
təhsilə başlayıb, 2016-cı ildə Samir İmanov adına 1 saylı orta məktəbin 9-cu sinfini
başa vuraraq Sumqayıt 3 saylı peşə məktəbinə
qəbul olub. Ailənin 2-ci övladı olan Əmrah 2019-cu il iyulun 22-də həqiqi hərbi xidmətə
yollanıb.
Vətən müharibəsi başlanandan
döyüş yoldaşlarıya birgə ön xətdə
düşmənə qarşı vuruşmağa
başlayıb. İgid döyüşçümüz
oktyabrın 4-də Füzuli istiqamətində gedən
ağır döyüşlərdə şəhidlik zirvəsinə
yüksəlib.
***
Vətən müharibəmizin düşmənə dərs
keçən müəllim şəhidlərindən İmaməliyev
Elvin Elsevər oğlu 09.05.1989-cu ildə Ağstafanın
Qırılı kəndində anadan olub.
Azərbaycan Dillər Universitetinin "Fransız
dili" ixtisasını bitirən Elvin 2012-ci ildə Müəllimlərin
İşə Qəbulu imtahanından keçərək
doğma kəndində peşə fəaliyyətinə
başlayır. 2019-cu ildə isə Direktorların
İşə Qəbulu imtahanından keçərək
Ağstafa şəhər 1 nömrəli məktəbinin
direktoru təyin olunur.
YAP Ağstafa rayon təşkilatının Gənclər
Birliyinin sədri olan şəhidimiz rayonun ictimai işlərində
də fəal iştirak edirdi.
Vətən müharibəsinə könüllü
qatılan Elvin müəllim noyabr ayının 10-u
böyük qələbəyə saatlar qalmış Xocavənd
Qırmızı Bazar istiqamətində gedən
döyüşlərdə şəhid olur. Ağstafada dəfn
olunub.
***
Adıgözəlov Faiq Mehdi oğlu 01.09.1996-cı ildə
Yevlaxın Nemətabad kəndində doğulub. Ailədə
3 qardaşın 3-ü də hərbiçidir. Subay, həm də evin kiçik oğlu idi Faiq.
Atası 1-ci Qarabağ müharibəsi
veteranıdır. Faiq orta məktəbi
2014-cü ildə bitirdikdən sonra Humanitar kollecə qəbul
olur. Lakin oxumadan həmin ildə həqiqi
hərbi xidmətə gedir və o vaxtdan da həyatını
hərbiyə bağlayır. Xidməti
başa vurduqdan sonra N saylı hərbi hissədə müddətdən
artıq xidmətə başlayıb.
2018, 2019, 2020-ci illərdə orduda atəş üzrə
çempionatda 1-ci yer, İdmanın qaçış,
hündürlükdən tullanma və digər təlimlərdə
1, 2, 3-cü yerləri tutaraq çalışdığı
hərbi hissəyə medal, kubok və fəxri fərmanlar gətirir. Bakı şəhəri
və Qazaxıstandakı yarışlardan da yüksək
nailiyyətlər əldə edib. 2020-ci
ildə Bolqarıstanda keçiriləcək yarışlarda
iştirak etmək üçün Bakıda təlimlərə
qatılsa da, Vətən müharibəsi yarışlardan
imtina etməsinə səbəb olur. Qardaşları
Mikayıl və Müşviq kimi ilk gündən
döyüşlərə qatılır.
O, tank əleyhinə
qumbaraatan idi. Goranboyun Tapqaraqoyunlu, Tərtərin Talış,
Suqovuşan və Murov dağətəyi istiqamətindəki
döyüşlərdə mətinliklə vuruşur. Murovdağ döyüşlərində düşmənin
neçə tank və zirehli maşınını məhv edərək
sıradan çıxarıb. Hər dəfə
zəng edəndə anasının titrək səsi və
yalvarışından narahat olar, "Ana, vaxt olacaq sən
oğlunla fəxr edəcəksən. Məndən
narahat olma. Azad etdiyimiz torpaqlarda səni
qarış-qarış gəzdirəcəm. Bu yurdun
sahibləri bizik,
biz də qorumalıyıq. Sənin
borcun oğul böyütmək idi. Mənim
borcum səni qorumaqdır" - . Axırıncı
danışığı oktyabrın 8-də olur. Oktyabrın 9-da Suqovuşan ərazisində gedən
döyüşlərdə qəhrəmancasına şəhidlik
zirvəsinə yüksəlir. Oktyabrın
10-da Yevlax şəhər Şəhidlər Xiyabanında
torpağa tapşırılır.
