"Salvador Dalinin özünün davamçısı saydığı ikinci rəssam mənəm"

 

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı İmran Nurəlidir. İmran bəylə müəllifi  olduğu "Narların metafizik anlayışı" əsəri və əsərin Salvador Dali yaradıcılığı ilə əlaqəsindən danışmışıq.

 

- "Narların metafizik anlayışı". Niyə məhz bu ad?

 

- Bu əsərdə ölçü vahidinin metafizik forması təsvir olunur. Suyun üzərində saat, qayığın bir hissəsinin quruda, bir hissəsinin suda olması nisbilikdən xəbər verir. İnsanlar isə bu nisbilikdə olduqca xırda görünür. Məsələn, biz həyatda narı balaca görürüksə, burda insandan böyük görürük. Yəni həyat əslində, bizim gördüyümüz kimi deyil. Bu tabloda əsas məsələ cisimlərin ölçüsü yox, ifadə etdiyi mənadır.

 

- Əsər sürrealizm janrında olmasına baxmayaraq, tabloda narın da yer alması məndə sürrealizmdən daha uzaq bir təsəvvür yaradır. Digər rəsmlərinizdə nar təsvirləri var. Sizin əsərlərinizdəki nar təsvirləri  Toğrul Nərimanbəyov yaradıcılığındakı kimi narın ifadə etdiyi mənadır, yoxsa başqa bir mesaj?

 

- Burada narlarla dörd ölçü vahidini təsvir etmişəm. Bu dörd ölçü vahidinin hər biri ayrılıqda bir dünyadır. Narlar da həmin dünyanı əks etdirir. O ki qaldı niyə məhz nar təsvir etməyimə, bu rəsmim digər rəsmlərim kimi mənə yuxuda əyan olub mən yuxuda gördüyümü çəkmişəm. Burada nar yox, alma, armud, bir sözlə, başqa meyvələr ola bilərdi.

 

- Qayığın yarısı suda, yarısı quruda. Ağacın yarısı, suda yarısı quruda. Niyə?

 

- Bu, ona işarədir ki, bu dünyada olan hər şeydən paralel dünyada da var - qayıqdan da, ağacdan da, digər şeylərdən . Sadəcə insan bundan xəbərsizdir.

 

- Ümumi mənzərədə ən kiçik insanlar görünür. Bu, insanın ümumi mənzərədən xəbərsiz olmasına işarə ola bilərmi?

 

- Bəli, insan xəbərsizdir. Qalan bütün nəsnələr insandan böyük təsvir olunub. Digər tərəfdən , gördüyün hər iki insan uşaqlara nəsə danışır. Onların danışması da sual doğurur. Həyatın qanunlarından, kainata dair bilgilərdən.  Gələcək nəsillərə dünya haqqında məlumat verən insan övladı qədər haqlıdır? Ümumiyyətlə, onun kainatla bağlı bildikləri danışdıqları doğrudurmu?

 

- Qayıq sanki donmuş suyun üzərindədir.

 

 

 

- Su donub. Suyu əritmək üçün elmə müəyyən sirlərə bələd olmaq lazımdır. O biliklərə sahib olmadıqca suyun buzu əriməyəcək. Əriyə bilməz.

 

- Bəs çərçivə nədən xəbər verir?

 

- Çərçivə o dünya ilə bu dünya arasındakı pərdə rolunu oynayır. O dünyadakı insanlar burdakı həyatları görə bilir. Burdakılar isə o dünyadan xəbərsizdir. Yalnız kamil adamlar həyatdan sonrakı həyat haqqında təsəvvürlərə malikdir. Ümumiyyətlə, insan anlamalıdır ki, həyat yalnız yeyib-içməkdən ibarət deyil. Həyat göründüyü qədər sadə deyil. İnsan yerə baxır, göyə baxır, ulduzlara baxır, ancaq burdakı sirri anlamır. Anlamaq üçün isə kamillik zirvəsinə çatmaq lazımdır.

 

- Diqqətimi bir məqam çəkdi. Əsər sanki mavi, sarı tünd olmaqla üç yerə ayrılır - səma, həyat, torpaq kimi. Təsadüfdür, yoxsa...

 

- Yox, təsadüf deyil. İnsanı təsvir etdiyim sarı hissə kamillik zirvəsinə çatan, bu dünyada yaxşı əməlləri ilə iz qoyanların məkanıdır. Ümumiyyətlə, mən əsərlərimdə qəhvəyi qızılı tonlardan çox istifadə edirəm. Salvador Dali kimi.

