Sənə qurban

 

 Esse

 

Sənəm musiqini çox sevirdi. Əslində, burada qeyri-adi heç nə yox idi. Harda görünüb ki, qarabağlı, illah da şuşalı olasan, amma musiqini sevməyəsən?

 

Evlərində köhnədənqalma, qara rəngli bir piano vardı. Anasının cehizi idi. Ağlı kəsəndən, özünü tanıyandan hər gün o pianonun qapağını qaldırıb nəsə dınqıldadardı. Ağappaq şirmayi dillərlə qara dillərin qucaq-qucağa yatdığı bu sirli-sehirli qutu onun üçün bir dünya idi. Uşaq vaxtı pianonun qapağı zərblə çırpılıb neçə dəfə barmaqlarını əzsə də, o ağrı-acılar balaca Sənəmin ona vurğunluğuna zərrə qədər də xələl gətirməmişdi.

 

Günlər keçir, Sənəm böyüyürdü. Ağappaq bənizi ilə qara saçları da elə pianonun dillərini xatırladırdı. Qapqara, yupyumru, parlaq gözləri isə bu gözəlliklə məxsusi ahəng yaradırdı.

 

Musiqiyə olan sevgisini valideynləri də görüdülər. Buna go?rə də məktəb yaşına çatan kimi onu musiqi məktəbinin Fortepiano sinfinə yazdırdılar. Atası zarafatla deyirdi ki, Sənəm onsuz da bütün günü nəsə dınqıldadıb baş-beynimizi aparır, barı qoy çalmağı öyrənib fərli-başlı bir şey çalsın, biz də bir az dincələk.

 

Sənəmin musiqi həvəsi təhsildə də özünü göstərdi. O, musiqi dərslərində yüksək nəticələr göstərir, nazik, uzun barmaqları sayəsində ən çətin akkordları asanlıqla götürürdü. İxtisas müəlliməsi həmişə deyirdi ki, Sənəm, elə bil, sənin barmaqların yalnız pianoda ifa etməkçün yaranıb.

 

Səksəninci illərin axırları idi. Sənəm musiqi məktəbini bitirib əla qiymətlərlə Ağdam Musiqi Texnikumuna qəbul olundu.

 

Artıq ikinci kursda oxuyurdu. Dərslər öz axarı ilə gedirdi. Fərqli mühit, yeni dostlarla, müəllimlərlə tanışlıq Sənəmin həyatına yeni çalarlar qatmışdı. Texnikumdakı ab-hava lap ürəyindən xəbər verirdi. Musiqi ocağı olduğundan, burada, az qala, hər kəsin bir yaradıcı tərəfi vardı. Belə adamlar dünyagörüşcə daha zəngin, daha dərin olurlar. Onlarla söhbət etmək, müxtəlif mövzularla bağlı düşüncələrini böyüşmək xüsusi zövq verir. Ona görə də Sənəm üçün bu məktəb sadəcə təhsil ocağı deyil, həm də hər gün can atdığı, vaxtın necə keçdiyinin fərqində olmadığı maraqlı bir dünya idi.

 

Müxtəlif musiqi alətlərinin auditoriyalardan süzülən səsi bir-birinə qarışıb qəribə bir harmoniya yaradırdı. Bu palitra ona çox doğma idi. Sanki uşaqlıqdan elə bu səslə böyümüşdü.

 

Axşam vaxtı, dərslərin sonuna yaxın xanəndəlik sinifinin qapısı çox vaxt açıq olurdu. Sənəm dərsdən sonra hərdən auditoriyada qalıb kitabxanadan götürdüyü notlarla işləyərkən o siniflərdən birindən tez-tez eşitdiyi yanıqlı bir səs diqqətini çəkmişdi. Oxuyan gənc xanəndə sanki dərsdə məşq eləmir, musiqinin qanadlarında öz aləminə uçurdu. Bəzən Sənəm bu səsin sehrinə o qədər aludə olurdu ki, əlindəki işini unudub ancaq ona qulaq kəsilirdi. Günlər ötdükcə bu səs ona bir az da doğmalaşır, bir az da yaxın olurdu. Özünə belə etiraf etməsə də, bu səsi dinləmək üçün bəzən dərsdən sonra bir az ləngimək üçün bəhanə axtarırdı. Bu naməlum xanəndənin ifasında Sənəm ən çox "Sənə qurban" mahnısını sevirdi:

 

Getmə, kimsəsizəm, qal, sənə qurban,

Bu dilsiz-ağızsız, lal sənə qurban...