***
Baş leytenant Vəliyev İsmayıl Mehman oğlu
24.03.1996-cı ildə Naxçıvanda doğulub. O və qardaşı
İbrahim kiçik yaşlarından analarını itirib, nənəsi və
bibisinin himayəsində böyümüşdülər. İsmayıl öncə Naxçıvan Hərbi Məktəbi,
sonra Bakı Ali Hərbi Akademiyanı bitirib. Peşəkar tankçı, tank ekipaj komandiri idi.
Hərbçi olduğu üçün əvvəl
gündən müharibəyə qoşulub. Bir il əvvəl ailə quran hərbçimiz
sevib-seçdiyi həyat yoldaşı ilə birgə
Xırdalanda yaşayırdı.
Müharibəyə də sentyabrın 26-da ordan gedib. Onu son dəfə
yola salanda İsmayıl yoldaşına hər şeyə
hazırlıqlı olmağı, şəhid olsa
üzülməməyi, onunla fəxr etməyi
tapşırıb. Füzuli, Cəbrayıl, Qubadlı,
Zəngilan uğrunda gedən döyüşlərdə
tankıyla birlikdə şücaətlə xidmət edib. O,
Quru Qoşunların tərkibində Zəngilana qədər
şərəfli döyüş yolu keçmiş və Zəngilana
ilk daxil olan tankçılardan biri olmuşdu. Atdığı
mərmilərin üstünə "Mübariz",
"Polad", "Vətən", ya da
"Naxçıvan" sözlərini yazardı. Ermənilər necə olur-olsun onun tankını
susdurmağa, ya da ələ keçirməyə
çalışırdılar. Döyüşlərin
birində İsmayılın tankı vurulur, özü isə
yüngül yaralanır. Sağalmağı
gözləmədən "qəlpə yarası nə vaxtsa
sağalacaq, ancaq məğlubiyyət yarası heç vaxt
sağalmayacaq" - deyərək 3 nəfər komanda heyətilə
birgə başqa tankla Laçın istiqamətində gedən
döyüşlərə qatılır.
Baş
leytenant Vəliyevin tankı Şuşa
istiqamətində gedən döyüşlərdə raketlə
vurulub. O, dostları ilə birgə noyabrın 5-də şəhidlik
zirvəsinə ucalıb.
***
Şəki şəhər Orta Zəyzid kəndinin Vətən
müharibəsində verdiyi ilk şəhid Aydın Mustafa
oğlu Əhmədli 12.03.2002-ci ildə həmin kənddə
anadan olub. Ailənin şəhidimizlə birgə 4
övladı var idi. Onun özündən böyük 2
bacısı, özündən kiçik bir qardaşı
var. Aydın 2008-ci ildə Ə.Məmmədov adına
Orta Zəyzid kənd 2 nömrəli tam orta məktəbin 1-ci
sinifinə gedib və ibtidai təhsilini tamamladıqdan sonra,
2012-ci ildə ailəsi ilə birlikdə Bakıya
köçüb. Elə həmin ildən təhsilini Binəqədi
rayonu Q.Baxşıyev adına 179 nömrəli
tam orta məktəbdə davam etdirib və həmin məktəbi
bitirib. Bu ilin aprelində həqiqi hərbi xidmətə
çağırılıb. Həmin
tarixdən ordumuzun N saylı Hərbi hissəsinin Ağcabədi
rayonunun Minaxorlu kəndində yerləşən bölmələrində
həqiqi hərbi xidmətə başlayıb.
İlk gündən Vətən müharibəsinə
qatılan Aydın da qanının son damlasına qədər
qəhrəmancasına döyüşüb və 8 oktyabrda
Füzuli uğrunda gedən döyüşlərdə şəhid
olub. Ertəsi gün ailəsinin yaşayış yerinə
uyğun olaraq Zaqatalanın Qandaq kəndində dəfn olunub.
