Birin iki olması və
ya tarixi kitabların tarixçələri
Vaxtın
sürətli axarında hadisələr bəzən nəzərə
çarpmadan keçir və illər ötəndən sonra
isə hətta işin içində olanların da hafizəsindən
silinir.
Lakin mədəniyyətimizin taleyi və
bütövlükdə tariximizlə bağlı olan heç
bir əhəmiyyətli hadisə gərək diqqətdən
qıraqda qalmasın, onlarla bağlı ayrıntılar,
dürüst bilgilər sabahlara da ötürülsün.
Çünki hər bilgidə bir dərs var.
Vaxtilə
- 1980-ci illərin ortalarında Üzeyir bəylə
çiyin-çiyinə müasir peşəkar Azərbaycan
musiqisinin qurucularından olmuş bəstəkar və dirijor
Müslüm Maqomayevin gündəliklərini ilk dəfə
oxuyarkən düşünmüşdüm ki, nə
yaxşı o unudulmaz insan bütün digər mühüm
xidmətləri ilə yanaşı, bizlərə bu
yaxşılığı da edib.
Gündəlikləri Müslüm Maqomayevin özü
ilə söhbətləri idi və yazıldığı əsnada
bunları kimsənin haçansa oxuyacağını heç
nəzərdə tutmurdu. Odur ki, yetərincə
səmimi idi, heç nəyi ört-basdır etmirdi,
yaşadığı günlərdə baş verənləri
necə var, elə də təsvir edirdi. Çünki
bunu da anlayırmış ki, ola bilər,
10-15 il sonra bir çox xırdalıqları heç
özü də xatırlamayacaq, detallar, sözlər,
münasibətlər, cizgilər unudulub gedəcək.
Lakin məhz həmin gündəliklərdəki
yerli-yataqlı təsvirlər üstündən yarım əsr
sovuşarkən köhnə çağların dəqiq mənzərəsini
canlandırmaqda əsas yardımçımız oldu və bəstəkar
haqqındakı irihəcmli "Yaşıl yarpaq" əsərində
onların hamısı əksini tapdı.
Elə
oxşar yanaşmayla da 2020-ci ilin dekabrında, seytnot vəziyyətində,
iki daşın arasında yaranmış 2 vacib kitabın
ortaya çıxma tarixçəsi və bir yubileylə
bağlı ən yaxın məsafədən müşahidə
etdiklərimi dəqiqliyi ilə yazıram ki, sabah
özümün də yadımdan çıxmasın, musiqi və
mədəniyyət tariximiz də əsl həqiqətlərdən
agah olsun.
2020-nin 8 dekabrında Azərbaycan bəstəkarı,
Xalq artisti Tofiq Bakıxanovun 90 yaşı tamam oldu.
Tofiq Bakıxanov Azərbaycanın həyatda olan ən
qocaman bəstəkarıdır və yaşına uyğun gəlməyən
bir fəallıqla Azərbaycanın mədəni gerçəkliyində
sözünü deməkdədir.
Onun Azərbaycan musiqisinə verdiyi töhfələr də
çoxdur və təbii ki, 90 yaşının tamamında
xatırlanmaq, ağırlanmaq bu dəyərli sənətkarın
haqqıdır.
70 illiyində
unudulmaz Heydər Əliyevin sərəncamı ilə Xalq
artisti Tofiq Bakıxanov "Şöhrət" ordeninə
layiq görülmüşdü və təqdimatı da Ulu
öndər şəxsən özü etmişdi.
Tofiq
müəllim bir dəfə elə sözarası gileyləndi
ki, 85 yaşım tamam olanda mənimlə bağlı
heç bir təqdimat etmədilər, bu rəqəm kifayət
qədər yuvarlaq deyil, əsl yubiley yaşı
sayılmır, 90 illiyi gözləyin, - söylədilər.
90 illik də gəlib çatdı. Nəsə, hərəkət
hiss edilmədi.
Sadəcə vaxtında və gərəkən səviyyədə diqqətə çatdırmaq, müraciət etmək lazımmış. Bunu da etdik və tezliklə o addım da yəqin ki, sevindirici nəticəsini verəcək.
Zahirən kiçik görünən belə mətləblərin əslində, məna yükü ağırdır və bu cür xırda hesab edilə biləcək məsələlərin millətin də, dövlətin də taleyinə, sağlamlığına birbaşa aidiyyəti var. Belə ayrıntılar həm də o ümdə həqiqətə əlavə işarədir ki, sahələrə baxanlar yalnız tapşırıq gözləyən intizamlı icraçılar deyil, təşəbbüskar, çevikliklə gedişatın nəbzini tutmağa qadir, zəruri ideyaları anında təqdim edən və təbii ki, qanadının da uçmaq imkanı əsirgənməyən kəslər olmalıdır ki, nəticədə ümumi iş daha çox qazansın.
