Həyata qovuşmaq məqamı  

 

 

Görkəmli yazıçı, müdrik insan və el ağsaqqalı Əli İldırımoğlunun əbədi dünyasına qovuşduğu vaxtdan bizi 40 günlük zaman məsafəsi ayırır.

 

Söhbət o görkəmli yazıçı, o müdrik insan və o el ağsaqqalı Əli İldırımoğlundan gedir ki, onun bütün olub-keçənlərə vəfalı yaddaşı daha çox Keçmişə hesablanmışdı... Ən qələbəlik, möhtəşəm məclislərin özündə belə, Əli müəllimin fikirli, durub-dayanmadan nəyisə xatırlayan, götür-qoy edən baxışları, haradasa, o uzaq və unudulmaz Keçmişin yanındaydı. O unudulmaz Keçmişdə xüsusi, izaha gəlməz, sözlə ifadə edilməsi mümkün olmayan bir halallıq, əhdə vəfalılıq vardı. O, pünhan Keçmişdə "Biz çörək vermədik, çörək istəyək, biz çörək verdik ki, çörəkli olaq" mərliyinə, təmənnasızlığına hesablanmışdı hər şey... Əli müəllim bütün varlığıyla o pak, halal Keçmişdə yaşayırdı. Ordaydı... O yerin adamıydı.

 

Hədsiz təmkini, ağır oturuş-duruşuyla, haradasa, o pünhan və unudulmaz Keçmişə qoyulan qoruq-qadağa abidəsi, Tabu işarəsi olan bir ömür yaşayırdı Əli müəllim. Müəyyən bir məsafədən, yasaq ərazidən müşahidə edə bilirdi mənim yaşıdım olan söz adamları o möhtəşəm Tabu abidəsini! Bir qayda olaraq həmişə o sirli və unudulmaz Keçmişə dikilib qalan baxışlara toxunmaq, onu diksindirmək, diqqətini yayındırmaq Allaha xoş getməzdi! Bu qudsal məsafəni gözləmək, bu Tabu-abidəylə ara məsafəsi saxlamaq əslində mənsub olduğum ədəbi nəslin Əli müəllimə olan hədsiz sayğı və ehtiramını simvolizə edirdi.

 

Əli müəllim bütün yaşamı, həyata baxışı ilə əxlaqı səbr və rizadan gələnlərdən idi. Həyatını mübarək hədisi-şəriflərdə buyrulan qaydalar boyunca yaşamışdı; yəni dünya üçün elə çalışmışdı ki, elə bil heç ölməyəcək, axirət üçün elə çaba göstərmişdi ki, sanki günü sabah dünyasını qeyb edəcək... Məhz bu yüksək əxlaqı, mükəmməl dünyagörüşü sayəsində Əli müəllim həmişə dünya sevgisindən uzaq durmağı bacardı. Dilini həqiqətə açdı, qələmi doğru olanı yazdı. Ətrafında baş verənlərin həqiqətini axtardı! Gözlərini harama baxmaqdan və başqalarının pisliklərini görməkdən qoruya bildi! Şəfqət və mərdanəliyi sayəsində əxlaqını tamamlamağı bacardı... Buyruq beləydi... Buyrulan yolla getdi... Ömrünü sonsuz və möhtəşəm ideallarının ömrünə calaya, möhtəşəm yaradıcılığını tərcümeyi-halının ifadəçisinə çevirə bildi. Bu baxımdan Əli müəllim bütün həyatı yaradıcılığında parlaq şəkildə təcəlli olunan xoşbəxtlərdəndi. Onun şəxsi həyatı sevə-sevə yaratdığı ölməz sənət abidələrinin parlaq səhifə-arakəsmələri boyunca ölümsüz bir iz qoyub. Və şəksiz ki, yaşadığı uzun və müdrik bir ömrün Əli müəllimə verdiyi, Xalq şairi Ramiz Rövşənin dediyi kimi, təkcə gözəl övladlar, nəvələr, nəticələr deyil, həm də gözəl hekayələr, povestlər, romanlar olmuşdur. Yenə də, Ramiz Rövşənin yazdığı kimi, Əli müəllim cümlə-cümlə, söz-söz "tikib-yaratdığı evlərin", yəni, əsərlərin özülü dərin, divarları möhkəmdir: "Bütün əsl yazıçılar kimi Əli müəllim də bir ömürdə çox-çox ömürlər yaşaya bildi", bu sırada yaratdığı qəhrəmanların, obrazların ağrı-acılarla, problemlərlə dolu silsilə dayanışı var. Əli İldırımoğlunun olduqca zəngin və maraqlı xatirələri bu gözəl roman, povest və hekayələrin, ədəbi obrazların yaşantıları boyunca sərgilənib. "Onun əsərlərinin mahiyyətini də məhz həmin xatirələr təşkil edir" (Rəşad Məcid). "Əli İldırımoğlu Azərbaycan nəsrində realist yönün ən fəal və usta təmsilçilərindən biri kimi tanınır (Anar). O, "jurnalistika ilə ədəbiyyat arasında sərhəd yaradan Azərbaycan yazıçısıdır" (Yaşar). "Əli İldırımoğlu milli dirçəlişə, milli şüurun oyanmasına ləyaqətlə xidmət edən sənətkarlardandır" (Rafael Hüseynov).