***
Təhməzov Cavid Əvəz oğlu 25.06.1994-cü ildə
Yevlaxda doğulub. Vətəni hər şeydən çox
sevən Cavid 4 ildir ki, həyatını hərb sənətinə
bağlayıb. MAXE kimi fəaliyyət
göstərən hərbçimiz kəşfiyyatçı
olub və kəşfiyyatçı kimi mühüm
uğurlara imza atıb.
Vətən müharibəsinin ilk günlərindən
döyüşə qatılan hərbçimiz Talış,
Ağdərə istiqamətlərində döyüşlərdə
xüsusi şücaət göstərib. Oktyabrın
2-si Ağdərədə şəhidlik zirvəsinə
ucalıb.
Ailəli və iki uşaq atası olan şəhidimiz
son danışığında övladlarını
anasına tapşırıb.
***
Mayor Babayev Rahib Bəxtiyar oğlu 19.06.1985-ci ildə
Şahbuzun Külüs kəndində doğulub. Peşəkar
hərbçi olan Rahib xidmət illərinin çox hissəsini
ön xətdə səngərlərdə postlarda olub. Xidmətinin son 8 ilini Murovda olub, tabor komandirliyinə
qədər yüksəlib.
Müharibənin başlamasına saatlar qalmış,
gecə saat 3-də həyat yoldaşına zəng vurub,
"möhkəm ol, heç kimin qarşısında
ağlama, hər şey yaxşı olacaq" - deyib. Əlaqə kəsildiyindən
danışa bilməyiblər və sentyabrın 28-də zəng
vuraraq irəlilədiklərini, Kəlbəcərə az qaldığını deyib.
Vətən
müharibəsi başlayanda düşmən üzərinə
ilk irəliləyən tabor komandiri R.Babayev 19 nəfərlik
qüvvəsi ilə 2 post alıb, Murovdağ-Kəlbəcər
istiqamətində əsas strateji yüksəkliklərdən
olan, düşmən əlindəki "Canavar qulağı -
sol" postunun alınmasında igidlik göstərib,
yaralanmasına baxmayaraq, 3 gün postları qoruyub saxlaya bilib. Onun yaralı olduğunu görüb çıxarmaq
istəsələr də, razılaşmayıb, "mən
getsəm, əsgərlərim ruhdan düşər" -
deyib.
Döyüşə gedərkən paqonlarını
çıxaran mayor, "bu Vətən üçün hər
birimiz əsgərik" - deyərmiş. O, sentyabrın 30-da 120
minaatanla vurulub. Saat 6-da yaralansa da,
döyüş meydanından çıxara bilməyiblər
və qan itirərək şəhid olub. Müdafiə
naziri Zakir Həsənovun təltif etdiyi, mərhum Milli Qəhrəman
Polad Həşimov tərəfindən təqdim olunan saatı
həmin vaxt qolunda olub. Saat 10:30-da dayanıb. Şəhid mayor oktyabrın 2-də Sumqayıt Şəhidlər
Xiyabanında dəfn olunub. Ölümündən
sonra "Azərbaycan bayrağı" ordeni ilə təltif
edilib. Ondan əmanət Mələk (10
yaş), İbrahim (5 yaş) və Əli (2 yaş) adlı 3
övlad qaldı.
***
Şıxməmmədov Hikmət Azər oğlu
06.12.1995-ci ildə Ağstafanın Dağ Kəsəmən kəndində
anadan olub. Dağ Kəsəmən kənd 2 nömrəli məktəbində
oxuyan Hikmət öz savadı və tərbiyəsi ilə fərqlənib
və yüksək balla Azərbaycan Dövlət İqtisad
Universitetinə qəbul olur. Universiteti
bitirdikdən sonra əsgərliyini 2017-2018-ci illərdə
ön xətdə edir. Tovuz
döyüşləri zamanı könüllü olaraq
qeydiyyatdan keçir.
