Arzusuna çatan qəhrəman  

 

Seyidov Əli Rahin oğlu 1999-cu ilin iyulun 11-də Bakı şəhərində anadan olub. 2006-cı ildə 1-ci sinifə Rixard Zorge adına 90 saylı orta məktəbə gedib.

 

Əli uşaqlıqdan kikboks və ağır atletika üzrə yarışlarda birincilik də qazanıb. 15 qızıl, 6 gümüş, 3 bürünc medalın sahibi olub. 2017-ci ildə orta məktəbi bitirdikdən sonra Aviasiya Akademiyasına imtahan verib. Lakin cəmi 2 balla kəsilib. Başqa istənilən instituta qəbul olmaq fürsəti olsa da, Əli imtina edib.

 

2018-ci ilin yanvarın 1-də hərbi xidmətə yola düşüb. Goranboyda - Ballı qayada hərbi xidmətə başlayıb. 3 aydan sonra bölgüdə Ağdama düşüb və cəmi 3 ay ərzində komandiri tərəfindən silahı hamıdan tez söküb-yığmaq üzrə (4 dəqiqə ərzində) təşəkkürnamə və bayraqla təltif olunub. Hərbidəki fərqliliyinə görə "Yırtıcı" ləqəbi ilə çağırılan qəhrəmanımız 2019-cu ildə hərbi xidmətini bitirib gəlsə də, yenidən hərbi hissəyə qayıdıb və müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb. Qazandığı nailiyyətlərə görə yenə də təşəkkürnamə və bayraqla təltif olunub. Hərbi Hissədə "Yırtıcı" və "Seyid" ləqəbi ilə çağırılıb. Əli hərbidə qol güləşində, qaçışda, sərrast nişanla atəşdə və cəmi 4 dəqiqəyə silahı söküb yığmaq üzrə rekordçu olub.

Əlini hamıya nümunə çəkiblər.  21 yaşı var idi Vətən uğrunda gedən döyüşlərdə iştirak edəndə. 21 erməni postu, 7 erməni ilə əlbəyaxa döyüşdə onları məhv edib. Döyüşlərdə qəhrəmancasına vuruşan igidimiz yaralansa belə, yenə də qabağa gedərək hər kəsə səslənirmiş ki, "sonacan kişi kimi vuruşun!"

 

Seyidov Əli Rahin oğlu 2020-ci ilin oktyabrın 4-də Tərtər-Suqovuşan döyüşlərində qəhrəmancasına şəhid olub. Əli həmişə deyərmiş ki, "şəhidlik gözəl, mərd, qeyrətli zirvədir. Ən gözəli də Mübariz İbrahimov kimi Mübariz şəhid olan yerdə şəhid olmaqdır".

 

Arzusuna çatan şəhidimiz məhz Mübariz kimi Mübariz şəhid olan yerdə həlak olub. Son nəfəsində döyüşçü yoldaşlarına gülərək "nolub qan görmüsüz, hər şey yaxşıdı" - deyib. Hətta tabutunu açanda belə üzündə gülüş varmış. Üç qardaşın ən balacası olan igidimiz evin son beşiyi olsa da, hamının başının tacı sayılıb.

 

2020-ci ilin oktyabrın 10-da Bakıda Bülbülə Şəhidlər Xiyabanında dəfn olunub.

 

Allah şəhidimizə rəhmət etsin!

 

Şəhidim

 

(Əli Seyidova həsr olunur)

 

Səni Allah yetirmişdi elə bil,

Düşmən üstə pələng kimi şığıdın.

Bir gördün qəfil peyda olmusan,

Yağılara yağış kimi yağırdın.

 

Gözlərinə qurban olum şəhidim,

Bircə zərbən dağ oynadıb yerindən.

Sən ölümün gözlərinə baxmısan

Zərrə qədər qorxmamısan ölümdən.

 

Təbəssümü yanağında qalanım,

Öz arzuna çatıb şəhid olmusan.

Bir ürəkdən pöhrə salıb qədər,

Sən bu xalqın ürəyinə dolmusan.

 

Müəllif: Esmira Günəş

 

525-ci qəzet.- 2020.- 4 dekabr.- S.16.