 

Sözləri o qədər içdən tələffüz edir, musiqini elə yanıqlı oxuyurdu ki, sanki öz həyatını anladırdı.

 

Açıq qapının ağzından neçə dəfə keçsə də, heç vaxt içəri baxmağa ürək eləməmişdi, sanki öz aləmində uydurduğu o əsrarəngiz obrazın pozulacağından qorxmuşdu.

 

Bir gün bu sehirli səsi dinləyə-dinləyə dəhlizlə kitabxanaya tərəf gedirdi. Birdən səs kəsildi. Sənəm bir neçə addım atdıqdan sonra qeyri-ixtiyari çevrilib arxaya baxdı. Qapının ağzında onun ardınca baxan birini gördü. Elə bil, ürəyi qırılıb ayaqlarının altına düşdü. Kitabxanaya girib lazım olan notları götürənə qədər ürəyində Allaha yalvarırdı ki, çıxanda onu görməsin. Qapıdan çıxıb geri qayıdarkən başını aşağı diksə də, irəlidəki qaraltını sezirdi. Bu, onun həyəcanını daha da artırirdı. Ürək döyüntülərini qulaqlarında duya-duya irəliləyib həmin qapıya çatanda boğuq bir səs eşitdi:

 

- Salam.

 

Sənəm başını qaldırdı. Ucaboylu, yaraşıqlı bir gənc dayanıb ona baxırdı. Ürkək səslə salamını alıb ötdü. Amma oğlan onun ardınca gəlməyə başladı:

 

- Bir dəqiqə ayaq saxlaya bilərsiniz? Gəlin tanış olaq. Mənim adım Qurbandır. Üçüncü kursda oxuyuram. Xanəndəlik sinifində. - Amma bu izahın yersiz olduğunu anlayıb gülümsündü. - Siz deyəsən, pianoçusuz. Adınızı bilmək olarmı?

 

- "Sənəm" deyə elə astadan cavab verdi ki, dediyini özü belə güclə eşitdi.

 

- Çox gözəl. Hərdən burdan ötüb keçdiyinizi görürəm, əgər marağınız varsa, içəri keçib dinləyə bilərsiniz.

 

Sənəm suç üstündə yaxalanmış uşaqlar kimi allandı:

 

- Sadəcə bu mahnını çox sevirəm. Xalq mahnısıdır, səhv etmirəmsə.

 

- Çoxları onu xalq mahnısı zənn edir, amma xeyr, Bəhram Nəsibovundur.

 

- Həə, heç bilmirdim. Xalq mahnısına çox yaxındır. Məlumat üçün çox sağ olun. Mən gedim, gecdir.

 

- Xoşdur. Nə vaxt istəsəniz, gəlib məşqdə otura bilərsiniz.

 

Sənəm yolboyu həmsöhbətinin üzünü xatırlamağa çalışsa da, bacarmadı. Sadəcə hündür qaməti və çox gözəl səs tembri ağlından çıxmırdı.

 

Bir neçə gün dərslər bitən kimi evə getdi. Qurbanın məhz onu dinləmək üçün dərsdən sonra ləngidiyini düşünməsini istəmirdi.

 

Bir gün yenə rəfiqələrindən ayrılıb  kirayə qaldığı evə doğru gedərkən arxadan onun səsini duydu:

 

- Salam, Sənəm.

 

Qız ayaq saxladı:

 

- Salam - deyə cavab verib xəfifcə gülümsədi.

