Gözlərimizin nuru vətən 

 

 Esse

 

 

İkinci Qarabağ savaşı - Vətən müharibəsi başlayandan sonra, internetin zəifləməsi ilə bağlı, meylimi radioya saldım.

 

Hər saatın başında həyəcanla xəbərləri dinlədim. Birinci Qarabağ müharibəsinin veteranı, bu gün ayağındakı qəlpə üzündən əsayla güclə gəzən qardaşım Nəsib Ağdamın Xındırıstan kəndində köçkünlər üçün salınmış qəsəbədəki evindən ayrılmadı. Mərmilər kəndə, onun evinin yan-yörəsinə düşdü, amma o, yenə ailəsi ilə birgə evində qaldı. Bir gün yenə ürəyimə qara fikirlər gəlmişdi. Əllərim əsə-əsə oğluna zəng elədim, telefonu götürdü təmkinlə atasının şəhid yasında olduğunu söylədi. Başladım ona suallar verməyə:

 

- Ora çoxmu atırlar, mərmilər yaxına düşür, yaxşısınızmı...

 

Hünər mənə çox arxayınlıqla, lap atası kimi cavab verdi:

 

- Müharibədi , atırlar...

 

Ergidə məskunlaşan bacımın oğlu Valeh, Yanğından Mühafizə Xidmətində çalışır. Daim döyüşçülərlə bir yerdə olurdu. Bir dəfə maşından düşəndən 10-15 dəqiqə sonra düşmən mərmisi həmin avtomobilin düz üzərinə düşmüşdü. Bir dəfə , yaxınlığa düşən mərminin fırtınasından 3 saat qulağı tutulmuşdu. İki körpə balası var. Müharibə başlayandan mən ona, qardaşımgilə, Bərdədəki qohumlarımla birgə bütün əsgərlərimizə, millətimizə, dövlətimizə dua edirdim.

 

Bu möhtəşəm, möcüzə kimi, xəbərlərin ən gözəli olan Qələbə sorağını eşitdikdən sonra bir bacım ailəsi ilə Ağdamın Baharlısına, o biri bacım, Valehin anasıgil isə Ergiyə - evlərinə qayıtdılar.

 

Bacım deyir, Tərtərin yaxınlığından keçəndə baxırsan ki, darmadağın olub evlər, adamlar çadır qurub, bəzən o çadırları da mərmilər dağıdıb. Amma bu gün adamların üzü gülür. Sevincdən qanad açıb uçurlar. Heç yadımdan çıxmaz. Bacım deyirdi ki, bu müharibənin ilk günündə adamlar mərmi yağışından qocaları, körpə uşaqları ilə küçədə bir-birinə sığınmışdılar. Maşınlar gəldi o evindən ayrılıb küçədə, axşamın ayazında çöldə qalan adamların yanında dayandılar. Maşından kişilər düşdü, isti-isti çörək payladılar, onların yanında olduqlarını söylədilər, dərdlərinə şərik oldular. Bizim necə gözəl, xeyirxah insanlarımız var, bu gözəl paylaşmadır belə, dərdi , sevinci biz belə paylaşdıq, bir olduq, yumruğa döndük Qələbə qazandıq. Biz hamımız əsgərə döndük o gündən, bir-birimizə dayaq olduq, əsgərlərimizə əlimizdən gələni etməyə çalışdıq.

 

Qələbədən sonra ürəyimiz yerinə gəldi, internetimiz düzəldi, amma hərdən yenə mənə çətin gündə yoldaş olan vəfalı radioya üz tuturam. Bu günlərdə - bilmədim hansı radio dalğası olduğunu - eşitdim ki, Vətən müharibəsində hər iki gözünun nurunu itirmiş bir igid oğlumuzdan danışırlar. O igidimiz deyirdi: "Mən öz istəyimlə, ürəyimin səsiylə getmişəm döyüşə. Bəs kim getməlidir Vətəni, ana-bacımızı qorumağa? Ən böyük arzum budur ki, Qarabağı bir daha gözlərimlə görməyi İlahi mənə nəsib eləsin..." Qəhrəman həkimlər onun bir gözünün görə biləcəyi ilə bağlı xoş xəbər verdiklərini eşitdikdə elə sevindim ki...

 

Vətən, Qarabağ, bizdən ötrü gözlərinin nurunu itirmiş həmin qazimiz onun kimi yaralı igidlərimiz üçün mən sidq ürəklə dualar elədim hər kəsi onlara dua etməyə çağırmaq istərdim. Dualarınızı onlardan əskik etməyək. Qəlbimiz yenə birgə döyünsün, onda dualarımız da birləşib nur seli kimi Yaradanın dərgahına çatar, inşallah.

 

Əziz əsgərlərimiz, dağ kimi əzəmətli igidlərimiz, yaralarınız bizim yaralarımızdı, əzizlərimiz! Qoy Şafi olan uca Allah sizin hər birinizə tezliklə şəfa versin, gözlərinizə nur, yaralarınıza məlhəm bəxş eyləsin! Amin!

 

Mina RƏŞİD

 

525-ci qəzet.- 2020.- 3 dekabr.- S.14.