Tüğyan edən pandemiyanın müəssisələri və insanları getdikcə daha çox təcrid vəziyyətinə saldığı narahat dönəmdə ləyaqətli bir insanın əslində, rahat zamanda musiqimizin təntənələrindən biri kimi keçirilməli 90 illik yubileyinin ovsanadan çıxmaması, tam sükutla yola verilməməsi üçün öz imkanlarım çərçivəsində müəyyən işlər görməyə çalışdım.
Cəhd etdim ki, bu yetərincə diqqətəlayiq ildönümü, yalnız bir bəstəkarın deyil, bütövlükdə mədəni həyatımızın əlamətdar hadisəsi sayılmalı yubiley laqeydlik ucbatından əks-sədasız qalmasın.
Azərbaycan radiosunda efirə gedən həftəlik "Axşam görüşləri" verilişimin bu yubiley tarixinə ən yaxın olan bazar gününə - 6 dekabra təsadüf edən buraxılışını Tofiq Bakıxanova həsr etdik. Bazar günü səslənmiş həmin veriliş, adətən, çərşənbə axşamı təkrarlanır. Beləliklə, dekabrın 8-də, Tofiq müəllimin doğum günündə və 90 yaşının tamamında həmin proqram axşam saat 23-də yenə efirdə oldu.
"Xalq qəzeti"nə bəstəkar Tofiq Bakıxanovun həyat və yaradıcılığından bəhs edən məqalə yazmışdım və redaksiyadan da xahiş etmişdim ki, mümkün olarsa, yazı dekabrın 8-də dərc edilsin.
Belə də oldu və yubiley günü işıq üzü görən "Tofiq Bakıxanovun həyat amalı" adlı həmin yazı da görkəmli bəstəkarı hədsiz sevindirdi, həmişə olduğu kimi, dərhal zəng vuraraq razılığını bildirdi.
Bakıxanovlar nəslinin şərəfli yolu haqqında Azərbaycan Televiziyasının Bədii və sənədli filmlər studiyasında tammetrajlı filmimizin 2020-ci ilin noyabr ayında premyerası olmuşdu.
Tofiq müəllim rica etmişdi ki, mümkün olarsa, həmin film dekabrın 8-də yenə nümayiş etdirilsin.
Televiziyanın rəhbərliyindən rica etdim, onlar da lütfkarlıqla filmi dekabrın 8-də, Tofiq müəllimin 90 yaşının tamam olduğu axşamda çox münasib saatda "Mədəniyyət" kanalında göstərdilər.
Tofiq müəllim 90-cı ad gününü dekabrın 8-də oğlugildə xudmani bir məclisdə, ailə üzvləri ilə bahəm qeyd edirdi və film onlar üçün əsl bayram hədiyyəsi idi.
Həmin "Bakıxanovlar" filmində Tofiq müəllim əvvəldən-sonadək kadrlarda idi və nəslin son 200-300 illik şanlı yoluna bələdçilik edirdi.
Bunu da filmin nümayişi bitən kimi mənə zəng vuraraq söylədi ki, uşaqlar obiri otaqda baxırdılar, mən digər otaqdakı televizorda tək seyr edirdim ki, diqqətimi yayındıran heç nə olmasın.
Danışırdı, təəssüratını bölüşürdü və uşaq kimi sevinirdi.
Mən də çox məmnun idim ki, bu nurlu insanı belə əziz günündə bunca fərəhləndirə bilmişik.
Naxçıvanda yaşayan musiqişünas Günay Məmmədova oktyabr ayında xəbər vermişdi ki, Tofiq Bakıxanovun balet yaradıcılığına həsr edilən yazıları toplayır, ya Bəstəkarlar İttifaqı, ya da Mədəniyyət Nazirliyinin xətti ilə sənətkarın 90 illiyi ərəfəsində kitab kimi buraxmaq niyyətindədir və həm özünün, həm Tofiq müəllimin xahişidir ki, müqəddimə yazım.
Söz verdim, yazıb da göndərdim.
Lakin əlyazma Bəstəkarlar İttifaqına gec təqdim
edildi və artıq dekabrın ilk günləri gəlmişdi.
İttifaqdan söylədilər ki, yetərincə
gözlədik, gördük xəbər çıxmır,
bu kitabçün nəzərdə tutduğumuz vəsaiti
başqa bir neçə bukletin nəşrinə sərf
etdik.