 

- Daha məni dinləməyə gəlmirsiz...

 

- Artıq lazım olan bütün notları köçürmüşəm, indi evdə məşğul oluram.

 

- Təəssüf, mən də sizdən kömək istəyəcəkdim.

 

- Nə kömək?

 

- Ümumi fortepiano dərslərində bəzi əsərləri çalmaq məndə alınmır, barmaqlarım kobuddur (gülümsəyir). Deyirəm bəlkə bir az mənimlə məşğul olasınız?

 

- İndi imtahanlara hazırlaşıram. Vaxtım olan kimi sizinlə məşğul olaram.

 

Sağollaşıb ayrıldı.       

 

Kirayə qaldığı ev texnikumdan çox da uzaq olmadığından dərsə piyada gedib-gəlirdi. O, Ağdamın mərkəzi küçələrindən birində yerləşən ikimərtəbəli qədim bir evin birinci mərtəbəsində rəfiqələri ilə birlikdə kirayə qalırdı. Ev sahibəsi Radiyə xala çox mülayim, gülərüz qadın idi. Onlarla elə mehriban, qayğıkeş davranırdı ki, qızlar öz doğma evlərindən, analarından uzaqda olduqlarını hiss etmirdilər. Hər Novruz bayramında bişirdiyi dadlı şirniyyatlardan, ətirli plovdan əvvəlcə onların payını verməsə, özü süfrə arxasına oturmazdı. Onları birlikdə şam yeməyinə dəvət etsələr də, qızlar sərbəst olmaq üçün öz otaqlarında oturmağı üstün tutardılar. Amma Sənəmin bu evdə ən çox diqqətini çəkən, sevgisini qazanan evin kiçik oğlu idi. O, təxminən 7-8 yaşlarında olan qıvrlm saçlı, iri, qaynar  gözlü bu oğlanı hər görəndə onun saçlarını qarışdırmadan ötüb keçməzdi. Sənəm səhərlər pianoda ifa edərkən, balaca dostunun pillələrlə enib qapının ağzında onu dinlədiyini hiss edərdi. Deyəsən, Bethoveni çox bəyənirdi. Çünki "Aylı sonata"nın elə ilk notlarından kiçik addımlarla astaca pillələri enib qapının ağzında bitir, pişik kimi qapıya qısılıb axıradək dinləyərdi...

 

Artıq qış imtahanları arxada qalmışdı. Sənəm həftədə üç dəfə Qurbanla fortepiano dərsləri keçsə də, demək olar, hər gün görüşürdülər. Hər ikisi aralarında yaranan isti münasibətin dostluqdan daha ötə bir hiss olduğunun fərqində idi.

 

Sənəm öyrənmişdi ki, Qurban da onun kimi şuşalıdır. Piano dərslərindən sonra Qurban onunçün mütləq mahnı oxuyardı və çox vaxt "Sənə qurban" da bu mahnıların içində olardı. Bu mahnı artıq onlarınkı idi. Artıq öz sevgilərini bir-birinə etiraf  etmiş, daha doğma, daha yaxın olmuşdular.

 

Bir dəfə Sənəm Qurbandan soruşdu:

 

- Sənə niyə bu adı veriblər?

 

- Mənim valideynlərim uzun illər övlad sahibi ola bilməyiblər, mənim doğulmağım üçün çoxlu qurban deyiblər. Elə qurbanları qəbul olduğuna görə də adımı Qurban qoyublar.

 

- Nəsə mən bu adın aqibətindən qorxuram.

 

- Ay qız, qorxma, olsam-olsam, sənə qurban olacam. Lap bizim mahnıdakı kimi. Bilirsən, bir şey kəşf eləmişəm. Əslində, bu mahnı bircə hərfi çıxmaq şərtilə, bizim adlarımızı əks etdirir. Bir bax: Sənə(m) Qurban.

 

- Aaa, gör ee, mən heç fikir verməmişəm.