Vətən müharibəsi başlayarkən cəmi 6
günlük evli olan Hikmət könüllü cəbhəyə
yollanır. Cəbhənin müxtəlif istiqamətlərində
düşmənə qarşı döyüşür.
Son döyüşü Şuşa
yaxınlığında olur. Əsgər
yoldaşlarının dediyinə görə, Hikmət
özü yaralı olsa da, daha ağır yaralı olan
yoldaşlarını döyüş meydanından
çıxarmağa kömək edirmiş. Elə yaralı əsgər yoldaşını xilas
etməyə çalışarkən də noyabrın 16-da
könüllü seçdiyi şəhidlik zirvəsinə
qovuşur.
***
Şəhid kəşfiyyatçı Quliyev Mehman Telman
oğlu 29.03.1992-ci ildə Bərdənin Əyricə kəndində
anadan olub.
Peşəkar hərbçi olan Mehman 4 il
cəbhənin ən qaynar nöqtələrində xidmət
edib. Xüsusi Təyinatlıların kəşfiyyatçısı,
snayperi çavuş Quliyev Goranboy,Tərtər,
Ağdam, Murovda daim düşmənlə üz-üzə
olub. Onun vətən sevgisi, yurd
bağlılığı, dostcanlılığı bu
müharibədə də özünü ən yüksək
şəkildə göstərir.
Mehman döyüş yoldaşlarıyla birlikdə
Suqovuşanın azad edilməsində misilsiz şücaət
göstərir. Komandirinin sözlərinə görə,
onlar oktyabrın 5-də sadəcə bıçaqla, əliyalın,
səssiz 21 düşmən postunu ələ keçirir,
yüzlərlə düşməni məhv edirlər. Mehman döyüşlərin birində çiynindən
yaralansa da, bütün təkidlərə baxmayaraq, geri
qayıtmır, ordaca yarasını bağlayıb
döyüşə davam edir. Növbəti
gün-oktyabrın 6-da isə Ağdamda kəşfiyyat
zamanı şəhidlik zirvəsinə ucalır.
Onun dəfn mərasiminə qatılan yaralı
döyüş yoldaşları anasının əlindən
öpüb deyirlər ki, "bizim hamımızı Mehman
xilas edib. Biz bu gün həyatımızı Mehmana
borcluyuq". Daim dayısıyla telefon əlaqəsi
saxlayan döyüşçümüz onun "ehtiyatlı
ol, özünü qoru" tövsiyələrinə
"yanında qardaşların şəhid olarsa, heç
gözünü qırparsanmı?" - deyə
cavab verir. Son danışığında isə
dayısına "mən bu gecə şəhid olsam, atam,
anam, yoldaşım və balam sənə əmanət" -
deyir. Çünki yenicə ailə həyatı
qurmuş Mehmanın üzünə, qoxusuna doya bilmədiyi 3
aylıq Damla adlı qız balası var. Şəhidimizdən
geriyə qısa ömrünə
sığdırdığı qürur dolu xatirələri,
Damlası və ölümündən 2 saat əvvəl,
yaralı halda çəkdirdiyi şəkli qaldı...
***
XTQ-nin
kapitanı Musibov Veysəl Yadulla oğlu 15.02.1989-cu il Qazaxıstan SSR Taldı-Kurqan vilayətinin
Kirov qəsəbəsində anadan olub. Valideynləri
azərbaycanlıdır. Şahbuzun Sələsüz kəndində
V.Ələkbərov adına orta məktəbi
7-ci sinfə qədər oxuyub. 2004-2007-ci illərdə
Naxçıvanda Heydər Əliyev adına
Hərbi liseydə, 2007-2011-ci illərdə AAHM-da oxuyub. 2011-ci ildə N saylı hərbi hissədə
tağım komandiri kimi xidmət edib. 2012-ci
ildə XTQ kursu keçib, Xüsusi Əməliyyat Qrup
komandiri vəzifəsində xidmətə başlayıb.
2012-2016-cı illərdə dəfələrlə
döyüş tapşırığında iştirak edib.