Tofiq Bakıxanov həmin kitabın nəşri ilə əlaqədar
Mədəniyyət Nazirliyinə də paralel olaraq məktub
yazıbmış.
Elə
dekabrın ilk günlərində onlardan da rəsmən məktub
aldı ki, kitabın buraxılmasına münasibətimiz
müsbətdir, ancaq bütün bunlar irəlicədən
planlaşdırılmalıdır, artıq il
bitir, 2021-ci ildə nəşr edə bilərik.
Uzun
ömrü boyunca hər cür uğur və uğursuzluqlarla
rastlaşmış, qoca dünyadan həm də
barışmaq, razılaşmaq, tabe olmaq vərdişlərini
mənimsəmiş Tofiq Bakıxanov qətiyyən inciklik ahəngi
hiss olunmayan bir səslə mənə dedi ki, nə olar, qoy gələn
il çıxsın.
Əlbəttə,
nə olar! Bu ilin dekabrı olmasın, gələn
ilin yazı, yayı olsun. Onsuz da köhnələn kitab
deyil, gələn il də nəşr edilərsə,
qənimətdir.
Ancaq Tofiq
Bakıxanovun 90 illiyi bircə dəfə olur axı!
Bu yubiley
məhz 2020-nin dekabrındadır axı!
Bir sovqat gecikdirilib veriləndə də, olsun ki,
şirinliyini itirmir.
Fəqət məqamında çatdırılanda ikiqat
ləzzətli olmurmu?!
Bilmirəm
həmin mərasimdə əvvəldən-sonadək əyləşəcək,
o axşamda
düşüncələrini cavanlıq
şövqü ilə bölüşəcək daha
neçə görkəmli şəxsiyyətimizin 90 illik
yubileyində iştirak etmək bundan sonra bizə nəsib
olacaq.
Lap az qalıblar. Hər halda, musiqi
xadimlərimiz arasında Tofiq Bakıxanov bu baxımdan yeganədir.
Mərhum Xalq şairi Qabilin
yaradıcılığına da, şəxsiyyətinə də
unudulmaz Heydər Əliyevin məxsusi simpatiyası vardı və
ayrı-ayrı məclislərdə onunla ürək söhbətləri
edər, zarafatlaşardı da. Görüşlərdən birində
Qabil Heydər Əliyevə müraciətlə söyləyir
ki, mənə dedilər, Səməd Vurğunun yubileyi
qalır, Süleyman Rüstəmin yubileyi qalır, Rəşid
Behbudovun yubileyi qalır, hara tələsirsən,
onlarınkını edək, səninkini də keçirərik.
Qabil
özünəxas məzə, amma həm də sərrast məntiqlə
etiraz edir: "Düz deyirsiniz. Amma onlar
qaçmır, onlar gözləyə bilərlər, onlar
dirilməyəcəklər. Mənsə
ölə bilərəm, gözləməyə vaxtım
yoxdur".
Hər dəqiqənin bir hökmü var və fikrimcə,
bu gün düzələcəyinə güman varsa, heç
bir işi sabaha saxlamaq olmaz.
Bəstəkarlar İttifaqının sədri, Xalq
artisti Firəngiz xanım Əlizadəyə zəng vurdum,
xeyli söhbət etdik. Firəngiz xanım Bakıxanovlar nəslinə
də, Tofiq müəllimə də rəğbət, ehtiram bəsləyən
insandır. Qayıtdı ki, çox istəyirdim
kitabı buraxaq, ancaq əlyazma bugünədək bizə
çatmayıb, hətta qədərindən də artıq səbirlə
gözlədik. Büdcə məsələlərini də,
bilirsiniz, il yekunlaşır,
ayrılmış vəsaitlər istifadə edilməyəndə
gələn ilə keçirilmir.
Firəngiz
xanımı inandırdım ki, özüm ciddi məşğul
olacağam, bir neçə günün ərzində əlyazmanı
kitab halına gətirəcəyəm, tərtibatını
da yüksək səviyyədə edəcəyik,
"Renessans A" nəşriyyatı da maksimal güzəşt
edər, nə maliyyə ehtiyatınız qalıbsa, o
hüduda yerləşər. Təki fürsəti
qaçırmayaq, kitabı gələn ilə qoymayaq,
yubilyara bu il təqdim edək.
Firəngiz
xanım söz verdi ki, imkanları bir də
araşdırar.
Unudulmasın,
bu söhbətlər dekabrın ilk günlərində
gedirdi, yubileyə sayılı günlər qalırdı, hər
ötən günlə isə kitabın il
sonunadək buraxılma ehtimalı tükənirdi.