 

Tanış olduqları ilin yayında gənclər nişanlandılar. Bütün yayı tez-tez görüşür, vaxtlarını birgə keçirirdilər. Gəzmək üçün ən gözəl yer isə Cıdır düzü idi. Bu möcüzəli məkanın xoş havası, gül- çiçəklərinin ətri onların yay axşamlarının vazkeçilməzi idi. Qurban ordakı qayalardan birinə öz adlarını bu şəkildə həkk etmişdi: Sənə(m) Qurban.

 

... Doxsanıncı illər idi. Şuşanın başını qara buludlar aldığı gündən bir il əvvəl, may ayında toyları oldu. Gənclər birlikdə uzun ömür sürəcəklərinə söz verdilər. Amma bir neçə ay keçmədi, qara günlər onları ayrı saldı. Xocalının işğalından sonra Qurban özünümüdafiə dəstələrindən birinə yazılmış, hamilə həyat yoldaşını isə təhlükəsizlik baxımından şəhərdən çıxarıb elə tələbə vaxtı Ağdamda kirayə qaldıqları evə yerləşdirmişdi. Demişdi ki, burada qalsan, səndən arxayın olaram. Ara-sıra vaxt tapanda, döyüşlər səngiyəndə gəlib ona baş çəkər, bir-iki saat yanında qalır, sonra yenidən cəbhəyə gedərdi. Sənəm yoldaşı sarıdan çox narahat idi. Gecələr yuxusu ərşə çəkilmişdi.

 

Bahar yenicə girmişdi. Həyətdəki armud ağacının çiçəklərinin elə gözəl ətri gəlirdi ki, Sənəm hərdən sübhçağı bu qoxunu duyanda özünü Cıdır düzündəymiş hiss edirdi.

 

Körpənin dünyaya gəlməsinə bir ay qalırdı. Sənəm xeyli ağırlaşmışdı. Sağ olsun, Radiyə xala həmişəki kimi, ona çox yaxşı baxırdı. Artıq onlar ev sahibi-kirayənişin yox, ana-bala idilər (Sənəmin anası bir neçə ay əvvəl rəhmətə getmişdi).

 

May ayının səkkizi idi. Nə vaxtdan bəri Qurbandan xəbər-ətər yox idi. Günorta vaxtı Radiyə xala armud ağacının altında masa qoyub süfrə açmışdı. Bayırdan onu səslədi:

 

- Sənəm, gəl nahar elə. Təzə yarpaqdan dolma bişirmişəm.

 

Sənəm ağır-ağır həyətə çıxıb masanın arxasında əyləşdi. Radiyə xalanın süfrəsinə baxanda ən tox adam da iştaha gələrdi. Dümağ süfrənin üstündə düzülmüş nemətlər adama gəl-gəl deyirdi; boyat təndir çörəyi, təzə yaz göyərtisi, sarımsaqlı qatığın ətri adamın burnunu qıdıqlayırdı. Sənəm Radiyə xalanın çəkib gətirdiyi muncuq kimi xırda bükülmüş yarpaq dolmasını  qabağına çəkib yeməyə başladı. Bir-iki loxma almışdı ki, qəfil bətnində bir sancı hiss etdi. Başı gicəlləndi, bənizi ağardı. Ağrı get-gedə şiddətləndi. Deyəsən, erkən doğum başlamışdı.

 

Suşada isə iyirminci əsrin faciəsi yaşanırdı. Azərbaycanın nadir incisi Şuşa işğal olunurdu. Əsgərlər nə baş verdiyini anlamırdılar. Hərbi texnika, silah-sursat sarıdan ciddi sıxıntı vardı. Bir-iki tankdan, bir də avtomat silahlardan başqa heç nə yox idi. Kömək isə gəlmək bilmirdi. Elə bil, gizli bir əl Şuşanı ermənilərə təslim etməyə tələsirdi. Qurban ara-sıra döyüş yoldaşlarının könlünü açmaq üçün onlara öz həzin, yanıqlı səsi ilə mahnılar oxuyardı. Günorta vaxtı idi. O, siqaret çəkmək üçün tankdan çıxıb dağın ətəyinə çəkildi. Elə siqaretdən bir qullab almışdı ki, düşmən gülləsi düz ürəyinin başından dəydi, səndələyib yerə yıxıldı. Bir anda bütün həyatı, Sənəm, hələ doğulmamış körpəsi gözünün önündən keçdi. Yoldaşları ona yaxınlaşanda artıq canını tapşırmaq üzrə idi. Var gücünü toplayıb zorla pıçıldadı:

 

Getmə, kimsəsizəm, qal, sənə qurban...