2016-cı
il Aprel döyüşlərinin fəal
iştirakçısı olub. Dəfələrlə
hərbi hissədə və ordu, xarici ordular arasında
yarışlarda iştirak edib. 2018-ci ildə
ordu arasında keçirilən kəşfiyyatçı qrup
yarışında 1-ci yeri tutub. "Efes-2018"
Xüsusi Təyinatlılar yarışında iştirak edib
24 ölkə arasında qrup olaraq 1-cilik əldə
etmişdilər. 2018-ci ildə Xüsusi
Əməliyyat taborunda Əməliyyat zabiti olub. 2019-2020-ci illər ərzində xüsusi əməliyyat
taborunun qərargah rəisi vəzifəsində Vətənə
xidmət edib.
İlk gündən qatıldığı Vətən
müharibəsində Kəlbəcər istiqamətində
Murov yüksəkliyinin, həmçinin, Füzulinin bəzi kəndlərinin
azad edilməsində iştirak edib, Cəbrayılın azad
edilməsi zamanı 7 oktyabrda şəhidlik zirvəsinə
ucalıb. 8 oktyabrda Xırdalanda Şəhidlər
Xiyabanında dəfn olunub. Vətənə
4 yaşlı qızı və 2 yaşlı oğlu əmanətdir.
"Qüsursuz
xidmətə görə" 3-cü dərəcəli medal,
"Azərbaycan Ordusunun 90 illiyi" yubiley medalı, "Azərbaycan
Ordusunun 95 illiyi" yubiley medalı, "Azərbaycan Ordusunun
100 illiyi" yubiley medalı, Azərbaycan Respublikasının
Prezidenti tərəfindən təltif olunduğu "Hərbi
xidmətlərə görə" medalına layiq
görülmüşdü. Ölümündən
sonra şəhid zabitimizə "Vətən müharibəsi
qəhrəmanı" adı verilib.
***
Daxili Qoşunların Xüsusi Təyinatlı Qüvvələrinin
Başçavuşu Sadıqov Ruslan Amiraslan oğlu
31.12.1987-ci ildə Şəkinin Təpəcənnət kəndində
anadan olub. Anası Şəkinin Orta Zəyzid kəndindəndir.
O, təhsilə 1994-cü ildə Təpəcənnət kənd
orta məktəbində başlayıb, 1995-ci ildə
yaşayış yerinin dəyişməsi ilə əlaqədar
Cəfərabad kənd tam orta məktəbində davam etdirib.
2004-cü ildə Şəki şəhər 5
nömrəli tam orta məktəbin 11-ci sinfinə qəbul
olunub və 2005-ci ildə məzun olub. 2006-cı
ilin yanvarında hərbi xidmətə
çağırılıb, 2007-ci ildə xidmətini
başa vurub geri qayıdıb. 2008-ci ildən
Daxili Qoşunlar XTQ-nin N saylı Hərbi hissəsinin Zaqatalada
yerləşən bölmələrində MAXE kimi xidmətə
başlayıb, Baş çavuş rütbəsinə qədər
yüksəlib. Bu ilin yanvarından
Hacıqabulda yerləşən bölmələrdə XTQ-nin
Baş çavuşu kimi işini davam etdirib.
İk
gündən Vətən müharibəsinə qatılan
Ruslan Füzuli, Cəbrayıl və Şuşa
uğrunda gedən döyüşlərdə aktiv iştirak
edib, noyabrın 7-də Şuşa uğrunda gedən
döyüşlərdə 18 qəlpə yarası ilə
şəhid olub. Noyabrın 10-da ailəsinin yaşayış
yerinə uyğun olaraq
Şəkinin Cəfərabad
kəndində dəfn olunub.
Ruslan 2011-ci ildən ailəli idi. Şəhidimizdən
yadigar 2 qız, 1 oğul övladı qalıb.