 

Bu obyektiv və olduqca dəyərli fikirləri nəzərdən yetirdikcə vaxtilə Sokrat-Platon ünsiyyətinə ali hakim kişi qatılmağı sevən Karieadın yazdıqlarını xatırlayıram: "Mənim üçün müdrik insanların məsud həyatı haqqında bütün görkəmli fikir adamlarının bir səslə nə dedikləri daha çox vacibdir..." Şəxsiyyət və müdrik insanların məsud həyatı barədə qənaətlərin dəqiqləşdirilməsi baxımından bu, ən mötəbər seçimdi. Və Əli müəllim haqqında fikir yürüdən hər bir görkəmli söz adamı o məqamda yekdildirlər ki, bu böyük insan ilk növbədə, şəxsiyyət mücəssiməsidir.

 

Nə Həcc ziyarətində olmuşdu, nə də Məşhədə getmişdi. "Mənim Allahım, mənim Həccim, oruc-namazım qəlbimdir" düşüncəsinə tapınırdı. "Əlbəttə, bu, adi qəlb deyil, məsum bir nəslin ocağından köz götürmüş və ömrü boyu bu közü öləziməyə qoymamış, közərən sətirlərə çevirib yaşatmış, bu közərtinin işığında öz xalqına səadət yolunu göstərmiş bir yazıçı qəlbidir" (Nizaməddin Şəmsizadə).

 

Müqəddəs Həcci, oruc-namazı simvolizə edən bu imanlı qəlbin bir qibləsi də valideyn haqq-sayı, ata ocağının pak hücrəsiydi. Əli müəllim bu hücrəyə bütün halı ilə Şərqin böyük filosofu Bəyazid Bistami əxlaqınca bağlıydı; nəql edilir ki, soyuq qış gecələrinin birində anası yatdığı yerdə oğlu Bəyaziddən su istəyir. O da buz bağlamış camı götürüb anasının yanına gəlir. Ancaq bu zaman anası yenidən yuxuya gedibmiş. Bəyazid onu oyatmaq istəmir, yastığının dibində dayanıb gözləyir. Nəhayət qadın oyanır. Yenidən su istəyir. Bəyazid suyu uzadır, amma soyuqdan əli donmuş, barmaqları camın dəstəyinə yapışıbmış. Bu halını görən anası "Ya Rəbbim, mən Bəyaziddən razıyam, sən də razı ol" - deyə dua etmişdir.

 

 

 

İnanıram, Əli müəllimin bütün həyatı boyu halallığına uçunduğu və bu qudsal halını dönə-dönə vəsf etdiyi atası İldırım kişi hansı bir möcüzəylə onun "Mənim rəncbər atam" romanı ilə tanış ola bilsəydi, eynilə o imanlı xanım əfəndi kimi dua edərdi ki, "İlahi, mən oğlum Əlidən yerdən-göyə qədər razıyam, Sən də razı ol, məqamını cənnətlik elə..."

 