Ona görə də hələlik Bəstəkarlar
İttifaqı tərəfindən yüzfaizli əminlik hasil
olmadığından, Tofiq müəllim rəsmən imtina məktubu
almış olsa belə, digər imkanı
araşdırmağa başladım.
Mədəniyyət
naziri vəzifəsini yerinə yetirən, hələ
UNESCO-dakı illərindən xoş münasibətlərimiz
olan Anar Kərimovla danışdım, Tofiq Bakıxanov kimi dəyərli
bəstəkarın 90 illik yubileyindən heç olmazsa bir
sanballı kitabın yadigar qalması üçün
mümkün köməkləri əsirgəməməyi rica
etdim.
Ertəsi gün həm Bəstəkarlar
İttifaqından, üstündən bir neçə saat
keçincə həm də Mədəniyyət Nazirliyindən
cavab gəldi ki, araşdırdıq, kitabı buraxa biləcəyik,
təcili təqdim edin.
"Hə" cavabının gəlməsini gözləmədən,
vaxtı itirməmək naminə "Tofiq Bakıxanovun baletləri"
kitabını artıq çapa tam hazır vəziyyətə
gətirmişdik.
Göndərdik, Bəstəkarlar İttifaqında
baxdılar.
Əsər, son səhifəsində də göstərildiyi
kimi, tarixi gündə - məhz dekabrın 8-də, Tofiq
Bakıxanovun 90 yaşının tamamında çapa
imzalandı.
2-3 gün sonra artıq nəşrin siqnal nüsxələri
ortada idi.
Lakin Mədəniyyət Nazirliyi də o yandan artıq
razılıq vermişdi. Bu girəvəni əldən
qaçırmaq heç rəva deyildi.
"Renessans
A" nəşriyyatının direktoru, jurnalist və
kitabşünas Ələddin Əsədzadə ilə
razılaşdıq ki, gecə-gündüz bilməyək,
bütün imkanları səfərbər edək,
Bakıxanovlar nəslinin bütöv yolunu, o sıradan Tofiq
müəllimin də ömür salnaməsini,
yaradıcılıq nailiyyətlərini əks etdirən
ayrı bir kitab da tərtib edək.
Əsas əzmdir. Niyyət varsa, ona doğru qətiyyətlə
irəliləyirsənsə, məqbul nəticə hökmən
alınacaq.
Bir neçə günün ərzində əvvəlki kitabdan da həcmli və daha nəfis, bəstəkar Tofiq Bakıxanovun 90 illiyinə həsr edilən "Bakıxanovlar - nəslin nəciblik ənənələri" adlı toplunu bütün bədii tərtibatı ilə hazırlayaraq, baxıb qiymətləndirmələrindən ötrü Mədəniyyət Nazirliyinə yolladıq.
Hər kitab tarixdir, onda qalmış da belə tarixi şəxsiyyət və məşhur şəcərə barəsində ola.
Kitablar doğulur və onların hamımızdan çox yaşayacağı, məktublar kimi ən uzaq sabahlara çatacağı da şəksizdir.
Beləcə, 2020-nin dekabrında, artıq bu il çapına ümid qırıldığı halda ən dar macalda yaranaraq işıq üzü görən bir əvəzinə iki kitab həm Azərbaycan musiqisinin patriarxlarından olan, dahi Üzeyir bəyin və Qara Qarayevin yetirməsi Tofiq Bakıxanovun 90 illiyinə vaxtındaca edilən sanballı ərməğana çevrildi, həm də tariximizin, mədəniyyətimizin möhtəşəm yolunun səhifələrinə işıq tutan gərəkli kitablar cərgəsini bir qədər də zənginləşdirmiş oldu.
Müdrik atalarımızın köhnəlməz sözləri həyatın hər yönünü, hər məqamını nəzərə alır. Görülməli işə zamanındaca əncam çəkməyi, təxirə salmamağı məsləhət bilərək, "Dəmiri isti-isti döyərlər", "Bu günün işini sabaha qoyma" da deyiblər, qaçaqaç deyil ki, təsəllisiylə tələsməmək nəsihətini verərək "Axşamın xeyrindən sabahın şəri yaxşıdır" da söyləyiblər.
Biz birinci öyüdü seçdik, bəhrəsi də yaşayacaq və faydasını hər kəsin duyacağı 2 gözəl kitab oldu!
20 dekabr, 2020
Rafael
HÜSEYNOV
Akademik
525-ci qəzet.- 2020.- 30 dekabr.- S.12;13.