 

- Dali kimi sürrealizm janrında çəkirsiniz,  Dali kimi çəkdiklərinizi yuxuda gördüyünüzü deyirsiniz. ən əsası, Dalinin "Yeni insanın doğuşunu izləyən geopolitik uşaq" əsərində sizi nəzərdə tutduğunu iddia edirsiniz. Bu rəsmdə kifayət qədər Dali izləri var. Bunu ilə əsaslandıra bilərsiniz?

 

- "Yeni insanın doğuşunu izləyən geopolitik uşaq" əsərində Salvador Dali özünün davamçısının, ikinci rəssamın Azərbaycanda doğulacağına işarə edib. Həmin rəssam mənəm. Dalinin çəkdiyi rəqəmlərdən ibarət portretə nəzər yetirsək, bunu bir daha görmüş olarıq. Rəsmdə mənim varlığım xüsusi rəqəmlə göstərilib. Məndən sonra isə daha iki rəssamın doğulacağı işarə olunub. Bu da həmin rəsmlər açılışları.

 

"Geopolitik uşaq yeni insanın doğuluşunu izləyir"

 

Bu əsərin açılması belədir: Əsərdə yer kürəsi yumurta şəklində çəkilib. Əsərin sağ küncündə qadın uşaq surəti qeyd olunub. Qadın əli ilə yer kürəsinin Xəzər dənizini göstərir. Əsərin Amerika bölgəsində isə irihəcmli kişi fiquru qeyd olunub.

 

Salvador Dali – Geopoliticus Child Watching the Birth of the New Man c.1943  - Salvador Dali Poster Print (91.44 x 60.96 cm): Amazon.co.uk: Welcome

 

Qadın fiqurunun əli ilə göstərilən məkan Xəzər dənizi, yəni Azərbaycandır. Bu yeni insan burada doğulub. Həmin insanın ayağının istiqamətində olan kiçik insan fiquru isə ondan sonra dünyaya gələcək üçüncü rəssam deməkdir. Sonra görünən rəssamın gəlişi gözlənilir. Məndən sonra daha iki rəssam dünyaya gələcək. Üçüncü rəssam Braziliyada, dördüncü rəssam Nepalda dünyaya gələcək. Əsərdəki qadın uşaq rəsmi rəssamın ailə üzvlərinə işarədir.

 

"Memini"

 

İkinci əsərin açılışı belədir: Bu əsərdə S.Dalinin rəqəmlərdən ibarət bir qeydi var. Diqqətlə baxanda rəqəmlər belə oxunur: 58.43.69.2.1. 7.7.7

 

Açılışı isə budur: 43 - 1943 ildə S.Dali  "Geopolitik uşaq yeni insanın doğuluşunu izləyir" əsərini işlədiyini qeyd edib. 58 rəqəmi - bu, onu demək istəyir ki, 1958 ildə 2-ci rəssam dünyaya gəlir. Orada 2 rəqəmi isə 2 rəssam deməkdir. 69 rəqəmi bu rəssamın yaşayacağı müddəti qeyd edir. 1 rəqəmi isə S.Dalinin rəssamlardan birinci olduğunu qeyd edir. 7.7.7 -  bu əbəd  isə kainatın qanunları deməkdir. Bu haqda mən hələ ki açıqlama vermək istəməzdim.

 

"Tituan ətrafında döyüş"

 

Bu əsərdə böyük döyüş səhnəsi əks olunub. Əsərin sol küncündə S.Dali rəqəmlərlə insan portretləri çəkib. Diqqətlə baxanda əsərin orta hissəsində S.Dali öz portretini çəkib. Məhz öz portretinə bitişik 4 rəqəmi qeyd edib. Bir qədər aralıda 2 rəqəmi, 3 rəqəmi öz portretinə yaxın daha bir 4 rəqəmi çəkilib. hər bir rəqəmin içində insan portretləri qeyd olunub.  Bununla S.Dali gələcəkdə rəssamların cəmi 4 nəfərdən  ibarət olduğunu göstərib. Öz portretinin yanında bir daha 58 rəqəmini qeyd edib. Bələliklə, mən bu rəssamlardan 2-cisi olaraq deyirəm:  1-ci rəssam S.Dali (İspaniya), 2-ci rəssam İmran Nurəli (Azərbaycan). 3-cü rəssamın Brazilyada, 4-cü rəssamın isə Nepalda doğulduğunu elan edirəm. Beləliklə, S.Dalinin bu əsərinin açılışının mənası budur.

 

Aytac SAHƏD

 

525-ci qəzet.- 2020.- 2 dekabr.- S.21.