"Mənim rəncbər atam" tərbiyə edən, "insanda insan oyadan", mənəviyyatı dikəldən əsl kişi xarakterini ortaya qoyan, sənət, eyni zamanda, əhdə vəfa abidəsidir. Bu əsər gerçəkdən də, Əli müəllimin "uşaq yaddaşından göyərən obrazlı təfəkkürünün" möhtəşəm məhsulu, "həm də sabahkı nəslə örnək olacaq sənət abidəsidir". Bu kitab vaxtilə göylərdən bayraq alaraq dünyaya sivilizasiya yaymış, dünyaya hürr gəlmiş, hürr yaşamış ulu bir qövmün öz taleyinə, öz torpağına, öz sabahına çağırış himni kimi oxunur" (Səadət İldırımzadə). Bu, ömrü boyu vicdanına xəyanət etməyən, qəlbinin və vicdanının meyar və qanunları ilə yazıb-yaradan müdrik bir insanın şəxsiyyəti tərbiyə məktəbidir. "Şəxsiyyət yaratma prosesində Əli İldırımoğlu yaradıcılığında məqsəd və vəzifələrin qoyuluşu öz miqyasına görə geniş və şaxəlidir, eyni zamanda, ictimai həyatın bütün sahələrini əhatə edir... Əli İldırımoğlunun yaradıcılıq prinsipinin məzmununda dayanan əsas (və ən vacib) atributlardan biri şəxsiyyətdir, onun cəmiyyətin inkişafında oynadığı roldur" (Loğman Rəşidzadə). Və bütün hallarda onun təqdim etdiyi şəxsiyyət obrazının həyat məramını, dünyaya baxışını halallıq, həddindən ziyadə doğruculuq, düzlük anlayışı təşkil edir. Böyük fiqh alimi Əbül Qadir Gilaninin məramınca olan həqiqi düzlük anlayışı; lap yeniyetməlik dövründə qatıldığı karvanı quldurlar qarət edir. Quldurbaşı gələcəyin böyük fiqh alimindən tələb edir ki, de görək pul-pənə adına nəyin var? "Qırx qızılım var-cavabı verir behiştlik Gilani-cübbəmin astarına tikmişəm". Həmən cübbəni söküb qızılları götürürlər. Bunu görən quldurbaşı təəccübünü gizlətmir: "Nə səbəbdən gizlətmədin, doğru danışdın?" Cavab qısa olur: "Anama hər zaman doğru danışacağıma və doğru olacağıma söz vermişəm, verdiyim sözə xəyanət edə bilmərəm!"

 

Cavabı dinləyən quldurbaşı göz yaşını tuta bilmir: "Neçə ildi məni yaradıb, yetişdirənə verdiyim sözə xəyanət edirəm..."

 

Deyir və ağlayır...

 

Əxlaqı Bəyazid Bistami, Əbdülqadir Gilani imanından gələn bir ailə ocağında böyüyüb boya-başa çatmışdı Əli müəllim. Zərrə-zərrə hesablanmışdı bu halallığa. Yazdığı hər sətir, əmanət qoyduğu hər fikir o halallıqdan gəlir. Oxuyursan və min illərin dərsini almış kimi özünə yığılır, tövbə dərgahında özün-özünə hesabat verməli olursan. Bu baxımdan "Mənim rəncbər atam"ın verdiyi dərs daha unudulmaz, daha ərdəmli və daha vacib olandı: "Atamın köməyi və təkidi ilə əmimin uşaqları oxuyub təhsil almışdılar. Əhliyyət müəllimlik edirdi. Şiraslan isə kəndimizdəki "Oktyabr" kolxozunda hesabdar işləyirdi. Bir axşam yemək süfrəsinə təzə pendir, quzu bozartması qoyulmuşdu. Atam hiss etdi ki, bunlar evin məhsulu deyil, hardansa gəlib.

 

O, təəccüblə soruşdu:

 

- Bu pendir, quzu əti hardandır?

 

- Kolxozdandır, ferma müdiri göndərib, - analığım cavab verdi.

 

Atamın baxışları sərtləşdi, ovqatı korlandı:

 

- ... Fermadan quzu əti, pendir gətirdirsən?! Bilmirsən ki, elin malı ilan sümüyüdür? - Atam barmağını silkələyə-silkələyə dedi. - Bax, budur, deyirəm! Qulağını aç, yaxşı-yaxşı eşit! Bir də bu cür axmaq hərəkət eləsən gözümə görünmə!

 

Mükəmməl, böyük düşüncələrə hesablanmış bir dərsdi. Və bütün məqamları ilə bu sadə Rəncbər Ata obrazı ədəbiyyatımızın Rüstəm kişi ("Böyük dayaq"), Mehman ("Mehman"), Qılınc Qurban ("Tütək səsi") kimi möhtəşəm obrazları ilə yanaşı durur.

