Gözünüz aydın

 

Gözünüz aydın olsun, ay ellər, ay obalar,

Əsir torpaqlarımız bir-bir qayıdır geri.

İndi dünya görsün ki, oğul doğur analar,

Hər birində Nəbinin, Səttarxanın hünəri.

 

Sona yetir millətin otuz illik həsrəti,

Daha daşımayacaq bu yükü, bu zilləti.

Ürəklərdə qövr edən Qarabağ məhəbbəti,

Birləşdirib xalqımı, gözləyirik zəfəri.

 

Bir zaman çox ağladıq, qaçqın düşəndə ellər,

Soldu vətən həsrətli, torpaq dərdli könüllər.

Bu gün nəğmə oxuyan, türkü söyləyən dillər,

Çoxdan gözləyirdilər bu köçü, bu səfəri.

 

Kükrəyir dağım-daşım Azərbaycan sevinir,

Qəlbində vətən eşqi yanan hər can sevinir.

Əl-ələ  verib ellər, dəniz, ümman sevinir,

Bir əsgərə dönübdür bu günün hər nəfəri.

 

Sağ olsun ər oğullar, var olsun qalib ordu,

Qurtarır azğınlardan hər obanı, hər yurdu.

Baş Komandan qəlblərdə özünə heykəl qurdu,

Qələbəylə başlayır açılan hər səhəri.

Zəfər tarixi yazır Azərbaycan əsgəri!

 

Qurban olum

 

Yeri düşmən üstünə, igid əsgərim yeri,

Tətiyini çəkəndə əlinə qurban olum.

Ana torpağımızda sən cəsarətlə yürü,

Boyuna, kürəyinə, belinə qurban olum.

 

Düşmənin hiyləsindən Tanrı qorusun səni,

Orden, medal bəzəsin, geniş, məğrur sinəni.

Döyüş zəfərlər üçün, unutma dünənini,

Yağmuruna, doluna, selinə qurban olum.

 

Ayağın altda torpaq, başın üstdə gün olsun,

Aldığın hər obada şənlik, toy-düyün olsun.

Anaların gördüyü yuxuları çin olsun.

Onların dua edən dilinə qurban olum.

 

Bu xalqın qisasını nanəcibdən al da gəl.

Atəşləri yağının öz başına sal da gəl.

Mənfurları qov eldən, qələbəni çal da gəl,

Arxasınca su çiləyən gəlinə qurban olum

 

Minlərlə şəhid verdik, sən evinə diri gəl,

Qələbəylə, zəfərlə, uğurlarla geri gəl.

Dastan qoşum adına, yenə üzü bəri gəl,

Anan xına yaxdığı telinə qurban olum.

 

Sən haqqın yolundasan, Tanrı bilir, haqq bilir,

Ümidlər parıldayır, gözlər yaşını silir.

Ayağın dəyən yerdə çəmən, çiçək, bağ gülür.

Çəməninə, dağına, gülünə qurban olum.

 

Xalqımız sizinlədir, sanki gərilmiş simdi.

İrəli get, irəli qeyrət vaxtıdır indi.

Qoy düşmən anlasın ki, qarşısındakı kimdi,

Koroğlu nərəsi çək, dəlinə qurban olum.

 

Savaşlarda doğuldun, döyüşdə böyüdün sən,

Onunçün bu qədər qüdrətli, hünərlisən.

Dili Vətən soraqlı, qələbə zəfərlisən,

Vətəninə, anana, elinə qurban olum!

Koroğlu nərəsi çək, dəlinə qurban olum!

 

Aybəniz KÜRƏKÇAYLI

Əməkdar müəllim

 

525-ci qəzet.- 2020.- 4 dekabr.- S.15.