"Əgər səni unudarsam..."  

 

 Esse

 

 

 

Eradan əvvəlki məşhur Babil sürgünü zamanı yəhudilər Qüdsdən zorla çıxarılanda  gözlərində qanlı yaşları, dillərində əhdləri vardı: "Əgər səni unudarsam, ey Yerusəlim, dilim damağıma yapışsın!.."

 

Yemək zamanı, dua vaxtı, yuxuya gedərkən, sabah qalxarkən  dillərinin ən ümdə zikri, beyinlərinin ən vacib fikri oldu Qüds. Ta ki bir gün o "dili damağa yapışdıran" həsrət sona çatıb Yerusəlimə qovuşana qədər kirimədilər: "Əgər səni anmazsam, baş sevincimdən üstə qoymazsam, sağ əlim hünərdən düşsün. Əgər səni sevməzsəm, qəlbim yox olsun!" Əminəm ki, o əhdin ərşi titrədən gücünün, inamının rolu az olmayıb yəhudilərin gözüyaşlı çıxdıqları yerə dönməsində...

 

... Uzun illər boyu dədə-babalarımızın  çörək verdikləri ermənilər bir gün çırmanıb ayağa duranda dizlərinin üstündəki loxma ayaqlarının altına düşdü. Çörəyi dizinin üstə olanlar pəsinmədilər, eləcə ayaqlayıb keçdilər o loxmanı, bizi doğmaca yerimizdən-yurdumuzdan eləyib isti aşımıza su caladılar oturduğumuz yerdəcə. Üzü şırımlı, qəlbi paralı, sinəsi dağlı, namusu ləkəli, başılovlu çıx(arıl)dıq ruhumuzun Qüdsündən - Qarabağımızdan!

 

Amma xalqımın əhdi vardı, öz qanına bələndiyi Qarabağdan sağ çıxanlarımız andı-yəmini ilə qovulurdu onda. Doğmaca yurd-yuvamızdan çıxanda götürdüyümüz ən qiymətli şey idi "Əgər səni unudarsam, əgər səni anmazsam, ey Qarabağ..." əhdi! Allahın bildiyini torpaqdan gizləməzlər: Bu 30 ildə səni dilimizdən düşürdüyümüz, ağlımızdan sildiyimiz bircə gün belə olmadı, ey qədim Azərbaycan torpağı! Kürəyimiz həsrətdən qovuşub dilimiz damağımıza yapışanda da canımızı dişimizə tutub, göz yaşımızı qəlbimizə göllədib "Anadır arzulara hər zaman Qarabağ" dedik. Sən illər boyunca bizim arzularımızın anası oldun, ananın olmadığı yerdə sevinc, şadyanalıq?! Sən illər boyunca millətimin qəlbinin, beyninin ucqarlarında ən dərin yarası, kədəri oldun. Ən baş sevincimizin üstünə qaldırdıq səni həmişə Qarabağ kölgəsi kimi... Unutmadıq, unutdurmadıq, andıq, andıqca yandıq, qovrulduq, amma heç vaxt batmadıq unutqanlığın lehməsində. Kimisə, nəyisə, haranısa unutmamağın, daim anmağın qarşısıalınmaz enerjisi var. Bütün elmi-dini inancımla əminəm ki, Qarabağı görməyən, orada doğulmayan hər bir gənc azərbaycanlının  özü özünü kopyalayan genetik zəncirində "Əgər səni unudarsam..." əhdi dönüb-dönüb surətlənirdi. Bir daha, bir daha, bir daha surəti çıxırdı DNT zəncirində "Əgər səni anmazsam, əgər səni sevməzsəm..." əhdinin.

 

Ürəkdən inanıram ki, Haqqın dərgahında əks-səda verən o əhdin gücü bir başqa qüvvət qatıb qüdrətli Ordumun işğalçının başını əzən yumruğuna. Məhz belə bir əhdlə igidlərimiz düşmənlə əlbəyaxa,  üz-üzə, göz-gözə, sözün həqiqi mənasında dişi ilə, dırnağı ilə Azərbaycanın müqəddəs Qüdsü - Yerusəlimi olan Şuşanı azad etdilər. Şəhid oldular, canlarını verdilər, amma sevgili Qarabağı erməniyə vermədilər. Bu ölüm-dirim savaşında silahımız da, təpərimiz yetərli idi, amma bunun üstünə bir o əhdin gücünü qatdığımız üçün idi ki, qarşımızdakı düşmən , sərhədlərimizdən min ağac o yanda sınacağımızı gözləyən yağı da gözübərələ izlədi Ordumun rəşadətini... Şəhidlərimiz Vətən göylərində bayrağa döndülər, müqəddəs iksir kimi doğma yurdlarımızın köksünə əriyib qarışdılar, amma qaytardılar torpağı bizə, bizi Vətənə, Vətəni özünə! Şəhid-şəhid bütünləşdi bu Vətən! Şəhid-şəhid Vətənləşdi bu torpaq!

 

Əhdinə, ruhuna qurban olduğum, Vətənin göyünə, bayrağın qırmızısına, torpağın yaşılına dönən ŞƏHİDİM! Bayrağı daha da bayraq, torpağı daha da Vətən edən MÜZƏFFƏRİM! Vətənin əbədi varlığı naminə öz fiziki  yoxluğuna razı olan QALİBİM! "Əgər səni unudarsam,  əgər səni anmazsam ruhum,  qəlbim yox olsun!.." - Bu da hər birimizin sizdən sonrakı yüzillər boyunca cənnətməqam ruhunuz qarşısında  əhdimiz olsun!

 

 

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2020.- 4 dekabr.- S.6.