 

Heç zaman unudulmayacaq bir hekayətdir ki, Nuhun tufanı başlayan zaman insanlar ən dəyərli məvhumların - halallığın, Eşqin, Ayın, Günəşin, sədaqətin və s. adlarını daşa-qayaya yazırlarmış ki, gələcək nəsillərə xatirə qalsın, yaddaş kitabına dönsün. Bu mənada, Əli İldırımoğlunun yaradıcılığında, ümumən, o müqəddəs və ən dəyərli məvhumların adı, sözü-söhbəti bədii təcəssümünü tapıb ki, bütün bunlar ilk növbədə Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin gerçək və ölümsüz ifadəçiləridi. Xalqın mənəvi simasını xarakterizə edir. Bu məqamda vaxtilə Ə.İldırımoğlu ilə bağlı qələmə aldığım bir məqalədə yer alan sətirlər yenidən yaddaşımda cövlan edir: "Görkəmli ispan şairi Migel Ernandes barəsində yazırlar ki, bu yazıçı özünün pak, bakirə və sərt xarakteri, hər addımda duyulan və ramedilməz həyat gücü ilə insan əli dəyməmiş bir qayaya bənzəyirdi. Onun üzü öz ölkəsinin surətiydi. Günəşin yandırdığı, qırışların zəmi kimi şumladığı bu surətdə, sanki çörəklə torpağın birliyi təcəssüm olunur... "Əli İldırımoğlunun gerçək obrazı da belədir. Əli müəllim də görkəmli ispan həmkarı kimi, doğma Azərbaycanının, unudulmaz Qubadlı torpağının rənglər, rayihələr, səslər dünyasını özünün güclü və comərd xarakteri ilə bir araya gətirə, qovuşdura bilən müdrik söz adamıydı. O da öz görkəmli həmkarı kimi, yazıçının "həyatın hakimi, stimulyatoru" olduğunu anlatmaqdan gəlirdi. O da bütün fövqəladə düşüncə sahibi olan həmkarlarıyla eyni fikirdə idi ki, zaman insanı ümidsizliyə, fəaliyyətsizliyə sürükləyəndə yazıçı öz mənəvi zəhməti və varlığı ilə enerji, mətnlik, daxili azadlıq, rəşadət timsalına çevrilməli, ən gərəkli, müqəddəs dəyərləri əbədiyə götürən yaddaş kitabı kimi daim göz önündə olmalıdırlar. Əli müəllim məhz belə (və çox gərəkli) bir aləmin düşüncə daşıyıcısı idi. Yaşamaq sənətinə lap gənc yaşlarından yiyələnməyi bacarmışdı... Bunları yazdıqca müqtədir yazıçının 3 il əvvəl, noyabrın 17-də Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Yazıçılar Birliyilə bərabər Beynəlxalq Muğam Mərkəzində təşkil etdiyi yubileyi zamanı Əli müəllimin sadə el dilində söylədiyi fikirlər yadıma düşür: "Həyatdı də bu... Günlərin hamısı rəvan olmur ki! Bunun sıldırımı da, enişi-yoxuşu, dərəsi-təpəsi də var. Bu yolu asanlıqla gəlməmişəm. Hər halda, mübarizələrlə dolu bir yol keçmişəm. Ən əsası, özüm-özümə qarşı çox ciddi, çox tələbkar olmuşam. Kitab yazmaq xatirinə əlimə qələm götürməmişəm... Mənim kitablarım kitablardan gəlməyib. Mənim kitablarım həyatdan, el-obadan gəlib..."

 

Elə o səbəbdən də həyatda qalıb, qalacaq, uzun zamanlar boyunca el-obanın, xalqın gözü önündə, yaddaşında yaşayacaq, var olacaq. Yol göstərib, məsləhət yerinə dönəcək...

 

Xızır Əleyhissəlamın ad verdiyi, İmam Malik soyunun davamçısı  Əbdülxaliq Qicdüvani öz könül dostuna "vacib namazlardan sonra etdiyin duada bizi xatırla ki, biz də səni xatırlarıq" - deyirdi...

 

Əli müəllimin vacib namazı da, duası da cəmiyyətə israrla təbliğ etdiyi milli-mənəvi dəyərlər, əxlaqi saflıq idi. Yəni, ömrü boyu bizləri xatırlayırdı. Və bu səbəbdən də uzun gələcəklər boyunca yad ediləcək, dönüb-dönüb, ehtiramla yad ediləcək...

 

Böyük fiqh alimi Bişr Hafinin dediklərinə tapınıram: "Sən o ölüləri an ki, onları anmaqla qəlblər həyata qovuşur!"

 

Şəhadət gətirirəm: Əli İldırımoğlunun işıqlı xatirəsini anmaq qəlbən həyata qovuşmaq məqamı kimidir...

 

 

Sərvaz HÜSEYNOĞLU

 

525-ci qəzet.- 2020.- 25 dekabr.- S.12.