... sonra hər yer qaranlığa büründü...

 

Sənəmin bir oğlu dünyaya gəldi. Adını Yadigar qoydu. Qurbanın yadigarı. Sonra Qurbansız, Şuşasız, Ağdamsız, Qarabağsız günlər, aylar, illər bir-birini əvəz etdi.

 

Düz 27 il keçmişdi. Yadigar hərbi məktəbi bitirdikdən sonra Xüsusi Təyinatlı Qüvvələrin tərkibində xidmət edirdi. Uşaqlıqdan anasının anlatdığı Şuşa xatirələrilə böyümüş, bir gün o yerləri azad etmək arzusuyla alışıb-yanmışdı. Elə bu niyyətlə də hərbçi olmuşdu.

 

Şuşadakı həyatlarından, atasından təkcə bir yadigar qalmışdı onlara - atası ilə anasının Cıdır düzündə qayanın yanında çəkdirdikləri bir fotoşəkil. Qayanın üstündə isə valideynlərinin adı yazılmışdı: Sənə(m)  Qurban. Yadigar yeniyetmə olanda anası bu şəkilin, bu yazının tarixçəsini ona danışmışdı.

 

2020-ci ilin sentyabrında Vətən müharibəsi başlayanda cəbhəyə ilk yollananlardan biri Yadigar oldu. Özünə, anasına və atasının ruhuna verdiyi sözü tutmaq zamanı gəlib çatmışdı. Çox sevincli idi. Elə bil, müharibəyə, qan-qada içinə yox, çoxdan gözlədiyi bir səfərə yollanırdı.

 

Artıq bir aydan çox idi  ki, döyüşlər gedirdi. Ordumuz bir-birinin ardınca işğal olunmuş rayonlarımızı azad edirdi. Gənc leytenant Yadigar ordunun öndə gedənlərindən idi. Hər qələbəylə daha çox ruhlanan zabitin bircə anasından nigarançılığı vardi. Onu Bakıda tək qoyub gəlmişdi. Düzdür, imkan tapdıqca zəng edir, telefonla şəkillər yollayırdı. Amma yenə də ondan nigaran idi.

 

Sənəm artıq yaşlanmışdı, saçları dümağ idi. Həm yurd həsrəti, həm yarımçıq taleyi, həm otuz ilə yaxın köçkünlük  həyatı  öz sözünü demişdi... İndi yeganə ümidi, tək təsəllisi Yadigar idi. Hər gün səbirsizliklə onun zəngini gözləyirdi. Oğlu gedərkən söz vermişdi:

 

- Şuşanı almadan qayıtmaq yoxdur!

 

- Bircə sağ-salamat qayıt, oğul!

 

Noyabrin yeddisi, axşam saatları idi. Sənəm bilirdi ki, neçə gündür Şuşa ətrafında gərgin döyüşlər gedir. Qulağı səsdə idi.

 

Telefona ismarıc gəldi. O, cəld telefonu götürüb əlləri əsə-əsə açdı. Yadigar idi, şəkil göndərmişdi. Gözləri yaxşı görmədiyindən eynəyini taxıb yenidən telefona baxdı. Yadigar bir qayanın qabağında dayanmışdı... Həmin qayanın... Arxada isə o yazı görünürdü:

 

Sənə(m) Qurban...

 

Şahrun SÜLEYMANOVA

 

525-ci qəzet.- 2020.- 23 dekabr.- S.16;17.