***
İrapov İsmayıl Nəsrulla oğlu 23.02.2002-ci ildə
Zaqatalanın Əliabad qəsəbəsində dünyaya gəlib. 2008-ci ildə
Əliabad qəsəbəsinin 1 saylı tam orta məktəbində
1-ci sinifə başlayıb və 2017-ci ildə 9-cu sinif təhsilini
bitirib. 2020-ci ilin aprel
çağırışında Ağcabədidən həqiqi
hərbi xidmətə yollanıb. Quru
qoşunlarında xidmət edən İsmayıl müharibə
başlanan gündən silah yoldaşlarıyla birgə
döyüşlərə qatılıb. 2020-ci
ilin oktyabrında Füzuli istiqamətində gedən
döyüşlərdə qəhrəmancasına şəhidlik
zirvəsinə yüksəlib. 2020-ci il
4 oktyabrda Əliabad qəsəbəsində dəfn edilib.
Onun ölümüylə bağlı müxtəlif
versiyalar olsa da, ailəsinin sözlərinə görə,
döyüş zamanı yanına qumbara düşməsi nəticəsində
aldığı qəlpə yarasından həyatını
itirib.
***
İsgəndərov
Elvin Mətləb
oğlu 06.11.1989-cu ildə Yevlaxın Tanrıqulular kəndində
kasıb bir ailədə doğulub. 2015-ci ildə
gizir kimi işə başlayıb. Kiçik
gizir idi. Bir müddət öncə ailə
quran Elvinin bir qızı və bir oğlu var. Yenicə
doğulan oğlunu görmək ona qismət olmadı.
Vətənini hər şeydən çox sevən Elvin
2016-cı ildə "Aprel döyüşləri"ndə
qəhrəmanlıqla iştirak edib, üzündən və
qollarından yanıq xəsarətləri alıb. Buna baxmayaraq,
sentyabrın 27-dən İkinci Qarabağ müharibəsinə
qatılıb və bir gün sonra qəhrəmancasına
şəhidlik zirvəsinə ucalıb.
Son dəfə həyat yoldaşıyla danışan şəhidimiz ona üzünü görmədiyi oğlunun adını deyib.
***
Zeynalov İlqar Natiq oğlu 26.08.1989-cu ildə Rusiyanın Sankt-Peterburq şəhərində anadan olub. 1990-cı il 20 Yanvar hadisələriylə əlaqədar ailəsi Bakıya köçüb. 7-ci sinfə qədər Azərbaycanda təhsil alıb. Sonra ailəsiylə birgə Ukraynaya gedib. Ukraynada təhsilini başa vurduqdan sonra Ukrayna Dövlət Universitetinin politologiya fakültəsinə daxil olub və 2012-ci ildə bitirib. 2014-cü ildə Azərbaycana qayıdaraq həqiqi hərbi xidmətə gedib. Xidmət zamanı kəşfiyyatçı olub və uğurlarına görə bir neçə dəfə Müdafiə naziri tərəfindən mükafatlandırılıb. Xidmətini başa vurduqdan sonra 6 aylıq zabitlik kursu keçib. Kursu bitirəndən sonra Goranboya xidmətə yollanıb. Bir neçə aydan sonra Tərtərdəki Mübariz postunda xidmətini davam etdirib. Baş leytenant olaraq ölümünə qədər də həmin postda xidmət edib.
Müharibə başlamazdan bir neçə ay öncə Ukraynada yaşayan ailəsini tək olduğunu bəhanə edərək yanına çağırır. Ailəsi avqustun 8-də gəlsə də, İlqar gecə-gündüz təlimlərdə olduğundan onlarla rahat görüşə bilmir. Atası "heç oğlumla bircə saat oturub söhbət edə bilmədim" - deyir. Evli olan şəhidimizin Qafar (5 yaş) və Əhməd (3 yaş) adlı iki oğlu var. Sentyabrın 26-da atasıyla danışıb, 15 günlük təlimə gedəcəyini, Tərtərdə yaşayan ailəsini və uşaqlarını onların yanına göndərəcəyini deyir. Sentyabrın 27-də isə zəng edib ailəsinin atasıgilin yanına çatdığını öyrənib sanki rahatlıq tapır. Sentyabrın 28-də qəhrəmancasına şəhidlik zirvəsinə ucalır.
Qeyd: Bu qəhrəman şəhidlərimizin hər
biri Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin 15 dekabr 2020-ci il Sərəncamına əsasən
ölümlərindən sonra "Vətən uğrunda"
medalı ilə təltif olunub.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2020.- 18 dekabr.-
S.14-15.